XƏBƏR LENTİ
22 Sentyabr 2021
21 Sentyabr 2021
17 Sentyabr 2021
16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021



Olimpiya oyunları və kommersiya
Maraqlı 15:59 / 20.06.2021


Beynəlxalq Olimpiya Komitəsinin 1984-cü ilin dekabrında keçirilən 89-cu sessiyasının gündəliyində duran əsas mövzulardan biri Olimpiya oyunlarının gələcək taleyi ilə bağlı idi. Burada müzakirə olunan başlıca məsələlər siyasi münaqişələrin Olimpiya Hərəkatına təsiri, müasir mərhələdə Olimpiya oyunlarının problemləri, Olimpiya ideallarına sədaqət, dopinqdən istifadə, Olimpiya oyunlarının baykot edilməsi idi. Müasir dövrdə Olimpiya Hərəkatını narahat edən problemlərdən biri də idmanın kommersiya xarakteri almasıdır.

İkinci minilliyin fenomen hadisəsi

Heç kəsə sirr deyil ki, möhtəşəm idman bayramı olan Olimpiya oyunları XX əsrin ən gözəl nailiyyətlərindən biridir. Lakin bu möhtəşəm yarışların formalaşması o qədər də asan başa gəlməyib. İkinci minillikdə Olimpiya oyunlarının təşkili və keçirilməsi çətin sınaqlardan keçib. Hər keçirilən olimpiada olimpizm tarixinə bir tərəfdən çox parlaq və təkrarolunmaz idman hadisəsi, digər tərəfdən isə çətin və ciddi imtahan kimi daxil olub. Xatırladaq ki, ilk müasir Olimpiya oyunlarının keçirilməsi sual altında olub. 1900-cü il Paris Olimpiya Oyunları isə idman tarixində pərakəndə təşkil olunmuş yarışlar kimi qalıb. Amerikanın Sent-Luis şəhərində keçirilən III Olimpiya Oyunları da özündən əvvəlkindən o qədər də fərqlənməyib. Tarixi faktlar ikinci minilliyin əvvəllərində olimpizmin özünə necə çətinliklə yol açdığını sübut edir. Olimpiya oyunları XX əsrin ikinci yarısı və axırlarında çox nüfuzlu və möhtəşəm hadisələrindən birinə çevrilmişdi.
XX əsrdə dünya və Olimpiya rekordlarının siyahısı bəşəriyyətin cismani, psixoloji, intellektual kamilliyinin təntənəsi demək idi. Müasir Olimpiya oyunları mərdlik, cəsurluq, güc, qüvvət, qələbəyə gedən yolda iradəlilik, və zəhmətsevərlik kimi yüksək insani keyfiyyətlərin tərənnümünü ifadə edirdi. Bu oyunlar həm də qeyri-adi, xoşbəxt, dramatik, hərdən də faciəli insan taleləri demək idi.
Şübhəsiz ki, idman, Olimpiya oyunları, Olimpiya Hərəkatı dünya ictimaiyyətinin daim diqqət mərkəzində olan hadisələrdən biri kimi sosial həyatda aparıcı rol oynayır. Bunu daim genişlənməkdə olan idman qurğularının inşası, kadrların hazırlanması, idman elminin inkişafı da təsdiq edir. Heç kəsə sirr deyildir ki, bu gün idman ideyaları insan sağlamlığına, tərbiyəsinə, təhsilinə, olimpizm, Olimpiya ideyaları isə daha sabit, sülhsevər dünyanın təmin olunmasına xidmət edir.
XIX əsrin axırlarında təşəkkül tapmış müasir Olimpiya oyunlarını Olimpiya ideyası ilə idmanın qarşılıqlı əlaqəsinin nəticəsi kimi qiymətləndirmək olar. Olimpiya ideyası, Olimpiya oyunları çərçivəsində idman, sanki, ikinci dəfə həyata vəsiqə qazanıb. Təcrübə göstərir ki, idman Olimpiya oyunları olmadan da inkişaf edə bilər, lakin Olimpiya oyunlarını idmansız təsəvvür etmək mümkün deyil. Məhz elə buna görə də olimpiadalar olimpizim prinsipindən daha çox idman qanunları çərçivəsində inkişaf edirdi. Xüsusilə son onillikdə idmanda əxlaqi-etik və mənəvi prinsiplərin dəyərdən düşməsi XX əsrin sosial problemləri ilə sıx bağlı idi. Bütün bunlar idmanın kommersiya xarakteri almasını, sanki, asanlaşdırırdı.

