XƏBƏR LENTİ
12 Oktyabr 2024
10 Oktyabr 2024
09 Oktyabr 2024
08 Oktyabr 2024
07 Oktyabr 2024



Sərxan Hacıyev: “AFFA bu illər ərzində ölkə futbolunun təbliği və kütləviliyi istiqamətində çox işlər həyata keçirib”
Müsahibə 10:11 / 27.12.2022

2022-ci il Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) üçün əlamətdar hadisələrlə yadda qaldı. Bu il AFFA-nın yaranmasının 30 ili tamam olur. Bu illər ərzində uzun inkişaf yolu keçən ölkə futbol qurumu respublikamızda futbolun təbliği və inkişafı üçün müxtəlif layihələr və tədbirlər həyata keçirib. Yubiley ərəfəsində AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşdük. Müsahibimizlə bu gün ölkə futbolu üçün aktual olan bir sıra məsələlər barədə danışdıq.


- Sərxan müəllim, istərdik ki, söhbətimizə AFFA-nın 30 illik yubileyi ilə bağlı sualla başlayaq. AFFA-da çalışdığınız 13 il ərzində əsasən hansı yaddaqalan hadisələrdən söz açmaq istərdiniz?
- Qeyd edim ki, əvvəllər AFFA-nın beynəlxalq şöbəsinin mütəxəssisi, rəhbəri və baş katibin müavini vəzifələrində çalışmışam. Bu illər ərzində ölkəmizdə futbolla bağlı bir sıra mühüm hadisələr baş verib. Bunların arasında isə ən önəmlisi ötən il keçirilən futbol üzrə Avropa çempionatının 4 oyunun paytaxtımızda təşkil olunmasıdır. Belə bir nüfuzlu yarışın 4 oyununa ev sahibliyi etmək Azərbaycan üçün çox əlamətdar bir hadisə idi. Bundan başqa 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunan Avropa Liqasının final oyunu da Azərbaycan futbol tarixində xüsusi yer tutur. Həmin oyunda İngiltərənin iki nəhəng klubu - "Arsenal” və "Çelsi” komandaları üz-üzə gəlmişdi. Bundan başqa bu illər ərzində infrastrukturla bağlı görülən işləri də qeyd etmək yerinə düşərdi. Belə ki, 2010-cu ildən sonra paytaxtla yanaşı, regionlarda da bir neçə stadion və bazalar tikilərək, istifadəyə verildi, süni və təbii örtüklü meydançalar yaradıldı. Bütün bunlar ümumi olaraq futbolun inkişafına təsirsiz ötüşmür. Həmçinin liqaların yaranması da futbolun inkişafına yönələn addımlardan biridir. Bu gün bir çox yaş qruplarında uşaq və gənclər liqaları keçirilir. Belə yarışlar ölkə futbolunun inkişafına müəyyən dərəcədə təkan verir.
Bundan başqa həm qadın, həm də çimərlik futbolunda müəyyən işlər həyata keçirilib. 2010-cu ildən başlayaraq qadın futboluna yanaşma müəyyən dərəcədə dəyişdi, yeni bir komanda yarandı. 2012-ci ildə Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatı isə ölkəmizdə qadın futbolunda xüsusi bir canlanmaya səbəb oldu. Bu gün də biz bu canlanmanın nəticələrini görürük. Bu isə bizi sevindirməyə bilməz. Futzal və çimərlik futbolunu da qeyd etmək istərdim. Bir neçə ay əvvəl çimərlik futbolu üzrə komandamız növbəti il təşkil olunacaq III Avropa Oyunlarına vəsiqə qazanmaqla bizi sevindirdi. Yığmamız Avropanın ən yaxşı komandaları sırasında yer aldı.
Bir sözlə, AFFA bu illər ərzində ölkə futbolunun təbliği və kütləviliyi istiqamətində çox işlər həyata keçirib.

