XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
20 İyun 2022
16 İyun 2022
15 İyun 2022
14 İyun 2022
11 İyun 2022



Ədalətli oyun sahəsində fərqlənənlər mükafatlandırıldılar  — FOTO
İdman 18:29 / 17.05.2022

Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası 2021-ci ilin yekunlarına əsasən, ədalətli oyunlar sahəsində fərqlənənlərə və "Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, MOK-un keçmiş baş katibi Ağacan Abiyev, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və müxtəlif idman federasiyalarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Ç.Hüseynzadə son iki ildə pandemiya ilə əlaqədar çətinliklərlə üzləşdiklərini vurğulayaraq deyib: "Bu gün bizim üçün əlamətdar bir gündür. Biz son iki ildə pandemiyaya görə çətinliklər çəkdik. Pandemiya bizim bir çox işimizi yarımçıq qoymuşdu. Bu günki tədbirimiz də həmin o yarımçıq qalan işlərimizdən birinin həllinə yönəlib. Bildiyiniz kimi biz hər il ədalətli oyunlar nominasiyasını həyata keçiririk. 2021-ci ilin nominasiyasını pandemiyaya görə keçirə bilmədik. Biz eyni zamanda "Olimpiya dünyası” qəzeti ilə birgə müsabiqə elan etdik. Ədalətli oyunlar prinsipinə, ədalətli oyunların ruhuna uyğun fotomüsabiqə həyata keçirdik. Həmin müsabiqənin qalibləri də bu tədbirdə mükafatlandırılacaqlar.
Keçən il Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki Baş Məclisi keçirildi, yeni heyət müəyyənləşdi. Seçkilər zamanı Milli Olimpiya Komitəsinin rəhbərliyinə yeni üzvlər seçildi. Lakin Milli Olimpiya Komitəsinin keçmiş vitse-prezidenti Xəzər İsayev və keçmiş baş katibi Ağacan Abiyev komissiyalarda öz fəaliyyətini davam etdirirlər. Xəzər İsayev bu gün Ədalətli Oyunlar Komissiyasının sədri, Ağacan Abiyev isə Olimpiya Akademiyasının prezidentidir. Ona görə də Milli Olimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən bu iki təşkilatın təşəbbüsü ilə bu tədbir həyata keçirildi”.
Tədbirdə çıxış edən Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, fotomüsabiqəyə 170-dən artıq fotonun göndərildiyini diqqətə çatdırıb: "Bu gün 2021-ci ilin yekunlarına əsasən, ədalətli oyunlar sahəsində fərqlənənlərə və "Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim olunacaq. Çalışacağıq ki, qaliblərin çəkdiyi şəkilləri Avropa Ədalətli Oyunlar Hərəkatının keçirdiyi müsabiqəyə təqdim edək. Biz bununla ən azından iştirakımızı təmin edəcəyik”, - deyə Xəzər İsayev bildirib.
Sonra mükafatların təqdimetmə mərasimi keçirilib. Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə təqdim olunub. Ədalətli oyun prinsiplərinə sadiq hakim nominasiyasında Asif Şirəliyev (güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi nominasiyasında isə Radiq Hüseynov (güləş) fərqlənib. Ədalətli oyun prinsiplərinə sadiq idmançı mükafatı isə karateçi Rafael Ağayevə verilib. Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı (qəzetlər arasında) nominasiyasına "Olimpiya dünyası” qəzeti, Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı (televiziya jurnalistləri arasında) nominasiyasına isə Rövşən Binnətli ("İdman” telekanalının direktoru) layiq görülüb.
Daha sonra "Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Belə ki, Zaur Mustafayev ("Trend” Beynəlxalq İnformasiya Agentliyi) birinci, Azər Əlizadə ("Olimpiya dünyası” qəzeti) ikinci, Dilavər Nəcəfov (Gənclər və İdman Nazirliyi) isə üçüncü olub.
İlqar Cəfərov (Azərtac) və Fərqanə Qasımlı (Azərbaycan Fotoqraflar Birliyi) isə həvəsləndirici mükafatlara sahib çıxıblar.
Mükafatlandırmadan sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qalibləri təbrik edərək onlara uğurlar arzuladı. "Mükafat alan hər kəsi təbrik edirəm. Onlar həqiqətən bu mükafata layiq insanlardır. Ədalətli oyun prinsipləri üzrə mükafat vermək çox çətindir. Çalışırıq ki, bu zaman ədaləti qoruyaq, hər şeydən üstün tutaq. Bu ilki mükafat Rafaelə veriləndə onun Tokiodakı çıxışı və ədalət naminə görüşü davam etdirməsi prinsipi əsas götürülüb. Həmçinin "İdman” TV kanalı idmançıların təbliğində böyük rol oynayır və gözəl verilişlər hazırlayır. Ən əsası da bu verilişlər ədalət prinsiplərinə uyğundur. Eləcə də başqa mükafatlar alanlar Radik Hüseynov, Asif Şirəliyev və "Olimpiya dünyası” qəzeti ədalətli olmağa çalışıb, ədalət prinsiplərini qoruyub. Mən indidən deyərdim ki, gələn ilin ədalətli oyunlar mükafatını məşqçilər üzrə Qurban Qurbanova veriləcək. O, "Marsel”lə oyunda möhtəşəm hərəkətinə, ədalət prinsipinə görə bu mükafata layiqdir”, - deyə Çingiz Hüseynzadə qeyd edib.



4405 oxunub

InvestAZ