Kommersiya və idmanın diskriminasiyası

İdmanın aktiv surətdə kommersiya xarakteri alması dövlət tərəfindən maliyyə yardımı, maliyyə dəstəyi tələb edirdi. Televiziyanın, reklam agentliklərinin və sponsorların daha çox şou xarakterli idman növlərinə üstünlük vermələri ayrı-ayrı növlərin diskriminasiyaya uğramasına gətirib çıxarırdı. Yunan-Roma güləşi, su polosu, suya tullanma, müasir beşnövçülük və s. idman növləri nə tamaşaçıların, nə də müxtəlif kompaniyaların marağına cavab verirdi. Başqa sözlə desək, bu idman növləri onların maraq və tələblərinə cavab vermirdi. Buna görə də həmin idman növlərinin nümayiş etdirilməsi istər-istəməz maliyyə problemi yaradırdı. Digər idman növlərinə gəlincə isə, məsələn, tennis, hokkey, yüngül atletika, dağ xizəyi idmanı tamaşaçıların diqqət mərkəzində olduğu üçün bu cür problemlərlə üzləşmirdi.
Beləliklə, Olimpiya proqramına daxil olan idman növləri "kasıb" və "varlı"lara bölünürlər. Təbiidir ki, müxtəlif idman növləri nümayəndələri və beynəlxalq idman federasiyaları yüksək nailiyyətlərlə müşahidə olunan idmanın kommersiyalaşmasına birmənalı münasibət bəsləmirlər. Birincilər, əlbəttə, idmanın peşəkar səviyyədə inkişafı və kommersiya xarakteri almasına öz etirazlarını bildirərək, hökumətdən maliyyə yardımı tələb etmək üçün dəridən-qabıqdan çıxırlar.


Olimpiya oyunları, yoxsa şou?

Qeyd edək ki, Olimpiya oyunlarından yalnız Afina-1896 (bu oyunların keçirilməsi üçün yalnız bir yunan mesenantı vəsait qoymuşdu) və Paris-1900 (Ümumdünya sərgisinin mədəni proqramı çərçivəsində keçirilirdi) Olimpiya Oyunları kommersiyadan uzaq yarışlar kimi tarixə düşüb.
Müasir olimpizmin banisi Pyer de Kuberten bu cür irimiqyaslı idman yarışlarının yüksək səviyyədə təşkili üçün başqa vasitələrə əl atmalı oldu, yəni sponsorların axtarılması labüd idi. Beləliklə, 1984-cü ildə Amerikanın Sent-Luis şəhərində keçirilən Olimpiya oyunları tarixə oyunların kommersiyalaşmasının apogeyi kimi daxil oldu. Yarışlara çoxlu pul vəsaiti qoyulması olimpiadaların müqəddəsliyini şübhə altına qoyurdu. Bu, sonda həvəskarların iştirakı ilə keçirilən təntənəli idman bayramının peşəkarların şousuna, tamaşasına çevrilməsinə gətirib çıxarırdı.
Amerikanın En-bi-si televiziya şirkəti Pekin-2008 XXIX Yay Olimpiya Oyunlarının birbaşa yayımlanması üçün 3,5 milyard dollar vəsait ayırmışdı. Qeyd edək ki, Çinin digər namizəd ölkələri geridə qoyaraq növbəti olimpiadaya ev sahibliyi hüququnu qazanması hadisəsi də bu ölkənin nəhəng idman dövlətinə çevrilməsindən başqa, həm də kommersiya səbəbləri ilə izah olunur. Deməli, Olimpiya oyunları gözəl və möhtəşəm idman bayramı olmaqla bərabər, həm də biznesdir. Nəhayət, olimpiada həm də böyük siyasətdir. Dünyanın nəhəng dövlətləri möhtəşəm idman bayramında bir daha öz müqəddaratlarını təsdiq etmiş olurlar.