- İl ərzində yubileylə bağlı müəyyən silsilə tədbirlər təşkil etdiniz. Yekun olaraq isə dekabrın 29-da böyük tədbir keçirməyi planlaşdırırsınız. Bu tədbirdə hansı mötəbər qonaqlar iştirak edəcək?
- İlin əvvəlində belə qərara gəldik ki, 30 illik yubileylə bağlı bir sıra tədbirlər həyata keçirək. Belə tədbirlərdən biri bu il aprelin 29-da Bakı Olimpiya Stadionunda baş tutdu.Futbolla məşğul olan və müxtəlif istiqamətlərdə çalışan əməkdaşlar arasında 8 komandanın iştirakı ilə mini turnir təşkil olundu. Bundan başqa KİV nümayəndələrinin Şamaxı şəhər stadionu ilə tanışlığı məqsədilə mediatur təşkil etdik. Həmçinin Gəncə şəhərində də tədbirimiz oldu. Burada əsas istiqamət uşaq futbol ilə bağlı idi. Aşağı yaşlı oğlan və qızlar arasında festivalyönümlü mini turnir keçirdik. Dekabrın əvvəlində isə "Dalğa Arena”da AFFA-nın, Peşəkar Futbol Liqasının əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Misli Premyer Liqasında çıxış edən klubların əməkdaşlarından və həmin klublarda çalışan məşqçilərdən təşkil olunmuş komandanın iştirakı ilə yoldaşlıq oyunu təşkil etdik. Maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə başa çatdı. Silsilə tədbirlərin yekunu olaraq isə dekabrın 29-da böyük tədbir keçirməyi planlaşdırırıq. Həm Yeni il, həm Dünya Azərbaycanlılarının Həmrəylik Gününə, həm də AFFA-nın 30 illik yubileyinə həsr olunacaqtədbirdə futbol ictimaiyyətinin məşhur simaları və dövlət qurumlarının nümayəndələri də iştirak edəcək. Ali futbol qurumunun nümayəndələrindən isə kimlərin iştirak edəcəyibarədə dəqiq məlumat verə bilmərəm.

- Əvvəllər AFFA Türkiyə, İspaniya və Almaniya futbol federasiyaları ilə əməkdaşlıq edirdi. Gələcəkdə bu baxımdan hansı federasiyaların mexanizmindən yararlanmaq planları var?
- Bu məsələ ilə bağlı uzunmüddətli memorandum Almaniya Futbol Federasiyası ilə bağlı olub. Bununla bağlı müəyyən işlər görülüb, fikir və təcrübə mübadilələri aparılıb. Bildiyiniz kimi, Azərbaycanda davam etdirilən "Elit məşq” deyilən bir layihə var ki, bu da vaxtilə Almaniya Futbol Federasiyasından qalan bir layihədir. Layihənin əsas məqsədi paytaxt və bölgələrdən istedadlı futbolçuları seçərək onları müxtəlif yaş qrupları üzrə millilər üçün yetişdirmək, hazırlıq səviyyələrini artırmaqdan ibarətdir. Hazırda konkret olaraq hansı futbol federasiyası ilə işlərin görüləcəyi barədə dəqiq məlumat verə bilmərəm. Amma müəyyən vaxtlarda müxtəlif federasiyalarla görüşlər zamanı qarşılıqlı fikir mübadilələri aparılıb.

- Bu il bölgələrdə səfərlərdə oldunuz. Həmin səfərlərin yekunları nə ilə yadda qaldı? Ümumiyyətlə, regionlarda uşaq futbolunun inkişafı üçün hansı perspektivləri müşahidə etdiniz?
- Regionlara səfərlər zamanı bir sıra problemlərlə maraqlanıb, onların həlli istiqamətində müəyyən tapşırıqlar verdik. Uşaq futbolundan əlavə Region Liqası ilə bağlı da görüşlərimiz oldu. Bu liqada çıxış edən komandaların gələcəkdə Azərbaycanın birinci divizionunda iştirakı ilə bağlı fikir mübadilələri aparıldı. Əlbəttə, müxtəlif regionlarda müəyyən infrastruktur problemləri də mövcuddur. Həmin problemlərin də aradan qaldırılma yolları istiqamətində həm bizim, həmdə yerli İcra Hakimiyyəti orqanları tərəfindən köməklik göstərilir.

