XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Xalqımızın Novruz bayramını Qarabağın dilbər güşəsi olan Şuşa şəhərində qarşılayırıq
İdman 09:30 / 20.03.2023

"Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Ulu öndər Heydər Əliyev vaxtilə Novruz bayramı ilə əlaqədar arzularını xalqımıza bu sözlərlə ifadə etmişdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Ali Baş Komandan İlham Əliyev müraciətində qeyd edib ki, biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik: "Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi...”

"Novruz” - hərfi mənada yeni gün deməkdir. Amma ifadə etdiyi mərasim məzmununa görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. "Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.

Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın "Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşqarlı Mahmudun "Divani Lüğət-it Türk”, Balasaqunlu Yusif Has Hacibin "Kutadqu biliq”, Ömər Xəyyamın "Novruznamə”, Nizamülmülkün "Siyasətnamə”, Nizami Gəncəvinin "İsgəndərnamə” və s. əsərlərində rast gəlirik.

Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.

İlk mənbələrdən biri hesab olunan "Avesta”da Cəmşid haqqında belə bir məlumat verilir. "Zərdüşt Ahuraməzdadan ondan qabaq kiminlə danışdığını soruşur. Ahuraməzda cavabında deyir: Ey Zərdüşt, səndən qabaq mən Cəmşidlə danışmışam ("Yəsna”, I cild, səh. 96. Burada Cəmşid maldarlıq və əkinçiliyi yayan şəxs kimi göstərilir) və ona hökmranlıq əlaməti olaraq üzük və qılınc vermişəm (Büüstün yazılarında və Sasani abidələrində təsvir edilən Ahuraməzda qarşısında dayanan hökmdara üzük və ya hökmranlıq simvolu hesab edilən halqa verir). Ona dünya səltənəti tapşırmışam”.

Kitabda daha sonra deyilir: "Ahuraməzdanın əmri ilə Cəmşid Əryanəvyucdə, Daytiya çayının kənarında məlakələrin iştirakı ilə məclis düzəltmiş və Ahuraməzda da bu məclisə gəlib Cəmşidi dünya hadisələrindən xəbərdar etmişdir”. Deməli, Novruz bayramının banisi kimi tanınmış Cəmşid Araz çayı kənarında məclis qurmuş, burada məskən salmış və burada da dünya hadisələrindən xəbərdar olmuşdur. Əl Biruni "Asar əl-Baqiyyə” adlı əsərində bu haqda belə yazır: "Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət, Azərbaycana gələndə taxta çıxdı və camaat onu çiyinlərində apardı. Günəş şüaları həmin taxta düşdü, camaat bu şöləni görüb həmin günü bayram etdi (Əl Biruni, "Asar əl-Baqiyyə”. səh 242)”. Digər bir mənbədə isə deyilir ki, Cəmşid dünyanı seyr edirdi. Azərbaycana çatdıqda, o, həmin gün taxta oturdu, camaat şadlıq etdi və dedilər ki, bu gün novruzdur - yeni gündür (M. Müzəffər. "Şərhe bistbab Molla Müzəffər fi mərfətə əl-Təqvim”. 1330, h:q.)”. Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonrabelə öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür.

Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanılır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, həmin günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, əzizlərim, yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.

Novruz bayramının Cəmşidin adı ilə bağlı olması haqqındakı məlumat bu bayramın meydana gəlməsi tarixini aydınlaşdırmağa müəyyən qədər əsas verməklə yanaşı, həm də bayramın Azərbaycanla bağlı olması, onun Azərbaycanda meydana gəlməsi məsələsini izah etmək nöqteyi-nəzərindən də maraqlı və əhəmiyyətlidir.

Novruz bayramının Azərbaycanla bağlı olması fikirləri əsrlər boyu davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Ümumiyyətlə, orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrlərdə bütün bayramların hökmdarların adı ilə bağlanmasına xeyli səy göstərilmişdir. Bu isə dövrün xüsusiyyətlərindən irəli gəlirdi. Çünki orta əsrlərdə alim və şairlərin, demək olar ki, əksəriyyəti müəyyən hökmdarların tabeliyində və ya himayəsi altında olmuşdur.

