XƏBƏR LENTİ
27 May 2022
25 May 2022
24 May 2022
19 May 2022
17 May 2022
12 May 2022
11 May 2022



“ZENİT” BTİCİB-də gələcəyin peşəkar boksçuları yetişir
İdman 14:01 / 18.01.2022
Bu yaxınlarda Ukraynanın İvano-Frankovsk şəhərində boks üzrə İqor Qaydamakinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçrilib. Sayca ikinci dəfə təşkil olunan yarışda Azərbaycanla yanaşı, Ukrayna, Polşa, Çexiya, Macarıstan, Moldova, Belarus, İsrail, Özbəkistan və Slovakiya komandalarını təmsil edən 384 boksçu iştirak edib. Ölkəmiz yarışda 12 idmançı ilə təmsil olunub. Onlardan 11-i "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİCİB) boksçuları olub. Yeniyetmə və gənc boksçuların mübarizəsində "Zenit”in 6 boksçusu mükafatçılar sırasında yer alıb. Boksçularımızdan Mehran Rəsulov (63,5 kq) turnirin qalibi olaraq qızıl medala layiq görülüb. O, həmçinin turnirin ən yaxşı boksçusu kimi təşkilatçılar tərəfindən xüsusi hədiyə ilə mükafatlandırılıb. İdman Cəmiyyətinin digər yetirmələrindən Namid Şanena (48 kq), Həsən Əhmədzadə (70 kq), Hüseyn Orucov (50 kq), Səccad Nəsir (54 kq) və Hüseyn Məmişov (57 kq) isə bürünc medallara sahib çıxıblar.

