XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



Qələbə və medal
İdman 15:15 / 12.01.2022

Qələbələr müxtəlif olur. Ərazi, torpaq uğrunda gedən müharibələrdə qazanılan qələbələr, intellektual oyun və viktorinalarda, müsabiqələrdə ağıl və zəkanın qələbəsi və nəhayət, yarış meydançalarında, Olimpiya stadionlarında qazanılan qələbələr.
Müqəddəs ana torpaq uğrunda müharibədə, idman yarışlarınnın ən mötəbəri sayılan Olimpiya oyunlarında əldə olunan qələbə eyni səviyyədə şərəfli və əzəmətlidir. İdmançının beynəlxalq və qitə çempionatlarında, mötəbər Olimpiya oyunlarında, müxtəlif idman yarışlarında qələbəsi təmsil etdiyi ölkənin beynəlxalq səviyyədə qələbəsi kimi qiymətləndirilir. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançının şərəfinə dövlət bayrağı qaldırılır və dünyanın bütün musiqi əsərlərindən əzəmətli təsir bağışlayan dövlət himni səsləndirilir.


Pyer de Kuberten
idmançının qələbəsinə
necə qiymət verirdi?


Müasir olimpizmin banisi Pyer de Kuberten deyirdi: "Olimpiyaçı yarışa nəyin bahasına olursa olsun, qələbə qazanmaq xatirinə can atmamalıdır. O, idman döyüşlərində təmiz, nəcib hərəkətlərə üstünlük verməli və bir fikri özünə təlqin etməlidir ki, yarışda ən əsası rəqib üzərində qələbə deyil. Əksinə, bu qələbə uğrunda göstərilən mərdlik, kişilik keyfiyyətləri, insanı kamilliyə çağıran, onun zəif cəhətləri və nöqsan müəyyənləşdirməyə imkan verən mübarizə ruhu olmalıdır".
"Həyatda ən vacib və önəmli şey qələbə yox, mübarizədir", - deyən Kuberten fikrini bu sözlərlə tamamlayırdı: "Sənin rəqibə uduzmağın şərəfsizlik deyil, şərəfsizlik odur ki, sən qələbə uğrunda mübarizədən imtina edəsən". O, daha sonra olimpizmin banisi "La Qazet de lozan" qəzetinin 1918-ci il 26 oktyabr nömrəsində çap olunan "Olimpiya məktubları"nda yazırdı: "Olimpiya Hərəkatı hamı üçün vacib olan ümumi idman tərbiyəsini nəzərdə tutur, mərdlik və cəngavərlik ruhu ilə seçilir, eyni zamanda, estetik və ədəbi dəyərliliyi ilə xalqın milli həyatının hərəkətvericisi və vətəndaşlıq ocağı sayılır".



Əfsanədən həqiqətə

Sadə olan hər şeyin saf, təmiz və gözəl olduğunu nəzərə alsaq, müqəddəs amallara xidmət edən antik Olimpiya oyunları öz gözəlliyi və saflığı bu gün də diqqət mərkəzindədir. B.e.ə. 776-cı ildə qədim yunan torpağında, qədim Elladada əzəmətli idman, gözəllik və sağlamlıq bayramı olan Olimpiya oyunları meydana gəldi. Yaranışı və ideyası ilə müqəddəs amallara xidmət edən Olimpiya oyunları zamanı bütün ərazi, məhəlli və hərbi münaqişələrə son qoyulur, müvəqqəti də olsa, barışıq elan olunurdu. İştirakçılar və qonaqların təhlükəsizliyini təmin etmək üçün hər cür tədbirlər görülürdü.
Müasir Olimpiya oyunlarının inkişafında qədim yunan oyunlarının rolu və əhəmiyyəti çox böyükdür. Ellin tayfalarının təsəvvürünə görə mifoloji hesab edilən Olimpiya oyunlarında epifaniya, yəni ilahiləşdirmə, allahların şərəfinə qurbanlar verilməsi, yarışlar təşkil edilməsi prosesi formalaşırdı. Allahların şərəfinə təşkil edilən yarışlarda qaçış, qoşqu arabalarının ötüşməsi, güləş və digər idman növlərində qələbə qazanan atletlər, ümumiyyətlə, allahların mərhəmətinə layiq görülənlərdən sayılırdılar. Antik Olimpiya oyunlarında qazanılan qələbə ellinlər üçün çox müqəddəs idi və onlar üçün ən böyük xoşbəxtlik hesab olunurdu. Olimpionik, yəni Olimpiya oyunlarının qalibi olmaq hər bir yunan gəncinin nəcib və əlçatmaz arzusu idi.

