XƏBƏR LENTİ
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026



Olimpiya mükafatçımız dünya reytinqində liderliyə yüksəldi
İdman 11:42 / 14.10.2021
Norveçdə keçirilmiş dünya çempionatından sonra Dünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib. Yunan-Roma güləşində Rafiq Hüseynov dünya çempionu olduğu 82 kq çəki dərəcəsində liderliyə yüksəlib. 33 yaşlı pəhləvanımız 70 xalla reytinqə başçılıq edir. R.Hüseynov ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) 9 xal qabaqlayır və əvvəlki siyahı ilə müqayisədə 23 pillə irəliləyib.
Güləşin bu növündə Azərbaycanın daha üç təmsilçisi ilk "10-luq"da yer alıb. 55 kq-da Eldəniz Əzizli 39 xalla ilk "3-lüy"ü qapayır. Osloda bürünc medal qazanmış güləşçi 4 pillə irəliləyib.
63 kq-da Taleh Məmmədov 6-cı mövqedən 3-cü yerə yüksəlib. Təcrübəli pəhləvanın hesabında 38 xal var.
Sənan Süleymanov isə 77 kq-da böyük sıçrayış edib. Dünya çempionatında gümüş medal əldə etmiş idmançı xal ehtiyatını 58-ə çatdırmaqla 15-ci pillədən 3-cü sıraya yüksəlib.
Sərbəst güləşdə millinin 4 üzvü öz çəkilərində ilk "10-luq"dadır. Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal əldə etmiş Hacı Əliyev 65 kq-da 3-cü yerdən 6-cı pilləyə enib. Səbəb 44 xala malik titullu idmançının mundialı buraxmasıdır.
Norveçdəki yarışda medalın bir addımlığında dayanmış Turan Bayramov 70 kq-da iki həmkarını geridə qoyaraq 4-cü yerə yüksəlib. Gənc güləşçinin hesabında 38 xal var.
Abubakr Abakarov 86 kq-da böyük irəliləyişə nail olub. Hazırda 25 xalla ilk "10-luğ"u qapayan legionerin əvvəlki mövqeyi 33-cü pillə idi.
Osman Nurməhəmmədov isə 92 kq-da 11-ci pilləni 3-cü yerlə əvəzləyib. Dünya üçüncüsü 39 xala malikdir.
Qadın güləşində Mariya Stadnik 50 kq-da bir pillə geriləyib. Millinin lideri 60 xalla 3-cü pillədə qərarlaşıb.
Elis Manalova isə 68 kq-da 22 xalla ilk "10-luğ"u qapayır.
Qeyd edək ki, Oslodakı dünya çempionatı 2 - 10 oktyabrda gerçəkləşib.

31679 oxunub

InvestAZ