XƏBƏR LENTİ
12 Dekabr 2019
10 Dekabr 2019
09 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
03 Dekabr 2019
02 Dekabr 2019



Çingiz İsmayılov: "Məni televiziya məşhurlaşdırdı”
Müsahibə 15:19 / 27.11.2019

Bu gün keçmişi ilə fəxr etdiyimiz Azərbaycan futbolu neçə-neçə tanınmış simaların sayəsində yaddaqalan nəticələrlə diqqətimizi çəkir. Heç kəsə sirr deyil ki, Azərbaycan futbolunun keçmişi deyəndə ilk olaraq "Neftçi” komandası yada düşür. Bəli, "Neftçi” futbol salnaməmizdə şanlı bir səhifə yazaraq, gələcək nəsil üçün əvəzolunmaz bir irs qoyub. Heyətində güclü futbolçuların çıxış etdiyi bu komanda SSRİ dövründə ən güclü kollektivlərdən biri sayılıb. Həmin uğurların əldə olunmasında isə ayrı-ayrı futbolçuların əməyi olub ki, onları xatırlayanda da bir şəxs yada düşür - Çingiz İsmayılov. Futbola qapıçı kimi gələn, sonradan "Neftçi”də rəhbər vəzifəyə qədər yüksələn, nəhayət, komandaya bağlılığını radio-televiziya şərhçisi kimi davam etdirən Çingiz İsmayılovu çoxları tanıyır. İdman jurnalistikasında özünəməxsus dəsti-xətti olan veteran futbolçunun çox maraqlı və keşməkeşli həyat yolu var.
1935-ci il aprel ayının 12-də Bakı şəhərində anadan olan Çingiz Məmməd oğlu İsmayılov Azərbaycan futbolunda tanınmış simalardan sayılır. 84 yaşlı veteran bu gün də keçmişi ilə fəxr edir. O, bizimlədir və bizim üçün ən maraqlı müsahiblərdən biridir. "Olimpiya dünyası” qəzeti budəfəki sayında Çingiz İsmayılovun futbolda və televiziyadakı həyatını qismən də olsa əks etdirən yazını çoxsaylı oxucularına təqdim edir. Özünəməxsus səs tembri ilə suallarımıza cavab verən Çingiz İsmayılovla sanki keçmiş günlərə qiyabi olaraq səyahət etdik. Onun danışdıqları gözlərimiz önündən bir kino lenti kimi keçdi.

