XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



Səs-sorağımız azarkeşlərlə dolu stadionlardan gəlsin!
Maraqlı 13:17 / 23.09.2019

… İki-üç ilin söhbətidir. Türkiyədən maraqlı bir xəbəri izlədim. Xəbərdə deyilirdi ki, dünyanın ən hündür adamı sayılan türk Sultan Köşen (boyu 2 metr, 51 sm) suriyalı Merve Dibo ilə ailə həyatı qurub. Ginnesin rekordlar kitabına düşən Köşen Maronu vilayətində təntənəli toy mərasimi keçirib. Dərhal fikirləşdim ki, deyəsən futbolumuzdakı problemlərin «açarını» nəhayət, tapa bilərik (!) Nə yaxşı olardı bu şəxsi gətirək, bizim futbolu «xilas» etsin (!). Hələlik klubların birində oynayar, sonra da milliləşdirib, yığmanın tərkibinə daxil edərik. Elə dayansın qapının yanında, top gəldikcə, başı ilə qollar vursun. Onsuz da heç kim ona mane ola bilməyəcək. Ən başlıcası isə dünyanın ən hündür futbolçusuna görə tamaşaçılar, azarkeşlər nəhayət, boş qalmış stadionlara axışar…


«Azarkeşlərlə dolu stadionlarda

qələbənin ləzzəti başqadır»

Mən tez-tez tamaşaçılarla, azarkeşlərlə dolu olan stadionları, az qala nağıla çevrilən futbol şəhərlərini xəyalən dolaşıram. Daha çox «böyük beşlik» ölkələrinin stadionlarında azarkeşlər əsrarəngiz gözəlliklər çələnginə bürünürlər. Gəlin, bir anlığa gözlərimizin önündə bütün tribunaları tamaşaçılarla dolu olanstadionları canlandıraq. Hamı qışqırır, oxuyur, bayraqları dalğalandırır. Yaşlılar, gənclər, qadınlar, uşaqlar bir-birinə qaynayıb qarışır. Millətindən, irqindən, cinsindən, yaşından asılı olmayaraq hamı coşub-çağlayır. Təbii ki, belə stadionlarda futbolçuların məsuliyyət hissi də pik həddə çatır. Onlar tamaşaçıların gözləri qarşısında yalnız yaxşı oynamağa borcludurlar və … məcburdurlar. Eyni zamanda qazandıqları qələbənin də nə qədər böyük, əhəmiyyətli olduğunu dərk edirlər. Azarkeşlərlə dolu stadionlarda qələbənin ləzzəti başqadır. Ayaqları sanki yerə dəyməyən futbol ulduzları bilirlər ki,azarkeşlər özlərini buludlardan da ucalıqda hiss edirlər. Onlar yorulsalar da, bunu büruzə vermirlər və verə bilməzlər də. Çünki haqları yoxdur. Tamaşaçı futbolçunun yorulmasını hiss etməməlidir. Bütün bu hisslər əslində çox şirin və qeyri-adidir. Budur, futbolçular meydanı tərk edirlər, özü də yalnız qaliblərə məxsus bir yerişlə …


"Boş stadionlar sanki yorğun və kədərli görünür”