İlk oyunların qalibləri, adətən, əzab-əziyyətə qatlaşmağı bacaran sadə adamlar - mətin və cəsur ovçular, ya çobanlar olurdu. Olimpiya prinsiplərinə uyğun olaraq, uduzan çıxır, qələbə çalan isə son nəfəsinə, yəni axıra qədər mübarizəni davam etdirirdi. Prinsip belə idi ki, yarışa girən idmançı mübarizəni axıra qədər davam etdirməli idi. Carçı yarışdan dərhal sonra Olimpiya oyunlarının qalibinin adını, atasının adını, hansı şəhərdən gəldiyini açıqlayır və olimpionik stadionu həmvətənlərinin çiynində tərk edirdi.
B.e.ə 776-cı ildə keçirilmiş ilk antik Olimpiya oyunlarının çempionu elidalı aşpaz Korəb olmuşdur. Pelopennes yarımadasının sakini Korəbə qədim Yunanıstanda abidə qoyulsa da, bu abidə bizim günlərə qədər gəlib çatmayıb. Antik Olimpiya oyunlarının ilk çempionuna yenidən abidə qoyulub. Ancaq Olimpiyada yox. Qəhrəmanın şərəfinə ucaldılan həmin abidə hətta Yunanıstanda da deyil. Korəbin heykəli okeanın o tayında - Kanadanın Kalqari şəhərində ucaldılıb. 1988-ci ildə Kalqari şəhərində keçirilən qış Olimpiya oyunları dövründə italyan arxeoloqları tərəfindən tapılan və Neapolun milli muzeyində saxlanan ellin heykəlinin əsasında yeni, gözəl abidə ucaldılıb.


Qaliblərin siyahısında

Antik Olimpiya oyunlarının qaliblərinin siyahısını nəzərdən keçirdikdə maraqlı faktlar meydana çıxır. Yunanıstandan olan heç bir ellinin qəhrəmanlığı Leoniddən olan Rodosun cəsurluğu ilə müqayisə edilə bilməzdi. Qaçışın üç növü üzrə b.e.ə 164-152-ci illərdə 12 qələbə qazanmaq həm antik, həm də müasir idmanda fenomen hesab olunur. B.e.ə 440-cı ildə keçirilən 85-ci Olimpiadada spartalı Ladasın qələbəsi ona ölümü hesabına başa gəlmişdi. Fiziki cəhətdən evə yorğun və üzgün dönmüş atlet elə ilk hərbi yürüşdə həlak olmuşdu. Həmvətənləri ona heykəl qoymuş, Spartadakı stadiona isə onun adını vermişdilər. Sonra siyahıda dörd olimpiadanın iştirakçısı (28-31, 668-656-ci illər), qaçışın 2 növü üzrə Olimpiya oyunlarının rekordçusu, 7 əklil qazanmış spartalı Exion, 632-ci ildə keçirilmiş 37-ci Olimpiya Oyunlarının iştirakçısı, oğlanlar arasında öz yaşıdlarını qabaqlamış elidalı Plevsik, üç olimpiadada (448-480-ci illər) 6 əklil sahibi olan astilli Kroton Sirakuz, 368-ci ildə keçirilən 103-cü Olimpiya Oyunlarının ən gənc iştirakçısı 12 yaşlı Damisk, qaçış üzrə b.e.ə sonuncu əsrin sonuncu çempionu (194-cü Olimpiada -4 il) və bizim eranın I əsrinin qaçış üzrə ilk çempionu (195-ci Olimpiada -1 il) efesdli Demaret və nəhayət, müasir əsrin 215, 216 və 217-ci Olimpiya Oyunlarının iştirakçısı, mahir qaçış ustası, qaçışın üç növü üzrə 8 əklil qazanmış Ksanfdan olan Germogen və başqalarının adları verilir.
Əfsanəyə görə, Fessaliyadan olan Pulidam öz qeyri-adi gücü ilə müasirlərini heyran edirdi. Şiri ram edən qəhrəman öküz sürüsünün içinə daxil olmuş və heyvanın ən böyüyünü buynuzundan yapışaraq bir dəfəyə yerə çırpmışdı. Bu qəhrəman yanından sürətlə ötüb keçən qoşqu arabasını belə dayandırmaq qabiliyyətinə malik idi. Üç məğlubedilməz farsı eyni zamanda ölümə göndərən Pulidamın qarşısında dayanmaq mümkün deyildi.
Qədim atletlər yarışa çılpaq çıxırdılar. Onlar meydana girməmişdən əvvəl bədənlərinə zeytun yağı sürtürdülər. Atlet boğazı dar qabdan damcı ilə süzülən qatı yaşıl məhlulu içir və həmin məhluldan baş barmaqdan tutmuş saçın dibinə qədər vururdular. Bu, çox güman ki, əzələlərin elastikliyini artırmaq üçün edilirdi. Məhlulu bədənə sürtdükdən sonra üstündən qum səpirdilər.


