XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan Gimnastika Federasiyasının uğurlu inkişaf yolu
İdman 14:20 / 06.08.2019

Ölkədə idman və Olimpiya Hərəkatının təbliğində özünəməxsus dəsti-xətti və mövqeyi ilə seçilən "Olimpiya dünyası” qəzeti daim öz səhifələrində müxtəlif idman növləri üzrə federasiyaların fəaliyyəti, idman mütəxəssisləri, idmançılar və onların uğurları ilə bağlı materiallar dərc edir. Əvvəlki saylarımızda müxtəlif federasiyalarla bağlı dəfələrlə xüsusi buraxılışlarımız çap olunub. Qəzetimizin bu sayında Azərbaycanda ən fəal və perspektivli federasiyalardan olan Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti və uğurları ilə bağlı xüsusi buraxılışı oxucularımıza təqdim edirik.

Ölkədə idman və Olimpiya Hərəkatının inkişafı, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları uğurlar, paytaxtımızda keçirilən irimiqyaslı yarışlara uğurlu ev sahibliyi Azərbaycan idmanının dünyadakı nüfuzunu daha da artırıb. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində genofondumuz qorunur, insanlar asudə vaxtlarını səmərəli keçirirlər. Güclü və müasir idman infrastrukturuna malik olan respublikamızda dövlətin idman siyasətini rəhbər tutan federasiyalar işlərini günün tələbləri səviyyəsində qururlar.
Ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları arasında Azərbaycan Gimnastika Federasiyası (AGF) özünün səmərəli, işgüzar fəaliyyəti və yenilikləri ilə diqqət çəkir. Bir sözlə, AGF ölkənin ən fəal idman qurumlarından biri kimi uğurla fəaliyyət göstərir. Federasiyada gimnastikanın 6 növü müvəffəqiyyətlə inkişaf etdirilir.
Bu gözəl, həm də Azərbaycan idmanının tarixində özünəməxsus yeri olan idman növü ilə yaxından tanış olmaq üçün sizinlə birgə keçmişin səhifələrini vərəqləyək.
B.e.ə. təxminən V əsrdə qədim Yunanıstanda yaranan gimnastika ölkəmizdə populyarlığı ilə seçilən, uşaq və gənclər tərəfindən sevilən idman növlərindən biridir. Gimnastika idman növü uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Bu növün kütləvi xarakter alması bunu bir daha sübut edir. İdman gimnastikadan başlayır. Belə demək mümkünsə, insanın fiziki sağlamlığının əsasında məhz gimnastik hərəkətlər durur. Gimnastika bədənə çeviklik, güc, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Təsadüfi deyildir ki, qədim yunanlar bu növdən hərbçilərin yetişdirilməsində istifadə edirdilər. Olimpiya idman növlərindən olan gimnastika, həm də çox çətin növdür. Mütəxəssislərin dediklərinə görə, gimnastika ilə məşğul olduqdan sonra digər idman növlərində məşq etmək olduqca asandır. Son illər bu idman növü ölkəmizdə kütləvi xarakter alıb. Bunu paytaxt Bakıda, eləcə də, bölgələrdə fəaliyyət göstərən gimnastika bölmələrinə gələnlərin sayının artması da sübut edir. İstər idmanının inkişafı, istərsə də, beynəlxalq yarışların keçirilməsi istiqamətində əldə olunan uğurlar onu göstərir ki, federasiyaya rəhbərlik edən insanlar peşəkardırlar.
Məlumat üçün bildirək ki, Beynəlxalq Gimnastikası Federasiyası (FİG) 1881-ci ildə yaradılıb. FİG öz tərkibində 148 milli federasiyanı birləşdirir. Gimnastika Olimpiya Oyunlarının proqramına 1896-cı ildə daxil edilib. İdman gimnastikası üzrə dünya çempionatları 1903, Avropa çempionatları isə 1955-ci ildən keçirilir.
Azərbaycanda idman gimnastikası keçən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlayıb. 1939-cu ildə Bakıda ilk respublika çempionatı keçirilib. 50-ci illərin sonundan etibarən isə Azərbaycanda güclü idman gimnastları nəsli yetişib. Tofiq Mehtiyev, Dmitri Filonov, Kamal Abdullayev, Çingiz Şamilov, Natalya Abdinova (Şetinkina), Raisa Timinova kimi gimnastlar Azərbaycanın idman şərəfini müxtəlif beynəlxalq turnirlərdə layiqincə qoruyublar. 80-ci illərdə isə Kamran Fərzəliyev, Vaqif Sədiyev və Valeri Belenkinin simasında Azərbaycan idman gimnastikasına yeni nəfəs, yeni ruh gəlib.
Azərbaycanın ən məşhur idman gimnastı Valeri Belenki 1969-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından bu idman növü ilə məşğul olmağa başlayan Belenki artıq 14 yaşında SSRİ yığmasının tərkibinə dəvət edilib. 1986-cı ildə Azərbaycanın mütləq çempionu və Azərbaycan kubokunun sahibi olan Valeri Belenki SSRİ yığmasının tərkibində 1989-cu ildə dünya çempionu adını qazanıb. 1991-ci ildə Dünya kubokunu qazanan Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında MDB komandası tərkibində çempion adını qazanıb, şəxsi birincilikdə isə bürünc medala sahib olub. 1995-ci ildə Avropa çempionatının bürünc mükafatını, gimnastika atı ilə yarışlarda isə qitə çempionu adını qazanıb.

