Əbdürəhmanov Şamil Hətəm oğlu 1950-ci il mayın 2-də Mingəçevir şəhərində anadan olub. 1967-ci ildə Mingəçevir şəhər 1№-li orta məktəbi bitirib. 1968-1970-ci illərdə Rusiyanın Çita vilayətində hərbi qulluqda olub. O,1972-ci ildə ADBTİ-aya (İndiki Azərbaycan İdman Akademiyası) daxil olub 1976-cı ildə həmin institutu bitirib və təyinatla üzgüçülük və onun metodikası kafedrasına baş laborant vəzifəsinə təyin olunub. Həmin ildən 1997-ci ilədək Azərbaycan İdman Akademiyasında müəllim, baş müəllim, 1997-ci ildən 2016-cı ilədək üzgüçülük və onun metodikası kafedrasının müdiri vəzifəsində çalışıb. O İşlədiyi müddətdə bütün fəaliyyətini yüksək dərəcəli ixtisasçıların hazırlanmasına yönəltmişdir. Pedaqoji fəaliyyətlə yanaşı, o içtimai işlərlə də məşğul olub. Belə ki, fakültə komsomol komitəsinin sədri, fakültə partiya komitəsinin sədr müavini, DOCCAF sədri kimi vəzifələri icra etmişdir. İdaman fəaliyyəti dövründə Azərbaycanda su idmanı növlərinin inkişafında əməyi olmuşdur. Belə ki, avarçəkmə idman növü üzrə yığma komandanın məşqçilər qrupunda elmi - metodiki və praktiki köməklik göstərib. Məşqçilər qrupunda işlədiyi dövrdə yığma komanda sıralarında dünya birinciliyinin gümüş mükafatçıları (beynəlxalq dərəcəli İdman Ustası Kryuçkin Qennadi, Pereverzev Viktor) və SSRİ çempionatının bürünc mükafatçıları (İdman Ustası Nemtsov Aleksandr, Nemtsov Mixail) kimi yüksək dərəcəli idmançılar yetişmişdir. Bundan əlavə onun özünün idman və elm sahəsində də müəyyən nailiyyətləri olub. O, 1968-1976-ci illərdə avarçəkmə idman növü üzrə Respublikanın yığma komandasının üzvü və üç dəfə Respublika çempionu olmuşdur. O, işlədiyi müddət ərzində 1976-1988-ci illərdə tələbə inşaat dəstəsində komandir, zona komandiri və komissarı kimi iştirak edib. Onun rəhbərlik etdiyi dəstə müqavilədə göstərilən planı həmişə 100 faiz yerinə yetirmiş və keçici qırmızı bayraqla vətənə qayıtmışlar. Onun tələbə inşaat dəstəsindəki fəaliyyəti SSRİ ALİ soveti tərəfindən yüksək qiymətləndirlərək 1976-cı ildə onu SSRİ-nin Əməkdə Fərqlənməyə görə, medalı, 1998-ci ildə Respublika dərəcəli hakim, 1998-ci ildə "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, 2009-cu ildə Azərbaycan Respublikasının "Əməkdar Məşqçisi”, 2001-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Müəllimi”, 2010-cu ildə "Tərəqqi” medalı ilə təltif olunmuş, 2014-cu ildə isə pedaqogika üzrə fəlsəfə doktoru, və professor adına layiq görülmüşdür.
Bu yaxınlarda gözəl bir xəbər məni sevin¬dir¬di. Eşidəndə ki Şamil müəlli¬min 75 yaşı tamam olur, mən inanmadım. Çünki onda olan həyat eşqi, yaradıcılıq bacarığı, gülərüzlüyü bir çox 60-65 ya¬şında olanlara örnək ola bilər. 51 illik dostum Şamil Əbdürəhmanov haqqında danışmaq, təəssüratımı bölüşmək mənim üçün həmişə xoşdur.
Bildiyimiz kimi dostluq və yoldaşlıq yüksək əxlaqi fəaliyyət kimi qiymətləndirilir. "Kəlilə və Dimnə”də deyilir ki, ağıllı adamlar üçün dostluqdan əziz heç bir şey yoxdur. Dostluqda ən böyük hünər siri saxlamaqdır. Atalar yaxşı deyiblər: şücaətli və güclü pəhləvanlar – vuruşda; əli düz adamlar ticarətdə, dost və qardaşlar - bərk, çətin gündə tanınır. Məhz, mənim həyatımda yaxşı dostlardan biri də Şamil Əbdürəhmanovdur.
