XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



Spirtli içkilərin və siqaretin orqanizmə təsiri
İdman 15:14 / 08.01.2022
İdmanın və sağlam qidalanmağın orqanizmə faydası nə qədər çoxdursa, spirtli içkilərin və siqaretin mənfi təsirləri bir o qədər böyükdür. Belə ki, siqaretin tərkibində olan nikotin mərkəzi sinir sistemini ağır dərəcədə zədələyə bilər. Araşdırmalar göstərir ki, içki düşkünü olan, siqaret çəkən şəxsin ali sinir fəaliyyəti pozulur, yaddaşı və düşünmə qabiliyyətləri gündən - günə zəifləyir. Bu halda həmin adamlar fikirlərini cəmləyə bilmirlər.
Alkoqol adamı mənəvi cəhətdən də məhv edir. Qanda alkoqolun miqdarı 0,04- 0,05 faiz olduqda baş - beyin və onun qabığı normal işləmir, insan özünə nəzarəti itirir, ağıllı düşünə bilmir. Qanda alkoqolun miqdarı 0,1 faiz olduqda baş - beyin hərəkətlərə nəzarət edə bilmir, 0,4 faiz olduqda isə adam huşunu itirir. Qanda alkoqolun həcmi 0,6 - 0,7 faiz olduqda insan ölə bilər. Siqaret tüstüsündə, nikotindən başqa, orqanizmə zərər verən 200 - dən artıq maddə olur ( dəm qazı, sianid turşusu, benzopiren, hiss və s).

Mütəxəssislərin fikrincə tüstü bədənə daxil olduqda ağciyərlərə və bronxların divarlarına çökür. Bu zaman zərərli maddələr selikli qişanın qoruyucu funksiyasını pozur. Bu isə mikrobların qana asan keçməsinə şərait yaradır. Siqaret çəkən adamlar soyuqdəymə və infeksion xəstəliklərə daha tez tutulurlar. Siqaret çəkən adamlarda ağciyər elastikliyini itirir, onun divarları kobudlaşır, ağciyərlərin hava tutumu və ventilyasiyası azalır. Nəticədə, orqanizmin oksigenlə təchizi və fiziki iş qabiliyyəti zəifləyir, ümumi əhval - ruhiyyə pisləşir. Qəbul olunan spirtli içki qana sorulduqdan sonra mərkəzi sinir sisteminin işini pozur, əhval-ruhiyyəni, iş qabiliyyətini, əzələlərin fəaliyyətini pisləşdirir və yorğunluq əmələ gətirir. Əzələ qüvvəsini ölçən erqoqrafla müəyyən edilmişdir ki, 80 ml spirtli içki əzələ qüvvəsini 16-18 faiz azaldır. Spirtli içkinin mərkəzi sinir sisteminə təsiri dörd mərhələdən ibarətdir.
Birinci mərhələ. Adətən, spirtin qandakı qatılığı 10-100 mq olanda (bu miqdar təqribən 40-50 ml etil spirtinin qəbuluna müvafiqdir) meydana çıxır. Bu zaman eyforiya və hərəki oyanıqlıq halı müşahidə olunur, habelə onurğa beyni refleksləri süstləşir və ali sinir fəaliyyətində dəyişikliklər əmələ gəlir.