Yeni zirvələrə
doğru

Azərbaycan Gimnastika Federasiyası (AGF) 1956-cı ildə yaradılıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra AGF 1993-cü ildə Beynəlxalq Gimnastika Federasiyasına, 1996-cı ildə isə Avropa Gimnastika İttifaqına üzv qəbul olunub. AGF-nin 2002-ci il oktyabrın 7-də keçirilən təsis konfransında ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva federasiyanın prezidenti seçilib. Həmin vaxtdan etibarən federasiyada bütün işlər yenidən qurulub və bu sahədə böyük dönüş yaranıb. Federasiyanın 17 illik səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası öz inkişaf dövrünü yaşayır. Gimnastikanın bütün növləri üzrə maddi-texniki bazanın gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində 2002-ci ildən başlayaraq bu sahədə yüksək uğurlar qazanılıb. AGF-in məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsində uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrə axını artıb. Hazırda Azərbaycanda beş mindən çox yeniyetmə və gənc gimnastika ilə məşğul olur. Məlumat üçün bildirək ki, ilk dövrlərdə ölkəmizdə əsasən bədii gimnastika, akrobatika və tamplinq növləri fəaliyyət göstərib. 2013-cü ildən qadın idman gimnastikası, 2014-cü ildən isə batut və aerobika gimnastikası inkişaf etdirilib. Hazırda Azərbaycan Gimnastika Federasiyasının tərkibinə altı idman növü daxildir. Bunlara Olimpiya növləri olan bədii gimnastika, qadın və kişi idman gimnastikası, batut, həmçinin tamplinq, akrobatika və aerobika kimi qeyri-Olimpiya növləri aiddir. Ölkəmizdə ən yüksək nailiyyətlər bədii gimnastikada əldə olunub. Bu növün Azərbaycanda yaranma tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. Bu gün Azərbaycanda bədii gimnastikanın zəngin ənənələrini davam etdirməyə qadir olan perspektivli gimnastların yeni nəsli yetişib. Ayşən Bayramova, Zöhrə Ağamirova, Diana Doman, Arzu Cəlilova və başqaları bədii gimnastikanın böyüməkdə olan nəslinin nümayəndələridirlər.
Mehriban xanım Əliyevanın AGF-yə rəhbər seçilməsindən sonra ilk uğurlar özünü çox gözlətmədi. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi möhkəmləndirildikdən sonra gimnastikamız da inkişaf etməyə başladı. Qısa müddət ərzində bu sahədə görülən işlər, irəliyə doğru atılan mütərəqqi addımlar öz bəhrəsini verməyə başladı. Ölkə gimnastikasının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar aparan Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi beynəlxalq qurumlarla da əlaqələr quraraq qarşılıqlı və sıx əməkdaşlığa başladı. Çünki bu, Mehriban xanım Əliyevanın işgüzar fəaliyyətinin bir hissəsi idi: "Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı dövlət siyasətinin tərkib hissəsidir və biz ölkədə gimnastikasının inkişafına lazımi şərait yaradacağıq. 2002-ci ilin oktyabrında AGF-nin prezidenti seçildikdən sonra biz, ilk növbədə, idmanın bu növünün inkişafı üçün kompleks strategiya hazırladıq. Onu iki bərabər hissəyə bölmək olar. Onlardan biri gimnastikanın ölkədə son dərəcə geniş yayılmış idman növünə çevrilməsinə, digəri isə beynəlxalq əməkdaşlıq sisteminin yaradılmasına istiqamətləndirilmişdir”.
Qısa müddətdə bu sahədə qazanılan uğurları dəyərləndirən beynəlxalq qurumların rəhbərləri yüksək səviyyəli mötəbər tədbirlərə və yarışlara ev sahibliyini tərəddüd etmədən ölkəmizə həvalə etdilər. Belə ki, yeni rəhbərliyin fəaliyyətə başlamasından cəmi bir neçə ay sonra - 2003-cü ilin avqustunda Bakıda ilk dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil olundu. Yarışlardan əvvəl, aprelin 25-də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un inzibati binasında avqustun 7-11-də paytaxtımızda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokunun A kateqoriyalı mərhələsinə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün ölkəmizə gələn Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika üzrə Texniki Komitənin rəhbəri xanım Egle Abruzzinidən ibarət nümayəndə heyətini qəbul etdi.
Azərbaycanın bədii gimnastika tarixində ilk Olimpiya lisenziyası da məhz həmin ilin sentyabr ayında əldə edildi. Lisenziyanı Budapeştdə keçirilən 26-cı dünya çempionatında Dinara Gimatova qazandı. Sonra uğurlar biri-birini əvəz etdi.
2004-cü ilin aprelində Bakıda ikinci dəfə bədii gimnastika üzrə Dünya kuboku mərhələsi təşkil edildi. Afina-2004 Olimpiadasında ölkəmiz gimnastika idman növündə ilk dəfə təmsil olundu. Belə ki, Anna Qurbanova bədii gimnastika üzrə yarışlarda mübarizə apardı.