- Çingiz müəllim, Siz televiziya və futbolu özündə əks etdirən insanlardan birisiniz. Hər iki sahədə böyük rəğbət və təcrübə qazanmısınız. Yəqin ki, bu yolda heçnə asan başa gəlməyib.
- O vaxt texnika indiki kimi bu cür yüksək səviyyədə deyildi. Radio və televiziyada hər adamı işə götürmürdülər. Sınaq müddəti verilirdi. Əgər bəyənilsəydin səni əməkdaş kimi işə cəlb edirdilər.
Qeyd edim ki, indi studiyadan çıxmadan veriliş hazırlamaq asan bir işə çevrilib. Amma o vaxtlar belə deyildi. Bunun üçün uzun bir yol keçməli idin. Mən televiziyaya 1967-ci ildə gəlmişəm. Həmin anları indi də xatırlayıram. Əvvəlcə məndən soruşdular ki, radioda işləmək istəyirsən, yoxsa televiziyada? Mən televiziyanı seçdim. 1956-cı ildə Ənvər Əlibəyli Bakı Televiziya Studiyasına rəhbərlik edirdi. Həmin vaxtı biz İran səfərindən gəlmişdik. Azərbaycan radiosunun diktoru Valid Sənani zəng edib, dedi: "Çingiz, axşam saat 11-də bizim iş yerimizə gəl. "Son xəbər” buraxılışında 2-3 dəqiqəlik təəssüratlarını danışarsan”. Dediyi vaxtda getdim və təəssüratlarımı danışdım. Ənvər müəllimlə həmin vaxt üz-üzə gəldim. O, mənə dedi ki, Çingiz, futbolu nə vaxt atsan, gəl bizimlə işlə. Çünki həmin vaxt radio və televiziyada işləyən aparıcıları və yaradıcı heyəti yaxşı tanıyırdım. Bu təklif məni cəlb etmişdi. Futbolçu karyeramı başa vurduqdan sonra televiziyaya gəldim. Gələn kimi, məni birbaşa mikrafon qarşısına əyləşdirmədilər. Günün sonunda, təxminən saat 12-yə qalmış beş dəqiqəlik idman xəbərlərini hazırlayırdıq. Bu iş mənim çox xoşuma gəlirdi. Bir gün düşündüm ki, radioda futbol haqqında veriliş hazırlayım. Moskvada, Leninqradda və ittifaqın digər şəhərlərində tanışlarım yetərincə idi. Musiqini çox sevirdim. İstəyirdim ki, verilişlərimdə sevilən musiqilərdən istifadə edim. Bilirdim ki, idman musiqi ilə çox yaxındır. İnsanın zövqünü oxşayır. Elə bu məqsədlə Moskvaya getdim. Orada SSRİ Xalq Artisti, "Böyük Teatr”ın solisti, tenor Zurab Sotkilava ilə görüşdüm. O, böyük sənətkar idi. Bir vaxtlar Suxumi və Tbilisi "Dinamo”larının heyətində çıxış edib. Ümumiyyətlə radioda hazırlanan verilişdə musiqi mətnlə bir-birini tamamlamalı idi. Buna xüsusi yanaşırdım. Mən ilk vaxtlarda reportajlar aparmırdım. Radioda reportajları Ələkbər Abbasov, Əhməd Qədirli, televiziyada isə Nicat Rəhimov aparırdı. Həmin veriliş yarı rus, yarı Azərbaycan dilində hazırlanırdı. Formata görə, müəllif rus dilində danışır, nəticəni Azərbaycan dilində deyirdi. Hazırladığım verilişləri bazar ertəsi keçirilən planlaşdırmada çox təriflədilər. Radioda 15 dəqiqəlik reportajlar hazırlayırıdım. Bir gün elə oldu ki, televiziya proqramlarının direktoru vəzifəsində işləyən Elşad Quliyev mənə dedi: "Gəl, səni televiziyaya keçirim. Orada işlə, reportajları sən hazırla”. Şübhəsiz ki, dərhal razılıq verdim. Bir müddət sonra idman baş redaksiyası yarandı. Qeyd edim ki, mən həmin redaksiyada kiçik redaktordan baş redaktorun müavini vəzifəsinə qədər yüksəldim. Redaksiya yarandığı gündən idman verilişləri hazırlayırdım. Reportajlar zamanı Azərbaycan dilində oyunları şərh edirdik. Bizə tapşırırdılar ki, oyunun dəqiqəsi və ən maraqlı məqamları barəsində rus dilində də, məlumat verək. Televiziyadakı reportajlar tezliklə böyük rəğbət qazandı. Mənə bildirdilər ki, ola bilsin ki, bundan sonra reportajlar yalnız televiziyada getsin. Orada tələbkarlıq çox yüksək idi. Hər bir kəlməyə fikir verirdilər. 1967-ci ildə "Neftçi” komandası ilə birlikdə oyunlara gedirdim. Səfər görüşlərində reportajları babinlərə yazıb, Bakıya göndərirdim. Futboldan başqa, voleybol və həndbola aid reportajlar da, hazırlayırdım. Güləş, boks və üzgüçülükdən reportajlar da tələb edirdilər. Lakin razılıq vermirdim. Çünki həmin yarışları aparmaq üçün bu idman növlərinin incəliklərini bilməlisən. Həftənin üç günü "Son xəbərlər”də beş dəqiqəlik idman xəbərləri efirə gedirdi.
Etiraf edirəm ki, məni televiziya məşhurlaşdırdı. Baxmayaraq ki, həmin vaxtda cəmi bir telekanal var idi. Amma hara getsəm, məni tanıyırdılar.

"Futbol milyonların
həyatına təsir edir”
- Televiziyada məşhurluq qazandıqdan sonra yenidən futbola qayıtmısınız.
Düzünü desəm, mən futbola qayıtmaq istəmirdim. Lakin məni məcbur etdilər. Onu da qeyd edim ki, həmin vaxtlarda heç kəs "Neftçi”də üç ilə qədər işləməmişdi. Yəni bir-iki ildən sonra həmin adamları işdən azad edirdilər.
1981-ci ilin dekabr ayının 17-si idi. Bu günə qədər yadımdadır. Sverdlovskiyə getməli idim. "Termist” zavodunun direktoru Yevgeni Protokovets adlı bir nəfər var idi. Həmin vaxtlar "Neftçi” Termistdə qeydiyyatda idi. Həmin zavod indiki dildə desək, komandanın sponsoru sayılırdı. Lakin komanda özü-özünü saxlaya bilirdi. Rəhbərlikdən "Neftçi”də işləmək təklifi aldım. Dərhal razılıq vermədim. Dedim, ayın 27-dən sonra danışarıq. Gəldim, televiziyada rəhbərliklə danışdım, onlar razılıq vermədilər. Özüm də istəmirdim. Çünki həmin vaxt maaşım dekabr ayı üçün 400 rubl olurdu. O biri aylarda isə 600-700-ə qədər yüksəlirdi. Kinostudiyadan, "Sovet Azərbaycanı” jurnalının son blokundakı mətni oxuduğuma görə kifayət qədər gəlirim olurdu. Qəzetlərə xaricdə olarkən qeydə alınan hesablarla bağlı məlumatlar da, göndərirdim.
Elə alındı ki, yenidən "Neftçi”də komandanın rəisi vəzifəsinə təyin olundum. Bunun üçün Moskvaya getdim. Həmin vaxt iş Moskvada təsdiqlənməli idi. Mənə dedilər ki, sən partiyanın üzvü deyilsən. Ona görə də bu mümkün deyil. Sevinirdim. Lakin 3 gün ərzində məni partiyaya keçirdilər. Yadıma gəlir, bizdə bir baş mühəndis var idi. Mərkəzi Komitəyə bunun üçün müraciət etmişdi. 5 il idi ki, gözləyirdi. Bunun üçün hələ şikayət də etmişdi. Yoxlamaq üçün komissiya gəldi. Həmin vaxt partiya təşkilat katibi Tofiq Məmmədov idi. Mənə bir kağız verərək dedi ki, buraya imza at. Məsələni elə həll etdilər ki, guya mən də 4 il əvvəldən partiya üzvülüyü üçün Moskvaya müraciət etmişəm. Beləcə, "Neftçi”də rəhbər vəzifələrdən birinə təyin olundum.

