SON XƏBƏRLƏR
-
Bugün, 14:58
MədəniyyətNicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
-
Bugün, 11:22
İdmanQədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
-
Bugün, 11:01
İdmanAzərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
21.11.2026, 20:27
İdmanAzərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
-
21.11.2026, 20:18
İdmanİlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
20.11.2026, 14:46
İdmanAzərbaycanın güləş millisi Gürcüstanda çempion olub
-
20.11.2026, 13:09
İdmanParataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
-
20.11.2026, 12:39
İdmanJurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
-
20.11.2026, 12:11
İdmanPrezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
-
20.11.2026, 11:21
İdmanU-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
-
19.11.2026, 22:54
İdmanBakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
-
19.11.2026, 18:32
İdmanAzərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
-
19.11.2026, 18:10
İdmanYenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
-
17.11.2026, 09:34
GündəmBu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
-
17.11.2026, 08:27
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
-
17.11.2026, 00:37
GündəmPrezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
-
15.11.2026, 04:48
İdmanElnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
-
15.11.2026, 04:40
Olimpiya oyunlarıAdil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
-
15.11.2026, 04:32
Olimpiya oyunlarıGülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
-
15.11.2026, 04:26
Olimpiya oyunlarıAnar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
-
15.11.2026, 03:41
Olimpiya oyunlarıYeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
-
14.11.2026, 15:09
MədəniyyətTapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
-
13.11.2026, 23:33
Olimpiya oyunlarıDakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
-
13.11.2026, 15:01
Olimpiya oyunlarıAzərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
-
13.11.2026, 13:31
İdmanAzərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
-
13.11.2026, 12:10
Olimpiya oyunlarıBu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
-
13.11.2026, 10:47
İdmanUEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
-
13.11.2026, 00:39
İdmanAzərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
-
12.11.2026, 23:23
İdmanQılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
-
12.11.2026, 23:07
İdmanAzərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
-
12.11.2026, 17:47
Olimpiya oyunlarıGülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
-
12.11.2026, 17:32
GündəmAzərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
-
12.11.2026, 16:14
Olimpiya oyunlarıBoksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
-
12.11.2026, 13:27
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
Mədəniyyət
Bugün, 14:58
Ana obrazı bəşər tarixinin bütün mərhələlərində insanlığın mənəvi dünyasını, duyğu və düşüncə sistemini formalaşdıran ən ali dəyərlərdən biri kimi çıxış etmişdir. İnsan həyatının başlanğıcı, ilk mənəvi təcrübəsi, sevgi, şəfqət, mərhəmət və fədakarlıq haqqında təsəvvürləri, ilk növbədə, ana ilə bağlıdır. Ana yalnız övladını dünyaya gətirən bioloji varlıq deyil, həm də onun mənəvi dünyasının, şəxsiyyətinin, əxlaqi-estetik düşüncəsinin formalaşmasında mühüm rol oynayan müqəddəs bir varlıqdır. Bu baxımdan ana anlayışı ayrı-ayrı xalqların milli-mənəvi dəyərləri çərçivəsini aşaraq ümumbəşəri məzmun və mahiyyət qazanmışdır. Dünya xalqlarının folklorunda, mifoloji təsəvvürlərində, dini-fəlsəfi düşüncəsində və bədii ədəbiyyatında ana obrazının xüsusi yer tutması da məhz bu amillə bağlıdır.
İnsan mənəviyyatında ana sevgisinin özünəməxsusluğu onun əvəzolunmazlığı ilə müəyyən edilir. Həyatda bir çox itkilərin zaman keçdikcə müəyyən mənada təsəllisi və əvəzi tapılsa da, ana itkisi insanın daxili aləmində heç vaxt tam dolmayan mənəvi boşluq yaradır. Şair Nicat Ərtürkün “Ana həsrəti” adlı kitabında olduğu kimi ana həsrəti yalnız fiziki ayrılığın doğurduğu kədər deyil, həm də insanın uşaqlıq xatirələrindən, mənəvi dayaqlarından, doğmalıq və güvən hissindən uzaq düşməsinin psixoloji ifadəsidir. Bu səbəbdən ana haqqında poetik düşüncə, bir qayda olaraq, məhəbbət, minnətdarlıq, ehtiram, nisgil, xatirə və itki kimi bir-biri ilə sıx bağlı olan emosional-fəlsəfi məqamları özündə birləşdirir.
Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığında ana mövzusuna müraciət də bu mənəvi ehtiyacın bədii təzahürü kimi diqqəti cəlb edir. Müxtəlif xalqların və fərqli ədəbi-estetik məktəblərin nümayəndələri ana obrazını özünəməxsus poetik vasitələrlə canlandırsalar da, onların yaradıcılığında ortaq bir məqam - ananın insan həyatındakı əvəzsiz mövqeyinin etirafı müşahidə olunur.
Amerika romantizminin görkəmli nümayəndəsi Edqar Allan Po 1849-cu ildə qələmə aldığı “To My Mother” (“Anama”) sonetində ana anlayışını son dərəcə ülvi və mənəvi məzmunla təqdim edir. Şair ana adının göylərin və mələklərin belə ən müqəddəs sevgi ifadələri ilə müqayisə edə bilməyəcəyi bir məna daşıdığını vurğulayır. Maraqlı cəhət budur ki, əsər şairin qayınanası və xalası Mariya Klemə həsr edilmişdir. Bununla Po analığı yalnız bioloji münasibət kimi deyil, həm də sevgi, qayğı, mənəvi himayə və fədakarlıq anlayışları ilə əlaqələndirir. Beləliklə, şairin poetik qənaətində analıq insanın qəlbində özünə əbədi yer edən mənəvi bağlılıq səviyyəsinə yüksəlir.
Hind ədəbiyyatının dünya miqyaslı nümayəndəsi Rabindranat Taqorun yaradıcılığında da ana obrazı xüsusi poetik-fəlsəfi məna daşıyır. Şairin “The Crescent Moon” (“Aypara”) kitabında yer alan “The Beginning” (“Başlanğıc”) şeirində ana ilə övlad arasındakı münasibət həyatın mənəvi başlanğıcı, sevginin əbədiliyi və insan varlığının sirri kontekstində təqdim olunur. Şeirdə ana övladına onun hələ dünyaya gəlməmişdən əvvəl qəlbində yaşadığını söyləyir. Bu poetik yanaşmada ana sevgisi zaman və məkan sərhədlərini aşan, insanın varlığından əvvəl başlayan və onun bütün ömrünü müşayiət edən mənəvi qüvvə kimi səciyyələndirilir. Taqorun yaradıcılığı göstərir ki, ana ilə övlad arasındakı bağlılıq yalnız gündəlik məişət münasibəti deyil, həm də dərin fəlsəfi və mənəvi məzmun daşıyan ümumbəşəri hadisədir.
