XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Zərif qadınların güclü mübarizəsi
İdman 10:03 / 20.09.2022

Tanrı qadınları zərif yaradıb. Onlar öz ağlı, məntiqi, geniş düşüncə tərzi və sevgisi ilə hər bir işin öhdəsindən yüksək səviyyədə gəlmək iqtidarındadırlar. Zərif cinsin nümayəndələri əsrlər boyunca əks cinsin nümayəndələri ilə eyni hüquqa sahib olmaq üçün mübarizə aparırlar. Bu, idman aləmindən də yan keçmir. Planetin ən mötəbər yarışı olan Olimpiya Oyunlarında kişilərlə eyni səviyyədə yarışmaq istəyən qadınlar xeyli maneələrlə qarşılaşıblar. "Olimpiya dünyası" qəzeti olaraq, xanımların zirvə mübarizəsini bu sayımızda oxucularımıza təqdim edirik.


Edam qarşılığında
Olimpiya Oyunları

Qədim Elladada (indiki Yunanıstan ərazisi - T.N) qadınlara nəinki Olimpiya Oyunlarında iştirak etmək, hətta Oyunları izləmək belə qadağan idi. Qədim yunan yazıçısı Pavsaniy Olimpiya yaxınlığında hündür bir qaya olduğunu və qadağanı pozan qadınların oradan atıldığını qeyd edirdi. Lakin tarixdə belə ölüm hadisəsi qeydə alınmayıb. Olimpiadanı izləyən yeganə xanım - əfsanəvi Kallipateranı (Ferenika) əfv etdilər. Ellinlər oğlunu şəxsən yarışlara hazırlayan və həyatını riskə ataraq onu izləməyə gələn çempionun anasını edam etməyə cürət etmədilər.
1896-cı ildə isə Afinada ilk müasir Olimpiya Oyunları keçirilmişdi. Bu möhtəşəm idman bayramının müəllifi isə fransız Pyer de Kuberten idi. Baronun adı yəqin ki, çoxlarına məlumdur. Lakin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsisçisi Oyunların yalnız kişilərin bayramı olduğunu düşünürdü. O, dünyasını dəyişənə kimi də öz fikrində qalmışdı. P.Kuberten bu barədə fikirlərini belə izah etmişdi: "Olimpiya Oyunları kişilər üçün nəzərdə tutulub. Kişilər bu oyunlarda təntənəli şəkildə öz gücünü nümayiş etdirməli, qadınlar isə onları alqışlamaqla təbrik etməlidirlər".


"Tarix yazan" qadınlar

Tarixdə keçirilən ilk müasir Olimpiya Oyunlarında hələ də, qadınların iştirakı qadağan idi. 1900-cü ildə keçirilən olimpiada sözün əsl mənasında səs-küyə səbəb oldu. Belə ki, turnirdə ilk dəfə qadınların da kişilərlə bərabər çempion adı uğrunda mübarizə aparacağı bəyan edilmişdi. Amma 997 iştirakçıdan yalnız 22 qadın mübarizə aparmaq üçün Oyunlara qoşulmuşdu. Buna səbəb isə zərif cinsin nümayəndələrinə yalnız 5 idman növündə yarışmağa icazə verilməsi idi. Xanımlara yalnız tennis, kroket, qolf, atcılıq və yelkənli idman növlərində güclərini sınamağa icazə verilmişdi. Həmin andan etibarən Olimpiya Oyunlarında qadınların və mübarizə apardıqları idman növlərinin sayı artmağa başladı. Artıq 1904-cü ildə olimpiadanın proqramına kamandan oxatma, dörd il sonra isə konkisürmə idman növü daxil edilmişdi. Lakin maraqlıdır ki, qadınlar bəzi idman növlərində əks cinsin nümayəndələrindən daha böyük uğur qazanırdılar.


Zəriflərin ilk Olimpiya çempionu

Tarixdə ilk qadın Olimpiya çempionu Elen de Puaerte hesab olunur. İsveçrəli xanım Nyu-Yorkda dünyaya göz açıb. O, hələ Erman Purtuale ilə ailə qurmazdan əvvəl yelkənli idman növü ilə maraqlanırdı. Məhz həyat yoldaşı onu 1900-cü ildə "Lerin" yaxtasında yarışlara qoşulmağa təkid etdi. Mayın 22-də o, yarışlarda birincilik əldə etdi.


Qadın çaparların liderlik mübarizəsi

1952-ci ilə qədər atçılıq idmanında gücünü sınamaq üçün yalnız süvarilərdə xidmət edən kişilərə icazə verilirdi. Helsinki Olimpiadası ərəfəsində gender və peşəkar əsaslarla bağlı məhdudiyyətlər ləğv olundu.
Maraqlıdır ki, bu idman növündə indiyədək liderliyi məhz qadınlar edir. 1988-ci ildən etibarən yalnız onlar fərdi hesabda qalib olurdular. Hətta 2000-ci ildən başlayaraq isə zərif cinsin nümayəndələri kişilərin mükafatçılar sırasına daxil olmasına icazə vermirdilər.


