XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Ermənilərin növbəti terroruna Gəncə idmançılarından kəskin reaksiya
İdman 11:05 / 13.10.2020

Məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutaraq terror əməllərini davam etdirir.
Ermənistan silahlı qüvvələrinin oktyabrın 10-dan 11-nə keçən gecə saat 02:00 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 dinc sakin qətlə yetirilib, 34 nəfər isə yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Erməni vəhşiliyinin və terrorizminin bu çirkin əməli idman ictimaiyyətinin də hiddətinə səbəb olub. Dinc əhaliyə qarşı törədilən bu vandalizmi Gəncədən olan idman ictimaiyyətinin nümayəndələri birmənalı olaraq pisləyib, bu hərəkətin cavabsız qalmayacağına inandıqlarını bildiriblər. "Olimpiya dünyası” qəzetinin əməkdaşları Gəncə idmançıları və idman ictimaiyyətinin nümayəndələri ilə əlaqə saxlayaraq, bu hadisələr barədə onların fikirlərini öyrəniblər.



"Ermənistan tərəfindən
törədilmiş cinayətlər hərbi və siyasi təxribat kimi
qiymətləndirilməlidir”



Mövlud Mirəliyev (Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, DİN İC-in Gəncə Şəhər Regional qurumunun baş inspektoru, polis polkovnik-leytenantı):
- Bildiyiniz kimi, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-də gecə radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Gəncə şəhərini raket atəşinə tutub. Raket mərmisi Gəncənin mərkəzi küçələrindən birinə düşüb və yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb. Bu təbii ki, insanlığa yaraşmayan bir hadisədir. Bu hadisələr bir daha Ermənistan ordusunun hansı xislətə malik olduğunu açıq aydın nümayiş etdirdi. Müharibənin də öz qayda qanunları var. Dinc əhaliyə qarşı törədilən bu çirkin əməlləri qəti şəkildə pisləyirəm. Ermənistan tərəfindən törədilmiş cinayətlər hərbi və siyasi terror kimi qiymətləndirilməlidir. İnanıram ki, onlar bu hərəkətlərinə görə öz layiqli cəzalarını alacaqlar. Qeyd edim ki, bu ilk belə hal deyil. Bu artıq neçənci dəfədir ki, təkrarlanır. Budəfəki hadisə isə çox ciddi dağıntılara, eləcə də 10 dinc sakinin həyatını itirməsinə, 34 nəfərin isə yaralanmasına səbəb oldu. Yaralananlar arasında uşaqların olması isə hər kəsin ürəyini ağrıdır. Bu erməni vandalizmini, vəhşiliyini bir daha açıq-aydın nümayiş etdirir. Çünki o, körpələrin heç bir günahı yoxdur. Ermənilər düşünməsinlər ki, belə təxribat əməlləri ilə Gəncə sakinlərinin gözünü qorxuda bilərlər. Gəncə sakinləri çox mərd, qorxmaz insanlardır. Bu hadisələrlə bağlı faktlar toplanılıb, dünya ictimaiyyətinə məlumat verilib. İnanıram ki, beynəlxalq qurumlar da bu məsələ ilə bağlı tezliklə reaksiya verəcəklər.



"Olimpiya çempionu kimi hər zaman döyüşə hazıram”

