XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Fərid Qayıbov: “Bu cür geniş nümayəndə heyəti ilə təmsil olunmaq qürurvericidir”
İdman 19:37 / 08.08.2022
"Oyunlarda 50-dən artıq nümayəndə heyəti iştirak edəcək. Biz Türkiyəyə yollanan ən böyük nümayəndə heyətiyik. Bu cür geniş nümayəndə heyəti ilə təmsil olunmaq qürurvericidir. Bu da Azərbaycanın idman ölkəsi olduğunu göstərir”.
Bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları ilə bağlı danışarkən deyib.
Nazir Oyunlarda Ölkəmizin 24 idman növünün 22-də təmsil olunduğunu bildirib: "Burada bir neçə məqam var ki, onları qeyd etmək istəyirəm. Bildiyiniz kimi, son İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdi. Bu dəfə isə fərqli olacaq. İdman növlərində dəyişikliklər var. Bizi çox maraqlı mübarizə gözləyir. Güləş, cüdo və futbolda yığma komandalarımızın əsas üzvləri Konya-2021 iştirak edə bilməyəcək. Bu, yaxın tarixlərdə həmin idman növləri üzrə dünya çempionatlarının olması, "Qarabağ" və "Neftçi"nin avrokuboklarda yoluna davam etməsi ilə bağlıdır. Təəssüf ki, aparıcı futbolçular da İslam Həmrəyliyi Oyunlarında iştirak edə bilməyəcəklər. Amma komandada ümumi əhval-ruhiyyə yaxşıdır. Bu dəfə legionerlərimizin sayı da azalıb. Artıq öz idmançılarımız yetişiblər. Təbii ki, biz hər idman növündə qızıl medal uğrunda mübarizə aparmayacağıq. Buna real baxmaq lazımdır. Amma hər bir idmançımız Oyunlara səylə hazırlaşıb. Bütün federasiyalara, ümumiyyətlə, bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Doğrudan da komandamız Oyunlara ciddi hazırlaşıb. Ümid edirəm ki, biz sonda Vətənə gülərüz və yaxşı əhval ruhiyyə ilə qaydacağıq".

Nazir Oyunları işıqlandırmaq üçün Konyaya gələn media nümayəndələrinin sayının da artığını bildirib: "İlk dəfədir ki, bu qədər azərbaycanlı media nümayəndəsi Oyunlara qatılıb. Bunun üçün media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Bu da ona görədir ki, Azərbaycandakı azarkeşlərimiz, tamaşaçılarımız bütün idman növlərindən daha ətraflı məlumat alsınlar. Bu amil idman növlərinin inkişafında bizim üçün böyük dəstək olacaq. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim idmançılarla maraqlanır və öz tapşırıqlarını verirlər. Demək olar ki, idmançılarımıza və nümayəndə heyətimizə dövlət tərəfindən hər bir şərait yaradılıb. Ümid edirəm ki, yaxşı nəticələr əldə olunacaq”.

15719 oxunub

InvestAZ