XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



“Vətən yaxşıdır”, - deyib Vətən torpağına qovuşan şəhid gizirimiz
Maraqlı 15:26 / 16.02.2021



Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür.

Yəqin ki, hər kəs bildi söhbət kimdən gedir. Həm avazı, nurlu siması, həm də Vətən müharibəsində göstərdiyi şücaətlə hər kəsin qəlbini fəth etməyi bacaran şəhid gizir Xudayar Yusifzadədən. O Xudayardanki məlahətli səsi ilə bütün Azərbaycanın sevimlisinə çevrilməsinə baxmayaraq, özünün bundan xəbəri olmadı. Elə bu gün də "Vətən yaxşıdır” mahnısının ilk notları eşidiləndə hər kəsin gözü qarşısında gülərüz şəhidimiz canlanır. Lakin heç kəs inanmaq istəmir ki, bu ifanın müəllifi artıq əbədi olaraq susub.
"Olimpiya dünyası” qəzeti olaraq "Şəhidlik zirvəsinə ucalan idmançılar” rubrikasında oxucularımızla birlikdə 22 yaşlı şəhid gizirimizin keçdiyi ömür yolunu və Vətən müharibəsində 26 günə yazdığı qəhrəmanlıq dastanını vərəqləyəcəyik.

Xudayar Müslüm oğlu Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə rayonunun Qazıqurdalı kəndində dünyaya göz açıb. Ailədə 3 qardaş, bir bacı olan Xudayar evin son beşiyi olub. Dünyaya gəlişindən 28 gün sonra amansız həyat ona ilk "acı sürprizini” atasını əlindən almaqla edib. Belə ki, qarmon ifaçısı olan atası Müslüm Qurbanov 1998-ci il avqustun 12-də dünyasını dəyişib. Atasız böyüyən Xudayar ailəsi ilə birlikdə nənəsi Tovuz, babası Şimşad kişinin himayəsində yaşayıb. 2004-cü ildə Zərifə Əliyeva adına orta məktəbin 1-ci sinifinə gedən Xudayar ailə durumu ilə əlaqədar Ağdam rayonunun Baharlı qəsəbəsinə köçüb. İbtidai sinifi Baharlı qəsəbəsində bitirən qəhrəmanımız, 2009-cu ildə yenidən ailəsi ilə birgə Bərdəyə qayıdır. O, burada 1 saylı rayon tam orta məktəbində təhsilini davam etdirir. Xudayar həmçinin Bərdə 1 saylı Uşaq Musiqi Məktəbinin xanəndəlik sinfində musiqi təhsilinə də yiyələnir. Məktəbi başa vurduqdan sonra Dövlət Təhlükəsizlik Xidmətində hərbi xidmət keçən Xudayar orda qalıb işləmək arzusunda olsa da, müəyyən səbəblərə görə bu, mümkün olmur. O, hərbi xidmətdən qayıdanda yaşadıqları evin elektrik naqillərinin qısa qapanmasından yanıb, kül olduğunu görür. Xudayar ailənin belə ağır vəziyyətində işləmək üçün Bakıya gəlir. Bir müddət marketlərin birində mühafizəçi kimi çalışan qəhrəmanımız 2018-ci ildə Dövlət Sərhəd Xidmətinə müraciət edir. Yenidən hərbi formanı geyinmək arzusunda olan Xudayar bir müddət təlim keçdikdən sonra kiçik gizir hərbi rütbəsi alaraq, Astara rayonunda fəaliyyətə başlayır. Xudayar 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərində Milli Qəhrəmanımız, general-mayor Polad Həşimovun şəhidlik zirvəsinə ucaldığı gün hər kəsdən xəbərsiz könüllü şəkildə orduya müraciət edir. Avqust ayında keçirilən təlimlərdə iştirak edən gizirimiz sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsində döyüş meydanına atılır. Onun Murovdağdan başlayan döyüş yolu Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarından keçir. Şəhid gizirimizin son döyüşü oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda olur. Xudayar və silahdaşları qızğın döyüşlərdə mənfur düşmənin diversiya qurupunun qəfil hücumuna məruz qalır. Hərbçi yoldaşları ilə birgə postu qoruyan Xudayar düşmən hücumunun qarşısını almağa çalışarkən əvvəlcə sinəsindən yaralanır. O, yaralı vəziyyətdə olmasına baxmayaraq, döyüşə davam edir. Son damla qanına qədər postu qorumağa çalışan Xudayar bu dəfə boğaz nahiyəsindən aldığı yaradan sonra qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Beləcə, oktyabrın 22-də 22 yaşında igidliyi ilə dastana dönən Xudayar Yusifzadə ürəyindəki bütün arzulara əlvida deyərək, hər kəsdən çox sevdiyi Vətən torpağına qovuşur. Xudayar oktyabrın 23-də Bərdə Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda” medalı ilə, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə isə "Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.