Azərbaycanilk dəfə bədii gimnastika
üzrə dünya çempionatına
ev sahibliyi etdi

2005-ci il Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətində xüsusilə əlamətdar il oldu. Bakıda üçüncü dəfə "A” seriyasına aid bədii gimnastika üzrə Dünya kuboku keçirildi və ölkəmiz müstəqil Azərbaycanın tarixində ilk dəfə bədii gimnastika üzrə 27-ci dünya çempionatına ev sahibliyi etdi. Oktyabrın 3-6-da dünyanın ən güclü gimnastları Bakıya, Heydər Əliyev adına İdman-Konsert Kompleksinə toplaşdılar. Olimpiya və dünya çempionu Alina Kabayeva "Longines” şirkətinin nümayəndəsi kimi ölkəmizə qonaq gəldi. Bu, Azərbaycan gimnastikasının dünyada artan nüfuzundan xəbər verirdi.
Dünya çempionatı başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandini qəbul etdi. Bədii gimnastika üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinə görə təşəkkürünü bildirən ölkə rəhbəri qeyd etdi: "Bir neçə gün ərzində bu tədbir bütün televiziya kanallarında və idman verilişlərində yayımlanmışdır. Ölkəmizdə bu tədbirə böyük maraq var idi. İlk dəfə idi ki, Olimpiya idman növü üzrə ölkəmizdə dünya çempionatı keçirilirdi. Azərbaycana göstərdiyiniz bu diqqətə və əməkdaşlığınıza görə sizə təşəkkür edirəm. Mən ümid edirəm ki, gələcəkdə ölkəmizdə daha çox beynəlxalq tədbirlər keçiriləcəkdir”.
Bakıya səfərindən məmnun qalan Bruno Qrandi təşkilatçılıqdan razı qaldığını bildirdi: "Hər şey çox yaxşı təşkil edilmişdi. Mən çox məmnunam. Təşkilati işləriniz və qonaqpərvərliyiniz çox yüksək səviyyədə idi”.
2006-cı ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yenidən AGF-in prezidenti seçilməsi idmanın bu növünün inkişafında və federasiyanın fəaliyyətində yeni mərhələnin başlanmasına təkan verdi. Bu mərhələdə Azərbaycan gimnastika idman növü üzrə nailiyyətlər əldə etməklə yanaşı, mötəbər tədbirlərə də ev sahibliyi etdi.
2007-ci ildə Bakıda ilk dəfə kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları, Bakıda ilk dəfə olaraq, bədii gimnastika üzrə 23-cü Avropa çempionatı keçirildi. Həmin çempionatda gimnastımız Aliyə Qarayeva qızıl medal qazandı. Gimnastlarımız komanda yarışında da uğur qazanaraq, mötəbər turniri bürünc medalla başa vurdular.
Bu uğuru davam etdirən bədii gimnastlarımız isə 28-ci dünya çempionatında da komanda hesabında üçüncü yeri tutdular. Bu nailiyyətlə də milli komandamız Pekin-2008 Olimpiya Oyunlarına maksimal sayda lisenziyanı təmin etdi.
2007-ci il AGF üçün daha bir uğurla yadda qaldı. Belə ki, Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi ilin idman yekunlarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası ilin ən yaxşı komandası elan olundu.
2009-cu ildə Bakının ev sahibliyi ilə ikinci dəfə bədii gimnastika üzrə Avropa çempionatı keçirildi. Bakıda təşkil olunan 25-ci qitə çempionatında gimnastlarımız komanda hesabında iki gümüş, fərdi yarışlarda isə bir bürünc medal qazandılar.
Azərbaycanın bədii gimnastlarının Avropa çempionatında ilk medalı 2010-cu ildə əldə olundu. Almaniyanın Bremen şəhərində təşkil edilən çempionatda ölkəmizin idman şərəfini böyükyaşlı idmançılar arasında iki, yeniyetmələr arasında üç idmançı və qrup yığmamızın üzvləri təmsil etdilər. Bu yarışda təcrübəli gimnastımız Aliyə Qarayeva Azərbaycanın gimnastika tarixində ilk dəfə Avropa çempionatının çoxnövçülük yarışlarında bürünc medal qazandı. Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner gimnastımızın çempionatdakı çıxışını tarixi qələbə kimi qiymətləndirərək bu nəticənin Azərbaycan idmanı üçün önəmli hadisə olduğunu vurğuladı. Avropa çempionatında gimnastlarımız əlavə olaraq gümüş və bürünc medala da layiq görüldülər. Gimnastlarımızın uğurlu çıxışı Azərbaycanda perspektivli gimnastların yetişdiyini bir daha sübut etdi.
Həmin il Rusiyada keçirilən XXX dünya çempionatında dünyanın 55 ölkəsindən 800-ə qədər bədii gimnast xalça üzərində bacarığını nümayiş etdirdi. Mötəbər turnirdə şəxsi və qrup yarışlarında çıxış edən komandamız qazandığı 4 bürünc medalla ümumi nəticədə üçüncü yeri tutdu.

