XƏBƏR LENTİ
09 May 2021
07 May 2021
06 May 2021
05 May 2021
04 May 2021



Xəzər İsayev: “Azərbaycan Ədalətli Oyunlar Komissiyası fəaliyyətini uğurla davam etdirir”
Müsahibə 16:42 / 14.04.2021
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 1997-ci ildə yaradılan Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK) uğurlu fəaliyyəti ilə seçilir. 1998-ci ildən Beynəlxalq və Avropa Ədalətli Oyunlar Hərəkatının üzvü olan AzƏOK-un təşkilatçılığı ilə ölkəmizdə bir sıra yerli və beynəlxalq tədbirlər keçirilib. Belə tədbirlərdən biri də, AzƏOK və MOK-un rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən "İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsidir.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev bu qurumun son dövrlərdəki fəaliyyəti və adıçəkilən rəsm müsabiqəsi ilə bağlı "Olimpiya dünyası” qəzetinə müsahibə verib.


- Xəzər müəllim, AzƏOK-un ötənilki fəaliyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycan Ədalətli Oyunlar Komissiyası yarandığı dövrdən indiyədək uğurlu fəaliyyətini davam etdirir. Son dövrlərdə pandemiya səbəbindən tədbirlərimizi onlayn qaydada təşkil etməyə çalışırıq. Hər il olduğu kimi, bu il də idman ilinin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə Ədalətli Oyunlar Hərəkatına sadiq olanları mükafatlandırdıq. Martın 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair keçirilən tədbirdə 5 nominasiya üzrə 2020-ci ilin ən yaxşıları mükafatlandırıldı. Mikayıl Cabbarov "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, CBC Sport-un "Olimpiya günü” proqramı "Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, Aygül Abdullayeva "Ədalətli oyun prinsiplərinə sadiq hakim”, Namiq Abdullayev "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Rüstəm Orucov isə "Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə təltif edildilər.

- AzƏOK-un son dövrlərdə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə əlaqələri hansı səviyyədə qurulub?

- Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə qarşılıqlı fəaliyyətimizi işgüzar və səmimi əlaqələr müstəvisində qurmuşuq. İndiyədək Ədalətli Oyunlar Hərəkatı ilə bağlı bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bizə göstərilən etimadın bariz nümunəsidir. Hazırda bütün dünyada pandemiya səbəbindən tədbirlərin onlayn qaydada keçirilməsinə üstünlük verilir. Biz də Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının tədbirlərinə onlayn qaydada qoşulur və təşkilat nümayəndələri ilə mütəmadi əlaqə saxlayırıq. Qeyd edim ki, bu il Azərbaycan həmçinin Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) "İdman mənim üçün nə deməkdir” mövzusunda uşaqlar arasında keçirdiyi onlayn rəsm müsabiqəsində də 3 rəsm əsəri ilə təmsil olundu. Bu müsabiqəyə bütün dünya ölkələrindən nümayəndələr qatılmışdı. Xatırladım ki, keçən il də BƏOK-un müsabiqəsində iştirak etmişdik.

- Yeri gəlmişkən, AzƏOK tərəfindən "Olimpiya dünyası”qəzeti ilə birlikdə yeni rəsm müsabiqəsinə start verilib. Bu barədə ətraflı məlumat verərdiniz.

- AzƏOK tərəfindən indiyədək ölkəmizdə müxtəlif təbliğat xarakterli tədbirlər təşkil edilib. Bu dəfə MOK-un rəsmi mətbuat orqanı olan və Ədalətli Oyunlar Hərəkatı ilə bağlı daim geniş təbliğat işləri aparan "Olimpiya dünyası” qəzeti ilə birgə uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsinə qərar verdik. Aprelin 15-dən "İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsinə start verilib. 15 iyun 2021-ci il tarixədək davam edəcək müsabiqədə 3-8, 9-16 yaş qrupu üzrə paytaxt və bölgələri təmsil edən hər bir Azərbaycan Respublikasının vətəndaşı iştirak edə bilər. Qaliblər peşəkar münsiflər heyəti tərəfindən müəyyənləşəcək və hər bir iştirakçıya AzƏOK-un sertifikatları, qaliblərə mükafatlar təqdim olunacaq. Müsabiqənin mükafat fondu da artıq müəyyənləşib. Rəsmlər idmanda ədalət prinsiplərini əks etdirməlidir. Təbii ki, Ədalətli Oyunlar prinsipi təkcə idmanda deyil, gündəlik həyatımızda da mühüm əhəmiyyət kəsb edir. İştirakçılar bu mövzu ilə bağlı düşüncələrini sərbəst şəkildə rəsm əsərində əks etdirə bilərlər. Müsabiqə iştirakçıları istənilən boya növü və rəsm texnikasından istifadə etməkdə sərbəstdirlər. Rəsmlər 15 iyun 2021-ci il tarixədək [email protected] elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar müsabiqənin şərtləri barədə daha ətraflı məlumatı "Olimpiya dünyası” qəzetindən (həmçinin olimpiyadunyasi.com gündəlik onlayn qəzetindən) və olimpnews.az saytından əldə edə bilərlər.

1344 oxunub

InvestAZ