Hədəfə köklənən xanımlar

Atıcılıq idman növündə iştirakçılar arasında qadınların payı böyük deyildi. Onların mükafatçılar arasında şansları ümumiyyətlə, sıfıra bərabər idi. 1984-cü ilə qədər, bəzi növlərdə ayrı-ayrı turnirlər keçirilməyə başlayandan sonra xanımlar yalnız iki mükafat qazanmağa nail oldular. 1976-cı ildə 50 metrlik kiçik çaplı tüfəngdən atəşaçma yarışlarında gümüş medalın sahibi Marqaret Merdok oldu. Baxmayaraq ki, amerikalı idmançı Oyunlarda atcılıq üzrə ilk qadın mükafatçı idi.
1992-ci ildə stend atıcılığının skit növündə Olimpiya çempionu adını çinli Çjan Şan qazanmışdı. Təəssüf ki, həmin vaxt idmançının öz titulunu qorumaq imkanı olmadı. 1996-cı ildə Atlantada təşkil olunan Olimpiadada isə yalnız kişilərin mübarizə aparmasına icazə verilmişdi. Çjan Şan iki Olimpiadada iştirak etsə də, bir daha medal qazana bilməyib.




Zəfərə doğru bir addım

1984-cü ildə Olimpiya Oyunlarının proqramına yalnız qadınların mübarizə aparmaq hüququ olduğu idman növləri əlavə edildi. Belə ki, artıq zərif cinsin nümayəndələri bədii gimnastika və sinxron üzgüçülükdə qələbə uğrunda yarışacaqdılar. Maraqlıdır ki, 1996-cı ilə qədər idmançılar bədii gimnastikada yalnız fərdi çoxnövçülük üzrə güclərini sınayırdılar. 2000-ci ildə Atlantada keçirilən Olimpiya Oyunlarında isə proqrama qrup hərəkətləri üzrə yarışlar da əlavə olundu. Qrup hərəkətləri üzrə olimpiadalarda ən böyük uğuru ikiqat Olimpiya çempionu rusiyalı Natalya Lavrova və Yelena Posevina əldə ediblər. Fərdi yarışlarda isə hər biri bir qızıl və bir bürünc medal olmaqla, onların həmyerlisi Alina Kabayeva və SSRİ yığmasının tərkibində çıxış edən ukraynalı Aleksandra Timoşenko fərqlənmişdilər.
İlkin vaxtlarda sırf qadın idman növü hesab olunan sinxron üzgüçülükdə fərdi və cütlüklər üzrə iki dəst medal uğrunda mübarizə aparılırdı.1996-cı ildə keçirilən Atlanta Olimpiadasında hər iki növ proqramdan çıxarılaraq, qrup hərəkətləri ilə əvəz olundu. Lakin buna baxmayaraq, 2000-ci ildə Sidneydə cütlük yarışları yenidən Olimpiya statusu aldı.
Qeyd edək ki, bu gün planetin ən titullu sinxron üzgüçüləri, hər biri dörd qızıl medal olmaqla, rusiyalı Olqa Brusnikina, Mariya Kiselyova, Anastasiya Davıdova və Anastasiya Yermakovadır.


Qadınların qələbəsi

Beləliklə, qadınların Olimpiya Oyunlarında bütün idman növləri üzrə mübarizə aparması üçün illər tələb olunub. Nəhayət, 2012-ci ildə Londonda keçirilən Olimpiadada "kişilərin idman növü" deyilən yarış qalmadı. Belə ki, həmin il Beynəlxalq Olimpiya Komitəsi rəsmi olaraq, qadın boksunu da yarışların proqramına daxil etdi. Amma Qış Olimpiya Oyunlarında tramplindən tullanma və xizək çoxnövçülüyü yarışlarında qadınların iştirakı qadağandır.
Qeyd edək ki, 1991-ci ildə Beynəlxalq Olimpiya Komitəsi Olimpiya proqramına daxil olmaq istəyən idman növləri üzrə qadınların da iştirak etmək hüququnun olmasına dair qərar qəbul edib.


BOK gender bərabərliyini qoruyur

Olimpiya Xartiyası Beynəlxalq Olimpiya Komitəsinin əsas sənədi Oyunların nizamnaməsi və onların təşkili qaydaları ilə yanaşı, "BOK-un missiyası" hissəsini də təşkil edir. Onun səkkizinci bəndi isə "idmanda qadınlar" hüquqlarına həsr olunub. Hazırda BOK-un əsas missiyası qadınların idmanda irəliləyişini və gender bərabərliyini dəstəkləməkdir. Hətta 1995-ci ildə İdmanda Qadınlar Komissiyası bu bəndin icrasına nəzarət edir. Bu gün həmin komitəyə FİFA İcraiyyə Komitəsinin tarixində ilk qadın olan Lidiya Nsekera rəhbərlik edir.


 
Türkay Niftəliyeva

1042 oxunub

InvestAZ