Uğurlarla yadda qalan illər

Azərbaycan gimnastları 2011-ci ilə də yüksək nailiyyətlərlə başladılar. Minsk şəhərində təşkil olunan Avropa çempionatında şəxsi növdə üç gimnastımız və yeniyetmələrdən ibarət qrup komandamız çıxış etdi. Azərbaycan yığması komanda hesabında dördüncü yerdə qərarlaşdı. Yeniyetmələrdən ibarət qrup komandamız çempionatın finalında uğurla çıxış edərək 25,585 xalla bürünc medala sahib çıxdı. Fransanın Monpelye şəhərində keçirilən və XXX London Yay Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatı da Azərbaycan gimnastları üçün uğurlu oldu. Qitə birinciliyində mübarizə aparan gimnastımız Aliyə Qarayeva çoxnövçülük üzrə yarışlarda bürünc medal qazanaraq olimpiadaya lisenziyanı təmin etdi. Ümumiyyətlə, 2011-ci ili Azərbaycan gimnastikasının uğurlu illərindən biri hesab etmək olar. Həmin ildə beynəlxalq turnirlərdə qazanılan 172 (51 qızıl, 53 gümüş, 68 bürünc) medal belə deməyə əsas verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili” elan olunması bu sahədə kütləviliyə böyük təkan verdi. İdmanın bütün növləri üzrə əldə olunan medalların sayı, əvvəlki illərlə müqayisədə xeyli artdı. "İdman ili” Azərbaycanın gimnastları üçün qənaətbəxş oldu. Gimnastlarımız həmin ildə 123 medal qazandılar. Bu medallardan 41-i qızıl, 45-i gümüş, 37-si isə bürünc idi. Olimpiya ilində qazanılan ən mühüm medal Nijni Novqorodda keçirilən Avropa çempionatında əldə olundu. Belə ki, gimnastımız Aliyə Qarayeva çoxnövçülük yarışlarında üçüncü yeri tutdu.
2012-ci ilin ən mötəbər yarışı Londonda keçirilən XXX Yay Olimpiya Oyunları oldu. Olimpiadada Azərbaycan Olimpiya yığmasının qazandığı 10 medal ölkəmizin ən böyük idman nailiyyətlərindən biri idi. XXX Yay Olimpiya Oyunlarında gimnastlarımız da mübarizə apardılar. Onu da qeyd edək ki, ölkəmiz Olimpiya oyunlarında ilk dəfə idman gimnastikası üzrə də təmsil olundu. Londonda mübarizəyə qoşulan təcrübəli gimnastımız Aliyə Qarayeva yarışların həlledici mərhələsində çıxış etdi və çoxnövçülük üzrə 111,575 xalla dördüncü pillədə qərarlaşdı. Bunu Azərbaycan gimnastikasının uğurlu səhifələrindən biri saymaq olar. Xatırladaq ki, Aliyə Qarayeva Pekin-2008 Yay Olimpiya Oyunlarında altıncı yeri tutmuşdu.

KomandamızAvropa çempionatını
2 gümüş və 1 bürünc medalla başa vurdu
2014-cü ildə istifadəyə verilən Milli Gimnastika Arenası (MGA) Azərbaycanda gimnastikanın inkişafında növbəti mühüm addım oldu. Gimnastikanın bütün 6 yarış növü üzrə turnirlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı bu möhtəşəm arena mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Bundan başqa, Milli Gimnastika Arenası möhtəşəmliyi ilə təkcə təlim-məşq toplanışına və yarışlara gələn gimnastları deyil, həmçinin müxtəlif ölkələrdən olan idman həvəskarlarını da valeh edir.
2014-cü ildə iyunun 13-dən 15-dək ölkəmizdə bədii gimnastika üzrə XXX Avropa çempionatı keçirildi. Çempionatda 33 ölkədən 258 gimnast iştirak edirdi. Gimnastlar halqa, top, gürz və lentlə yarışlarda 9 dəst medal uğrunda mübarizə apardılar. Fərdi proqramda 102 yeniyetmə, böyüklərdən ibarət qrup komanda mübarizəsində 21 kollektiv, fərdi yarışda isə 20 gimnast çıxış etdi.
Azərbaycan millisi Avropa çempionatında ilk medalını yeniyetmələrin komanda hesabında qazandı. Gimnastlarımız - Jalə Piriyeva və Züleyxa İsmayılova yarışda gözəl oyun nümayiş etdirərək üçüncü pillədə yer aldılar. Jalə Piriyeva ikinci gümüş medalını (16,300 xal) fərdi proqram üzrə halqa yarışlarında əldə etdi. Avropa çempionatının sonuncu günü Azərbaycan millisinin üzvləri daha bir medal qazandılar. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə Azərbaycan yığma komandası 3 top və 2 lentlə çıxışda 17,650 xal toplayaraq daha bir gümüş medal qazandı.