Yaz bayramı haqqında yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur. Uzun əsrlər keçsə də, bu bayram getdikcə təkmilləşmiş, kütləviləşmiş və indiyə qədər də öz aktuallığını saxlamaqdadır. Novruz bayramı ənənəvi şəkildə hər il respublikamızın bütün bölgələrində böyük təmtəraqla qeyd olunur. Novruzu bir ay əvvəldən qarşılamaq Azərbaycanda bir adət olub və bu gün də həmin adət yaşamaqdadır. Novruza qədər hər çərşənbə axşamı evlərin həyətində tonqal qalanar, tonqala üzərlik töküb belə sözlər oxuyardılar:



"Üzərriksən havasan

Cəmi dərdə davasan.

Hər yerdə sən yanarsan”.

Bayram günlərində xalq bir yerə toplaşar, şənlik edər, müxtəlif oyunlar oynanılardı. Bu oyunlarda elin güclü, qüvvətli igidləri öz bacarıqlarını nümayiş etdirərdilər. Azərbaycanda lap qədimlərdən Novruz şənliklərində "İynə-iynə”, "Sayaçı”, "Yuğlama”, "Yel baba”, "Cütçü şumu”, "Kəvkəs”, "Kosa-kosa”, "Qaravəlli”, "Qurd oyunu”, "Aşıq oyunu”, "Dirə döymə” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə "Kəndirbaz”, "Masqara”, "Qılınc oynatma”, "Kəmər atma”, "Qoç döyüşdürmə” tamaşaları hazırlanır.

Novruz Bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, xonça bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, novruz oyunları oynamaq kimi adətlər yerinə yetirilir.

Bayram günlərində meydan tamaşalarına daha çox üstünlük verilməsi, xalq oyunları çərçivəsində folklorumuzun zənginliyinin nümayiş etdirilməsidir. Novruz günlərində daha çox göstərilən meydan tamaşaları Azərbaycan peşəkar teatrının əsasını qoyub desək, daha doğru olardı. Kökləri Dədə Qorqud boylarınadək gedib çıxır ki, onlar da xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı","Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir.

Xalq arasında çox qədimdən yaranan "Motal-motal", "Qurd basdı", "Çövkən", "Cızıq turnası", "Gizlənpaç" (gizlən, qaç), "Oğru-oğru", "Şuma qədər", "Aşıq-aşıq", "Qoz-qoz", "Pul-pula", "Zorxana", "Sino", "Mil", "Qəpəq", "Fincan-fincan", "Bənövşə", "Dirədöymə", "Çalabaşı", "Yelləncək", "Maral oyunu", "Kilimarası" və s. oyunlarında həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərdilər.

"Kosa-kosa", "Kəndirbaz", "Sim pəhləvan", "Masqara", "Gözübağlıca", "Cıdır" tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyi söylənilir. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb. Novruz bayramında həmçinin güləş yarışları təşkil edilir, meydanlarda yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər...

Novruz mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən, maska taxan aktyor var. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınana deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir.

Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olub.

Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

Şuşa şəhərinin yaxınlığında yerləşən Cıdır düzü tarixən Novruz bayramlarının keçirildiyi məkan olub. Qarabağ tarixən dağları və atları ilə məşhur olub. Şuşadan yuxarıdan yerləşən Cıdır düzü Qarabağ xanlığında əsas şənlik yeri olub. Burada milli idman növü olan cıdır yarışları və Novruz şənliyi keçirilir".

29 ildən sonra xalqımızın Novruz bayramını Oğuz elinin bir hissəsi olan Qarabağ torpağında qarşılayırıq, qarçiçəyini, novruzgülünü, xarıbülbülü Şuşanın dağlarından dəririk.




11287 oxunub

InvestAZ