Tarixə nəzər salanda

Olimpiya Hərəkatının prinsiplərindən birində deyilir: "İdman siyasətdən uzaqdır". Beynəlxalq Olimpiya Komitəsinin 2001-ci ildə (13-16 iyul) Moskvada keçirilən sessiyasının gedişi isə bunun əksini təsdiq edirdi. 21 il Beynəlxalq Olimpiya Hərəkatına rəhbərlik etmiş Xuan Antonio Samarançın vəzifədən getməsi bir çoxlarını bu hərəkatın tarixinə yenidən nəzər salmağa məcbur etdi.
1896-cı ildə keçirilən müasir Olimpiya oyunları tarixə marafonçu Spiridon Luisin qəhrəmanlığı ilə daxil oldu. Deyilənə görə, Luis bu yarışa rota komandirinin xahişi və təkidi ilə qoşulmuşdu. Bəzi mənbələrdə çoban, bəzisində isə poçtalyon olduğu göstərilən yunan atleti Spiridon Luis 400 metr məsafəni 2 saat 58 dəqiqəyə qət edərək müasir Olimpiya oyunlarının ilk qalibi adına layiq görülmüşdü.
1900-cü ildə keçirilən Olimpiya oyunları Fransanın paytaxtında təşkil olunmuş Ümümdünya sərgisi ilə bir vaxta düşdüyündən o qədər ətraflı işıqlandırılmadı.
Dörd ildən sonra okeanın o tayında - Amerikanın Sent-Luis şəhərində təşkil edilən III Olimpiya Oyunlarının təşkilatçıları oyunları yaxşı təşkil etmək üçün artıq xərcə düşmək istəmədilər. Məsələn, üzgüçülərin yarışı çayda təşkil edildiyindən idmançılar bir sıra çətinliklərlə üzləşməli oldular.
Totalitar faşist rejiminin yaranması ilə əlaqədar 30-cu illərin ortalarından başlayaraq Olimpiya oyunlarına olan münasibət də dəyişdi. Hitler və Mussolini kimi tiranlar bu cür irimiqyaslı idman yarışından öz məkrli məqsədləri üçün məharətlə istifadə etməyə başladılar. 1936-cı il Berlin Olimpiadası faşistlərin "idman həmləsi" kimi yadda qaldı. Təsadüfi deyildir ki, bu oyunlarda proqramın hər üç növündə Olimpiya rekordlarını təzələyən qara dərili yüngül atlet Cessi Ouensin qələbəsi alman millətçilərinin ürəyincə deyildi. Alman reyxinin başçısı fürer də yarışları tribunadan birbaşa izləyirdi. Qəzəblənmiş fürer sonuncu qızıl medal Cessi Ouensə təqdim olunanda acıqla stadionu tərk etmişdi.
Nasistlər hətta əsası olmayan fərziyyələr yürüdərək yunan sivilizasiyasını məhz alman tayfalarının yaratdığını iddia etməkdən belə çəkinmirdilər.
Münhen-1972 Olimpiya Oyunları isə faciəli terror hadisəsi ilə yadda qaldı. Sentyabrın 5-i, Olimpiya oyunlarının 11-ci günü bir qrup şəxs Olimpiya kəndinə daxil olaraq tələbləri yerinə yetirilmədiyi təqdirdə girovları öldürəcəkləri ilə hədələdilər.


Soyuq müharibə və Olimpiada

XX əsrin 80-ci illəri SSRİ və ABŞ kimi iri dövlətlərin ideoloji müharibə dövrünə təsadüf edirdi. İki antoqonist - sosialist və kapitalist bloku arasında yaranan soyuq müharibədən zərərçəkənlər isə 4 ildə bir dəfə beynəlxalq idman yarışına toplaşan idmançılar oldular. Amerika və onun tərəfdarları Moskva Olimpiadasını (1980), Şərqi Avropa ölkələri də öz növbəsində Los-Anceles Oyunlarını (1984) baykot etdilər. Oyunların kommersiyalaşması prosesi də məhz həmin olimpiadadan başladı. Los-Anceles Olimpiya Oyunlarının təşkilatçıları bu yarışları kommersiya xarakterli super-attraksiona çevirməyə nail oldular.


Dopinqə yaşıl işıq?