Bakı-2015 Avropa
Oyunlarında
7 medal

2015-ci il də AGF üçün xüsusilə əlamətdar illərdəndir. Azərbaycan gimnastları Bakıda keçirilən birinci Avropa Oyunlarının proqramına daxil olan gimnastikanın bütün altı növü üzrə yarışlarda uğurla mübarizə apardılar. Oyunlarda Azərbaycan gimnastları ümumilikdə, 7 medal qazandılar. Bu da çox böyük uğur idi. İdman gimnastımız Oleq Stepko paralel qollarda qızıl, fərdi çoxnövçülükdə və gimnastika atında gümüş medal əldə etdi. Təmsilçimiz növbəti medalını isə komanda hesabında dayaqla tullanma hərəkətlərində qazandı. İlya Qrişunin batut gimnastikasında bürünc medalla fərqləndi. Bədii gimnastımız Marina Durunda isə lentlə hərəkətlərdə gümüş medala layiq görüldü. Ümumiyyətlə, ölkəmiz I Avropa Oyunlarına uğurlu ev sahibliyi etməklə yanaşı, həm də gözəl nəticə əldə etdi. İdmançılarımız yarışları ikinci yerdə başa vurmaqla, ümumilikdə, 56 medal (21 qızıl, 15 gümüş və 20 bürünc) qazandılar.
AGF-nin prezidenti, Azərbaycanın birinci xanımı, Bakı-2015 Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dövlətimizin başçısının Sərəncamı ilə "Heydər Əliyev” ordeni ilə təltif edilməsi bu uğurların təntənəsi idi. Gimnastika üzrə əldə olunmuş nailiyyətlərə görə, həmçinin AGF-in vitse-prezidenti Altay Həsənov "Şöhrət” ordeni, oyunlarda 5 medal qazanan Oleq Stepko "Şöhrət” ordeni, dörd idmançı "Tərəqqi” medalı, bir neçə məşqçi isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildilər.
2016-cı ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın Avropada idmanın inkişafı və Olimpiya Hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan "Ali Ordeni” ilə təltif olunması AGF prezidentinin beynəlxalq miqyasda fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi idi.
AGF-in uğurları 2017-ci ildə də davam etdirildi. Mart ayında Azərbaycan Gimnastika Federasiyası yenə də Beynəlxalq Gimnastika Federasiyası (FİG) tərəfindən mükafata layiq görülən fərqlənən federasiyaların reytinq siyahısında yer aldı. Federasiyanın prezidenti Mehriban xanım Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif edildi.
Azərbaycanda gimnastikanın inkişafı, əldə olunan uğurlar beynəlxalq əlaqələrin də inkişafına öz müsbət təsirini göstərməyə bilməzdi. Mötəbər beynəlxalq qurumların rəhbərləri mütəmadi olaraq ölkəmizdə səfərdə olur, AGF-nin səmərəli fəaliyyətini dünyada idmanın gimnastika növünün inkişafına böyük töhfə kimi dəyərləndirirlər. May ayında Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışları ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeni və Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxleri qəbul etdilər. Dövlətimizin başçısı Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışlarının çox uğurla keçirildiyini vurğuladı və qeyd etdi ki, bundan əvvəl də Azərbaycanda gimnastika üzrə dünya və Avropa çempionatları və digər mötəbər tədbirlər yüksək səviyyədə təşkil olunub. FİG-in prezidenti bədii gimnastika üzrə dünya kuboku yarışlarının uğurla təşkilinə və ümumilikdə, idmanın gimnastika növünə verilən dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxler qeyd etdi ki, Azərbaycan idman sahəsində, ümumilikdə ölkənin inkişafında inanılmaz uğurlar qazanıb. O, bildirdi ki, son illər Azərbaycandakı böyük inkişaf prosesləri dərin təəssürat yaradır. Qonaqlar Azərbaycanda gimnastika sahəsində görülən işləri dünyada idmanın gimnastika növünün inkişafına böyük töhfə kimi dəyərləndirdilər. Xanım Mehriban Əliyeva ölkəmizdə Gimnastika Federasiyasına rəhbərlik etməsindən və xüsusilə bu sahədə əldə olunan uğurlardan qürur hissi keçirdiyini bildirdi.