Ana mövzusunun dünya poeziyasında bu qədər geniş əks-səda doğurmasının əsas səbəblərindən biri də ana itkisinin insan psixologiyasında yaratdığı sarsıntıdır. Ayrılıq və ölüm mövzuları bədii ədəbiyyatda daim işlənmiş olsa da, ananın yoxluğu ilə bağlı kədər özünün fərqli emosional intensivliyi ilə seçilir. Çünki ana insanın həyatında yalnız keçmişin bir parçası deyil, həm də onun mənəvi yaddaşını, uşaqlıq dünyasını və varlıq hissini birləşdirən əsas simvollardan biridir. Buna görə də ana itkisini ifadə edən poetik mətnlərdə fərdi kədər tədricən ümumbəşəri məzmun qazanır. Şairin öz anasına ünvanladığı nisgil, zaman keçdikcə, bütün analarını itirmiş insanların ortaq mənəvi duyğusuna çevrilir.
Azərbaycan xalqının milli-mənəvi düşüncəsində də ana müqəddəsliyi xüsusi yer tutur. Xalq yaradıcılığında, bayatılarda, laylalarda, dastanlarda və klassik poeziyada ana obrazı məhəbbətin, mərhəmətin, sədaqətin, müdrikliyin və mənəvi bütövlüyün təcəssümü kimi təqdim edilir. Azərbaycan folklorunda anaya münasibət yalnız ailədaxili sevgi çərçivəsində məhdudlaşmır, eyni zamanda Vətən, torpaq, doğma yurd və milli kimlik anlayışları ilə də assosiativ əlaqə yaradır. Ana vətən, ana dili, ana torpağı kimi ifadələrin milli düşüncədə geniş yayılması bu obrazın semantik və mənəvi miqyasını daha da genişləndirir.
Azərbaycan poeziyasında ana mövzusunun işlənməsi müxtəlif tarixi mərhələlərdə fərqli bədii çalarlar qazanmışdır. Klassik ədəbiyyatda ana və qadın obrazı daha çox mənəvi kamillik, mərhəmət, sədaqət və müqəddəslik kontekstində təqdim olunduğu halda, müasir poeziyada ana həsrəti, ana itkisi, uşaqlıq xatirələri və övladın mənəvi tənhalığı kimi psixoloji-fəlsəfi motivlər də xüsusi aktuallıq kəsb edir. Bu əsərlərdə şairin fərdi yaşantıları ümumiləşdirilərək oxucunun mənəvi dünyasına təsir göstərən poetik düşüncə sisteminə çevrilir.
“Anasız dünyanı neynəyirəm mən” misrası ilə diqqəti cəlb edən şeir də ana itkisi və ana həsrəti probleminin bədii-estetik ifadəsi baxımından maraq doğurur. Burada diqqəti cəlb edən əsas məqam ananın yoxluğunun sadəcə şəxsi bir itki kimi deyil, bütöv dünyanın mənasını dəyişdirən mənəvi hadisə kimi təqdim olunmasıdır. “Anasız dünya” ifadəsi zahiri məkan anlayışından daha geniş məna daşıyaraq lirik qəhrəmanın daxili aləmində yaranmış boşluğu, mənəvi dayaqların itirilməsini və həyatın əvvəlki mənasını itirməsini simvolizə edir. “Neynəyirəm mən” sualı isə adi ritorik sual olmaqdan çıxaraq insanın öz varlığı, həyatın mənası və itkinin qarşısında acizliyi barədə fəlsəfi düşüncəyə çevrilir.
Bu baxımdan şeirin əsas ideya-estetik istiqamətini müəyyənləşdirmək üçün ana obrazının semantik yükünə, lirik qəhrəmanın psixoloji vəziyyətinə, həsrət və tənhalıq motivlərinin ifadə vasitələrinə, poetik dilin emosional təsir imkanlarına xüsusi diqqət yetirmək zəruridir. Burada fərdi yaşantının ümumiləşdirilməsi, şəxsi kədərin ictimai-mənəvi məzmun qazanması və ana obrazının bəşəri dəyər səviyyəsinə yüksəlməsi əsas tədqiqat istiqamətləri kimi müəyyənləşdirilə bilər.
Beləliklə, geniş kütlə oxucusunun qəlbində taxt quran şair Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” adlı şeirini təhlilə cəlb edərkən oxucum görəcək ki, şeir yalnız konkret poetik nümunənin məzmun və forma xüsusiyyətlərinin öyrənilməsi baxımından deyil, həm də ana sevgisi, ana həsrəti və insanın mənəvi dünyasında ana obrazının yeri kimi mühüm ümumbəşəri problemlərin tədqiqi baxımından əhəmiyyətlidir. Şeirə bu kontekstdən yanaşmaq onun ideya-bədii xüsusiyyətlərini daha dərindən açmağa, lirik qəhrəmanın daxili yaşantılarını elmi-nəzəri müstəvidə şərh etməyə və müəllifin ana mövzusuna münasibətini müəyyənləşdirməyə imkan verir.
Şeirin əsas ideya istiqamətini ana yoxluğunun insanın daxili aləmində yaratdığı boşluq, sevinc və yaşamaq həvəsinin zəifləməsi, gələcəyə münasibətin dəyişməsi təşkil edir. Müəllif lirik qəhrəmanın fərdi kədərini ümumiləşdirərək onu ana həsrəti yaşayan insanların ortaq mənəvi duyğusunun ifadəsinə çevirir.
Əsərin fəlsəfi, psixoloji və pedaqoji aspektlərdən araşdırılması ana obrazının yalnız poetik simvol olmadığını, həm də insan şəxsiyyətinin formalaşmasında, mənəvi dəyərlərin mənimsənilməsində və emosional inkişafında mühüm rol oynayan fenomen kimi təqdim edildiyini göstərir.
1. Şeirdə ana obrazının fəlsəfi mahiyyəti: varlıq, yoxluq və həyatın mənası problemi
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirinin fəlsəfi məzmununu müəyyənləşdirən başlıca amil ana yoxluğunun bütöv dünya təsəvvürünü dəyişdirən hadisə kimi təqdim olunmasıdır.
Şeirin ilk bəndində oxuyuruq:
Daha ehtiyacım qalmayıb sənə,
Sənin zər-zibanı istəmirəm mən.
Doymuşam, qüssəyə, kədərə, qəmə,
Anasız dünyanı neyləyirəm mən [1, s.33].
Bu misralarda lirik qəhrəmanın daxili dünyasında baş verən mənəvi dəyişikliklər ifadə olunur. İlk iki misrada diqqəti cəlb edən məqam onun dünyaya, həyatın zahiri gözəlliklərinə və maddi nemətlərinə münasibətinin dəyişməsidir. “Daha ehtiyacım qalmayıb sənə” ifadəsi zahirən müraciət olunan varlıqdan uzaqlaşmanı bildirir. Burada “sən” müraciətinin konkret referenti şeirdə açıq şəkildə göstərilməsə də, onu həyat, dünya və ya insanın maddi istəklərini özündə birləşdirən ümumiləşdirilmiş obraz kimi şərh etmək mümkündür.