Müqəddəs qələbə, yoxsa qələbənin müqəddəsliyi

Ellinlərin yarışlarda qələbəyə böyük əhəmiyyət verməsi II əsrdə yaşayıb yaratmış Lukianın əsərlərində, xüsusilə də dialoq janrında yazılmış "Anaxarsis və ya bədən hərəkətləri" əsərində öz əksini tapıb. Burada Anaxarsisin "Ellinlər yarışlarda əldə etdikləri qələbələrin müqabilində nə ilə mükafatlandırılırdılar?" sualına Solon belə cavab verir: "Onlar Olimpiya oyunlarında zeytun, İstmiya oyunlarında şam ağacının budaqlarından, Nemey oyunlarında kərəviz, Delfa oyunlarında isə alma ağacından hazırlanmış əklillərlə mükafatlandırılırdılar".
Anaxarsisin növbəti "Başa düşə bilmirəm, sonda kimin qalib gələcəyini bilməyə-bilməyə insanlar niyə özlərini bu qədər fəda edirlər?" sualını o, aşağıdakı kimi cavablandırır: "Anaxarsis, sən, yəqin ki, dövlətin nəyin vasitəsilə daha yaxşı idarə olunduğunu və vətəndaşların kamilliyə doğru getdiyini bilsən, bu hərəkətlərə bəraət qazandırarsan. Şərt onlara zeytun, şam ağacı, kərəvizdən hazırlanmış əklillər təqdim edilməsi deyil, əsas odur ki, kim bu əklilə layiq görülürsə, bu əklillərlə bərabər, həm də insana xoşbəxtlik üçün vacib olan şeylərə yiyələnir. İnsanın şəxsi həyatından və təmsil etdiyi ölkənin həyatından, zənginlik və şöhrətdən, doğma bayramlardan zövq almaq, ailə üzvlərinin xilasından və ümumiyyətlə hər kəsin allahlardan uma bildiyi ən gözəl şeylər bu əklildə öz əksini tapır".
İdman qələbəsinə bu cür yüksək səviyyədə qiymət verilməsi klassik dövr üçün xarakterikdir. O dövrdə qəhrəmanlıq, şücaət göstərmək vətəndaşların mənəviyyatının ayrılmaz sərvəti, onların gündəlik həyatının bir parçası idi.