Bu günlərdə Ukrayna sınağında uğur qazanan boksçularımızdan bir neçəsi və onların məşqçisi Azərbaycanın Əməkdar məşqçisi Ceyhun Rüstəmov redaksiyamızın qonağı olub.
Qeyd edək ki, C.Rüstəmov məşqçilik fəaliyyətinə 2001-ci ildən Azərbaycan Müdafiə Nazirliyinin "Ordu” İdman Klubunda başlayıb. 2004-2007-ci illərdə məşqçilik fəaliyyətini kişilərdən ibarət milli komandanın bazasında baş məşqçi köməkçisi kimi davam etdirib. 2007-ci ildən "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyində çalışır. İdman cəmiyyətinin boksçuları baş məşqçi Təvəkkül Məmmədov və Ceyhun Rüstəmovun rəhbərliyi altında ölkədaxili və beynəlxalq arenalarda nailiyyətlər qazanıblar. Onların arasında ölkədaxili çempionatlarla yanaşı, dünya kubokunun mükafatçısı və Avropa çempionatlarının iştirakçıları da var. Söhbətimizə idman cəmiyyətinin boksçuları haqda məlumatla başlayan Ceyhun Rüstəmov burada hazırda üç qrupun günün müxtəlif saatlarında məşq keçdiyini bildirdi.
"Hazırda "Zenit”də boks üzrə iki məşqçi çalışır. Baş məşqçi kimi, Azərbaycanın Əməkdar məşqçisi Təvəkkül Məmmədov və məşqçi kimi mən boksçulara bu idman növünün sirləri haqda məlumat veririk. Səhər, günorta və axşam qruplarımız var. Zalımızda kiçikyaşlı yeniyetmələr, yeniyetmələr, gənclər və yaşı 18-dən yuxarı olan qruplarımız məşq keçir. Hər qrupda isə minimum 10-12 boksçu var. Düzünü desəm, pandemiya şəraiti idmançılarımızın çıxışlarına bir qədər təsir etdi. Boksçularımız təxminən il yarımdan çox idmandan uzaq qaldılar. Bu hal idmançılarımıza fiziki, texniki-taktiki və psixoloji olaraq da öz təsirini göstərdi. Bəzi idmançılarımız karyeralarının ən yaxşı və parlaq dövrlərini itirdilər. Boksda elədir ki, yeniyetmələr arasında yarışlarda iştirak etmədən gənclər arasında çıxış etmək çox çətindir. Bir neçə boksçumuz var ki, onlar bu mərhələni adlamadan birbaşa gənclərin yaş kateqoriyasına keçdilər. Hər şey mərhələli şəkildə olmalıdır. Belə olan halda istənilən uğura nail olmaq mümkündür. Bu gün artıq məşqlərimiz bərpa olunub. Karantin qaydalarına əməl edərək məşq prosesimizi keçirik. Düzdür, hələ ki, yaranan çətinlikləri tam olaraq aradan qaldırmaq mümkün olmayıb. Amma çalışacağıq ki, bu problemlərin həllinə nail olaq və idmançılarımız bu müddət ərzində itirdikləri əvvəlki formalarına geri qayıtsınlar. Hesab edirəm ki, bunun üçün bizə yaxşı məşq prosesi və bir neçə yarış kifayət edəcək. Artıq idmançılarımız bir neçə yarışda iştirak ediblər. Yeniyetmə boksçularımız Ukraynada, böyüklərdən ibarət dəri əlcək ustalarımız isə bu yaxınlarda başa çatan kişilər arasında Azərbaycan çempionatında iştirak etdilər. Cəmiyyətimizin boksçularından Ramazan Abdullayev (60 kq) və Elməddin İsmayılov (67 kq) turniri bürünc medalla başa vurdu. Qeyd edim ki, hər iki idmançının şəxsi məşqçisi Əməkdar məşqçi Təvəkkül Məmmədovdur”, - deyə Ceyhun müəllim bildirdi.
Ceyhun Rüstəmov söhbət zamanı "Zenit”in idmançılarının Ukraynada təşkil olunan boks üzrə beynəlxalq turnirdəki uğurlu çıxışından da danışdı. Təcürbəli mütəxəssis turnirin idman cəmiyyətinin yeniyetmə boksçularının ustalıq səviyyəsinin artırılması baxımından çox mühüm olduğunu vurğuladı. "Vaxtilə Ukrayna Boks Federasiyasının rəhbəri olmuş İqor Qaydamakinin xatirəsinə həsr edilən bu yarış 2019-cu ildən təşkil olunur. Boksçularımız ikinci dəfə keçirilən turnirdə geniş heyətlə təmsil olundular. Yarışa yollanan idmançılarımızdan 6-sı mükafatçılar sırasında yer aldı. Biz yarışa təkcə medal qazanmaq üçün deyil, hazırlıq səviyyəmizi daha da yaxşılaşdırmaq və təcrübə qazanmaq üçün getmişdik. Belə turnirlərdə qazanılan təcrübə isə bizə daha böyük yarışlarda mükafatçılar sırasında yer almaqda kömək olacaq. Məhz bu baxımdan turnir idmançıları sınaqdan keçirmək üçün əla bir fürsət oldu. İki ilə yaxın fasilə olmasına baxmayaraq boksçularımız bu turnirdə çox böyük həvəslə və uğurla iştirak etdilər. Məşqçi kimi onların bu uğurunu yüksək qiymətləndirirəm. Ən azından onlar yeni idmançılarla qarşılaşdılar və bu da boksçularımız üçün fərqlilik oldu. Növbəti aylarda da idman cəmiyyətinin boksçularının bu cür yarışlarda iştirakı nəzərdə tutulur. Qeyd edim ki, yarışdan qayıtdıdan sonra "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov idmançıları qəbul etdi. Fazil müəllim, boksçuları qazanılan qələbə münasibəti ilə təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzuladı. Fürsətdən istifadə edib, bizə yaratdığı şəraitə və dəstəyə görə Fazil müəllimə öz adımdan və boksçularımız adından minnətdarlığımı bildirirəm”, - deyə Ceyhun müəllim qeyd etdi.