“Zər-ziba” anlayışı zahiri gözəllik, dəbdəbə, dünya nemətləri və maddi cazibə ilə assosiativ əlaqə yaradır. Şairin yaratdığı poetik mənzərədə bütün bunlar ana sevgisinin qarşısında öz dəyərini itirir. Beləliklə, müəllif insan həyatında maddi və mənəvi dəyərlərin qarşılaşdırılmasını həyata keçirir. Ana sevgisi mənəvi dəyərlərin ən yüksək mərtəbəsində qərarlaşır, digər nemətlər isə onun yoxluğunda öz əvvəlki əhəmiyyətini itirir.
Burada mühüm fəlsəfi problem meydana çıxır: insan üçün dünyanın dəyərini müəyyənləşdirən nədir? Maddi imkanlar, sosial mövqe, zahiri gözəllik, yoxsa mənəvi bağlılıq?
Şeirin poetik məntiqi bu suala ana sevgisinin əvəzsizliyini ön plana çəkməklə cavab verir. İnsan üçün dünya yalnız fiziki mövcudluq məkanı deyil. Dünya həm də sevildiyi, anlaşıldığı, qorunduğu, mənəvi bağlılıq hiss etdiyi münasibətlər sistemidir. Bu münasibətlərdən ən mühümlərindən biri ana-övlad bağlılığıdır.
“Anasız dünyanı neyləyirəm mən” misrası məhz bu fəlsəfi düşüncənin mərkəzində dayanır. Burada dünyanın mövcudluğu inkar edilmir, onun lirik qəhrəman üçün əvvəlki mənasını itirməsi ifadə olunur. Başqa sözlə, ana yoxluğu ilə dünyanın obyektiv mövcudluğu və insanın onu subyektiv qavrayışı arasında ziddiyyət yaranır.
Fəlsəfi baxımdan bu yanaşma insan varlığının münasibətlər vasitəsilə məna qazanması ideyası ilə səsləşir. İnsan özünü yalnız fərdi mövcudluq çərçivəsində deyil, başqa insanlarla mənəvi əlaqələri vasitəsilə də dərk edir. Ana isə bu əlaqələrin ilkin və ən dərin qatlarından birini təşkil edir.
Şeirdə ana itkisi nəticəsində lirik qəhrəmanın həyatın zahiri cazibələrinə marağını itirməsi onun mənəvi prioritetlərinin dəyişməsi kimi qiymətləndirilə bilər. Bu, bir tərəfdən ana sevgisinin yüksək dəyərini göstərir, digər tərəfdən isə insanın mənəvi həyatında bağlılığın nə qədər mühüm yer tutduğunu nümayiş etdirir.
Beləliklə, əsərdə ana obrazı həyatın mənasını müəyyənləşdirən mənəvi başlanğıc kimi təqdim edilir. Ananın yoxluğu isə dünyanın fiziki deyil, mənəvi bütövlüyünün pozulması təsirini yaradır.
2. Ana itkisi və insanın psixoloji dünyasında yaranan mənəvi boşluq
Şeirin psixoloji məzmunu lirik qəhrəmanın keçirdiyi emosional sarsıntıların ardıcıl şəkildə təsviri üzərində qurulmuşdur. Müəllif kədəri ümumi anlayış kimi təqdim etməklə kifayətlənmir, onun insanın daxili dünyasında yaratdığı müxtəlif təzahürləri poetik ifadələrlə canlandırır.
İkinci bənddə deyilir:
Kədərim sevinci boğub, bağlayır,
Qəlbimə dərd verir, köztək dağlayır.
Qəlbim için-için al-qan ağlayır,
Anasız dünyanı neyləyirəm mən [1, s.33].
Bu bənddə kədərin insanın psixoloji vəziyyətinə təsiri daha qabarıq şəkildə ifadə olunur. “Kədərim sevinci boğub, bağlayır” misrasında sevinc və kədər qarşılaşdırılır. Kədər burada sadəcə emosional vəziyyət deyil, sevincin təbii ifadəsini məhdudlaşdıran, insanın daxili tarazlığını pozan qüvvə kimi təqdim edilir.
Psixoloji baxımdan bu təsvir itki yaşayan insanın emosional dünyasında müşahidə edilə bilən dəyişiklikləri xatırladır. Yaxın insanın vəfatı nəticəsində fərddə kədər, həsrət, boşluq, tənhalıq, əvvəlki fəaliyyətlərə marağın azalması və keçmiş xatirələrə daha çox yönəlmə kimi reaksiyalar meydana çıxa bilər.
Lakin burada mühüm bir məqamı nəzərə almaq lazımdır: şeirdəki lirik qəhrəmanın emosional vəziyyətini hər bir insanın yas təcrübəsi üçün universal psixoloji norma hesab etmək olmaz. Hər kəs itkiyə öz həyat təcrübəsinə, şəxsiyyət xüsusiyyətlərinə, sosial münasibətlərinə və mənəvi dayaqlarına uyğun reaksiya verir.
Şairin “köztək dağlayır” ifadəsi kədərin ağrıverici xarakterini daha da gücləndirir. Közün insan bədənində yaratdığı yanğı ilə mənəvi ağrının müqayisəsi fiziki və psixoloji əzab arasında obrazlı paralel yaradır. Beləliklə, görünməyən emosional ağrı bədənə təsir edən yanğı vasitəsilə təsəvvürdə konkretləşdirilir.
“Qəlbim için-için al-qan ağlayır” misrası isə daxili iztirabın daha yüksək emosional mərhələsini ifadə edir. “İçin-için” təkrarlanan hərəkət təsiri yaradan ifadə kimi kədərin zahirə tam çıxmayan, insanın daxilində davam edən xarakterini göstərir. “Al-qan ağlamaq” isə kədərin şiddətini bildirən hiperbolik obrazdır.
Burada müəllifin psixoloji müşahidəsi diqqəti cəlb edir: insanın ən ağır kədəri bəzən başqalarının görə bilmədiyi, onun daxilində səssiz şəkildə yaşadığı iztirabdır.
Ana itkisi ilə bağlı xatirələr də bu psixoloji vəziyyəti dərinləşdirə bilər. Ana səsi, qayğısı, nəsihətləri, gündəlik davranışları və övladına göstərdiyi diqqət insanın yaddaşında emosional izlər buraxır. Bu xatirələr zaman keçdikcə insanın mənəvi dünyasının mühüm hissəsinə çevrilir.
Şeirdə ana yoxluğunun yaratdığı ağrı məhz belə bir mənəvi bağlılığın itirilməsi ilə əlaqələndirilir.
3. Tənhalıq, mənəvi dayaq və insanın emosional ehtiyacları
Əsərin üçüncü bəndi lirik qəhrəmanın daxili dünyasında yaranmış boşluğun daha geniş şəkildə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır:
Daha marağım yox, istəyim yoxdur,
Nə arzum, muradım, məqsədim yoxdur.
Elə bil tənhayam dəstəyim yoxdur,
Anasız dünyanı neyləyirəm mən [1, 33].