20 medal İslamiadada əldə edildi
2017-ci ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastları bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə, 20 medala (9 qızıl, 7 gümüş və 4 bürünc) sahib çıxdılar. Bu, gimnastlarımızın yarışda əldə etdikləri medal sayına görə rekord göstərici idi. Qazanılan medallardan 8-si (4 qızıl, 2 gümüş və 2 bürünc) bədii gimnastlarımızın, 12-si isə idman gimnastlarımızın payına düşürdü.
Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olundu. Bədii gimnastlarımız ümumi hesabda 8 medala sahib çıxdılar. Bunlardan 7-si fərdi, 1-i isə komanda yarışlarında əldə olundu. Yarışlar dörd hərəkət üzrə (lent, gürzlər, top, halqa) keçirilirdi. Komandanın lideri Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarının 4 (2 qızıl, 1 gümüş və 1 bürünc) medalını qazandı. O, halqalarda (17.600 xal) və lentlərdə (15.450 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İdmançımız gürzlərdə (16.550 xal) gümüş, topda (15.800) isə bürünc medala layiq görüldü.
Jalə Piriyeva isə yarışları 3 (1 qızıl, 1 gümüş və 1 bürünc) medalla başa vurdu. Təmsilçimiz qızıl medalı topla hərəkətlərdə (17.550 xal) qazandı. Jalə Piriyeva lentlərdə Marina Durundadan cüzi xalla geri qalaraq gümüş medala yiyələndi. Bürünc medala isə idmançımız halqa ilə hərəkətlərdə (16.050 xal) sahib oldu. Komanda hesabında isə qızlarımız - Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova 128.200 xal toplayaraq ilk pilləyə yüksəlməyi bacardılar.
Kişi idman gimnastikasında isə 6 (3 qızıl, 2 gümüş və 1 bürünc) medal əldə olundu. Murad Ağarzayev, Bence Talas və Timur Bayramov komanda hesabında yalnız Türkiyə yığmasına güzəştə gedərək gümüş medal (161,700 xal) qazandılar. İkinci medalı Murad Ağarzayev sərbəst hərəkətlər üzrə final yarışlarında əldə etdi. İdmançımız 14.400 xalla birinci yeri tudu. Bense Talas gimnastika atı üzrə hərəkətlərdə millimizin aktivinə növbəti qızıl medalı (14,250 xal) yazdırdı. Təmsilçimiz digər qızıl medalı turnikdə hərəkətlərdə (14,000 xal) əldə etdi. O, gümüş medala halqalarda layiq görüldü. Digər gimnastımız Timur Bayramov paralel qollarda bürünc medal əldə etdi.
Qadın idman gimnastlarımız İslamiadanı 6 ( 2 qızıl, 3 gümüş və 1 bürünc) medalla başa vurdular. Komanda hesabında 99,300 xal toplayan Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkovadan ibarət yığmamız bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxdı. Növbəti qızıl medalı fərdi yarışlarda Yuliya İnşına əldə etdi. Təmsilçimiz sərbəst hərəkətlərdə (13,100 xal) fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Gimnastika tirində hərəkətlərdə Marina Nekrasova 12,600 xalla gümüş medala layiq görüldü. İkinci gümüş medalı o, dayaqla tullanma yarışlarında qazandı. Yuliya İnşına isə 12,250 xalla bürünc medala sahib oldu. Müxtəlif hündürlüklü qollarda qazanılan gümüş medal isə Yekaterina Tişkova məxsus idi.


AGF-in baş katibi qitə
qurumunun rəhbəri seçildi

2017-ci ildə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov seçkilərdə qalib gəldi və Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçildi. Bu, çox böyük uğur idi və Azərbaycan idmanının dünyada artan nüfuzundan xəbər verirdi. AGF İcraiyyə Komitəsinin dekabrın 2-də keçirilən 30-cu iclasında federasiyanın yeni baş katibi vəzifəsinə Nurlana Məmmədzadə seçildi.