Mən bəzi Avropa ölkələrində stadionlarda olmuşam. Tribunaya ayaq basan kimi gözümə dəyən gözəl mənzərədən sonra aşıqlar demişkən, «ürəyim döyünüb, könlüm atlanıb». Bir dəfə Istanbulda bir türk azarkeşi mənə dedi ki, stadionda xoşbəxt anlar yaşayıram. Hər şeyi unudaraq gözlərimi meydana zilləyirəm. Oyun ərzində həyatın qəm-kədərini də, kəm-kəsirini də yaddan çıxarıb özümü ovuduram. Belə xoşbəxt anlarda hər şeylə bağlı üzüm gülür, gözlərimdə ümid işığı doğur. Bəli, həqiqətən futbola stadiondan baxmağın ayrı ləzzəti var. Müasir futbolda fiziki güc, ruh yüksəkliyi, istəkli olmaq çox vacibdir. Futbolçularda bu keyfiyyətləri isə yalnız tamaşaçılarla dolan stadionlarda müşahidə etmək mümkündür. Bəs bizim stadionlar? Təəssüf ki, bizim gözəl tikilmiş stadionlarımız «suyu sovrulmuş dəyirmanları» xatırladır. Boş tribunalar bir məkan kimi quru, cansıxıcı, hətta sanki kədərli və yorğun görünür. Nə olsun ki, daşdır, taxtadır, plastik materiallardır. Fərqi yoxdur. Istənilən tikinti materiallarından qurulmuş tribunaların da darıxmaq, kədərlənmək, köhnəlmək, hətta vaxtından əvvəl qocalmaq haqqı var… Elə bəzi insanlar kimi… Bizim boş stadionlar sanki yorğun və kədərli görünür. Arenalar boş olanda, sərin, soyuq havalarda elə bil soyuqdan üşüyür. Qarlı-şaxtalı qış günlərində isə sanki donurlar. Elə yalqız, unudulmuş insanlar kimi… Stadionlarımızın boş olmasından həmişə təəssüflənmişik, acınacaqlı məğlubiyyətlərdən yanıb-yaxılmışıq. Hətta beləhallarda şərhçilərin, aparıcıların sözlərinin, müsahibələr zamanı suallarının emosiyası, sanki gözlərinin işığı da olmur… İllər bir-birini əvəz edir. Biz isə futbolumuzda ümidlərlə özümüz özümüzü aldadırıq. Stadionlar dolmasa, şirnikləndirici vədlərdən başqa ortada heç nə olmayacaq.


«Əsil azarkeşlər üçün futbol bir

daxili dünya məsələsidir»

Əziz azarkeş dostum! Stadionlar dolmasa, hətta «bərk gedən» məşqçinin dəvət olunması, ən yaxşı oyunçuların gətirilməsi də heç bir fayda verməyəcək. Axı, boş tribunalarda futbolçular kimlərə məmnunluq bəxş etsinlər? Axı, onlar azarkeşlərə gözəl dəqiqələr, yaddaqalan epizodlar, maraqlı görüntülər, bədii, estetik zövq, həzz bəxş etmək üçün meydana çıxırlar. Axı, azarkeşsiz, tamaşaçısız boş tribunalarda futbolun nə ləzzəti?! Son vaxtların iki epizodunu yada salmaq istərdim. Avropa çempionatının ilkin seçmə qrup mərhələsində Türkiyə Moldovanı qəbul edirdi. Təbii ki, Moldovanın güclü olmadığı və Türkiyənin çətinlik çəkmədən qələbə qazanacağı futbol həvəskarlarına əvvəlcədən bəlli idi. Həmin komanda ilə oyunda tamaşaçıların da elə də canfəşanlıq etməyəcəyi ehtimal olunurdu. Amma biz tam dolmuş stadionda möhtəşəm bir mənzərə gördük. Qulaqbatırıcı səs-küy ətrafı bürümüşdü. Hər bir tamaşaçının əlində türk bayrağı dalğalanırdı. Sanki türklər Braziliya yığması ilə qarşılaşırdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da oyunu izləyənlər arasında idi. Bu günlərdə Rumıniya millisi ev oyununda Ispaniya yığmasını qəbul edirdi. Son dövrlərdə Rumıniya komandası əvvəlki yaxşı illərini yaşamasa da, imkanlar təxminən bərabər dəyərləndirilirdi. Tam dolmuş stadion başdan-başa sarı rəngə boyanmışdı. Mənzərə çox gözəl idi. Tribunalarda hər yaşda olan tamaşaçıya rastgəlinirdi. Qışqırtılar, şüarlar ara vermirdi. Xüsusən, uşaqların həyəcanı, kədəri o qədər təbii və maraqlı bir tərzdə sezilirdi ki, sanki bizlər də bir anlığa oyunu efirdən izlməyi unudurduq. Bax, budur, dolu tribunaların möhtəşəmliyi, gözəllliyi! Axı, əsil azarkeşlər üçün futbol bir daxili dünya məsələsidir. Hər iki oyunda azarkeş dəstəyi heyranedici idi…


"Uğur qazanmaq üçün ilk növbədə stadionlar dolu olmalıdır”