Bu bənddə əvvəlki misralarda ifadə olunan kədər artıq insanın gələcəyə münasibətinə də təsir göstərir. Lirik qəhrəman yalnız keçmişdə itirdiyi ananın həsrətini çəkmir, həm də gələcəyə yönəlmiş arzu və məqsədlərinin mənəvi əsasını itirmiş kimi görünür.
“Marağım yoxdur”, “istəyim yoxdur”, “arzum, muradım, məqsədim yoxdur” ifadələri paralel şəkildə işlədilərək emosional boşluğun miqyası genişləndirilir.
Bu misralarda insanın həyat motivasiyası ilə emosional bağlılıq arasında əlaqə diqqətə çatdırılır. İnsan həyatında onu sevən, dəstəkləyən, uğuruna sevinən, çətin anında yanında olan şəxslərin mövcudluğu mühüm psixoloji əhəmiyyət daşıyır. Ana bu münasibətlər sistemində xüsusi yer tutur.
“Dəstəyim yoxdur” ifadəsi ana obrazının yalnız sevgi mənbəyi deyil, həm də mənəvi dayaq funksiyasını vurğulayır.
Psixologiyada sosial dəstək insanın çətinliklərlə mübarizə aparmasına, emosional tarazlığını qorumasına və stressli hadisələrə uyğunlaşmasına kömək edən mühüm amillərdən biri hesab edilir. Ailə münasibətləri, yaxın insanların qayğısı, emosional qəbul və etibar hissi insanın psixoloji rifahına müsbət təsir göstərir.
Şeirdə ana bu dəstək sisteminin mərkəzi simvolu kimi təqdim olunur. Lirik qəhrəmanın “Elə bil tənhayam” deməsi də maraqlıdır. Burada tənhalıq mütləq şəkildə fiziki təcrid demək deyil. İnsan ətrafında çoxsaylı adamlar olduğu halda belə, özünü mənəvi baxımdan tək hiss edə bilər. Çünki tənhalıq bəzən insanın emosional bağlılıq duyduğu, özünü tamamilə güvəndə hiss etdiyi şəxsin yoxluğu ilə bağlı olur.
Bu mənada şeirdəki tənhalıq sosial deyil, daha çox ekzistensial və emosional xarakter daşıyır. İnsanın həyatında ana ilə bağlı formalaşmış mənəvi münasibətlər onun gələcəkdə də emosional yaddaşında yaşayır. Ananın öyrətdiyi davranış qaydaları, verdiyi nəsihətlər, göstərdiyi qayğı və sevgisi insanın həyat seçimlərinə təsir göstərməyə davam edir.
Deməli, fiziki yoxluq mənəvi təsirin də yox olması demək deyildir. Ana xatirəsi, onun mənəvi irsi və övladın şəxsiyyətində yaşatdığı dəyərlər insanın həyatında davam edə bilər.
Bu baxımdan şeirin emosional kədəri ilə yanaşı, ana xatirəsinin insan mənəviyyatındakı davamlılığı haqqında da düşünmək mümkündür.
4. Ana obrazının sevgi, həyat və mənəvi bütövlük simvolu kimi təqdim olunması
Şeirin son bəndi əvvəlki bəndlərdə ifadə olunan kədər və tənhalıq motivlərinin ümumiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
Ana - bu həyatda yaşam həvəsi,
Ana - qəlbimizin vuran guşəsi.
Ana - bir ocağın isti nəfəsi,
Anasız dünyanı neyləyirəm mən [1, s.33].
Əsərin ideya-estetik istiqamətini müəyyənləşdirən əsas məqam məhz bu bənddə cəmləşir. Əvvəlki bəndlərdə ana yoxluğunun yaratdığı ağrı, ümidsizlik və mənəvi boşluq təsvir edildiyi halda, burada ana anlayışının mahiyyəti birbaşa və ümumiləşdirilmiş şəkildə açılır.
“Ana - bu həyatda yaşam həvəsi” misrası ananı həyat eşqinin, yaşamaq istəyinin və mənəvi enerjinin mənbəyi kimi səciyyələndirir.
Burada ana ilə həyat arasında simvolik əlaqə yaradılır. Ana övladın yalnız bioloji dünyaya gəlməsinin səbəbkarı deyil, həm də onun həyata münasibətinin formalaşmasında iştirak edən əsas mənəvi qüvvədir. Şairin bu ifadəsi ana sevgisinin insanın həyat motivasiyasına təsirini ön plana çəkir. Ana qayğısı, övladına inamı, onun uğurlarına sevinməsi və çətinliklər zamanı dəstəyi insanın özünü dəyərli hiss etməsinə kömək edir.
“Ana - qəlbimizin vuran guşəsi” misrasında isə ürək və ana obrazları arasında məcazi əlaqə yaradılır.
Ürək ənənəvi poetik düşüncədə sevginin, həyatın, duyğuların və mənəvi bağlılığın simvoludur. Ananın qəlbin vuran guşəsi kimi təqdim edilməsi onun insanın daxili dünyasında xüsusi yer tutduğunu bildirir.
Bu ifadəni anatomik məna deyil, emosional və simvolik məna daşıyan poetik metafora kimi qiymətləndirmək lazımdır.
Ürəyin fəaliyyəti həyatın davamlılığını təmin etdiyi kimi, ana sevgisi də lirik qəhrəmanın mənəvi həyatının əsas dayaqlarından biri kimi təqdim edilir.
“Ana - bir ocağın isti nəfəsi” misrası isə milli-mənəvi düşüncəmizdə xüsusi yer tutan ocaq anlayışı ilə bağlıdır.
Azərbaycan xalqının dünyagörüşündə ocaq yalnız ailənin yaşadığı fiziki məkan deyil. Ocaq ailə birliyinin, doğmalığın, nəsil davamlılığının, qonaqpərvərliyin və mənəvi bütövlüyün simvoludur.
Ocağın istisi isə ailə üzvləri arasındakı sevgi, qayğı və mehribanlığı ifadə edir.
Şair ananı ocağın isti nəfəsi adlandırmaqla onun ailə daxilindəki birləşdirici və mənəvi funksiyasını vurğulayır. Ana ailənin emosional mərkəzi, doğmalıq hissinin qoruyucusu və ailə münasibətlərinin mənəvi dayağı kimi təqdim olunur.
Bu misrada “isti nəfəs” ifadəsi xüsusi poetik məna daşıyır. Nəfəs həyatın əlaməti, istilik isə sevgi və qayğının simvoludur. Bu iki anlayışın birləşməsi ana obrazının həyatverici və qoruyucu mahiyyətini gücləndirir.
Beləliklə, son bənddə ana üç mühüm mənəvi məna ilə səciyyələndirilir: Həyat həvəsinin mənbəyi; İnsan qəlbinin mənəvi mərkəzi; Ailə ocağının istiliyi və birliyi.
Bu üç məna ana obrazının fərdi, ailəvi və ümumbəşəri səviyyələrini birləşdirir.