Bakıda FİG-in 82-ci
Konqresi keçirildi

Azərbaycan Gimnastika Federasiyası 2018-ci ili də uğurla yola saldı. Ötən il AGF üçün bir sıra mühüm uğurlarla yadda qaldı. Gimnastika növləri üzrə yığma komandalarımız ötən il beynəlxalq yarışlarda 26-sı qızıl, 15-i gümüş və 44-ü bürünc olmaqla ümumilikdə, 85 medal qazandı.
2018-ci ildə Bakıda gimnastikanın üç növü üzrə Dünya kuboku yarışları təşkil olundu. Əvvəlcə, 25 ölkədən 100-dən çox gimnastın iştirakı ilə idman gimnastikası, sonra isə bədii gimnastika və AGF-in ilk dəfə təşkil etdiyi akrobatika gimnastikası üzrə Dünya kuboku yarışları keçirildi. Bədii gimnastika üzrə yarışda 26, akrobatika üzrə yarışda isə 7 ölkə iştirak etdi.
Bakıda ilk dəfə təşkil olunan batut gimnastikası, ikili mini-batut və tamplinq üzrə Avropa çempionatı ilin ən yaddaqalan yarışlarından oldu. 25 ölkədən 400-dən çox gimnastın gərgin mübarizəsi şəraitində keçən bu yarış yüksək təşkilatçılığı ilə də fərqləndi. Mixail Malkinin Avropa çempionu adını qazanması, sinxron cütlüyümüz Veronika Zemlyanayanın və Svetlana Makştaryovanın gümüş medala layiq görülmələri bu turniri daha da yaddaqalan etdi.
Ötən ilin mühüm uğurlardan biri də İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş bədii gimnastika üzrə qitə birinciliyində əldə edildi. Gənclərin yarışında təmsilçimiz Arzu Cəlilova, qrup hərəkətləri komandalarının mübarizəsində Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Əhmədbəyli və Ayşən Bayramovadan ibarət beşlik bürünc medala layiq görüldü.
Bu turnirlərlə yanaşı, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının idman gimnastikası üzrə təsnifat yarışları da Milli Gimnastika Arenasında keçirildi. Argentinanın Buenos-Ayres şəhərində təşkil edilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bədii gimnastımız Yelizaveta Luzan gimnastika növləri üzrə qarışıq komanda yarışında qızıl medal qazandı. Həmçinin bu yarışlarda milli komandamızın üç hakimi - Nigar Abdusəlimova (bədii gimnastika), Rza Əliyev (kişi idman gimnastikası) və Kamil Quliyev (batut gimnastikası) çıxışların qiymətləndirilməsində iştirak etdilər.
Ötən il həm də "Challenge” seriyasına aid bütün Dünya kuboku yarışlarında 3 top - 2 iplə kompozisiyaların yekun xallarına əsasən, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasına, həmçinin son iki il ərzində təşkil olunmuş batut gimnastikası və tamblinq üzrə Dünya kuboklarının tamplinq üzrə yarışlarında yekun xallara əsasən Mixail Malkinə FİG-in xüsusi kubokları təqdim edildi.
Yarışlarla yanaşı, 2018-ci il federasiya üçün digər tədbirlərin təşkili ilə də yadda qaldı. Belə ki, bu il ərzində FİG Akademiyasının bədii gimnastika, kişi idman gimnastikası və aerobika gimnastikası üzrə məşqçilik kursları da paytaxtımızda təşkil olundu. Dekabrın 2-3-də isə Bakıda FİG-in ali orqanı olan Konqresin 82-ci iclası keçirildi. AGF-in ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirdə 111 ölkədən 300-dən çox nümayəndə iştirak etdi. Bundan başqa, FİG-in kişi və qadın idman gimnastikası, Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə texniki komitələrinin, UEG Prezident Şurasının iclasları və Afrika Gimnastika İttifaqının ümumi yığıncağı da Bakıda keçirildi. Yüksək fəallığı FİG tərəfindən qiymətləndirilən AGF "Mükafatlandırılan federasiyalar”ın siyahısına daxil edildi və bu dəfə reytinq siyahısında ilk pillədə qərarlaşdı.
AGF idman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən də mükafata layiq görüldü. Həmçinin bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasileva "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” seçildi. "İlin ən yaxşı idmançıları” nominasiyasında on qalib idmançı arasında tampilinqçi, Avropa çempionu Mixail Malkin və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən bədii gimnast Yelizaveta Luzan da yer aldılar.
2018-ci ildə Azərbaycan Gimnastika Federasiyası öz qapılarını 111 ölkənin nümayəndələrinə açdı. Ötən il gimnastika növləri üzrə tədbirlərdə iştirak etmək üçün 2 mindən artıq xarici nümayəndə Azərbaycan paytaxtında səfərdə oldu. Həmçinin AGF-in təşkil etdiyi beynəlxalq yarışlarda 900-dən çox əcnəbi gimnast gücünü sınadı. İl ərzində federasiyanın keçirdiyi beynəlxalq yarışlara cəlb olunan könüllülərin sayı rekord həddə çataraq, 600 nəfər təşkil etdi.
Azərbaycan Gimnastika Federasiyası 2018-ci ildə gimnastikanın 3 növü üzrə Dünya kuboku yarışlarına, FİG-nin bədii gimnastika üzrə qitələrarası, beynəlxalq, həmçinin kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına və FİG Şura iclasına yüksək səviyyədə ev sahibliyi etdi.
Gimnastikanın 6 növü üzrə yarışlarda fəallıq göstərən AGF-nin fəaliyyəti həmin il Beynəlxalq Gimnastika Federasiyası tərəfindən yüksək qiymətləndirildi və federasiya ilk pillədə qərarlaşdı.
Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014- 2016 -cı illərdə özündə 148 federasiyanı birləşdirən FİG-in reytinq siyahısında 10 ən güclü federasiyalardan biri olub.