Toğrul Əsgərov (London-2012 Yay Olimpiya Oyunlarının qalibi):
- Gəncədə baş verən terror həqiqətən də ermənilərə yaraşan hadisədir. Onlar təkcə Gəncəni deyil, digər rayon və kəndlərimizi atəşə tuturlar. Bu təxribat əməllərinə görə sakinlərimizə ciddi ziyan dəyir. Erməni vəhşiliyinin bariz nümunəsi olan bu hadisələr bir gəncəli idmançı olaraq mənə çox pis təsir etdi. Amma belə şeylər bizi qorxuda bilməz. Arzumuz odur ki, Ordumuz qələbə ilə işğal altında olan topraqlarımızı düşməndən azad etsin. Bizim üçün ən vacib olan da məhz budur. Ordumuza çox inanırıq. Ermənilər bizim əsgərlərə qarşı mübarizə apara bilmədikləri üçün qorxaqcasına dinc əhalini hədəfə alırlar. Gəncədə baş verən bu terror aktı zamanı dünyasını dəyişən insanlar oldu. Mərmi tanışlarımızın və ailəmizin yaşadığı ərazidən bir qədər aralı düşüb. Gəncədə demək olar ki, hamı bir-birini tanıyır. Hadisə nəticəsində tanıdığım insanlar arasında xəsarət alanlar da var. Zəng edib ailə üzvlərimizlə və tanıdığım insanlarla danışıb, onların səhhəti barəsində məlumat öyrənmişəm. Artıq erməni terroru bütün dünyaya məlumdur. Onlar tarix boyu belə hərəkətlər edir və hər zaman hansı xislətə malik olduqlarını da sübuta yetirirlər. Bu, insanlığa sığan hərəkət deyil. Biz onlara layiqli cavab verəcəyik. Gəncəliləri qorxutmaq istəyirlər. Gəncə şəhərinin sakinləri qorxmur və mərd şəkildə ayaqda dayanırlar. Belə şeylər gəncəliləri qorxuda bilməz. Mən də bir Olimpiya çempionu, Azərbaycan vətəndaşı və əsgəri kimi hər zaman döyüşə hazıram. Dəfələrlə beynəlxalq arenalarda erməni idmançıları üzərində qələbə qazanmışam. Bu gün də qazandığım qələbələri döyüş meydanında təkrarlamağa qadirəm.


"Bu hadisələr bizim
qətiyyətimizi, mübarizə
əzmimizi qıra bilməz”


İlqar Nadiri ("Kəpəz” Peşəkar Futbol Klubunun icraçı direktoru):
- Bildiyiniz kimi, humanitar atəşkəs imzalansa da, Ermənistan öz riyakarlığını bir daha göstərdi və Gəncə şəhərinə hücum - terror aktı həyata keçirdi. Biz bunu idman ictimaiyyətinin nümayəndəsi olaraq qəti şəkildə pisləyirik. Bu mərmi bu günədək Gəncə şəhərinə atılan mərmilər içərisində demək olar ki, ən böyüyü idi. Dağıntıların və tələfatın olması da bunu bir daha sübut edir. Kəpəz stadionunun mərminin düşdüyü ərazidən 500 metr kənarda yerləşməsinə baxmayaraq, stadionda da çox ciddi dağıntılar baş verib. Düzdür, həmin vaxtı stadionun ərazisində olan işçilər arasında xəsarət alanlar olmasa da, stadiona maddi zərər dəyib. Stadionun inzibati binasında qapı və pəncərələrinin çərçivələri yerindən çıxıb. Qeyd edim ki, həmin arena "Kəpəz” Peşəkar Futbol Klubu üçün baza rolunu oynayır. Klubumuzun əsas və müxtəlif yaş qrupları üzrə komandaları məşqlərini və oyunlarını məhz bu arenada keçirir. Təbii ki, bu hadisələr bizim qətiyyətimizi, mübarizə əzmimizi qıra bilməz. Bu hadisələrə baxmayaraq məşqlərimizi davam etdiririk.


"Bu hadisələrə görə
ermənilərin layiqli cavabını alacağını düşünürük”


Samir Hüseynov (Gəncə şəhər Kəpəz stadionunun direktoru):
- Bu, ermənilər tərəfindən Gəncə şəhərinə qarşı törədilən ilk terror hadisəsi deyil. Son günlər ərzində Gəncə şəhərinə bir neçə dəfə raket mərmiləri düşüb. Sonuncu, insanlığa yaraşmayan terror hadisəsi isə hər birimizin hiddətinə səbəb oldu. Partlayışın həcmi çox böyük oldu və yaşayış binalarına ciddi zərər dəydi. Bu hadisə nəticəsində xəsarət alan və dünyasını dəyişən insanlar var. Dünyasını dəyişən insanlara Allahdan rəhmət diləyir, yararlılara isə tezliklə şəfa tapmasını arzulayıram. Biz idman ictimaiyyətinin nümayəndəsi olaraq, bu hadisələrdən çox narahat olduq. Bu, bizim üçün qəbuledilməzdir. Bildirim ki, hadisə zamanı Kəpəz stadionunun inzibati binasına da zərər dəyib. İnzibati binanın qapı və pəncərələrinin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb. Bu barədə klubun "facebook” səhifəsində də məlumat və şəkillər paylaşılıb. Biz bu terrorizmi şiddətlə qınayırıq və bu hadisələrə görə ermənilərin layiqli cavabını alacağını düşünürük. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Ordumuza güvənirik. Allah ordumuza güc versin. İnanıram ki, tezliklə torpaqlarımız düşməndən azad ediləcək və bayrağımız əzəli torpaqlarımızda dalğalanacaq.