"Vətən sevgisi istedadına qalib gəldi”

O, şəhid olmazdan iki gün əvvəl döyüş yoldaşlarının əhval-ruhiyyəsini qaldırmaq üçün Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır” mahnısını ifa edərək, xanəndəliyin fövqünə qalxdı. İndi Xudayardan geriyə qalan onun xatirələri, gülərüz siması və döyüş bölgəsində oxuduğu "Vətən yaxşıdır” mahnısıdır. Sosial şəbəkələrdə ən çox izlənilən bu video həm də ailəsinin təsəlli yeridir.
Şəhid gizirimizin anası Radə Qurbanova "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində oğlunun ifasında "Vətən yaxşıdır” mahnısı ilə yanaşı, "Şuşanın dağları” və "Küçələrə su səpmişəm” mahnılarını da çox bəyəndiyini dedi. Oğlunun musiqiyə olan sevgisinin atasından keçdiyini deyən Radə xanım onun nə üçün peşəkar musiqini seçməməsinə də aydınlıq gətirdi.
"Xudayar çox saf, etibarlı, ürəyiaçıq, paylaşmağı sevən bir insan idi. Hər zaman şükür etməyi bacaran, Allahın adı dilindən düşməyən bir övlad idi, mənim balam. O, 28 günlük olanda atası dünyasını dəyişdi. Mən onu min bir əzabla, anam və atamla tək böyütdüm. Uşaqlıqdan musiqiyə çox böyük həvəsi var idi. Bu da atasının, babasının, əmilərinin musiqiçi olmasından irəli gəlirdi. Xudayarın həm telefonunda, həm də zümzümələrində yalnız vətənə həsr olunan mahnılar yer alırdı. Onun ifasında ən çox bəyəndiyim mahnı 9 yaşında oxuduğu "Şuşanın dağları” və "Küçələrə su səpmişəm” mahnıları idi. Xudayar həmin mahnıları uşaq səsi ilə o qədər ürəkdən, candan oxumuşdu ki, hər dəfə dinlədikcə kövrəlirdim. Mən alın yazısına inanan insanam. Görünür, qismət belə imiş. Musiqiyə sevgisinin həddindən çox olmasına baxmayaraq, Vətən sevgisi istedadına qalib gəldi. Hərbi sahə onun həyatının bir parçası idi. Xudayarda vətənpərvərlik hissləri hələ lap kiçik yaşlarından formalaşmışdı. Hətta birinci sinifdə keçirilən Əlifba bayramına hərbi forma geyinib getmişdi. Xudayarın atası Bərdədən, mən isə Ağdamdanam. Hər zaman ona Qarabağın gözəlliyindən, doğma yurd-yuvamızdan, evimizdən söhbət açırdıq. O, bizim doğma yurdumuz üçün necə darıxdığımızı görürdü. Bir sözlə, bizimlə birgə vətən həsrəti çəkirdi. Hətta videoların birində o, zarafatla babasına "çox evim, evim deyirsən, səni aparacağam Ağdama, görüm, orada nəyin var?!”, - demişdi. Xudayarın şəhid olması bir qismət, alın yazısı idi. İndi məndə elə bir hiss var ki, sanki onu kiçik yaşlarından məhz Vətən uğrunda şəhid olmaq üçün böyütmüşdüm. Xudayarın Polad Həşimov, Mübariz İbrahimov və digər şəhidlərimizə xüsusi sevgisi, hörməti var idi. O, həmin şəhidlərimizə əlçatmaz bir ulduz kimi baxırdı. İndi oğlum özü də onların arasında səmada parlayır”, - deyə Radə Qurbanova bildirdi.
Şəhid gizirimizin anası onun arzuları haqda da qəzetimizə danışdı.
