XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
07 May 2021
06 May 2021
05 May 2021
04 May 2021



Xocalı faciəsi bəşər tarixinin ən qanlı hadisələrindən biridir
Gündəm 10:16 / 26.02.2021

26 fevral 1992-ci il. Bu tarix Xocalı şəhərində dünyada misli görünməyən dəhşətli bir vəhşiliklə təqvimə düşdü. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə gülləbaran edərək, insanlığa silinməz ləkə olan soyqırım aktını törədiblər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca milli mənşəyinə görə qəddarcasına, dözülməz işgəncələr verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarət yetirilib. 1275 sakin-köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqir və həqarətə məruz qoyulub. Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta faşistlərin belə istifadə etmədikləri ən qəddar, tükürpədici üsullardan istifadə ediblər. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda gizlənən ermənilər tərəfindən güllələniblər. Onların heç birinə aman verilməyib. Xocalıdan çıxan dinc əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və digər silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 29 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz genosid soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. Erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olub. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırım cinayətini məqsədli şəkildə, bilərəkdən həyata keçirərək, misli görünməmiş qətillər törədiblər. Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması üçün kifayət qədər ciddi əsaslar verir. Ümumiyyətlə, Nürnberq Hərbi Tribunalının Nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilib. Orada soyqırım cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilib. BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli konvensiyasında isə soyqırım cinayətinin mahiyyəti tam əksini tapıb. Beynəlxalq hüquqa görə soyqırım sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla müharibə cinayəti sayılır. Soyqırım hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş aşağıdakı hərəkətlərə deyilir: həmin qrupun üzvlərinin öldürülməsi; onların şikəst edilməsi, onlara bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan şəraitin yaradılması; azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bu hallardan hər hansı birinin mövcudluğu hadisənin soyqırım hesab olunması üçün kifayət edir. Bu meyarlar baxımından Xocalı faciəsi soyqırım cinayəti kimi qiymətləndirilməlidir.
Soyqırım beynəlxalq hüququn qəbul edilmiş ümumi pirinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri, bir sözlə, yaşam tərzi olan milli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Xocalı soyqırımı ilə bağlı aparılmış istintaqla müəyyən edilmişdir ki, bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli konvensiyasında və "Azərbaycan Respublikası Cinayət Məcəlləsi”nin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırım cinayətinin tərkibi var. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına riayət etməyiblər. Xocalı faciəsi zamanı mülki əhalinin qorunması haqqında Cenevrə konvensiyalarında nəzərdə tutulan tələblər kobud şəkildə pozulub. Bəli, Xocalı hadisəsi soyqırımdır, burada törədilən vəhşiliklər belə deməyə əsas verir.


Dünya mətbuatı Xocalı faciəsinə
biganə qalmayıb


Xocalıda baş verən qanlı faciə haqqında dünyaya ilk məlumat görkəmli Azərbaycan teleoperatoru Çingiz Mustafayevin çəkdiyi film sayəsində yayıldı. Kamera qulaqları kəsilən uşaqları, başları soyulan kişiləri lentə ala bilmişdi. Erməni saqqallıları qoca qadının sifətinin sağ tərəfinin dərisini kəsib çıxartmışdılar. Bütün cəsədlərin üzərində zorakılıq əlamətləri var idi. Təsadüfi deyil ki, Erməni terrorçuları tərəfindən Azərbaycan şəhəri Xocalının yer üzündən silinməsi ABŞ-da ilin ən dəhşətli faciəsi kimi tanınmışdı. Faciənin icraçılarından biri olan 366-cı motoatıcı alay Rusiyaya çağırılaraq ləğv edildi. Lakin onun insanlığa sıgmayan vəhşiliklər törədən zabitlərindən bir nəfər də cinayət məsuliyyətinə cəlb olunmadı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı faciəsinin 10 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyilir: "... bu qəddar və amansız soyqırım aktı insanlıq tarixinə ən dəhşətli terror aktlarından biri kimi daxil oldu... Azərbaycan xalqı və hakimiyyəti qarşısında dünya dövlətlərinə, parlamentlərinə və ictimaiyyətinə Xocalı soyqırımı və ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında bütün həqiqəti çatdırmaq vəzifəsi durur. Bu, bizim Xocalı soyqırımının qurbanları qarşısında vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, bu faciənin beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılması ümumilikdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların bir daha təkrar olunmamasının vacib şərtidir”.
Xocalıda baş verən qətllər xarici kütləvi informasiya vasitələrinin diqqətindən kənarda qalmayıb. Dünyanın ən nüfuzlu KİV-lərində Xocalı şəhərində erməni terrorçuları və quldur birləşmələri tərəfindən törədilən soyqırım faktını təsdiq edən faktlar yer alıb.