"Atılan raket mərmiləri
bizi qorxutmur”

Sahib Rzayev (Azərbaycanın Milli Karate Federasiyasının Gəncə Regional şöbəsinin müdiri):
- Bildiyiniz kimi, müharibə başlayandan erməni silahlı qüvvələri Gəncə şəhəri də daxil olmaqla, Azərbaycanın bir sıra rayonlarını raket atəşinə tutur, dinc əhalini hədəfə alır. Onlar bu hərbi terror hadisələrini törətməklə aranı qarışdırmağa, əhalini hiddətləndirməyə çalışırlar. Baş verən məlum hadisələr isə Gəncə əhalisini çox narahat etdi. Bildiyiniz kimi, bu hadisələr nəticəsində dinc əhali arasında ölən və yaralananlar oldu, yaşayış mənzillərinə ciddi ziyan dəydi. Bu müharibədir. Müharibədə hər şey olur. Amma belə xaincəsinə, alçaqcasına mübarizə aparmaq müharibənin qaydalarına ziddir. Ermənilər cəbhədə baş verən uğursuzluqlarını dinc əhalimizdən çıxmağa çalışırlar. Bu vasitələrlə gəncəliləri qorxutmaq istəyirlər. Amma onlar bilməlidirlər ki, atılan raket mərmiləri bizi qorxuda bilməz. Gəncə sakinləri arasında heç bir şəxs düşünmür ki, atılan raket mərmiləri nəticəsində evimiz dağıldı, obyektlərimiz ziyan gördü, iş yerlərimiz əlimizdən çıxdı. Hər kəs nikbindir və Ordumuza inanır. Mənim yaxın dostumun obyekti raket zərbəsi nəticəsində darmadağın edildi, özləri isə yaralandılar. Amma biz bu gün də buna baxmayaraq möhkəm dayanmışıq. Heç bir qüvvə bizi qorxuda bilməz. Mən özüm Qarabağ müharibəsində iştirak etmişəm. Hazırda mənim 60 yaşım olsa da, orduya könüllü yazılmışam. Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyə hər an hazıram. Bizim ermənilərin nə raketindən, nə digər silahlarından, nə də sonuncu törətdikləri terror hadisəsindən qorxumuz yoxdur. Biz öz yerimizdə möhkəm dayanmışıq. İnşallah zəfər bizim olacaq.


"Düşmən əsgərləri
bizim şanlı ordumuz
qarşısında dayana bilməz”


Elvin İsayev (Boks üzrə böyüklər arasında Avropa çempionu, gənclər arasında dünya çempionu):
- Dinc əhalinin düşmən zərbəsindən əziyyət çəkməsi qəbuledilməzdir. Bizim ordumuz müharibəni cəbhə bölgəsində aparır. Amma düşmən bu qaydaya riayət etmir. Nəticədə isə, müharibə bölgəsindən çox uzaq olan Gəncə şəhəri atəşə tutulur. İlk dəfə deyil ki, Gəncə şəhəri və dinc əhali hədəfə alınır. Ötən gün endirilən zərbə isə digərlərində daha güclü oldu və daha geniş sahəni əhatə etdi. Zərbənin gecə endirilməsi isə daha çox insanın xəsarət almasına gətirib çıxardı. Körpə uşaqların, qadınların, bir sözlə, şəhər sakinlərinin həlak olması, xəsarət alması çox kədərlidir. Bildirim ki, həmin gün mən də Gəncə şəhərində idim. Partlayış evimizdən bir qədər aralıda baş verdi. Həmin vaxt ev silkələnsə də, evimizə ziyan dəymədi. Şəhərə demək olar ki, ardıcıl zərbələrin endirilməsi Gəncə sakinlərini qorxutmur və təşvişə salmır. Sakinlər arasında könüllü şəkildə müharibədə iştirak etmək istəyənlərin sayı həqiqətən də çoxdur. Hər bir vətəndaş bir igid kimi torpaqlarımızı işğalçı Ermənistan silahlı qüvvələrinin tapdağından azad etmək istəyir. Ümumiyyətlə, düşmən əsgərləri bizim şanlı ordumuz qarşısında dayana bilməz. Bu müharibədən bizim istəyimiz yalnız işğal olunan torpaqlarımızı azad etməkdir.


