XƏBƏR LENTİ
05 İyun 2020
04 İyun 2020
03 İyun 2020
02 İyun 2020



Mariya Stadnik: "Karantində olmağımdan çox məmnunam"​
Müsahibə 18:02 / 28.04.2020
Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə insanlar​ evdə qalıb, özlərini və ailələrini qoruyurlar. Hərkəsin karantində olduğu bir dövrdə oxucularımızın asudə vaxtlarını səmərəli və maraqlı keçirməsi bizim vəzifəmizdir. Buna görə idə,​ olimpnews.az​ saytı azərbaycan idmançılarının karantin müddətini necə keçirməsi ilə bağlı hazırladığı yazılarına davam edir. Rubrikamızın budəfəki qonağı xalqımız üçün​ dogma bir insana çevrilən, Azərbaycan bayrağını dəfələrlə mötəbər yarışlarda dalğalandıran güləş üzrə milli komandamızın üzvü Mariya Stadnikdir. Üçqat Olimpiya mükafatçısı, ikiqat dünya, yeddiqat Avropa çempionu, Avropa oyunlarının ikiqat qalibi, IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı ilə olan səmimi və maraqlı müsahibəmizi sizə təqdim edirik.
- Mariya, bilirik ki, hazırda ailənizlə birgə Ukraynanın Lvov vilayətindəsiniz. Şəhərdən kənarda karatini necə keçirirsiniz?
- Həyatda insan üçün ən vacib amil can sağlığıdır. Buna görə maksimum dərəcədə çalışıram ki, karantin qaydalarına riayət edim. Hesab edirəm ki, insanların sıx olduğu yerlərə getmək, xəstəliyə yoluxmağa və ya kiməsə xəstəlik keçirməyə dəyməz. Vaxtımı ailəmlə birgə evdə keçirirəm. Ümumilikdə karantindəki günüm yemək hazırlamaqdan, övladlarımın dərslərinə kömək etməkdən və ən əsası fiziki formamı qorumaqdan ibarətdir.
- Bəzi idmançılar ailələrinə daha çox vaxt ayırması baxımından karantin rejiminin əla fürsət olduğunu deyirlər. Bəs siz bu barədə necə düşünürsünüz?
- Təbii ki, peşəkar idmançılar il ərzində təlim-məşq toplanışlarında və yarışlarda olduqları üçün ailələrindən kənarda qalırlar. Karantin rejimində isə onlar ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanı əldə ediblər. Karantin müddətində vaxtımın olmaması səbəbi ilə edə bilmədiyim işlərimi həll etdim. Yarışların və məşqlərin olmamasına görə, ailəmə daha çox vaxt ayırıram. Məsələn, məşqlərimin olduğu dövrdə evdə ailəm üçün yeməkləri qayınanam bişirirdi. Lakin indi vaxtımın bol olması səbəbi ilə yeməkləri özüm hazırlayıram. Düzdür, aşbazlığım o qədər də yüksək səviyyədə olmasa da, lakin uşaqlarım çox dadlı yemək bişirdiyimi deyirlər (gülür).
- Məşq prosesini necə tənzimləmisiniz?
- Evimizin həyətində turnik, batut və bir neçə idman ləvazimatları var. Evdə olsam da, məşqsiz qalmıram. Formamı qorumaq üçün hər gün müntəzəm olaraq məşq edirəm. Günəşli havada isə övladlarımla velosiped sürür, piknik edir​ və ya sadəcə gəzişirik. Bir sözlə övladlarımla gün ərzində rahat şəkildə həm idman edir, həm də birgə vaxt keçiririk. Lakin düşünürəm ki, karantini böyük şəhərlərdə keçirən insanlara çətin olar. Çünki gün ərzində təmiz hava almadan, dörd divar arasında olmaq insana mənfi təsir edər. Amma sağlamlığımız üçün karantin rejiminin qaydalarına riayət etmək və iradəli olmaq lazımdır. Əminəm ki, qısa zamanda hər şey qaydasına düşəcək.
-​ Necə düşünürsünüz, həyət evi olmayanlar vaxtlarını necə keçirə bilərlər? Bu baxımdan​ insanlara nə məsləhət görürsünüz?
- Bildiyimə görə, çölə tamamilə çıxmaq qadağan deyil. Səhər tezdən saat 7-də oyanıb, insanların hələ az olduğu vaxtda, gigiyenik qaydalara əməl etmək şərti ilə təmiz havada təxmini yarım saat gəzişmək olar. Bundan əlavə orqanizmin​ yaxşı işləməsi, immunitetin güclü olması və viruslarla mübarizə aparmağımız üçün hər gün evdə idman hərəkətləri etmək vacibdir. Daha sonra maraqlı kitablar oxumaq, maarifləndirici serial və ya film izləmək olar. Karantində olsaq da, internetdən istifadə qadağan deyil. Yəni evdə olduğumuz halda belə bütün dünyadan maraqlı məlumatlar əldə edə bilərik.
- Olimpiya oyunlarına müntəzəm hazırlaşırdınız. Oyunların təxirə salınması sizin hazırlıq səviyyənizə necə təsir göstərəcək?
- Bilirsiniz, mənim həmişə həyatda bir şüarım var:​ "əgər nəsə alınmırsa, deməli yaxşılığa doğrudur”. Yəni həyatda hər nə baş verirsə, bunun bir səbəbi var. Etiraf edim ki, yaranan bu hadisəni normal qaşıladım. Düzünü desəm, hazırda ciddi məşqlər etmirəm. Yəni ümumi fiziki formamı qoruyuram. Çünki bütün günümü istirahətə ayırsam, əvvəlki formama qayıtmağım çətin olacaq. Məşqlərdə bir neçə xırda problemlərimin olduğunu hiss edirdim. Düşünürəm ki, yarışların təxirə salınması problemlərimi aradan qaldırmağıma şans yaratdı. Evdə olduğum müddətdə əvvəlki mübarizələrimi izləyirəm. Görüşlərimdə hansı səhvləri etdiyimə yenidən​ nəzər salıram. Tələsməli olduğum yer olmadıqdan, rahat şəkildə olanları analiz edə bilirəm. Düzünü desəm, hazırda mən həm fiziki, həm də psixoloji olaraq dincəlirəm. Bir sözlə, karantində olmagımdan çox məmnunam​ (gülür).

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Türkay Niftəliyeva

1295 oxunub

InvestAZ