5. Şeirin pedaqoji aspekti: ana tərbiyəsi və şəxsiyyətin mənəvi inkişafı
Nicat Ərtürkün şeirini pedaqoji aspektdən araşdırarkən ilk növbədə ana-övlad münasibətlərinin şəxsiyyətin formalaşmasındakı roluna diqqət yetirmək lazımdır.
Uşağın şəxsiyyət kimi inkişafı yalnız təlim və biliklərin mənimsənilməsi ilə məhdudlaşmır. Bu prosesə emosional münasibətlər, ailə mühiti, ünsiyyət, davranış nümunələri, əxlaqi dəyərlər və sosial təcrübə də daxildir. Ana uşağın ilk sosiallaşma mühitinin mühüm iştirakçısıdır. Uşaq sevgi, mərhəmət, paylaşmaq, başqasının hisslərini anlamaq, məsuliyyət və qayğı kimi keyfiyyətləri ilkin olaraq ailə münasibətləri daxilində mənimsəyir. Bu baxımdan ana yalnız ailə üzvü deyil, həm də ilk tərbiyəçi, mənəvi istiqamətləndirici və davranış nümunəsidir.
Şeirin son bəndindəki “Ana - bir ocağın isti nəfəsi” ifadəsi bu pedaqoji məzmunun poetik ifadəsi kimi diqqəti cəlb edir. Ailə ocağının istiliyi yalnız fiziki rahatlıq deyil, həm də uşağın emosional təhlükəsizliyini, qəbul olunmasını və mənəvi inkişafını təmin edən münasibətlər sistemidir. Pedaqoji baxımdan uşağın sağlam emosional mühitdə böyüməsi onun özünəinamının, sosial bacarıqlarının və mənəvi dəyərlərinin formalaşmasına müsbət təsir göstərir.
Ana sevgisi uşağa özünü dəyərli hiss etməyi öyrədir. Özünü sevilən və qəbul olunan hiss edən uşaq başqalarına qarşı da sevgi, mərhəmət və anlayış nümayiş etdirməyə daha çox meyil göstərə bilər. Burada mühüm bir pedaqoji qanunauyğunluq üzə çıxır: insanın uşaqlıq dövründə mənimsədiyi mənəvi münasibətlər onun sonrakı həyatında davranış və ünsiyyət mədəniyyətinin formalaşmasına təsir göstərir.
Şeirdə ananın yoxluğu ilə bağlı kədərin bu qədər güclü ifadə olunması da ana-övlad münasibətlərinin dərin emosional və tərbiyəvi əhəmiyyətini göstərir. Əsərin pedaqoji dəyərini müəyyənləşdirən başqa bir cəhət övladın valideyn əməyini, qayğısını və fədakarlığını dərk etməsi məsələsidir. Müasir cəmiyyətdə uşaqların və gənclərin mənəvi tərbiyəsində valideynlərə hörmət, ailə dəyərlərinin qorunması, böyüklərə ehtiram, valideyn əməyinin qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan şeir gənc nəslin mənəvi tərbiyəsi üçün də müəyyən imkanlar yaradır. Əsərin tədrisi zamanı şagirdlərdə ana sevgisi, ailə münasibətləri, minnətdarlıq, mərhəmət və məsuliyyət kimi dəyərlər ətrafında düşünmək üçün şərait formalaşdırmaq mümkündür. Lakin şeirin pedaqoji məzmununu yalnız ana itkisi ilə əlaqələndirmək düzgün olmazdı. Burada əsas məsələ ana sevgisinin insanın mənəvi inkişafındakı rolunu anlamaq, valideynə münasibətdə sevgi və ehtiramın gündəlik həyatda ifadə olunmasının vacibliyini dərk etməkdir.
Şeir həmçinin insanın həyatında mənəvi dəyərlərin maddi nemətlərdən üstün tutulması ideyasını da ifadə edir. İlk bənddəki “Sənin zər-zibanı istəmirəm mən” misrası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Pedaqoji müstəvidə bu fikir gənc nəslin maddiyyatçılıqdan uzaqlaşması, mənəvi zənginliyə, ailə bağlılığına və insani münasibətlərə üstünlük verməsi baxımından şərh edilə bilər.
Beləliklə, əsər yalnız ana sevgisini tərənnüm etmir, həm də insanın hansı dəyərlər üzərində formalaşmalı olduğu haqqında düşündürür.
6. Ana sevgisinin psixoloji və fəlsəfi aspektləri: uşaqlıq yaddaşı və mənəvi bağlılıq
Ana ilə övlad arasındakı münasibətlər insanın həyatında ən erkən emosional bağlılıq formalarından biridir. Bu bağlılıq uşağın dünyanı təhlükəsiz və ya təhlükəli məkan kimi qavramasında, özünə və başqalarına münasibətində mühüm rol oynaya bilər. Ana qayğısı uşağın emosional ehtiyaclarının qarşılanmasına, özünü qorunmuş hiss etməsinə və ətraf mühitə uyğunlaşmasına kömək edir. Bu mənada Nicat Ərtürkün şeirindəki ana obrazı yalnız konkret bir insanın portreti deyil, həm də insanın uşaqlıq dünyasının, təhlükəsizlik hissinin və mənəvi doğmalığın simvoludur.
Şeirdə ana yoxluğunun bütün dünyanın mənasını dəyişdirməsi də bu psixoloji bağlılığın dərinliyi ilə əlaqələndirilə bilər. İnsan böyüdükcə sosial münasibətləri genişlənir, yeni dostluqlar, ailə münasibətləri və həyat təcrübələri qazanır. Lakin uşaqlıqda formalaşmış ana-övlad bağlılığının özünəməxsusluğu qorunub saxlanılır. Bu bağlılıq insanın yaddaşında müxtəlif formalarda yaşayır: ananın səsi, baxışı, nəsihəti, qayğısı, gündəlik davranışları və onunla bağlı xatirələr.
Ana itkisi həmin xatirələri daha da emosional məna ilə yükləyə bilər. Şeirin ikinci bəndindəki “Qəlbim için-için al-qan ağlayır” misrası məhz belə bir daxili yaşantının poetik ümumiləşdirilməsi kimi dəyərləndirilə bilər. Fəlsəfi baxımdan burada yaddaş və zaman problemi də meydana çıxır. Fiziki ayrılıq insanın keçmişdə yaşadığı münasibətləri yox etmir. Əksinə, həmin münasibətlər yaddaş vasitəsilə davam edir. İnsan itirdiyi doğmasını xatırlayarkən onunla bağlı mənəvi təcrübəsini yenidən yaşayır. Bu baxımdan xatirə keçmişlə indiki zaman arasında mənəvi əlaqə yaradan vasitədir.
Şeirdəki ana həsrəti də keçmişdə mövcud olmuş sevgi münasibətinin indiki zamanda davam edən emosional təsiridir. Beləliklə, ana yoxluğu yalnız fiziki ayrılıq deyil, həm də yaddaşda yaşayan sevginin həsrətə çevrilməsidir.
