XƏBƏR LENTİ
12 May 2025
11 May 2025
10 May 2025
09 May 2025



MOK-un Ədalətli Oyunlar Komissiyasının 2024-cü ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib - FOTO
İdman 13:52 / 12.05.2025

Mayın 12-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 2024-cü ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Olimpiyadunyasi.com" xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, Ədalətli Oyunlar Komissiyasının sədri, Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev,İSSA-nın İcraiyyə Komitəsinin üzvü, Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkiliKönül Nurullayeva, idman federasiyalarının rəsmiləri, Olimpiya və dünya çempionları, idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Mərasimdə əvvəlcə tanınmış idmançılarımızın yer aldığı Dünya Ədalətli Oyunlar Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ədalətli oyun dəyərlərinin idmanda və cəmiyyətdəki əhəmiyyətindən danışıb. Artıq 27 ildir ki, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdıran Çingiz Hüseynzadə hər il ədalətli oyun prinsiplərinə sadiq olan idmançıların, məşqçilərin, hakimlərin, mətbuat işçilərinin və idman xadimlərinin mükafatlandırıldığını qeyd edib.
MOK rəsmisi eyni zamanda Xəzər İsayevin Beynəlxalq Ədalətli Oyunlar Komissiyası tərəfindən dünyanın ən nüfuzlu fair play mükafatı olan "Can Barotra”, Paris-2024-ün gümüş medalçısı, taekvondoçu Qaşım Maqomedovun isə Avropa Ədalətli Oyunlar Komissiyası tərəfindən "Ədalətli oyun ruhu” mükafatına layiq görüldüyünü diqqətə çatdırıb.
MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev hər il dünyada 19 may tarixinin dünyada Ədalətli Oyunlar Günü kimi qeyd olunduğunu və bu təşəbbüsün idmanda etik dəyərlərin, dürüstlüyün, hörmətin və həmrəyliyin təbliği məqsədi daşıdığını diqqətə çatdırıb.
Qeyd edib ki, MOK-un Ədalətli Oyunlar Komissiyası 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və bu günə qədər Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə sıx əməkdaşlıq edir.
Tədbir çərçivəsində həmçinin Avropa Ədalətli Oyunlar Hərəkatının təşəbbüsü ilə keçirilən "Ədalətli oyun və sülh naminə Avropanı keçək” estafetində Azərbaycan idmançılarının iştirakı barədə məlumat verilib və estafetə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, estafet çərçivəsində Bakıdan Brüsselə qədər 3659 kilometrlik məsafə 62 idmançının birgə səyi ilə qət olunub.
Tədbirin sonunda Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 2024-cü ilin yekunlarına əsasən mükafatları təqdim olunub.
"Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyasında Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, "Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyasında Paris-2024-ün gümüş mükafatçısı, taekvondoçu Qaşim Maqomedov, "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” nominasiyasında cüdo üzrə məşqçi Tərlan Həsənov, "Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyası üzrə boks hakimi Emil Qurbanəliyev, "Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” nominasiyasında İctimai TV mükafata layiq görülüblər.

Sonda xatirə şəkili çəkdirilib.


130 oxunub

InvestAZ