Deməli, boş stadionlar istər-istəməz futbolçuların oyun həvəsinə, istəyinə təsir edir. Əslində boş stadionlarda oyunçuların psixoloji vəziyyəti də qaydasında ola bilməz. Futbolçu sağa-sola boylanır və boş tribunalar görür. Belə olan halda hansı əhvali-ruhiyyədən söhbət gedə bilər? Azarkeşi olmayan meydanda rəqiblə necə mübarizə aparmaq olar? Necə döyüşmək olar? Komandanın şərəfini necə qorumaq olar, klubun nüfuzunu necə qaldırmaq olar? Xallar qazanmaq, uğur zolağına düşmək üçün ilk növbədə stadionlar dolu olmalıdır. Deməli, hər şey stadionlardan, azarkeşlərdən başlanır. Tribunalar dolanda, azarkeşlər fəal olanda rəqib komandanın oyunçularında çaşqınlıq yaranmağa başlayır, nəticədə də səhvlər daha çox özünü göstərir. Boş stadionlar məşqçiyə də təsir edir və o, sanki aciz duruma düşür. Burada artıq məşqçinin qabiliyyəti, səriştəsi köməyə gəlmir.


«Keçmiş olsun deyək, boş stadionlara!!!»

Tofiq Bəhramov adına Respublika stadionu şəhərin mərkəzində yerləşdiyindən yaxın ətrafdan çox yaxşı görünür. Hər birimizin də yolu bu tarixi futbol məbədinin yaxınlığına düşür. Yəni, ən azından tez-tez buradan keçməli oluruq. Hər dəfə bu əzəmətli stadionun yanından keçərkən ayaq saxlayıb düşünürəm ki, SSRİdövründə buranın tam dolmayan günləri nadir hallarda olurdu. Gör, bu stadionda kimlər meydana çıxıblar. Şöhrəti dillər əzbəri olan futbolçular oynayıblar burada. Yeri gələndə çarpışıblar, döyüşüblər, sadəcə mübarizə aparmayıblar. Istedadları, peşəkarlıqları məhz qədim tarixi ənənələrə malik bu stadionda almaz kimi yonulub, cilalanıb. Ümumiyyətlə, idman arenaları xalqın mədəniyyətinin, zövqünün formalaşmasında böyük rol oynayır. Burada söhbət təkcə futboldan getmir, idmanın digər növləri də nəzərdə tutulur. Yaşlı nəslin nostalji hisslərinə səbəb olan bu stadionu ona görə yada saldım ki, bizim parlaq, unudulmaz futbol keçmişimiz, özümüzəməxsus çılğın, bənzərsiz azarkeş ənənələrimiz olub. Ona görə də üzümü azarkeşlərə tutub deyirəm: Daha bəsdir, vaxtdır! Neçə illərdir ki, mürgüləyən hiss və duyğularımızı hərəkətə gətirək! Laqeydliyi kənara qoyub, ətalətdən əl çəkmək lazımdır. Gəlin, stadionlara üz tutaq. Qoy, səs-sorağımız stadionlardan gəlsin! Tribunalarda gözəllik yaradaq. Axı, necə olur ki, xarici ölkələrdə bu, asanlıqla baş verir. Biz də bunları edə bilərik. Azarkeşlər həm də stadionlarda futbolun sirli dünyasından agah olurlar. Gərək stadionlara gedək ki, futbolumuz da başımızı uca etsin. Futbolçularımız da fərəhlənsin. Axı, futbolçular tamaşaçıların gözləri qarşısında formalaşıb peşəkar olurlar. Stadionların qapılarından azarkeşlər, tamaşaçılar girib-çıxmalıdırlar. Onlar hər dəfə də düşünməlidirlər ki, hələ bu tribunalar neçə-neçə futbolçuları yola salacaq. Stadionların dolması isə futbolumuza, ölkəmizə yeni bir azarkeş ab-havası verəcək. Soyuq, sazaqlı qış günlərində də məhz tamaşaçılar stadionları «qızdırmalıdır». Axı, xarici ölkələrdə bütün bunları çox yaxşı bacarırlar. Inanıram ki, həmin stadionlardakı gözəl mənzərələr nə vaxtsa bizə də qismət olacaq. Azarkeşlər tribunalarda coşub-çağlayacaqlar. Gəlin, yüksək səviyyəli futbol nümunələrinə stadionlarda baxaq. Biz də azarkeş ovqatını, azarkeş hisslərini nəhayət, stadionlarda yaşayaq. Stadionlar, nəhayət, dolsun, biz də qürurlanaq. Keçmişolsun deyək, boş stadionlara!!!




39459 oxunub

InvestAZ