7. Şeirin poetik dili və bədii-estetik xüsusiyyətləri
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirinin ideya məzmunu onun poetik quruluşu və bədii ifadə vasitələri ilə sıx bağlıdır. Əsər dörd bənddən ibarətdir. Hər bənddə dörd misra yer alır və sonuncu misra eyni şəkildə təkrarlanır: “Anasız dünyanı neynəyirəm mən”. Bu təkrar şeirin əsas kompozisiya və məna dayağıdır.
Ədəbiyyatşünaslıqda belə təkrarlar nəqarət və ya rədif xarakterli təkrarlanan misra funksiyası daşıya bilər. Şeirdəki bu misra hər bənddə əvvəlki poetik düşüncəni yekunlaşdırır və ana itkisi ilə bağlı əsas emosional nəticəni yenidən diqqət mərkəzinə gətirir. Təkrarın funksiyası yalnız ritmik bütövlük yaratmaqla məhdudlaşmır. O, həm də lirik qəhrəmanın dəyişməyən daxili vəziyyətini ifadə edir.
Birinci bənddə təkrar dünyanın maddi nemətlərinin ana sevgisi qarşısında dəyərsizləşməsi fikrini tamamlayır.
İkinci bənddə kədərin və daxili iztirabın nəticəsi kimi səslənir.
Üçüncü bənddə tənhalıq, məqsədsizlik və mənəvi dayaqsızlıq hissini ümumiləşdirir.
Dördüncü bənddə isə ana obrazının fəlsəfi mahiyyətini təsdiqləyən yekun poetik qənaətə çevrilir.
Beləliklə, eyni misranın müxtəlif bəndlərdə təkrarlanması onun məna çalarlarını genişləndirir. Şeirdə diqqəti cəlb edən digər bədii vasitə metaforadır. “Kədərim sevinci boğub, bağlayır” ifadəsində kədər canlı qüvvə kimi təqdim olunur. O, sevincin qarşısını alan, onu sıxışdıran və məhdudlaşdıran bir varlıq təsiri yaradır. “Köztək dağlayır” ifadəsində isə təşbeh vasitəsilə mənəvi ağrı fiziki yanğı ilə müqayisə edilir.
“Qəlbim için-için al-qan ağlayır” misrasında hiperbolik təsvir və emosional gücləndirmə vasitələrindən istifadə olunur.
Son bənddəki “yaşam həvəsi”, “qəlbimizin vuran guşəsi”, “ocağın isti nəfəsi” ifadələri isə ana obrazının simvolik və metaforik məzmununu genişləndirir. Şeirin dilində sadəlik və anlaşıqlılıq da mühüm xüsusiyyətdir. Müəllif mürəkkəb fəlsəfi fikirləri gündəlik danışıq dilinə yaxın ifadələrlə çatdırır. Bu xüsusiyyət əsərin geniş oxucu auditoriyası tərəfindən asan qavranılmasına imkan yaradır. Şeirin emosional təsir gücü məhz mürəkkəb anlayışların sadə, lakin təsirli poetik ifadələrlə təqdim edilməsindədir.
8. Kompozisiya və emosional inkişaf: fərdi kədərdən ümumiləşdirilmiş ana obrazına
Şeirin kompozisiya quruluşunda məntiqi və emosional inkişaf müşahidə olunur. Dörd bənd bir-birini tamamlayaraq lirik qəhrəmanın daxili dünyasını mərhələli şəkildə açır.
Birinci bənddə həyatın zahiri nemətlərindən uzaqlaşma və ana yoxluğunun doğurduğu mənəvi etiraz ifadə edilir.
İkinci bənddə bu etirazın arxasında dayanan psixoloji ağrı, kədər və daxili iztirab ön plana çəkilir.
Üçüncü bənddə kədərin insanın gələcək arzularına, maraqlarına və həyat motivasiyasına təsiri göstərilir.
Dördüncü bənddə isə müəllif ümumiləşdirməyə keçərək ananın insan həyatındakı yerini üç əsas poetik obraz vasitəsilə açıqlayır.
Bu ardıcıllıq şeirin emosional strukturunu müəyyənləşdirir: İtki - kədər - tənhalıq - mənəvi ümumiləşdirmə.
Son bəndin əvvəlki bəndlərdən fərqlənən cəhəti ondan ibarətdir ki, burada ana haqqında düşüncə yalnız lirik qəhrəmanın şəxsi hissləri ilə məhdudlaşmır. “Ana - bu həyatda yaşam həvəsi” və “Ana - qəlbimizin vuran guşəsi” ifadələrində birinci şəxsin təkindən ümumiləşdirilmiş insan təcrübəsinə keçid müşahidə olunur.
Beləliklə, fərdi yaşantı ümumbəşəri məna qazanır. Əsərin kompozisiyasında təkrar olunan son misra isə bütün bəndləri vahid ideya ətrafında birləşdirir. Bu misra şeirin həm emosional kulminasiyası, həm də ideya baxımından əsas yekunudur.
9. Ana obrazının milli-mənəvi və ailəvi dəyərlərlə əlaqəsi
Azərbaycan xalqının milli-mənəvi düşüncəsində ana anlayışı ailə, nəsil, ocaq, vətən və doğmalıq kimi anlayışlarla sıx bağlıdır. “Ana” sözü yalnız ailə münasibətini bildirən anlayış deyil, həm də milli kimliyin və mənəvi yaddaşın mühüm komponentidir. Ana dili, ana torpağı, ana Vətən ifadələri bu anlayışın milli düşüncədə qazandığı geniş semantik məzmunu göstərir.
Nicat Ərtürkün şeirindəki “Ana - bir ocağın isti nəfəsi” misrası da məhz bu milli-mənəvi kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Ocaq Azərbaycan xalqının ailə və məişət mədəniyyətində müqəddəs məkan kimi qəbul edilmişdir. Ocağın sönməməsi ailənin davamlılığı, nəslin yaşaması və mənəvi dəyərlərin qorunması ilə əlaqələndirilmişdir. Ana bu ocağın istiliyini qoruyan, ailə üzvləri arasında sevgi və doğmalıq münasibətlərini möhkəmləndirən simvolik mərkəz kimi təqdim olunur.
Şairin ana obrazını ocağın isti nəfəsi ilə əlaqələndirməsi milli düşüncənin poetik təzahürüdür. Burada ana obrazının fərdi və milli məzmunu birləşir. Fərd üçün ana öz anasıdır, ailə üçün ana birliyin və qayğının simvoludur, milli düşüncə üçün isə ana doğmalıq və mənəvi davamlılıq anlayışlarının ifadəçisidir. Bu mənada əsər milli-mənəvi dəyərlərin poetik təqdimatı baxımından da maraq doğurur.