BOK-un 1986-cı il oktyabrın 14-də keçirilən 91-ci sessiyası müasir Olimpiya Hərəkatının yaranmasının 90 illiyinə təsadüf edirdi. Yubiley sessiyası peşəkar idmançıların Olimpiya oyunlarına buraxılması haqqında qərar qəbul etdi. Bu, Olimpiya oyunlarına yenidən həyat verən Pyer de Kubertenin həvəskar idmanının təbliği prinsiplərinə zidd idi. Çoxlarının narazılığına səbəb olan bu qərara etiraz səsini ucaldanlar haqlı olaraq Olimpiya oyunlarının həvəskar idmanının nümayişindən peşəkarların iştirakı ilə keçirilən irimiqyaslı çempionata çevriləcəyini iddia edirdilər.
Məhz elə bu sessiyada qış və yay Olimpiya oyunlarını 2 ildən bir növbələşdirmək haqqında təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Son nəticədə məlum oldu ki, bu qərar Olimpiya yarışlarının yayımlanması ilə məşğul olan teleşirkətlərin tələbi ilə qəbul edilib. Peşəkarların Olimpiya oyunlarında iştirakı ilə bahəm idmanın kommersiya xarakteri alması, öz növbəsində, böyük və qlobal problemə çevrilən və çətin nəzarət olunan dopinqə yaşıl işıq yandırdı.


BOK-un prezidentinin rəqibi

Maraqlı faktdır ki, BOK-a yeni prezident seçkilərində Jak Roqqun əsas rəqibi kanadalı, ixtisasca hüquqşünas, BOK-un marketinq komissiyasının sədri Riçard Paund idi. 1981-ci ildən bu vəzifəni tutan Paund Olimpiya oyunlarının maliyyələşdirilməsində böyük rol oynayan məmurlardan biri kimi tanınıb və onun Amerikanın transmilli korporasiyaları ilə sıx əlaqələri vardı.
BOK-un yeddinci prezidenti X.A.Samaranç Amerika ticarət korporasiyalarndan Olimpiya oyunlarına daxil olmaqda davam edən pulların qarşısını almaq üçün əlindən gələni etsə də, heç nə alınmırdı. Olimpiya tarixinin səhifəsinə ən qalmaqallı və kommersiyalı oyunlar kimi yazılan Solt-Leyk-Siti Olimpiadası bunun heç də asan məsələ olmadığını bir daha sübut etdi.
Cənab Roqqun prezident seçkilərində əsas rəqibi Riçard Paund hiddətini gizlətməyərək Amerikanın nüfuzlu "Los-Anceles tayms" qəzetində "Olimpiya Hərəkatının kommersiya tərəfdaşlarına" adlı məktub dərc etdirdi. O, müraciət məktubunda seçkilərin düzgün keçirilmədiyini bəyan edir, dostlarını Olimpiya oyunlarını maliyyələşdirməkdən boyun qaçırmağa çağırırdı. Bunun əvəzində BOK-da aparılan yoxlamalar BOK-dan Paundun başçılıq etdiyi hüquq kontoru üçün 200 min dollar həcmində vəsait ayrıldığını müəyyənləşdirdi. Marketinq komissiyasının sədri vəzifəsindən istefa verən Riçard Paund həm də 1999-cu ildən Beynəlxalq Antidopinq Agentliyinin (WADA) sədri vəzifəsini icra edirdi.


İdman - güc, çeviklik və iradə

Miqyasına görə çox böyük olan Olimpiya oyunlarına şou-biznes və kapital qoyuluşu baxımından, minlərlə adam cəlb olunur. Bunlar yüksək rütbəli məmurlar və sahibkarlar, televiziya və kompyuter işçiləri, hüquqşünaslar və həkimlərdir. Bu mötəbər idman yarışı keçən əsrin sonunda onun inkişaf və çiçəklənməsində marağı olan varlı sponsorların və dövlət strukturlarının əsil gəlir mənbəyinə çevrilib.
Böyük pullar idmanı məhvə sürükləyir. Kommersiya alətinə çevrilməklə idman güc, çeviklik, iradə yarışından tamaşa məzhəkəsinə, şouya çevrilmək təhlükəsi ilə qarşı-qarşıya qalır.

4532 oxunub

InvestAZ