XƏBƏR LENTİ
05 Mart 2024
04 Mart 2024
03 Mart 2024
01 Mart 2024
29 Fevral 2024



Azərbaycan çempionatına start verilib
İdman 15:49 / 03.12.2023

Boks üzrə kişilər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, Boks Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə iştirakçı komandaların paradı olub. Sonra Azərbaycan Boks Federasiyasıprezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində təşkil olunan çempionat böyük əhəmiyyətə malikdir: "Bu dəfə final döyüşləri tam yeni formatda və təntənəli keçiriləcək, rəsmi qonaqlar olacaq. Monteneqroda U-22-lərin Avropa çempionatında tarixi bir nəticə əldə etmişik. İlk dəfə bu yarışda 5 – 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışıq. Görülən işlər və aparılan islahatlar sayəsində bu uğurun ardı gələcək”.

S.Hüseynov döyüşlərin ədalətli keçəcəyinə də inandığını bildirib. O qeyd edib ki, bunun üçün çempionata neytral referilər dəvət olunub: "Gələn il keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına qısa bir zaman qalıb. Yığmamız artıq 2 çəkidə lisenziya əldə edib. Əminik ki, burda mübarizə aparacaq boksçulardan bir neçəsi də onlara qoşulacaqlar. İnanırıq ki, komandamız Paris-2024-dən olimpiadalarda son 30 ildə əldə edə bilmədiyi qızıl medalla dönəcək”.

ABF rəsmisi çempionatının final günündə azarkeşləri sürprizlər gözlədiyini də deyib. O bildirib ki, ən fəal tamaşaçılar arasında seçim aparılacaq və federasiyanın xətti ilə onlardan biri gələn il İtaliyada keçiriləcək Avropa çempionatına aparılacaq. Eyni zamanda, azarkeşləri digər hədiyyələr də gözləyir.

ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev yarışın əhəmiyyətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Ardınca torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu mübarizə aparır.

Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək.





2755 oxunub

InvestAZ