- Dünyanın aparıcı federasiyaları dünya və Avropa çempionatlarında iştirak üçün xüsusi proqramlar hazırlayırlar. Həmin ölkələrdə bu proqramlar uğurla həyata keçirilir. Nəticə də özünü doğruldur. Növbəti illərdə gənclər üçün bu cür proqramın ölkəmizdə tətbiqi mümkündürmü?
- Departamentlərimiz tərəfindən vaxtilə belə məsələlər müzakirə olunub. Müəyyən vaxtlarda bir sıra tövsiyələr və təkliflər irəli sürülüb. Bu istiqamətdə FİFA və UEFA ilə də müəyyən iş birliyimiz olub. Hazırda FİFA-nın texniki şöbəsi tərəfindən yeni layihələr həyata keçirilir. Bu, istedadlı futbolçuların aşkar olunması və onların inkişafına dair bir layihədir. Belə layihələrin də sizin sualla bağlılığı var. Düşünürük ki, bu cür layihələrdə aktiv iştirak ölkəmizdə uşaq futbolunun inkişafı üçün müsbət təsir göstərəcək.

- Sərxan müəllim, bu gün millinin və aşağı yaş qruplarında iştirak edən gənc futbolçularının xarici ölkələrdə oynaması üçün AFFA tərəfindən hansı dəstək göstərilir?
- Əslində, biz də maraqlıyıq ki, futbolçularımız, əsasən də aşağı yaş qrupunda iştirak edən uşaqlar karyeralarını xaricdə davam etdirsinlər. Bu məsələ futbolçuların inkişafına müsbət təsir göstərən bir amildir. AFFA tərəfindən də bununla bağlı lazımi dəstək göstərilir. Hətta müəyyən vaxtlarda bir neçə istedadlı futbolçunun xaricdə oynaması üçün tərəfimizdən köməklik göstərilib. Gələcəkdə də əlimizdəki resurslardan maksimum dərəcədə yararlanaraq belə istedadlı uşaqların inkişafına dəstək olacağıq.

- Bir qədər də əsas yığmamızın Millətlər Liqasındakı çıxışı barədə danışaq. Millimiz Qazaxıstan, Belarus və Slovakiyanın yer aldığı C liqasının 3-cü qrupunda ikinci yeri tutdu. Bundan sonra əksəriyyət baş məşqçi Canni de Byazi ilə yolların ayrılmasını düşünürdü. Lakin sonda italiyalı mütəxəssis postunda qaldı. Bunun səbəbini necə izah edərdiniz?
- Yığmamız qrupdakı son oyunlarda çox gözəl təsir bağışladı. Hətta qrupu lider kimi də başa vura bilərdik. Lakin ilk oyunlar elə də yaxşı alınmadı. Əgər komandamız ilk oyunlarda, xüsusən də Qazaxıstanla matçda yaxşı nəticə göstərsə idi qrup liderliyini əldə etmək olardı. Təəssüf ki, bu alınmadı. Sonrakı oyunlarda isə komandamız toparlana bildi. Düzdür, hazırda növbəti mərhələ üçün müəyyən qədər nəzəri şanslarımız var. Amma bu, dediyim kimi, sadəcə, nəzəri şansdır. Komanda hər zaman çıxış edərkən yaxşı nəticələri özü üçün məqsəd seçir. Amma müəyyən məqamlarda reallıqları da nəzərə almaq lazımdır.
Canni de Byazi ilə bağlı müqavilənin uzadılması isə son bir neçə oyunda uğurlu nəticənin göstərilməsidir. Bu nəticə İcraiyyə Komitəsinin verdiyi qərara təsirsiz ötüşməyə bilməzdi. Komanda tərəfindən göstərilən yaxşı nəticə və oyun keyfiyyətinin özü də az rol oynamadı. Yaxşı oyun göstərib, qalib gələndə qələbə daha sevindirici olur. Bütün bunları nəzərə alaraq hər hansı bir dəyişikliyin edilməsi məqsədəuyğun hesab edilmədi. Məhz bu səbəblə də belə qərara gəldik ki, növbəti tsiklinson oyunlarına qədər Canni de Byazi ilə müqavilə uzadılsın.