Mən, Şamil müəllimi 1974-cü ildən, yəni İdman Akademiyasına qəbul olduğum və yataqxanada qaldığımız gündən tanıyıram. Elə o vaxtdan da özünün işgüzarlığı, təmkini, səmimiyyəti və hamı ilə ünsiyyət yarada bilmə qabiliyyəti ilə diqqət cəlb edirdi.
Şamil müəllimin yaradıcı alim-pedaqoq üçün çox vacib olan keyfiyyətlərlə yanaşı, həm də yüksək idarəetmə, təşkilatçılıq bacarığı vardır. Tale elə gətirb ki, onunla uzun müddət, yəni 51 il bir yerdə - Azərbaycan İdman Akademiyasında işləyirik.
Birgə işlədiyimiz dövrdə onda olan müdriklik və sadəlik, sərtlik və zəriflik, tələbkarlıq və qayğıkeşlik kimi böyük insani keyfiyyətlərin şahidi oldum.
İşlədiyi təhsil ocağında, idman və geniş ictimaiyyət ara-sında, dostları, tanışları yanında şəxsiyyəti böyük tərbiyə mə-ktəbinə çevrilən Şamil müəllimin ən ümdə xarakterik cəhətlərindən biri və bəlkə də birncisi onun təvazökarlığı və ürək genişliyidir.
El arasında bir misal var: "Ağac bar gətirəndə başını aşağı əyər”. Bu deyimin böyük mənası var. Şamil müəllim¬dəki xüsusiyyətlər onun insanlara qarşı mehribanlığı, onları başa düşməyi, dərdlərinə şərik olmasıdır.
Sokrata sual verirlər ki: Əziz müəllim, Siz insanlara nə üçün başqa cür, digərlərindən fərqli sürətdə baxırşınız? Cavab verir ki: "Mən sadə, adi, olduqca sadəlövh insanam. Mənə insanları hissələrə parçalamaq yox, birləşdirmək, düzüb qoşmaq xoşdur. Heykəltaraşlar onlarca kişini və qadını seçir və onlardan heykəllərində istifadə edirlər. Mən də canlı insanla, onun fikirləri, hissləri ilə belə davranmağı, hər bir insandan ən cuzi yaxşını, müsbəti seçməyi arzu edirəm. Dünyanı, onun ən qüdrətli canlısı olan insanı qara rəngdə görmək lazım deyil”. Şamil müəllimi yaxından tanıyanlar, onun daxili dünyasına baş vurmaq cəhdi edənlər, bu fikir və düşüncə adamının nə əldə edibsə zəhmətinin və səbrinin hesabına etdiyini görəcəklər.
Şamil Əbdürəhmanov istedadlı alimdir. Məhz onun bir neçə kitabı, elmi araşdırmaları ilə tanışam. Alim əsərlərində bədən tərbiyəsi və idmanın, su idman növlərinin tarixini yaradır, ənənələrin, adətlərin idman və bədən tərbiyəsi ilə qovuşma məqamlarını incələyir. Şamil Əbdürəhmanovun bu əsərləri elmi prizmadan qələmə alınsa da onlarda yetkin bir publisistin dəsti-xətti açıq-aydın görünür. Düz deyirlər ki, yüz faizli nəticə üçün iyirmi faiz istedad, səksən faiz zəhmətkeşlik yetər. Şamil müəllim yorulub usanmadan araşdırmalarını davam etdirməklə zəhməti, maraqlı düşüncələri ortaya qoymaqla istedadın parlaq töhfələrini yaradan bir elm fədaisidir.
Şamil müəllim ömrünün ahıllıq zirvəsindədir. Bu zirvəyə yüksələn hər kəs həyatı boyu əldə etdiyi nailiyyətlərə, qazandığı uğurlara görə məmnun olmaqla yanaşı, həm də ötən illərin xatirəsi ilə bağlı bir nostalji duyğu, incə bir təəssüf hissi keçirir. Amma mənə elə gəlir ki, dostum Şamil müəllim əsla narahat, nigaran deyildir. Ona görə ki, bu müdrik insan o qədər dolğun, dəyərli həyat yaşamış, onun amalı, istəyi doğma xalqın taleyi ilə o dərəcədə sıx surətdə uzlaşmışdır ki, yaşadığı bu məna dolu ömürdə təəssüf doğura biləcək zərrəcə bir boşluğa əsla yer qalmamışdır.