10. Şeirin humanist məzmunu və insan münasibətlərinə çağırış
Şeirin əsas ideyalarından biri insan həyatında sevginin və mənəvi münasibətlərin maddi nemətlərdən üstün olmasıdır. Müəllif ilk bənddə dünyanın zahiri gözəlliklərini və dəbdəbəsini ana sevgisi ilə qarşılaşdırır. Bu qarşılaşdırma əsərin humanist məzmununu gücləndirir. İnsan həyatının dəyəri yalnız maddi nailiyyətlərlə ölçülmür. Sevgi, qayğı, mərhəmət, etibar və mənəvi bağlılıq insanın həyat keyfiyyətini müəyyən edən əsas amillərdəndir.
Ana bu dəyərlərin təcəssümü kimi təqdim olunur.
Şeir oxucunu yalnız ana itkisi haqqında düşünməyə deyil, həm də sağlığında valideynlərin qədrini bilməyə, onların əməyini qiymətləndirməyə və sevgisini cavabsız qoymamağa çağıran mənəvi məzmun daşıyır. Burada əsərin tərbiyəvi əhəmiyyəti bir daha üzə çıxır. İnsan bəzən gündəlik həyatın qayğıları içərisində ona göstərilən diqqətin və sevginin əhəmiyyətini lazımi səviyyədə dərk etmir. Lakin itki baş verdikdən sonra həmin münasibətlərin əvəzolunmazlığı daha aydın hiss olunur. Şeirdəki lirik qəhrəmanın kədəri oxucuda belə bir mənəvi düşüncə yaradır: insan sevdiklərinin qədrini yalnız onları itirdikdən sonra deyil, sağlığında bilməlidir.
Bu fikir əsərin humanist və pedaqoji məzmununu tamamlayır.
11. Lirik qəhrəmanın xarakteri və müəllif mövqeyi
Şeirin lirik qəhrəmanı həssas, duyğusal, ana sevgisinə yüksək dəyər verən və itkinin mənəvi ağırlığını dərindən yaşayan obraz kimi səciyyələndirilə bilər. Onun daxili dünyasında ana yoxluğu həyatın bütün digər hadisələrindən üstün mövqeyə keçir. Maddi nemətlər, arzular, istəklər və məqsədlər əvvəlki əhəmiyyətini itirir. Lirik qəhrəmanın bu emosional vəziyyəti onun ana ilə bağlı mənəvi bağlılığının gücünü göstərir.
Bununla belə, lirik qəhrəmanın hər bir misrada ifadə etdiyi hissləri müəllifin şəxsi bioqrafiyası və real psixoloji vəziyyəti ilə eyniləşdirmək olmaz. Bədii əsərdə lirik qəhrəman müəllifin poetik düşüncəsini ifadə edən obrazdır və onun yaşantıları ümumiləşdirilmiş xarakter daşıya bilər.
Nicat Ərtürk bu obraz vasitəsilə ana həsrətinin yalnız bir insanın fərdi hissi olmadığını, bütün insanlığın mənəvi təcrübəsində xüsusi yer tutan duyğu olduğunu göstərir. Müəllif mövqeyinin əsasını ana sevgisinə ehtiram, analığın müqəddəsliyi, ailə dəyərlərinə bağlılıq və insan münasibətlərində mənəvi zənginliyin üstünlüyü təşkil edir.
Şeirin son bəndində bu mövqe daha aydın şəkildə ifadə olunur. Ana obrazı konkret fərdi xüsusiyyətlərdən uzaqlaşaraq ümumiləşdirilmiş mənəvi dəyərə çevrilir.
12. Əsərin müasir dövrdə mənəvi və tərbiyəvi əhəmiyyəti
Müasir dövrdə insan münasibətlərinin xarakterində baş verən dəyişikliklər, həyat tempinin sürətlənməsi, texnologiyanın gündəlik həyata təsirinin artması və ailə ünsiyyətinə ayrılan vaxtın azalması mənəvi dəyərlərin qorunması məsələsini daha da aktuallaşdırır. Bu şəraitdə ana sevgisi, ailə bağlılığı, valideynə ehtiram və nəsillərarası mənəvi münasibətlər haqqında bədii əsərlərin əhəmiyyəti artır.
Nicat Ərtürkün şeiri məhz belə bir mənəvi ehtiyaca cavab verən poetik nümunə kimi dəyərləndirilə bilər. Əsərin tədris prosesində istifadəsi şagirdlərin emosional və əxlaqi inkişafına töhfə verə bilər. Müəllim şeir əsasında ana-övlad münasibətləri, valideyn zəhməti, ailə dəyərləri, minnətdarlıq və mənəvi məsuliyyət haqqında müzakirələr təşkil edə bilər. Xüsusilə şeirin son bəndi şagirdlərin diqqətini ana obrazının müxtəlif simvolik mənalarına yönəltmək üçün əlverişlidir.
“Ana - bu həyatda yaşam həvəsi” misrası həyat eşqi və sevgi münasibətlərinin insanın inkişafına təsirini, “Ana - qəlbimizin vuran guşəsi” misrası emosional bağlılığı, “Ana - bir ocağın isti nəfəsi” misrası isə ailə birliyini və mənəvi bütövlüyü müzakirə etmək üçün əsas yaradır. Belə bir yanaşma ədəbiyyat dərsinin yalnız mətnin məzmununu öyrənməkdən ibarət olmadığını, həm də şagirdlərin mənəvi dünyasına təsir göstərən tərbiyəvi proses olduğunu nümayiş etdirir. Bununla yanaşı, ana itkisi mövzusunun tədrisi zamanı emosional həssaslıq nəzərə alınmalıdır. Çünki sinifdə valideyn itkisi yaşamış və ya mürəkkəb ailə münasibətləri olan şagirdlər də ola bilər. Buna görə də müəllim mövzunu müzakirə edərkən heç bir şagirdi şəxsi təcrübəsini açıqlamağa məcbur etməməli, empatiya və psixoloji təhlükəsizlik mühitini qorumalıdır.
Bu yanaşma əsərin pedaqoji dəyərini daha da artırır.
13. Şeirin ideya-bədii bütövlüyü və ümumiləşdirici məna
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeiri məzmun və forma baxımından ana həsrəti mövzusuna həsr olunmuş emosional-lirik nümunədir. Əsərin əsas ideyası ana sevgisinin əvəzsizliyini və ana yoxluğunun insanın mənəvi dünyasında yaratdığı boşluğu ifadə etməkdən ibarətdir. Şair bu ideyanı dörd bənd boyunca mərhələli şəkildə inkişaf etdirir. İlk bənddə dünyanın maddi nemətlərinə münasibət dəyişir, ikinci bənddə kədərin psixoloji təzahürləri, üçüncü bənddə tənhalıq və məqsədsizlik, son bənddə isə ana obrazının fəlsəfi mahiyyəti təqdim olunur.
