XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycanın idman ictimaiyyətindən Orduya dəstək
Gündəm 15:22 / 08.10.2020
Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyalar aidiyyəti beynəlxalq təşkilatlara və idman qurumlarına bəyanat ünvanlayıb.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanat Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təcavüz aktını, son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini özündə əks etdirir. Ümumilikdə 90 təşkilatın imzası ilə hazırlanan sənəd 12 minədək təşkilata göndərilib.
Bəyanatda deyilir:
"Biz Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz doğma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığımız haqq mübarizəsində sona qədər dövlətimizin yanındayıq!
Cari ilin iyul ayının 12-dən ölkəmizin Tovuz rayonu ərazisində dövlət sərhədinə fitnəkar düşmən olan separatçı və işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən başlayan hücumlar fasilələrlə davam edərək sentyabrın 27-dən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal altında olmayan yaşayış məntəqələrinin və dinc sakinlərin hədəfə alınması, ağır artilleriya və iri çaplı silahlardan atəşə tutulması ilə nəticələndi. Buna baxmayaraq, qüdrətli Azərbaycan Ordusunun rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək, hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatlarına idmançılarımız da könüllü olaraq qatılmış və torpaqlarımızın bütovlüyü uğrunda gedən Böyük Vətən müharibəsində yüksək əzmlə savaşırlar. Artıq idmançılarımız arasında əzəli və ayrılmaz torpağımız olan Qarabağın azad edilməsi üçün canlarından keçərək şəhid olanlar vardır.
Son günlərdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər 30 ilə yaxın müddət ərzində ölkə ərazisinin Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu əhatə edən 20 faizə yaxın bir hissəsinin işğal olunduğu, 25 min nəfərdən çox Azərbaycan vətəndaşının həlak olduğu, 1 milyon nəfərdən çox insanın qaçqın və məcburi köçkünə çevrildiyi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən dondurulması ilə bağlı çıxışlar edirlər. Lakin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı qətnamələrdə Qarabağ ərazisindən işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd-şərtsiz çıxması tələb olunur) qəbul olunduğunu, eyni zamanda 30 ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədiyini yada salaraq bildiririk ki, bu münaqişəni dondurmaq əvəzinə yuxarıda qeyd edilən qətnamələrin işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz icra olunması üçün çağırış etmək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızı öz doğma torpaqlarına qayıtması üçün bəyanat vermək daha ədalətli olardı.
Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz dogma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığı haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!
Bununla bərabər Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağa və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq"!
Bununla yanaşı, Azərbaycan ordusunun yanında olan, hər an döyüşə hazır olduğunu bildirən Azərbaycan idman ictimaiyyəti adından orduya geyim, tibbi ləvazimatların olduğu 100-dək sovqat da göndərilib.


28354 oxunub

InvestAZ