Olimpiya medalı

Hər qələbənin sonunda mükafat var. İdmanda da belədir. İdmançının müxtəlif idman yarışlarında, beynəlxalq səviyyəli turnirlərdə, olimpiadalarda qələbəsi medalla mükafatlandırılır.
Dövrümüzün ən mötəbər idman tədbiri olan Olimpiya oyunlarında iştirak etmək hər bir idmançı üçün böyük şərəfdir. Bu qədim və müqəddəs ənənələrə malik idman yarışlarının qalibi, çempionu olmaq isə əsil qəhrəmanlıq kimi qiymətləndirilir.
Olimpiya oyunlarında təmsil etdiyi ölkənin bayrağı və himn sədaları altında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq, ən böyük mükafata - Olimpiya medalına layiq görülmək bütün idmançılara nəsib olmur. Dörd il dincəlmək bilmədən fasiləsiz və gərgin məşqlər, yuxusuz gecələr bahasına əldə edilən bu qələbənin sevinci uzun müddət yaddaşlardan silinmir və çempionun həyatında silinməz və şərəfli yer tutur.
İdmançıların dediklərinə görə, çempion yüz milyonlarla tamaşaçının alqış sədaları altında Olimpiya oyunlarının qələbə medalına layiq görüləndə həmin an, demək olar ki, hər şeyi unudur. O, Olimpiya çempionu adının məsuliyyətini, layiq görüldüyü qızıl medalın qiymətsiz olduğunu sonralar, lap sonralar anlayır. Həmin an idmançı bütün bu sadalananları dərk etmək iqtidarında olmur və yaxud, sadəcə, buna gücü, qüvvəsi çatmır. Olimpiya çempionları nəyin naminə bir çox şeylərdən imtina etdiklərini, əlləşib-vuruşduqlarını bilsələr də, həmin an sanki hər şeyi unudurlar.
Qədim Yunanıstanda keçirilən Olimpiya oyunlarında yumruq döyüşü, qoşqu yarışı, diskatma və digər yarışların qaliblərinə bağışlanan zeytun ağacından düzəldilmiş çələng olimpionik üçün böyük mükafat sayılırdı. Olimpiyaçılar bu mükafatı özləri üçün əvvəzsiz hesab edir və ömürlərinin sonuna qədər həmin unudulmaz məqamın həyəcan dolu sevincini yaddan çıxarmırdılar. Qaliblərə medalların və pul mükafatlarının təqdim edilməsi isə sonralar baş verdi.


Çempionlar nə fikirləşirlər?

Monreal-1976 Olimpiadasının çempionu, tanınmış jurnalist Yelena Vaytsexovskayanın bu məsələ ilə bağlı fikirləri çox maraqlıdır: "...Olimpiya medalı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxanda sanki keyləşmişdim, heç nə görmür, heç nə eşitmirdim. Fotoqrafın uzaqdan, lap uzaqdan qulağıma güclə çatan zəif səsini eşidirdim: "Əlini yellə!", "Əlini qaldır!". Lakin onun dediklərini yerinə yetirməyə taqətim çatmırdı".

1996-cı il Atlanta Olimpiadasında sərbəst güləş üzrə qızıl medala layiq görülmüş Buvaysar Saytiyev çempion olduqdan az sonra jurnalistlərlə təəssüratlarını bölüşəndə demişdi: "Nə hiss etdiyimi başa düşə bilmirəm. Nəyin naminə bir çox zövqlərdən imtina etdiyimi, nəyin naminə zəhmət çəkdiyimi bilirdim. Amma indi... Sanki hər şey birdən-birə yox olub və arzumu əlimdən alıblar".