"Xudayar döyüşdə olmağını bizə demirdi. Deyirdi ki, "Ana, təlimdəyik, bizi döyüşə aparmırlar”. Onun döyüşlərdə olmasını yalnız oktyabrın 8-də öyrəndim. Təbii ki, o, narahat olmağımı istəmədiyi üçün bunu məndən gizlədirdi. Mən də istəmirdim ki, Xudayar onun döyüşdə olmasından xəbər tutduğumu bilib, narahat olsun. Oğlum məni şəhid olandan sonra da tək qoymadı. Bir dəfə onu yuxumda gördüm. İnanırsınız, yuxumda belə məni sakitləşdirirdi, narahat olmamağa səsləyirdi. Əlini çiynimə qoyub "Ana, hər şey yaxşıdı, hər şey yaxşı olacaq”, - deyirdi. Yuxumda onun yox olacağından qorxub, ona tərəf belə çevrilmədim. Çox çətindir... Allah heç bir anaya, heç bir valideynə belə bir acı nəsib etməsin. İndi ondan qalan xatirələrlə ovunmağa çalışırıq. Yadıma gəlir ki, 3 il əvvəl Xudayar hərbi xidmətdən qayıdanda evimizdə yanğın baş vermişdi. Təəssüf ki, yanğında Xudayarın diplomları, fəxri fərmanları yanaraq kül oldu. Həmin yanğında onun məzun günü geyindiyi, üzərində sinif yoldaşlarının arzularını yazdıqları köynək də yandı. Yanğın zamanı müəyyən hissələri qalan həmin köynəyi bu günə kimi saxlayıram. Onun arzularından biri də ailə qurmaq, ev-eşik sahibi olmaq idi. Hətta həmin yanan evdə oğlum öz əlləri ilə kağıza ev maketi çəkmişdi və üzərində "dizayner Xudayar Yusifzadə, İnşallah, Allahın köməyi ilə mən bu evi tikdirəcəyəm” sözlərini yazıb, imzasını atmışdı. Müharibə vaxtı böyük qardaşı ilə telefonda danışanda zarafatla "evlənirsən evlən, evlənmirsənsə, mən səni gözləməyəcəyəm, gələn kimi özüm evlənəcəyəm”, - demişdi. Balama toy-büsat qismət olmadı. Şəhidliyi seçdi balam”, - deyə Radə xanım sözlərini bitirdi.
Şəhidimizin qardaşı Məhəmməd Yusifzadə isə "Olimpiya dünyası” qəzetinə Xudayarın yaralı halda belə döyüş meydanını tərk etməyərək, son damla qanına kimi vuruşduğunu dedi. İndi onun yeganə təsəllisi qardaşının qisasının qəhrəman hərbçilərimiz tərəfindən alınması və qanının yerdə qalmamasıdı.
"Döyüşçü yoldaşlarının məlumatına görə, hərbçilərimiz Zəngilanın Ağbənd qəsəbəsini alaraq, orada post qurublar. Lakin səhər saatlarında erməni diversiya qrupu onların olduğu posta hücum edib. Çox yaxın məsafədən döyüşüblər. Xudayar düşmən hücumunun qarşısını alan zaman əvvəlcə sinəsindən yaralanıb. Yaralı olmasına baxmayaraq, 20-25 dəqiqə döyüşü davam etdirib. Onların döyüşdüyü yerdə binalar və hamam var imiş. Həmin binaların içərisini yoxlayan zaman hamamda gizlənən erməni əsgəri Xudayara pulemyotdan atəş açaraq onu boğazından yaralayıb. Qardaşım aldığı yaradan sonra yerindəcə şəhid olub. Xudayarın şəhid olmasından həmin günü axşam xəbər tutduq. Onunla sonuncu danışığım oktyabrın 18-də oldu. Toy haqqında danışdıq. Mənə deyirdi ki, sağ-salamat buradan qayıdıb gəlim, maşın alaq”, - deyə şəhid gizirimizin qardaşı bildirdi.

