XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021
19 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021



Erməni vəhşiliyinin hüdudu yoxdur
Maraqlı 12:26 / 30.03.2021
Azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırım siyasəti XX əsrdə də dəfələrlə təkrarlanıb.
Bu ağır və qeyri-insani hərəkəti törətməkdə erməni şovinistlərinin son məqsədi nədir? Bu əsas suala cavab vermək üçün tarixi faktlara dönə-dönə müraciət etmək lazımdır. Artıq indi inkaredilməz bir həqiqətdir ki, erməniləri ta qədim zamanlardan tarixin bütün mərhələlərində azərbaycanlılara və türklərə qarşı xəyanət və düşmənçilik mövqeyi tutmuşlar.


Rus alimi Viktor Semyonovun "Orta əsrlər tarixi” əsərində (Moskva, 1975) qeyd etdiyi kimi, XI-XIII əsrlərdə Roma papalarının çağırışı ilə İsa peyğəmbərin xilas edilməsi pərdəsi altında türklərə qarşı təşkil edilən xaç yürüşlərinin əsas bələdçiləri yenə də ermənilər olmuşdur. Uzun müddət Səfəvi və Osmanlı imperiyaları kimi qüvvətli dövlətlərin təbəələri sayılan bu bədnam kütlə xəyanət üçün fürsət axtarırdı.
Vaxtilə faşistlərin yəhudilərə, Bosniya-Hersoqovinada serblərin, Azərbaycanda isə ermənilərin azərbaycanlılara qarşı soyqırım faciələri dedikdə hər kəsə yaxşı bəlli olan tarixi ardıcıllıq yada düşür: 1905-1907-ci (çar Rusiyası zamanı), 1915-1918-1920-ci (əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövrü), 1948-1953-cü (SSRİ dövrü, deportasiya), 1988-ci ildən bəri (SSRİ-nin dağılması və müstəqil Azərbaycan Respublikasının mövcud olduğu dövr), 1992-ci (Xocalı və başqa yerlərdə erməni dövləti tərəfindən həyata keçirilən soyqırım). İndi diqqət yetirək: tarixdən məlum olan hansı soyqırım hadisəsində belə bir vəziyyət müşahidə olunur? Demək olar ki, heç birində. Azərbaycan faktiki olaraq soyqırım tarixində ümumi qanunauyğunluqlardan kənara çıxır. Buradan aydın olur ki, zaman, faktiki şərait, siyasi mühit dəyişmiş, lakin ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti dəyişməmişdir. Bəzən cəmiyyətdə elə təsəvvür yaranır ki, bu məsələ yalnız tarixçilərin işidir. Əslində, belə deyil, soyqırımla bağlı məsələlər tarixçilərin, psixoloqların, hüquqşunasların, hərbçilərin və bir sıra digər sahələr üzrə mütəxəssislərin iştirakı ilə araşdırılmalıdır. Aşkara çıxan acı həqiqət ondan ibarətdir ki, Azərbaycan iki əsrdə onun varlığına qarşı yönəlmiş soyqırım kimi dəhşətli faciəni dəf etməyə hazır olmamışdır. Soyqırım faciələrinin yeni səhifəsinin yazıldığı bu günlərdə, qanlı qırğınlarla bağlı ümummilli düşüncə necədir? Deməli, soyqırım faktının etirafından yeni bir səviyyəyə keçmək vaxtı çatmışdır.
1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların mənimsənilməsi prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında "böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumən, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir.
Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan öz doğma torpaqlarından didərgin salınmışlar.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 103 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut edir.

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Həmin ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto-şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.
1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində ermənilər meyidləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər.
Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran topla Təzəpir məscidi zədələnmişdi. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə” binasına od vurub yandırmışdılar. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdu.
Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət materiallar toplanıb. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Erməni quldurları minlərlə dinc adamı qətlə yetirmişdi. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat idi.
Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. S.Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi ki, təki Azərbaycan deyilən dövlət yaranmasın.
Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Qubaya hücum edənlər içərisində özünü bolşevik kimi qələmə verən və 2 min əsgərə başçılıq edən David Kelovandilidən başqa, bolşevik Stiqua da olmuşdu. Onun dəstəsində min əsgər olub.
Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasıda 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Daşnak-bolşevik birləşmələri nəinki Quba qəzasında, hətta Cənubi Dağıstanda, Bakıdan Dərbəndə kimi böyük bir ərazidə müsəlmanların soyqırımını həyata keçirmək niyyətində idilər. Azərbaycanın tarixindən məlumdur ki,1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycanda) yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırıma məruz qaldılar. Erməni cəlladları "Böyük Ermənistan” yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.
1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyası cəhətdən soyqırım kimi qiymətləndirilməlidir.

Ümummilli lider Heydər Əliyev 31 mart - "Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara,100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi düşmənçilik münasibəti dəyişməyib. Ancaq Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən təmamilə fərqli olduğuna görə yəqin ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli, erməni işğalçılarının torpaqlarımızdan çıxarılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün oldu.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni vandalızmının iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

1042 oxunub

InvestAZ