SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Pəhləvanlarımız Samokov sınağını 15 medalla başa vurdular

Pəhləvanlarımız Samokov sınağını 15 medalla başa vurdular

İdman

Bugün, 10:15

Bolqarıstanın Samakov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub. Azərbaycan komandası yarışda güləşin hər üç növündə təmsil olunub.

Olimpiyadunyasi.com xəbər verir ki, pəhləvanlarımız yarışı ümumilikdə 15 (4 qızıl, 4 gümüş, 7 bürünc) medalla başa vurublar.
Qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri ediblər. Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında 10 idmançımız xalça üzərinə çıxıb. Yunan-Roma güləşçilərimiz çempionatı 6 medalla başa vurublar. Təmsilçilərimizdən Əli Cavadlı (45 kq) qızıl, Ömər Salmanov (48 kq), Qurban Məcnunov (55 kq) gümüş, Hüseyn Mustafazadə (51 kq), Orxan Həbibli (65 kq) və Zöhrab Səfərov (92 kq) isə bürünc medala sahib olub. Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yekunda 118 xal toplayan yığmamız komanda hesabında Avropa üçüncüsü olub.
Daha sonra estafet qadın güləşinə keçib. Böyük məşqçi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 8 idmançımız medallar uğrunda mübarizə aparıb. Təmsilçilərimiz yarışı 2 medalla tamamlayıblar. Güləşçilərimizdən Xədicə Qurbanzadə (49 kq) gümüş, Fatimə Bayramova (53 kq) isə bürünc medala sahib çıxıb.
Samokovda mübarizəyə son olaraq sərbəst güləşçilərimiz qoşulublar. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında 10 idmançımız mükafatlar uğrunda yarışıb. Sərbəst güləş üzrə millimiz uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Güləşçilərimizdən Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medala yiyələnib. Yekunda 156 xal toplayan yığmamız çempion olan Rusiyadan cəmi 7 xal geri qalmaqla komanda hesabında Avropa ikincisi olub. Gürcüstan 124 xalla ilk “3-lüy”ü qapayıb.

Dİgər xəbərlər