Onu yaxından tanımaq üçün vaxt tapıb onunla söhbət etmək lazımdır. İnsana və həyata bağlı adamdır. Bir də ki, sözünün ağasıdır. Dedimi, dediyini edəcək. Bir qəribə xasiyyəti də var. Çoxları bəlkə də bunu bilmir.
Yaxşılıq etmək onun həyat devizidir. Kim ondan nə xahiş etsə yerinə yetirir. Uşaq kimi kiçiyin də, böyüyün də qabağına düşüb əlindən gələni əsirgəmir. Ən müşkül işi belə dözməyə, ən çətin bir məsələni belə həll etməyə gücünü, imkanlarını sərf edir. Özü üçün etməyə üzü gəlməyən işləri başqaları üçün görməyə həmişə hazırdır Şamil müəllim.
Şamil müəllimlə ilk tanışlığımdan onu dinamik enerjiyə malik, daim hərəkətdə və axtarışda olan, əli qələmli, səmimi və istiqanlı və eyni zamanda öz nəfsini qorumağı bacaran, bunun üçün hər şeyi göz altına alan, ölümün gözünə dik baxmağı bacaran bir vətənpərvər, alim kimi tanınmışdır.
Mənim dostum Şamil Əbdürəhmanov böyük hərflərlə həqiqi vətəndaşdır. Vətənimizin təlatümlü günlərində onu hər zaman ən qaynar nöqtələrdə gördüm. O, anamız Azərbaycanı, onun bir qaşıq qandan qorxmayıb canını vətən yolunda qurban verən oğullarmı ürəkdən sevir. İgid, yenilməz oğullar barədə yazmaqdan, söhbət açmaqdan yorulmur.
Şamil müəllim haqqında xatirələr söyləmək, xoş sözlər demək adamın özünə də xoş gəlir. Çünki şəxsiyyət haqqında şəxsiyyətə layiq fikirlər yürütmək çox xoşdur. Mübaliğəsiz demək olar ki, Şamil Əbdürəhmanov müstəqil Azərbaycanın idman, elm və mədəniyyət biliciləri arasında xüsusi nüfuza malik olan dəyərli bir insan, əsl ictimai xadimdir. Şamil müəllimdəki yüksək məsuliyyət hissi, onun çox ciddi tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, kollektiv üzvləri arasında bir-birinə qarşılıqlı hörmət hissi aşılaya bilmək məharəti məni həmişə heyran edir.
Şamil müəllimə daima uğur gətirən, onun adını ucaldan nədir? El arasında belə bir məsəl var, deyərlər: "Əldən tutmaq Əlidən qalıb”. İnsanlara daim əl tutmaq, təmənna nə olduğunu bilmədən hamıya yaxşılıq etməyə çalışmaq Şamil müəllimin ən ümdə insani keyfiyyətlərindəndir. O, bunu əsl vətəndaşlıq, insanlıq borcu hesab edir. Yaxşılıq, xeyirxahlıq onun dəyərli kredosuna çevrilib.
Çox adamla təmasda olmuşam və bu el adamı barədə söhbət etmişəm, lakin heç zaman eşitməmişəm biri desin ki, Şamil müəllim filan işdə haqsızlıq edib. Mənim tanıdıqlarım arasında beləsini tapmaq qeyri-mümkündür.
Elə adamlar var ki, uzun illər bir yerdə işləsən də müntəzəm təmasda olsan da, ürəkdə nə bir iz qalır, nə də bir xatirəsi.
Ancaq elələri də var ki, onlarla ən kiçik bir ünsiyyət belə xoş xatirəyə çevrilir, yaddaşda özünə əbədi iz salır. Bax, bizim Şamil müəllim bu cür insanlardandır.