"Çalışacağıq ki,
hər zaman Xudayarın adını
zirvələrdə tutaq”


Xudayar musiqi ilə yanaşı, idmanı da sevirdi. Elə bu sevgi onu bir müddət idmanın kikboksinq növü ilə məşğul olmasına və bir sıra nailiyyətlər qazanmasına gətirib çıxardı. Kim bilir, bəlkə idmanda qalsa idi daha hansı böyük nailiyyətlərə imza atacaqdı. Amma hərbi sahəyə və Vətənə olan bağlılıq onun üçün bütün dəyərlərdən və sevgilərdən üstün idi.
Xudayar Yusifzadənin məşqçisi, "Orion” idman klubunun kikboksinq bölməsinin baş məşqçisi Müşfiq Hüseynov da bizimlə söhbətində bunu bir daha təsdiq etdi. Xudayarın yeniyetmə vaxtlarında məşqlərə həmişə hərbi formada gəldiyini deyən təcrübəli mütəxəssis onun çox perspektivli idmançı olduğunu bildirdi: "Xudayar Yusifzadəni ilk dəfə məşqə xalası oğlu Raqub Kərimli gətirmişdi. Demək olar ki, 11 yaşından 17 yaşına kimi yanımda kikboksinq idman növü ilə məşğul olub. O, yeniyetmələr arasında bir çox ölkədaxili yarışların qalibi olmaqla yanaşı, Gürcüstanda, Türkiyədə və İtaliyada keçirilən turnirlərdə də çempion adına layiq görülmüşdü. Xudayarla sonuncu dəfə, şəhid olmamışdan 8 saat əvvəl danışmışdım. Qeyd edim ki, mən Zəngilanlıyam. O, zəng edərək mənə dedi ki, "müəllim, gözünüz aydın olsun, Zəngilanı azad etdik, daha məcburi köçkün deyilsiniz. İnşallah, sizi burada qarşılayacağam”. Lakin həmin gün Xudayar Zəngilanın Ağbənd qəsəbəsində gedən qızğın döyüşlərdə şəhid oldu.

O, hər zaman sevimli tələbələrimdən biri olub, məşq yoldaşları da onun xətrini çox istəyirdilər. Onun yoxluğuna nə mən, nə də tələbələrim inanmır. Sanki hər yerdən onun səsi gəlir. Bu gün Xudayar Yusifzadənin məşq etdiyi idman klubu onun adını daşıyır. Çalışacağıq ki, hər zaman Xudayarın adını zirvələrdə tutaq”.
Müşfiq Hüseynov tələbəsinin xanəndəlik qabiliyyətindən də danışdı. Baş məşqçi onun ifasında trendə çevrilən "Vətən yaxşıdır” mahnısından əlavə, "Qarabağ” mahnısını da gözəl ifa etdiyini dedi. "O, hər zaman gözəl ifası və zarafatları ilə məşqimizə rəng qatardı. Əvvəllər məşq vaxtı ən çox "Qarabağ” mahnısını oxuyardı. Deyirdim başqa mahnı bilmirsən? Deyirdi "müəllim, inşallah bu mahnını Qarabağda da oxuyacağam”. Bir dəfə yarışa gedərkən, Astara keçid məntəqəsində məni saxlayıb, gözləmə otağına apardılar. Bir də gördüm içəri gizirlər daxil oldu. Özüm-özümdən şübhələndim ki, görəsən, nə baş verib? Həmin an gördüm kimsə ucadan "Qarabağ, can Qarabağ, ana yurdum!” oxuyaraq, üstümə gəlir. Gördüm ki, Xudayardır. İndi onunla bağlı olan xatirələri düşündükcə necə gözəl bir insanı itirdiyimizi anlayıram. Onun yoxluğu, bir məşqçi kimi mənə də çox ağır təsir edir. "Vətən yaxşıdır” deyib dastana dönən çempion tələbəm, Allah sənə rəhmət eləsin”, - deyə məşqçi kədərli səs tonu ilə fikrini tamamladı.
Beləcə, daha bir ömür yarıda qalaraq, qəhrəmanlıq dastanına döndü. Şəhidlər ölməz deyirlər. Elə Xudayar da digər şəhidlərimiz kimi, hər birimizin qəlbində əbədi olaraq yaşayacaq. Ruhun şad olsun, qəhrəman şəhidimiz!

Azər Əlizadə,
Türkay Niftəliyeva

33191 oxunub

InvestAZ