- O vaxt "Neftçi”nin oyunlarını minlərlə azarkeş izləyirdi. Stadionda boş yer tapmaq olmurdu. Həmin anları necə xatırlayırsınız?
- "Neftçi” xalqın sevimli komandası idi. Təsəvvür edin ki, "Neftçi” komandası o vaxt uduzanda azarkeşlər çox məyus görünürdü. Heç kimin üzündə sevinc hiss olunmurdu. Lakin qələbə qazananda respublika stadionunun aşağı qapısının çıxışındakı kababxanalarda boş yer tapmaq olmurdu. Mərkəzi Komitədə xüsusi müşahidə qrupu var idi ki, buna nəzarət edirdi. Komanda qələbə qazananda istehsalatda canlanma, insanlarda isə həvəs yaranırdı. Plan vaxtında yerinə yetirilirdi. Lakin uduzanda göstəricilər aşağı düşürdü. Bu o deməkdir ki, futbol milyonların həyatına təsir edir... Yəqin, bilirsiniz o vaxt stadionlarda boş yer tapmaq mümkün deyildi. Hamı futbola baxmağa gəlirdi. Stadiondakı hər sektoru bir rayonun partiya komitəsinin katibinə tapşırırdılar. Tapşırıq verilmişdi ki, orada xoşagəlməz hallar baş verməsin. Azərbaycan futbolunun belə vaxtları da var idi.


"Dedim ki, mən heç vaxt heç
kimə pislik etməyəcəyəm”
- Çingiz müəllim, futbolda qapıçı olmusunuz. Futbol da həyat kimidir, fərqli mövqeləri var. Necə düşünürsünüz, həyatda həmişə qapıda dayanmaq lazımdır, yoxsa hücuma da keçmək lazımdır?
- Bu, təkcə qapı deyil. Bu, həm də dövlətin sərhəddidir. Öz qapını müdafiə etdiyin kimi, dövlətinin də qapısını qorumaq lazımdır. Hamı deyir ki, idman və siyasət fərqlidir. Bu tamamilə yanlış fikirdir. Hər bir mövqedə etibar qazanmalısan. Çalışmalısan ki, hər bir mübarizədə öz vətəninin şərəfini layiqincə qoruyasan.
1952-ci ildə SSRİ yığma komandası Helsinki Olimpiya Oyunlarının finalında Yuqoslaviya ilə üz-üzə gəlirdi - (5:5, 1:3) SSRİ yığması Boris Arkadiyeviçin rəhbərliyi altında finalda yuqoslavlara uduzduqlarına görə, Moskvaya qayıdan kimi, komandanı dağıtdılar, məşqçini işdən çıxardılar. Belə bir hadisə bizdə də baş vermişdi. 1949-cu ildə "Neftçi” reforma yolu ilə güclülər dəstəsinə gəldi. 1950-51-ci illərdə güclülər dəstəsində çıxış etdilər. 1950-ci ildə 16-cı yeri tutan komanda növbəti il güclülər dəstəsini tərk etdi. Bizim oyunlarımızdan biri Bakıda, digər ikisi Aşqabadda və Alma-Atıda olmalı idi. Bakıdakı oyunu "Neftçi” udsa idi, ikinci yeri tutub, güclülər dəstəsinə çıxacaqdı. Təəssüf ki, Petrozavodsk şəhərinin "Krasnı Zvezda” komandasına 1:2 hesabı ilə uduzdu. Mircəfər Bağırov həmin vaxt idman kuratorlarından birinə tapşırdı ki, komanda uduzsa, Manolik Pavlidi ilə İsay Abramaşvili Bakıya qayıtmasın. Komanda da 1 oyunda heç-heçə edib, iki matçda uduzdu. Həmin futbolçular Bakıya qayıtmadılar. Abramaşvili bu hadisədən sonra Stalinin oğlunun komandası olan VVS-ə, Pavlidi isə isə Nalçikə getdi.