Şamil Əbdürəhmanovun ömrü boyu zəhmət və istedadın qoşa qanadında ucalıb. İndi də o, çox fəal bir həyat pramidasının zirvəsindədir. O, yenə də ictimai-siyasi həyatın önündə gedir. Demokratik həyatımızın nəbzini bacarıqla tutur, daim yeni yaradıcılıq ruhu ilə çalışır. Onu da qeyd etmk yerinə düşər ki, Şamil Əbdürəhmanovun xarakterində mənim diqqətimi çəkən cəhətlərdən biri də onun dostluqda səmimiyyəti və sədaqətidir. Bütün vəziy¬yətlərdə ədalətli, sabit mövqe tutur, haqqa, düzlüyə sədaqətini qoru¬yub saxlaya bilir. Xarak¬teri çox möhkəmdi. Doğ-ru, düzgün yol seç¬diyini biləndən sonra, heç kəs onun qabağında duruş gətirə, onu öz mövqeyindən döndərə bil¬məz. Bütün bunlara görə Şamil müəllim mə¬nim nəzərimdə həyat¬da xüsusi çəkisi olan çox dəyərli şəxslərin birin¬ci¬lə¬rin¬dəndir.
Müdriklərin dediyi kimi, həyat doğurdan da mübarizədirsə, Şamil müəllim bu mübarizədə şəksiz qalibdir. Ömrünün hər anını, hər gününü elmin, idmanın, zəhmətin, yaradıcılığın sevinci ilə dolduran bu əməksevər insan indi həyatının ahıllıq zirvəsində də bizim hamımıza nümunə olacaq bir tərzdə böyük nikbinlik və əzmkarlıqla çalışır, yaşayır və yaradır.
Fərəh hissi ilə qeyd edim ki, Şamil müəllimin adı laborantlıqdan başlayıb tanınmış alim, professor səviyyəsinə çatmış çoxşaxəli həyat yoluna nəzər salsaq, birmənalı şəkildə deyə bilərik ki, onun ziyalı mövqeyi, şəxsiyyəti gənclərimizə örnək olası bir həyat məktəbidir.
Respublikamızda idmanın inkişafına sonsuz məhəbbəti Şamil müəllimi böyük həvəs və tükənməz enerji ilə bu sahədə təmənnasız fəaliyyət göstərməyə sövq edir. O, bir neçə ictimai vəzifəni bacarıqla və ləyaqətlə yerinə yetirir.
Professor Ş.Əbdürəhmanov olduqca məhsuldar bir tədqiqatçı alimdir. Onun indiyə kimi 100-dən çox dərslik, dərs vəsaiti, tədris vəsaiti, metodik vəsaiti, metodik göstərişi, metodik tövsiyəsi və jurnal məqaləsi nəşr edilərək oxucuların ixtiyarına verilmişdir.
Aylar, illər ötüb keçsə də yaddaşımda çox şey qalır və onların hamısını əhatə edə bilmədim. Ən əsası budur ki, tələbəlik illərində daima mənimlə bir yerdə olan bu yaradıcı və təşkilatçı insanın səmimiyyətini, insanlığını ömrü boyu unuda bilmirəm.
Mən də bir dost kimi, bu nəcib insanın mənalı həyatı barədə bir neçə kəlmə söz deməyi özüm üçün borc bilərək, əziz Şamil müəllimə ən xoş arzularımı bildirməklə, onun 75-ci baharını təbrik edir, ətirli torpağın təpərli oğluna can sağlığı, uzun və şərəfli ömür, bol-bol uğurlar və bayram əhval-ruhiyyəsi arzulayıram.
Anadan olmasının 75 illik yubiley təntənəsini yaşayan professor Şamil Əbdürəhmanov təkəbbürdən, kindən-küdürətdən uzaq, mənəviyyat qanunlarına tabe olan insanlardan biridir. Onu yubileyi münasibəti ilə təbrik edir, elmi-pedaqoji fəaliyyətində və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayıram.
Şamil müəllim, Nil heç vaxt qurumur, qəlbin Nil kimi həmişə axar olsun. Ulduzların sayı yoxdur, hörmətin ulduzlar qədər olsun. Qəm görmə, həmişə sevinc, səadət icində ol. Ən əsası da can sağlığıdır. 100 yaşa!
Ad günün mübarək!
Dilqəm Quliyev,
Prezident təqaüdçüsü,
pedaqogika üzrə elmlər doktoru,
professor
Şəkildə 2-ci sıradan 4-cü Şamil Əbdürəhmanov (komandir), 5-ci sirada isə Dilqəm Quliyev (Zona komandiri).
281 oxunub