Bu ilin uğurları
qənaətbəxşdir

AGF cari ilə gərgin iş qrafiki və dolğun yarış cədvəli ilə start verdi. İlin ilk beynəlxalq yarışı batut gimnastikası və tampilinq üzrə Dünya kuboku yarışları oldu. Mart ayında idman gimnastikası, aprel ayında isə bədii gimnastika üzrə FİG Dünya kubok yarışları keçirildi. Ardınca may ayında bədii gimnastika 35-ci, aerobika üzrə isə 11-ci Avropa çempionatı təşkil edildi. Gimnastlarımız iyul ayında XXX Ümumdünya Yay Universiadasında iştirak etdilər və Azərbaycanda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında mübarizə aparırlar. Sentyabr ayında isə ölkəmizdə bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçiriləcək.
Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı mayın 16-19-da keçirildi. Azərbaycanda dördüncü dəfə (2007, 2009, 2014) təşkil edilən yarışlarda dünyanın 35 ölkəsindən gimnastlar medallar uğrunda mübarizə apardılar. Dörd gün davam edən Avropa çempionatının fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxışlarını nümayiş etdirdilər. Böyüklər arasında fərdi proqramda çoxnövçülük (top, halqa, gürz və lent) üzrə ən güclülər də yarışların son günündə müəyyənləşdi. Halqa ilə yarışlarda Azərbaycan gimnastı Zöhrə Ağamirova isə yarışları 19.875 xalla 6-cı yerdə başa vurdu. Gürzlə yarışlarda isə gimnastımız 18.950 xalla 8-ci yerdə qərarlaşdı.
Avropa çempionatının bağlanış mərasimindən sonra AGF-nin baş katibi Nurlana Məmmədzadə Avropa Gimnastika İttifaqının bayrağını qurumun prezidenti Fərid Qayıbova təqdim etdi. Fərid Qayıbov isə bayrağı növbəti qitə birinciliyinə ev sahibliyi edəcək Ukrayna nümayəndəsinə təhvil verdi.


Azərbaycan
komandası aero-dans
proqramında Avropa çempionu oldu

Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə XI Avropa çempionatı keçirildi. Yarışlarda dünyanın 22 ölkəsindən 400-ə yaxın gimnast mübarizə apardı. İdmançılar böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə apardılar.
Azərbaycanı IX Avropa çempionatında 17 gimnastı təmsil etdi. Yarışın nəticələrinə görə, Azərbaycanın gənclərdən ibarət komandası 16,225 xalla 7-ci pillədə qərarlaşdı.
Azərbaycan komandası aero-dans proqramında fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Azərbaycan gimnastları hakimlərdən ən yüksək -17.800 xal aldılar. Rusiya 17.750 xalla gümüş medala layiq görüldü. Rumıniya 17.400 xalla üçüncü yerdə qərarlaşdı.


Gimnastlarımız
universiadanı 1 qızıl, 2 gümüş
medalla başa vurdular

Azərbaycan gimnastları İtaliyanın Neapol şəhərində təşkil edilən XXX Ümumdünya Yay Universiadasında uğurla çıxış etdilər. 28 ölkədən 51 idmançının iştirak etdiyi bu yarışda ölkəmizi Marina Nekrasova, Zöhrə Ağamirova və İvan Tixonov təmsil etdilər. Qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətində 14 tam xal toplayaraq qızıl medala layiq görüldü. Kişilərin yarışında isə gimnastımız İvan Tixonov çoxnövçülük hərəkətində 79,600 xalla 11-ci yerdə qərarlaşdı.
Bədii gimnastımız Zöhrə Ağamirova isə yarışları 2 gümüş medalla başa vurdu. Gimnastımız ilk medalını çoxnövçülük yarışlarında qazandı. Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75.425 xal toplayaraq 32 idmançı arasında 2-ci yeri tutdu. Təmsilçimiz ikinci gümüş medalını gürzlərlə hərəkətlərdə əldə etdi. Hakimlərdən 20.200 xal alan Zöhrə Ağamirova ikinci pillədə qərarlaşdı. Bununla da, Azərbaycanın gimnastika komandası universiadanı 3 (1 qızıl, 2 gümüş) medalla başa vurdu. Səməd Məmmədli isə XV Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazandı.
Azərbaycan gimnastlarının Avropa və dünya çempionatlarında əldə etdikləri nəticələr, gimnastlarımızın Olimpiya Oyunlarında iştirakı, Bakıda UEG (Avropa Gimnastika İttifaqı) və FİG-in irimiqyaslı yarışlarının təşkili, bu strukturların rəhbər orqanlarına AGF nümayəndələrinin seçilməsi, 2002-ci ildə gimnastikanın dirçəlişindən bu günə qədər olan effektiv strategiyanın həyata keçirilməsinin nəticəsidir. Əldə olunan nailiyyətlər, qazanılan uğurlar onu deməyə əsas verir ki, AGF-nin prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən 17 il ərzində federasiyaya rəhbərliyi, səmərəli fəaliyyəti ölkəmizdə gimnastikanın dinamik inkişafı, idmanın bu növünün kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, beynəlxalq aləmdə parlaq nailiyyətlərlə müşahidə olunur. Yuxarıda deyilənlər qarşıdakı illərdə daha yüksək nailiyyətlərin əldə olunmasına güclü inam və zəmin yaradır.

Səadət Hakıyeva




46123 oxunub

InvestAZ