"Xalqımız bu gün bir yumruq kimi birləşib”

Vidadi Rzayev ("Kəpəz” futbol klubunun köməkçi məşqçisi):
- Düşmənin Gəncə şəhərinin dinc sakinlərini hədəfə alması heç bir qaydaya uyğun deyil və bir terror aktıdır. Hər birimiz bu hadisədən sözün əsl mənasında təəssüflənirik. Düşmən təxribatı nəticəsində həlak olan Gəncə sakinlərinə Allahdan rəhmət diləyirəm, yaralılara isə tezliklə şəfa tapmasını arzulayıram. Şəhər sakinləri düşmənin bu təxribatından qorxmur. Biz də öz növbəmizdə düşməni sevindirməmək və təşvişə düşmədiyimizi göstərmək üçün məşqlərimizə davam edirik. Hər zaman bir-birinə dayaq və kömək olan xalqımız bu gün də yumruq kimi birləşib. Düşmən ordusu bir neçə dəfə ölkənin ikinci ən böyük şəhərini hədəf almasının cavabını mütləq ən ağır şəkildə verəcək. Mən əminəm ki, 30 ilə yaxındır düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə az qalıb.



"Gəncənin atəşə tutulması terror hadisəsidir”

Amil Həmzəyev (Basketbol üzrə milli komandanın üzvü):
- Ermənistanın Gəncə şəhərinə zərbə endirməsi terror hadisəsidir. Mən hazırda məşqlərə görə Bakıda olsam da, valideynlərim Gəncədə yaşayırlar. Bizim evimiz zərbə endirilən ərazidən bir qədər uzaqda yerləşir. Atamın sözlərinə görə, zərbənin səsi evimizdən də hiss olundu. Valideynlərimə müvəqqəti olaraq, Bakıya gəlməyi təklif etsəm də, onlar bu təklifimi qəbul etmədilər. Ümumiyyətlə, mənim qohumlarım hamısı Gəncədə yaşayırlar. Onların heç biri düşmən tərəfindən endirilən zərbələrdən qorxmadıqlarını və Gəncəni tərk etməyəcəklərini bildirirlər. Bir neçə gündür ki, sosial şəbəkələrdə "PrayForGanja” həştağı ilə dağıdılmış binanın və xəsarət almış insanların videoları və şəkilləri paylaşılır. Sözün əsl mənasında, bu mənzərə məni çox kədərləndirir. Müharibənin cəbhə bölgəsində getməsi, təbii ki, daha məqsədəuyğundur. Hesab edirəm ki, düşmənin dinc sakinləri hədəfə alması, onların artıq çıxış yolunun olmamasından və müharibə bölgəsində məğlub olmalarından irəli gəlir.
Qeyd edim ki, mən də digər idmançılar kimi, könüllü şəkildə müharibədə iştirak etmək üçün qeydiyyatdan keçmişəm. Növbə ilə çağırış olduğundan, hələ ki, növbəmi gözləyirəm. Ümid edirəm ki, tez bir zamanda, mən də şanlı ordumuzun sıralarına qoşulacağam. İnanıram ki, düşmən tapdağı altında olan torpaqlarımızı istər sülh, istərsə də müharibə yolu ilə azad edəcəyik.

Azər Əlizadə,
Türkay Niftəliyeva

43913 oxunub

InvestAZ