Ceyhun Rüstəmov həmçinin idmançıların çıxışlarına da toxundu. O, bu yarışda boksçulardan razı qaldığını, buraxılan səhvlərin üzərində daha yaxşı məşq edəcəklərini bildirdi.
"2005-2006-cı illər təvəllüdlü boksçular arasında mübarizə aparan idmançımız Hüseyn Məmişov yarışa 1/4 finaldan başladı. O, ilk görüşünü rumıniyalı boksçuya qarşı keçirdi. Ən çətin rəqiblər demək olar ki, onunla düşmüşdü. O, ilk döyüşdə qalib gələrək mərhələ adlasa da, sonrakı döyüşdə güclü Ukrayna boksçusuna məğlub olaraq bürünc medala sahib çıxdı. Qeyd edim ki, yarışda Ukraynanın birinci nömrəli idmançıları da iştirak edirdilər.
Digər idmançımız Hüseyn Orucov isə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında mübarizə apardı. 50 kq çəki dərəcəsində yarışan Hüseyn turnirdə üç döyüş keçirdi. Mübarizəyə 1/8 finaldan başlayan idmançımız yarımfinalda özbəkistanlı boksçuya məğlub olaraq üçüncü yerlə kifayətləndi.
48 kq çəki dərəcəli idmançımız Namid Şanena da yarışda 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında çıxış etdi. O, turnirdə iki döyüş keçirdi və hər iki rəqibi ukraynalı idmançı oldu. Namid ilk döyüşündə qalib gəlsə də, növbəti mərhələdə uduzaraq, bürünc medala layiq görüldü. Bu, onun ikinci yarışı idi. İnanıram ki, onun da gələcək karyerası daha parlaq olacaq və yüksək nailiyyətlər qazanacaq.
2008-2009-cu illər təvəllüdlü boksçuların yarışında iştirak edən digər idmançımız isə Səccad Nəsir idi. O, turnirdə 54 kq çəki dərəcəsində qüvvəsini sınadı. Səccad 1/4 finalda slovakiyalı idmançıya qalib gəldi. Amma yarımfinalda o da Ukrayna idmançısına məğlub olaraq üçüncü yeri tutdu. Ümumilikdə, boksçularımızın çıxışından razı qaldım və inanıram ki, onların hər biri qarşıdakı yarışlarda uğurla çıxış edərək gələcəyin, dünya, Avropa və Olimpiya çempionları olacaqlar”, - deyə Ceyhun Rüstəmov bildirdi.
Yaşının az olmasına baxmayaraq özündən böyüklər - 2008-2009-cu illər təvəllüdlülər arasında döyüşərək turnirin qalibi olan Mehran Rəsulov (63,5 kq) isə bu yarışda qazandığı nailiyyətin onun beynəlxalq səviyyəli turnirlərdə üçüncü çempionluğu olduğunu qeyd etdi.
"Bu turnir karyeram ərzində üçüncü beynəlxalq yarış idi. Rəqibim yerli idmançı Ukraynanın Lvov vilayətini təmsil edən boksçu oldu. Bu döyüşdə rəqibimlə aramda boy fərqi olmasına baxmayaraq məşqçilərimin tapşırıq və göstərişlərinə əməl edərək qalib gəldim. Taktiki plan üzrə işləyərək, ağır zərbələrlə rəqibimi məğlub etdim. Qeyd edim ki, bu yarışdan əvvəl 2019-cu ildə Ukraynada və Rusiyanın Ryazan vilayətində keçirilən beynəlxalq turnirlərdə də birinci yerə layiq görülmüşəm”, - deyə Mehran Rəsulov bildirdi.
Ukrayna sınağında 2005-2006-cı illər təvəllüdlü boksçular arasında 70 kq çəki dərəcəsində bürünc medal qazanan Həsən Əhmədzadə isə turnirdəki çıxışı barədə danışaraq, bu sınağın onun ilk böyük yarışı olduğunu qeyd etdi.
"Bu mənim ilk sınağım idi. Bu səbəbdən bir qədər həyəcan keçirsəm də, rinqə çıxanda artıq həyəcanımı boğa bilmişdim. İlk rəqibim çexiyalı idmançı idi. Ona qalib gəldikdən sonra yarımfinalda polşalı boksçu ilə üz-üzə gəldim. Lakin bu görüşdə düşündüyümü edə bilmədim və rəqibimə məğlub olaraq bürünc medala sahib çıxdım. Bu yarış mənim üçün böyük təcrübə oldu. İnanıram ki, hər yarışda qazandığım təcrübə gələcək yarışlarda çempion olmağıma kömək olacaq. Mən bundan əvvəl Bakı birinciliyində bürünc, cəmiyyətimizin birinciliyində isə qalib adını qazanmışam. Bundan başqa respublika birinciliyində də mükafatçılar sırasında yer almışam”, - deyə Həsən Əhmədzadə bildirdi.
Ukraynadakı beynəlxalq turnirdən sonra idman cəmiyyətinin yetirmələrini qarşıda daha böyük sınaqlar gözləyir. Hazırda yeniyetmələrin respublika birinciliyinə hazırlaşan "Zenit”in boksçuları aprelin 4-9-da İsraildə, iyunun 13-20-də isə Rumıniyada keçiriləcək beynəlxalq turnirdə güclərini sınayacaqlar. İnanırıq ki, idman cəmiyyətinin yetirmələri boksçularımızın hazırlıq səviyyəsinin artmasına hesablanan bu yarışlardan da, həm zəngin təcrübə, həm də uğurlu nəticələrlə Vətənə qayıdacaqlar.


Azər Əlizadə

4112 oxunub

InvestAZ