Şeirin ən mühüm bədii xüsusiyyəti təkrarlanan misranın bütün emosional və ideya məzmununu vahid mərkəzdə birləşdirməsidir. “Anasız dünyanı neynəyirəm mən” misrası ilk baxışda ritorik sual təsiri bağışlasa da, əslində, lirik qəhrəmanın həyat haqqında mənəvi qənaətini ifadə edir. Bu sualın cavabı şeirin bütün bəndlərində gizlidir: ana insanın həyatında elə bir mənəvi dəyərdir ki, onun yoxluğu digər nemətlərin əvvəlki əhəmiyyətini itirməsinə səbəb olur. Lakin əsərin məzmununu yalnız ümidsizlik və kədər çərçivəsində məhdudlaşdırmaq düzgün olmazdı. Şeirdə ifadə olunan ana sevgisi eyni zamanda insanın mənəvi yaddaşının, ailə bağlılığının və insani dəyərlərə sədaqətinin göstəricisidir.
Ana fiziki olaraq həyatda olmasa belə, onun övladının şəxsiyyətində formalaşdırdığı mənəvi keyfiyyətlər, öyrətdiyi dəyərlər və xatirəsi yaşamaqda davam edir. Bu baxımdan əsərin dərin qatında yalnız itki deyil, həm də sevginin zaman və məkan sərhədlərini aşan mənəvi davamlılığı dayanır.
Nəticə
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeiri ana sevgisinin, ana həsrətinin və insan mənəviyyatında ana obrazının əvəzsiz mövqeyinin poetik ifadəsi kimi diqqəti cəlb edir. Əsərin təhlili göstərir ki, müəllif ana itkisini yalnız fərdi kədər və emosional sarsıntı səviyyəsində təqdim etmir, onu insanın həyatın mənasına, dünyaya münasibətinə və mənəvi dəyərlər sisteminə təsir göstərən ümumbəşəri problem kimi ümumiləşdirir.
Şeirin fəlsəfi məzmununda varlıq və yoxluq, həyatın mənası, maddi və mənəvi dəyərlərin qarşılaşdırılması kimi məsələlər əsas yer tutur. Lirik qəhrəmanın “Daha ehtiyacım qalmayıb sənə” və “Sənin zər-zibanı istəmirəm mən” ifadələri maddi nemətlərin ana sevgisi qarşısında ikinci dərəcəli xarakter daşıdığını göstərir. Beləliklə, müəllif insan həyatının əsl dəyərinin mənəvi münasibətlər və doğmalıq hissi ilə müəyyənləşdiyini poetik şəkildə ifadə edir.
Psixoloji baxımdan əsərdə kədər, həsrət, tənhalıq, mənəvi dayaqsızlıq və emosional boşluq motivləri aparıcı mövqedədir. “Kədərim sevinci boğub, bağlayır” və “Qəlbim için-için al-qan ağlayır” misraları itkinin insanın daxili dünyasında yaratdığı sarsıntını obrazlı şəkildə canlandırır. Üçüncü bənddə isə bu emosional vəziyyətin insanın arzu və məqsədlərinə təsiri ön plana çəkilir.
Pedaqoji aspektdən şeir ana-övlad münasibətlərinin şəxsiyyətin formalaşmasındakı rolunu, ailə tərbiyəsinin əhəmiyyətini, valideynə hörmət və minnətdarlıq kimi mənəvi keyfiyyətləri aktuallaşdırır. Əsər gənc nəslin ailə dəyərlərinə bağlılıq, mərhəmət, sevgi, qayğı və mənəvi məsuliyyət ruhunda tərbiyə olunması baxımından da müəyyən imkanlara malikdir.
Şeirin bədii-estetik xüsusiyyətləri arasında təkrarlanan misranın kompozisiya və emosional funksiya daşıması, metaforik ifadələr, təşbeh, hiperbolik təsvirlər və sadə, anlaşıqlı poetik dil xüsusi əhəmiyyət kəsb edir. Dörd bənd boyunca təkrarlanan “Anasız dünyanı neynəyirəm mən” misrası əsərin ideya istiqamətini müəyyənləşdirən əsas poetik vasitəyə çevrilir.
Xüsusilə son bənddə ananın “yaşam həvəsi”, “qəlbimizin vuran guşəsi” və “ocağın isti nəfəsi” kimi təqdim olunması ana obrazının fərdi hisslər çərçivəsindən çıxaraq ümumbəşəri və milli-mənəvi məzmun qazanmasını təmin edir.
Tədqiqatın nəticəsi olaraq demək olar ki, Nicat Ərtürkün bu şeirində ana obrazı insanın həyat eşqini, mənəvi bütövlüyünü, emosional təhlükəsizliyini və ailə bağlılığını ifadə edən fundamental dəyər kimi təqdim olunur. Əsərin əsas ideya-estetik məziyyəti fərdi ana həsrətini ümumiləşdirərək onu hər bir insanın mənəvi dünyasına yaxın olan bəşəri duyğu səviyyəsinə yüksəltməsidir. Şeirin oxucuya aşıladığı başlıca mənəvi qənaət isə belə ümumiləşdirilə bilər: insan həyatında elə dəyərlər var ki, onların əhəmiyyəti heç bir maddi nemətlə ölçülə bilməz. Ana sevgisi də məhz belə əvəzsiz dəyərlərdəndir. Ana insanın yalnız keçmişində qalan bir xatirə deyil, onun şəxsiyyətində, mənəvi dünyasında, həyat prinsiplərində və insani münasibətlərində yaşamaqda davam edən əbədi bir dəyərdir.
Bu mənada “Anasız dünyanı neynəyirəm mən” misrası yalnız bir şeirin nəqarəti deyil, ana sevgisinin əvəzsizliyini ifadə edən fəlsəfi-poetik qənaət kimi səslənir.
Əziz şairimiz Nicat!
Şeirini təhlil etdikcə neçə dəfə kövrəldim, neçə dəfə qəlbimdə sözlər göz yaşına çevrildi... Sənin misralarında ana həsrətinin nə qədər dərin, ana sevgisinin isə nə qədər müqəddəs olduğunu bir daha hiss etdim. Ulu Yaradan sənin kimi həssas qəlbli övladları əziz etsin! Bəzən ana haqqında yazılan bir misra illərin həsrətini oyadır, bir kəlmə insanı uşaqlığının ən doğma xatirələrinə qaytarır...
İnanıram ki, “Ana həsrəti” adlı sevgi, nisgil və mənəvi ehtiramla yoğrulmuş şeir kitabın üçün Allah dərgahında ən gözəl mükafatlara layiq görüləcəksən. Çünki ana sevgisini misralara köçürmək, ana həsrətini sözə çevirmək hər qəlbin bacaracağı iş deyil.
Allah bütün analara can sağlığı versin, dünyasını dəyişən analara rəhmət eləsin. Qoy heç bir övlad ana həsrətinin yandırıcı ağrısını yaşamasın, heç bir ana övladından ayrı düşməsin!
Ana sevgisi bitməz, ana xatirəsi silinməz, ana adı isə heç vaxt qəlblərdən köçməz!
ELZA MOLLAYEVA
Pedaqogika elmləri doktoru,
Bakı Dövlət Universitetinin professoru