İkinci mərhələ. Spirtin qandakı qatılığı 100-200 mq olanda (təqribən 50-80 ml etil spirtinin qəbulunda müvafiqdir) baş verir. Bu halda insanda özünütənqid və özünənəzarət hisləri sönür, başqa sözlə, tipik sərxoşluq halı meydana çıxır.
Üçüncü mərhələ. Ağır sərxoşluq halı yaranır ki, bu da özünü hərəkətin koordinasiyası prosesinin pozulması, şüurun qaranlıqlaşması və s. kimi əlamətlərlə göstərir. Bu mərhələ spirtin qandakı qatılığı 200-300 mq olduqda (təqribən 80-200 ml etil spirti qəbuluna müvafiqdir) baş verir.
Dördüncü mərhələ. Qanda spirtin qatılığı 400-800 mq-a çatanda (250-500 ml etil spirti qəbuluna müvafiqdir) şüur tamamilə itir, hərəki reaksiyalar sönür. Bu mərhələdə tənəffüs mərkəzinin iflici və bunun nəticəsi kimi ölüm baş verə bilər. Alkoqoldan ilk zədəni ağız boşluğunun selikli qişası alır ki, o da öz növbəsində çoxlu selik ifraz edərək oradakı artıq maddələri yuyub kənar etməyə çalışır. Nəhayət, mədəyə çatan alkoqol onun divarlarını qıcıqlandırır, 4-6 dəqiqədən sonra isə onun funksiyasını, daha sonra mədə şirəsini və duz turşusunu çoxaldır. Selik, duz turşusu və müxtəlif fermentlər ifraz edən hüceyrələrin taqətdən düşməsi və mədə vəzlərinin zədələnməsi gözlənilmədən onun ifrazatını kəmiyyət və keyfiyyətcə azaldır. Alkoqol insanların iş qabiliyyətlərini aşağı salır. İçki qəbul edən idmançılarda isə fəallığın azalması, məşq zamanı yorğun və halsız olduqları müşahidə olunur. Bu isə idmançının ruh düşkünlüyünə və mübarizə zamanı məğlubiyyətinə səbəb olur. Onlarda daxili sekresiya vəzlərinin (mədəaltı, qalxanabənzər, hipofiz, böyrəküstü vəzinin) funksiyaları tədricən pozulur ki, bu da, öz növbəsində, maddələr mübadiləsində dəyişikliklərə səbəb olur. Alkoqolun ən böyük qurbanına çevrilən orqanlardan biri də qaraciyərdir. O, qaraciyərin tənzimləyici laboratoriyasının funksiyalarını (zülalların, karbohidratların, yağların, vitaminlərin) və su-duz mübadiləsindəki rolunu zəiflədir. Vitaminlərin mübadiləsini pozması A, E, B1, B2, B6, B12, B15, C, P, PP və. s vitamin çatışmazlığına səbəb olur. Alkoqol tənəffüs sisteminin fizioloji funksiyasının- qazlar mübadiləsinin yerinə yetirilməsinə mane olur, tənəffüsü ləngidir və çətinləşdirir. Bu zaman idmançı məşq və yarışlarda tez yorulur, nəfəs alarkən əziyyət çəkir. Buna görə də, o, öz fiziki imkanlarından normal istifadə edə bilmir. İdmançılarda alkoqolun təsiri ürək qan-damar sistemindən də yan keçmir. Adi vaxtda dəqiqədə 70-75 dəfə döyünən ürək, alkoqol qəbulundan sonra 120-130 dəfə döyünür, nəticədə qan təzyiqi qalxır. Qana keçən alkoqol sinirləri iflic edir, onların diametri daralır, ürəyə göstərilən əks-təsir bir qədər də artır. Ürək qan-damar sistemindəki çatışmazlıqlar funksional xarakter daşıyır. Belə ki, alkoqolun qəbulu dayanmasa, bu ürəkdə üzvi dəyişikliklərin baş verməsi ilə nəticələnir. Yəni ürək əzələləri əldən düşür, ölçüləri böyüyür, elastikliyi itir və s. Demək, bir tərəfdən məşqlərin fiziki yükü, digər tərəfdən alkoqolun təsiri ürəyin işgörmə qabiliyyətini artırmaqla onu həm funksional, həm də patoloji dəyişikliyə məruz qoyur. Qəfləti ölüm əksər hallarda spirtli içkilər qəbul edən idmançılar arasında baş verir.
Sinir hüceyrələri (neyronlar) alkoqolun təsirinə daha həssasdır. Ümumiyyətlə, beynin bütün şöbələri alkoqolun təsirinə məruz qalır. Lakin qan damarları şəbəkəsinin daha çox inkişaf etdiyi diensefal sahə və limbik sistemdə onun məhvediciliyi daha artıqdır. Bu cür zədələnmələr zamanı idmançının yaddaşı zəifləyir, dəqiqlik pozulur, o, imkan və qüvvəsini düzgün qiymətləndirə bilmir. Aşağı və yuxarı ətraf əzələlərində, əl və ayaq barmaqlarının oynaqlarında süstlük, zəiflik əmələ gəlir. Getdikcə bu oynaqlardan bazuönünə, bazuya, kürək əzələlərinə yayılır, eyni vaxtda aşağı ətraf əzələlərində də zəiflik baş verir. Dizlərdə zəiflik hiss edilir, ayaqlar taqətdən düşür. Bu isə idmançının idmanla vaxtından əvvəl vidalaşması deməkdir. Unutmaq olmaz ki, alkoqol qəbul etən idmançı heç vaxt yüksək nəticələr göstərib, zirvələri fəth edə bilməz. Sağlam yaşamaq istəyən hər bir insan bunları unutmamalıdır.

Azər Əlizadə

1697 oxunub

InvestAZ