"Vashington Post” qəzeti: "Dağlıq Qarabağ qurbanları Azərbaycan şəhərində torpağa tapşırıldılar. Qaçqınlar deyirlər ki, ermənilərin hücumu nəticəsində yüzlərlə insan qətlə yetirilib. Həlak olan 7 nəfərin cəsədi bu gün göstərildi, onlardan üçü qadın, ikisi isə uşaq idi. 120 qaçqın Ağdam hospitalında yerləşdirilib, onlardan bir çoxunun bədənində deşilmiş yara izləri var”.
"Times” qəzeti: "Erməni əsgərləri yüzlərlə qaçqın ailəsini qırdılar. Sağ qalanlar məlumat verirlər ki, erməni əsgərləri çoxu uşaq və qadın olan 450-dən çox azərbaycanlını qətlə yetiriblər. Yüzlərlə, bəlkə də mindən çox insan itkin düşüb. "Onlar güllələyirdilər, güllələyirdilər, güllələyirdilər” - bu sözləri Xocalıdan qaçan digər qadın və uşaqlarla birgə, Ağdama gələn Raziyə Aslanova da söyləyirdi. O deyirdi ki, əri Kənan və oğlu qətlə yetiriliblər, qızı isə itkin düşüb.”
"Times” qəzeti: "Qırğının üstü açıldı. Həlak olmuş 60-dan çox insanın, o cümlədən qadın və uşaqların cəsədi Dağlıq Qarabağın təpəliklərindəki yamaclarda aşkar olundu. Bu, azərbaycanlıların erməni hərbçiləri tərəfindən qırğına məruz qalması faktını təsdiqlədi. Yüzlərlə qaçqın bu günə kimi axtarışdadır”.
"Times” qəzeti: "Çoxları şikəst edilmişdi, bir qız uşağının isə yalnız başı qalmışdı.”
"İzvestiya” qəzeti: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qoca qadının isə sifətinin bir hissəsi kəsilib götürülmüşdü. Kişilərin başının dərisi soyulmuşdu.”
"Sunday Times” qəzeti: "Tomas Qolts erməni əsgərləri tərəfindən törədilmiş qırğın barədə məlumat verən ilk reportyor idi. Onun hazırladığı repotajda deyilir: "Xocalı Azərbaycanın münbit şəhərlərindən biri idi. Bura torpağı becərən və ev quşları saxlayan azı min azərbaycanlının yaşadığı bir yurd idi. Keçən həftə bu şəhər yer üzündən silindi”.
"Financial Times” qəzeti: "Ermənilər Ağdam tərəfə istiqamətlənən qaçqınlar dəstəsini güllələdilər. Azərbaycanlılar 1200-ə yaxın cəsəd saydılar. Livandan olan kinooperator onun ölkəsinin varlı daşnak ictimaiyyəti tərəfindən Qarabağa muzdlu döyüşçülər və silah göndərildiyini təsdiqlədi.
"İzvestiya” qəzeti: "Mayor Leonid Kravets: "Mən öz gözlərimlə təpəlikdə yüzə yaxın cəsəd gördüm. Bir oğlan uşağının başı yox idi. Hər yerdə xüsusi amansızlıqla qətlə yetirilən qadın, uşaq, qoca meyidləri var idi”.
"Financial Times” qəzeti: "General Polyakov bildirdi ki, 366-cı alayın erməni milliyyətindən olan 103 qulluqçusu Dağlıq Qarabağda qaldı.”
"La Mond” qəzeti: "Ağdamda olan əcnəbi jurnalistlər qətlə yetirilən qadın və uşaqların içində başının dərisi soyulmuş 3 nəfər gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”
"Valer actual” jurnalı: "Bu muxtar regionda erməni hərbi birləşmələri Yaxın Şərqdən olanlarla birlikdə ən müasir hərbi texnikaya, eyni zamanda, vertolyotlara malikdirlər. ASALA Suriya və Livanda yerləşən hərbi düşərgələr və silah anbarları ilə təchiz edilib. Ermənilər 100-dən çox müsəlman yaşayış məntəqəsində qırğın törədərək Qarabağ Azərbaycanlılarını məhv etdilər.”
"Krua l’Eveneman” jurnalı: "Ermənilər Xocalıya hücuma keçdilər. Bütün dünya eybəcərləşdirilmiş insan cəsədlərini gördü. Xocalıda mindən çox azərbaycanlının qətlə yetirildiyi deyilir”
Bəli, dünya mediası Xocalıda törədilən vəhşiliklərə biganə qala bilmədi.
Azərbaycan dövləti Xocalı faciəsini bütün dünyaya tanıtdırmaq üçün müntəzəm iş aparır.

Hər il Prezident Administrasiyası tərəfindən xüsusi tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan, Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.


Faciənin günahsız
qurbanlarının qisası alındı


Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də əks-hücuma keçdi və "Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 28 illik əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından bir neçəsi məhv edildi, bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər
doktoru, professor

3986 oxunub

InvestAZ