- Siz özünüz də vaxtilə futbol oyunlarında hakimlik etmisiniz. Buna görə də hakimlərlə bağlı bir sualla müraciət etmək istərdik. FİFA dərəcəli referimiz Əliyar Ağayev Çempionlar Liqası kimi yarışda debüt etdi. Lakin Əliyardan başqa bu gün belə nüfuzlu yarışlarda iştirak edən hakimlərimizin sayı azdır. Bunun üçün AFFA tərəfindən hansı işlər görülür?
- Əliyar Ağayevin Çempionlar Liqasının oyununa təyinat alması və oyunu yüksək səviyyədə idarə etməsi Azərbaycan futbolu və hakimliyi üçün sevindirici bir hal idi. Bu, gələcəkdə həm Əliyara, həm də digər hakimlərimizə yeni qapılar açacaq. Yeni hakimlərin Əliyar səviyyəsinə çatması ilə bağlı da müəyyən işlər görülür. Bildiyiniz kimi, türkiyəli mütəxəssis Barış Şimşək AFFA-nın Hakimlər Komitəsinin yeni sədri təyin olunub. Onun da müəyyən fikirləri və təklifləri var. Gələcəkdə gənc hakimlər üçün müəyyən bir təhsil proqramının tətbiq olunması da gözlənilir.

- Mart ayında Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. Qrupda kifayət qədər ciddi rəqiblərimiz var.
- Bildiyiniz kimi, Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya komandaları ilə F qrupunda yer almışıq. Beş komandalı bir qrupdur. Qrupumuzu bərabərsəviyyəli çətin qrup adlandırmaq olar. Bərabərsəviyyəli çətin dedikdə, Belçika, Avstriya və İsveçi bir qədər fərqləndirmək istərdim. Bu komandalar təxmini eyni səviyyəli çətin rəqiblər olacaq. Əlbəttə, Estoniya yığmasını da siyahıdan silmək olmaz. Amma ilk üç komandaya qarşı bizi ağır oyunlar gözləyir. Lakin çalışacağıq ki, bu oyunlarda layiqli oyun nümayiş etdirək. Bunu həm futbolçular həm də məşqçilər heyəti yaxşı anlayır. Son oyunlarda qazanılan ardıcıl beş qələbə komandaya böyük stimul verib. Komandada ruh yüksəkliyi artıb. İnanıram ki, bu hal komandanın oyununa da müsbət təsir edəcək.

- Hər zaman milliləşdirmənin əleyhinə fikirlər səsləndirilir. Bu isə birmənalı qarşılanmır. Siz bu məsələlərə AFFA rəsmisi kimi necə aydınlıq gətirərdiniz?
- Əgər fikir versəniz milli komandanın baş məşqçisi yerli futbolçulara özlərini göstərmək üçün şans yaradır. Futbolçular da bu şansdan yararlanaraq, özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Son oyunlar da buna əyani sübutdur. Milliləşdirilmiş futbolçularla bağlı isə onu qeyd edə bilərəm ki, belə bir praktika digər milli komandalarda da var. Əsas məsələ odur ki, milliləşdirmə FİFA-nın qaydalarına əsasən, düzgün şəkildə həyata keçirilsin. Lakin biz çalışırıq ki, yerli futbolçuların inkişafına diqqət yetirək. Əlimizdən gələni edirik ki, matçlarda ölkəmizi Azərbaycan futbol məktəbinin oyunçuları təmsil etsinlər.

- Sərxan müəllim, yerli çempionatda hansı komandanın çıxışı sizin üçün gözlənilməz oldu?
- "Sabah” komandası uğurlu oyunu ilə məni təəccübləndirdi. Onlar böyük xal fərqi ilə digər klublardan aralanmağı bacarıblar. "Səbail” isə əksinə, uğursuz oyunu ilə diqqət çəkdi. Düzdür, "Səbail” kubok oyununda yarımfinala çıxsa da, Premyer Liqada sonuncu pillədə qərarlaşır.

- Sərxan müəllim, AFFA çox vaxt KİV tərəfindən tənqid olunur. KİV-in ünvanladığı tənqidlərə necə yanaşırsınız?
- Tənqidlərə müsbət yanaşıram. Amma əsas odur ki, tənqid sağlam və ədalətli olsun. Tənqiddən müsbət nüansları çıxarmaq mümkündür. Təhqir isə yolverilməzdir. Tənqidlə təhqirin arasında bir hədd var. Bu həddi aşmaq isə yolverilməzdir. Odur ki, bu hədd aşılmasın. Sevindirici haldır ki, belə halları bu gün müşahidə etməmişəm.


Azər Əlizadə

22831 oxunub

InvestAZ