- Həyat bir hakim kimi etdiyiniz səhvlərə görə xəbərdarlıq edibmi?
- Həyatda heç bir xəbərdarlıqla üzləşməmişəm. 1958-ci ildə İraqa getmişdim. Həmin vaxt orada çevriliş baş vermişdi. Əbdül Kərim Qasim çevriliş nəticəsində hakimiyyətə gəlmişdi. İnqilabdan sonra ilk dəfə idi ki, ora gəlmişdik. Bizim komandanın rəisi Kamal Axundov idi. O, dedi ki, gəlin gedək Füzulinin Kərbəladakı qəbrini ziyarət edək. Bunun üçün müəyyən qurumlardan razılıq aldıq. Beləliklə, gedib Füzulinin qəbrini ziyarət etdik. Oradan qayıdandan sonra Nəcəf şəhərinə də getdik. İmam Əlinin məzarını ziyarət etmək üçün bu şəhərə yollanmışdıq. İçəri girəndə bir nəfər Azərbaycan dilində bizdən soruşdu: "Burada Bakıdan kim var?” - Dedim "mən”. Haradan olduğumu soruşdu. Dedim, Çəmbərəkənddənəm. Həmin adam İçərişəhərdən idi. 1920-ci ildən burada yaşayırdı. Mənə dedi ki, içəri girəndə niyyət elə. Vaxt az olduğu üçün necə niyyət edəcəyimi bilmədim. Sadəcə olaraq dedim ki, mən heç vaxt heç kimə pislik etməyəcəyəm. Mənə də pislik edənləri Allaha tapşırıram. Ondan sonra bir adama da pislik etməmişəm. Hətta düşmənlərimə də pislik diləməmişəm. Bu, o demək deyil ki, həyatda səhvlərim olmayıb. Özümvə ailəm haqqında az fikirləşmişəm. Anam rəhmətə gedən günün səhərisi mən futbol oynamışam. Bunu gəlib atamdan xahiş ediblər ki, Çingiz gəlsin futbol oynasın. Mən də atamın sözündən çıxmamışam. Mənə ev veriblər, demişəm ki, o evi verin Vladimir Kosinkova. Çünki o evlidir, mən isə subay. Onun evə daha çox ehtiyacı var. Amma bu günə qədər özüm böyük bir ailə ilə kiçik bir mənzildə yaşayıram. Kiçik oğlum kirayədə yaşayır. Qarabağ müharibəsinin iştirakçısıdır. Füzuli uğrunda döyüşlərdə yaralanan, 1993-1997-ci illərdə hərbi xidmətdə olan bir adam gedib, 3 uşağı ilə kirayə qalır. Görünür, həmin vaxt özümü düşünmədiyim üçün indi belə vəziyyətlə üzləşmişəm.

- Futbolla əlaqəniz olmasa idi, özünüzü hansı sahədə görmək istəyərdiniz?
- Neftçi olardım. 10-cu sinifi bitirdikdən sonra sənədlərimi Neft İnstitutuna vermişdim. Lakin futbola həvəsim daha çox idi. Atam istəyirdi ki, mən neftçi olum. Atam "Kommunist” nəşriyyatının təməlini qoyanlardan biri idi. Əmim də, nəşriyyat işində rəhbər vəzifələrdən birində çalışırdı. 1947-ci ildə çap maşınlarını gətirmək üçün onu Almaniyaya göndərdilər. O, maşınları göndərəndə sonuncu vaqonu "banderovçu”lar ayırmışdılar, orada qətllər törətmişdilər. Hadisə qurbanları arasında əmim də var idi. Sonradan Mircəfər Bağırov əmimin nəşini götürmək üçün atamı ora göndərdi. Lakin bu mümkün olmadı. Çünki həmin qətldən 7-8 gün keçmişdi. Atam əmimi orada dəfn etmişdi.

- Çingiz müəllim, sizin barənizdə çəkilən "Futbol sevincim mənim” filmini izlədik. Həmin film 84 illik həyat yolunu əhatə edə bilibmi?
- Film çox maraqlı alınıb. Bu film haqqında hələ çox danışılacaq. Filmin rejissoru Aydan xanım hadisələrə incə yanaşmalar edib. Buna görə, yaradıcı heyətə minnətdarlıq edirəm. "Olimpiya dünyası” qəzetinin rəhbərliyinə və kollektivinə də təşəkkürümü bildirirəm. Hər zaman biz veteranları diqqətdə saxlayırlar.

Anar Əhmədov



819 oxunub

InvestAZ