Knyazeva Vera Alekseyevna 1954-cü il noyabrın 1-də Bakı şəhərində olub. O, 1972-ci ildə 34 saylı orta məktəbi bitirib. O, bədii gimnastika ilə 9 yaşında məşqçi Sara Nəsirovanın rəhbərliyi altında məşğul olmağa başlayıb. Dəfələrlə Bakı və Azərbaycan çempionatlarında bədii gimnastika üzrə qrup hərəkətlərində mükafatalayiq yerlər tutub. 1972-ci ildə SSRİ idman ustası adına layiq görülən Vera Knyazeva 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan İdman Akademiyası) bitirib. V.A.Knyazeva 1972-1976-cı illərdə "Spartak” KİC-də bədii gimnastika üzrə məşqçi vəzifəsində işləyib. O, 1976-1981-ci illərdə İOEUG gimnastika məktəbində akrobatlarla xoreoqraf vəzifəsində çalışıb. A.Axadov, A.Qafarov, A.Hüseynzadənin yığma komandanın məşqçiləri işlədiyi dövrlərdə onların tələbələri üçün hərəkətlərin tərtibində fəal iştirak edib. Kişilərin qrup hərəkətləri, kişilərin və qadınların qoşa hərəkətləri üzrə çıxış edən idmançılar SSRİ birinciliklərində, məktəblilərin ümumittifaq spartakiadalarında mükafatalayiq yerlər tutublar. Bu akrobatların hamısı SSRİ idman ustaları olublar.
1981-1989-cu illərdə Vera Alekseyevna İOEUG gimnastika məktəbində bədii gimnastika üzrə məşqçi-müəllim vəzifəsində çalışıb. Bu illər ərzində onun hazırladığı idmançılar idman ustası, idman ustalığına namizəd və I dərəcəli proqramları ilə çıxış ediblər.
1989-1999-cu illərdə 221 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləyib. K.A.Knyazeva 1999-2018-ci illərdə İOEUG gimnastika məktəbində xoreoqraf vəzifəsində çalışıb. Təqaüdə çıxandan sonra o, aerobika üzrə məşqçi işləyir.
2023-cü ildə Vera Alekseyevna Azərbaycan Gimnastika Federasiyasında yaranan "Gimnastika hamı üçün” komandasına dəvət alıb. Həmin ildə beynəlxalq festivallarda iştirak edib. 2024-cü ildə Bakıda "Gimnastika hamı üçün” beynəlxalq festivalında və Bolqarıstanın Burqas şəhərində keçirilən festivalında iştirak edib.
V.A.Knyazeva 2023-cü ildə Azərbaycan Gimnastika Federasiyasının Veteranlar şurasına üzv seçilib. O, veteranlar şurasında informasiya təminatına cavabdehdir və bu vəzifənin öhdəsindən məharətlə gəlir. Vera Alekseyevna işlədiyi dövrdə müxtəlif təşkilatlat tərəfindən fəxri fərmanlarla təltif edilib.
Azərbaycan Gimnastika Federasiyası və Gimnastika Veteranlar Şurası V.A.Knyazevanı yubileyi münasibəti ilə təbrik edir, ona sağlam, xoşbəxt ömür, işlərində uğurlar arzulayır.
Azərbaycan Gimnastika Federasiyası
və Veteranlar Şurası