Məsələ qızılda deyil

Olimpiya medallarının əksəriyyəti, demək olar ki, eyni klassik formada düzəldilir. Medalın üzərində Akropolun fonunda yunan ilahəsinin silueti əks olunub (Sidney-2000 Oyunlarının medalının üz hissəsində isə naməlum səbəblərdən Akropolun yerinə Roma Kolizeyinin şəkli təsvir olunub). Medalın əks tərəfində olimpiadanın emblemi verilir. Nazik haşiyədə idman növünün oyma təsviri olur. Qış Olimpiya oyunlarının medalları isə qar dənəciyi şəklində qızıl haşiyə və bəzədilmiş billürdan hazırlanır.
1980-ci il Moskva Olimpiadasının medalları əvvəlki Olimpiya oyunlarının medallarından fərqli olaraq çox donuq və tutqun təsir bağışlayırdı. Bir neçə il keçdikdən sonra isə bu medalların rəngi qaralmağa başladı. Çoxları medalların bu cür qaralmasına mistik məna verməyə başladılar. Axı XXII Olimpiya Oyunları aparıcı kapitalist ölkələri tərəfindən baykot edildiyindən tam oyunlar kimi qəbul edilmirdi.
Bir sual hətta idmandan, olimpiadadan kənar adamları da maraqlandırır: Olimpiya medalları doğrudanmı təmiz qızıldan hazırlanır? Əslində Olimpiya Xartiyasına müvafiq olaraq, medal üçün istifadə olunan qızılın çəkisi 8 qram dəyərində olmalıdır. Ancaq məsələ qızılda deyil. Çempion üçün Olimpiya medalının dəyəri heç bir qiymətli metalın çəkisi ilə ölçülmür.
Kolleksiyaçıların əksəriyyətini Olimpiya medalları daha çox maraqlandırır. Yeni medallar təxminən 3000 dollara satılsa da, köhnə medallar daha qiymətlidir. Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra baş verən iqtisadi çətinliklər veteran idmançıların bir çoxunu Olimpiya medallarını dəyər-dəyməzinə (məsələn, 120 dollara) satmağa məcbur etdi. O vaxt dövlət təqaüdçülərə 20 dollar məbləğində pul verirdi.
Almaniyalı medal kolleksiyaçılarından biri deyib: "Mən heç vaxt Olimpiya medalını satın almaram. Bacarmıram. Olimpiya oyunları ilə birbaşa əlaqəm olduğundan çempionlar üçün bu qələbənin nəyin hesabına başa gəldiyini və bu medalın onlardan ötrü necə qiymətli olduğunu bilirəm. Bu səbəbdən də medala görə pul təklif etməyə cəsarətim çatmır".


61 ildən sonra
geri qaytarılan medal

1912-ci ildə keçirilən Stokholm Olimpiadasının yüngül atletika yarışlarında yüksək nəticələr göstərərək, iki dəfə çempion adını alan qara dərili Cim Torpun adı qaliblərin siyahısından çıxarılmışdı. Buna səbəb onun oyunlardan bir müddət əvvəl futbol matçında iştirakı müqabilində aldığı qonorar olmuşdu. Torp peşəkarlıqda günahlandırılaraq (o vaxt Olimpiya oyunlarında ancaq həvəskarlar iştirak edə bilərdilər) aldığı qızıl medaldan məhrum edilmiş və idman aləmindən uzaqlaşdırılmışdı. İdmançı ömrünün axırına qədər medalının özünə qaytarılmasına çalışır və buna çox ümid edirdi.
Torpun hüquqları yalnız 1973-ci ildə, ölümündən 20 il sonra bərpa edildi. İdmançının Olimpiya medalı geri qaytarılanda çempionun hər iki qızı göz yaşlarını güclə saxlayıb.


Dostlar medalları
birləşdirdilər

1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında Yaponiyadan olan iki dost idmançı şüvüllə tullanma üzrə yarışda gümüş və bürünc medallara layiq görülüblər. Nəticələr eyni olduğuna görə idmançılar medalları yarı bölmək, gümüş və bürünc hissələri bir-birinə birləşdirmək qərarına gəliblər. Bu, onların çəkdikləri zəhmətin müqabilində bərabər mükafata layiq görülməyin nişanəsi idi.

Zirvədə saxlayan

Görəsən, ölçüsünə görə çox da böyük olmayan bu sarı metal parçasını bircə dəfə olsa belə əlində tutmaq səadəti nəsib olmuş idmançıya onun ofsunlayıcı, heyranedici təsir göstərməsinin səbəbi nədir?
Bu məsələyə idmançı nöqteyi-nəzərindən baxanda hər şey aydındır. İdmançının şüuru həyatındakı ən şərəfli anı - fəxri kürsüdə qızıl, gümüş və ya bürünc mükafata layiq görülməsini o an dərk etmək iqtiradında olmasa da, sonralar həyatında bu anı ömür kitabının qızıl səhifəsi kimi xatırlayır. Bir sözlə, Olimpiya medalları idmançının zəfərini, möhtəşəm qələbəsini təsdiq edən və onu zirvədə saxlayan əsas meyadır.


Türkay Niftəliyeva

1098 oxunub

InvestAZ