XƏBƏR LENTİ
19 Mart 2024
18 Mart 2024
17 Mart 2024
15 Mart 2024
14 Mart 2024



İdman Akademiyasının tələbələri Böyük Vətən müharibəsində
Maraqlı 19:10 / 02.05.2020
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının mayın 1-də Böyük Vətən müharibəsi iştirakçılarının "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncamı diqqətə layiqdir. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və​ dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq​ və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə​ malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir". 1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə, 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belarus və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi. Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz​ olması və müddəti barədə demişdi: "Rusiya gərək məhv edilsin!​ Müddəti – 1941-ci​ ilin yazı!" Bundan sonra "Barbarossa" adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi. İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qoşuldu. SSRİ-nin müharibəyə girməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveys planı) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".

Azərbaycan əsgərləri əhalinin təhlükəsizliyini qorumuşlar
Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin​ əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi​ sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.
Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız​ faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi​ komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq​ qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda
iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsada, təyyarəsini yerə endirə bilmişdi. Göstərdiyi şücaətə görə ölümündən sonra o,döyüş ordeninə layiq görüldü. Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirmişdilər. İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq, ölkəmizin hər yerində olduğu kimi, respublikamızda da bədən tərbiyəsi və idman işləri yenidən quruldu.

"Hər şey cəbhə üçün, hər şey qələbə üçün»​
Müharibənin ilk günündən etibarən bütün bədən tərbiyəsi və idman işi Vətəninin müdaviəsi vəzifəsinə tabe etdirilmişdi. «Hər şey cəbhə üçün, hər şey qələbə üçün» şüarı eyni zamanda idmançıların şüarı oldu. Azərbaycan idmançıları kütləvi surətdə Qızıl Ordu sıralarına, xalq qoşunu sıralarına getdilər. Akademiyanın tələbə və məzunları müharibənin ilk günlərindən bütün səy və yaradıcılıq fəaliyyətlərini qəsbkar faşist Almaniyasına qarşı mübarizəyə, azadlığın, humanizmin, tərəqqinin, sivil cəmiyyətin qorunmasına yönəltdilər. Müharibə illərində akademiyanın tələbə və məzunları düşmənə tezliklə qələbə çalmaq naminə cəbhədə və arxada çoxsahəli fəaliyyət göstərmişlər. Akademiyanın əlli faizi orduya səfərbər olunmuşdu. İxtisaslı kadrlar qısaldılmış proqramla hazırlanmağa başlanmış, akademiyada təhsil müddəti azaldılmışdı. Akademiyanın tələbə və məzunları bütün fəaliyyətini cəbhənin mənafeyinə, düşmənin tezliklə darmadağın olunması vəzifəsinə tabe edərək, müharibənin ilk günlərindən yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirir, ümumxalq vətənpərvərlik təşəbbüsü göstərirdilər. Sovet bədən tərbiyəsi təşkilatlarının qarşısında duran başlıca vəzifə kütləvi hərbi-fiziki hazırlıq işini canlandırmaqdan ibarət oldu. Bədən tərbiyəsi və idman işləri komitələri, həmkarlar ittifaqlarının könüllü idman cəmiyyətləri özlərinin ən bacaraqlı və təcrübəli mütəxəssislərini, təlimatçılarını, müəllimlərini və idmançı- fəallarını ümumi hərbi hazırlıq sistemində məşğələlərə rəhbərlik üçün səfərbərliyə almışdılar. Müharibənin ilk həftəsi ərzində respublikanın hərbi komissarlığına könüllü surətdə Qızıl Ordu sıralarına getmək haqqında 40 mindən çox ərizə daxil olmuşdu. 1941-1942-ci illərdə sə 150 mindən çox gənc Qızıl Orduya səfərbərliyə alınmışdı. Onların xeyli hissəsini idmançılar təşkil edirdi. 1941-ci il iyunun 25-nə kimi Ağdaş rayonundan 250 nəfər, Nuxadan 200 nəfər bədən tərbiyəçisi könüllü olaraq ordu sıralarına yola düşdü Dövlətin gündəlik köməyi və nəzarəti sayəsində müharibənin ilk aylarında əlbəyağa döyüş üzrə 395 nəfər təlimatçı, 120 nəfər müalicə bədən tərbiyəsi metodisti hazırılandı. 10 min nəfərərdən çox gənc döyüşçü çağırışçılara təlim verən kurslara cəlb olundu. 1941-ci ilin payızında respublikanın müdafiə qabiliyyətini möhkəmlətmək üçün başlanan iş SSRİ Ali Soveti Rəyasət heyətinin Zaqafqaziyada hərbi vəziyyət e’lan olunması haqqında 1942-ci il sentyabrın 9-da verdiyi fərmandan sonra daha da gücləndi. Sənaye müəssisələri müdafiə obyektlərinin tikildiyi rayonlara 2 min nəfərdən çox ixtisaslı mütəxəssis və bədən tərbiyəçisi göndərdilər. Azərbaycan K (b) P Bakı Komitəsinin və Bakı Sovetinin qərarı ilə Azərbaycan Neft-Tikinti trestinin və Bakı Su Kəməri İdarəsinin bütün heyəti və Bakı bədən tərbiyəsi təşkilatı üzvləri- cəmi 1600 adamı müdafiə obyektlərinin tikintisinə göndərildi. Hər gün Bakının və respublikanın qonşu rayonlarından müdafiə obyektlərinin təkintisində 40 mindən çox adam iştirak edirdi. Qısa müddətdə Bakının həndəvərlərində 47 kilometr məsafədə tank əleyhinə çalalar qazıldı, 100 kilometrdən çox məsafədə piyadalar əleyhinə maneələr yaradıldı, 500 kilometrdən çox məsafədə rabitə yolları çəkildi. 1941-ci ildə Zaqafqaziya respublikalarının birinci spartakiadası keçirildi. Azərbaycan idmançıları spartakiadada yeni müvəffəqiyyətlər qazandılar. Respublikamızın gənc idmançıları məktəblilərin gimnastika yarışlarında xüsusilə yaxşı çıxış edərək,  birinci yeri tutdular. ÜİLKGİ MK qərarı ilə 2 mart 1941-ci ildə bütün ölkədə iki həftəlik kütləvi komsomol yarışı (gimnastika üzrə) keçirildi. Bakıda gimnastika üzrə komsomol yarışında 21583 nəfər iştirak etdi. Azərbaycanın ən güclü gimnastlarından biri də Züleyxa Mansur qızı Hacıyeva idi. O, 1941-ci ildə Azərbaycan qadın idmançıları arasında ilk idman ustası normasını yerinə yetirə bildi. 7 il ərzində çempion adını özündə saxlayaraq Məsmə Məmmədova (akademiyanın tələbələsi) ilə birlikdə «İncəsənət» cəmiyyəti tərəfindən ümumittifaq yarışlarında Respublikanın şərəfini qorumuşdur. Züleyxa Hacıyeva (akademiyanın tələbələsi) Moskva şəhərində sovet idmançılarının birinci antifaşist mitinqinin ilk iştirakçısı olmuşdur. SSRİ XKS yanında Bədən Tərbiyəsi və idman işləri üzrə Ümumittifaq Komitəsinin 25 iyul 1941-ci il tarixli 188 saylı, «Bədən tərbiyəsi təşkilatlarının əhalinin hərbi hazırlığı üzrə işi haqqında», 15 yanvar 1944-cü il tarixli 9 saylı «idmanın inkişafı üzrə tədbirlər haqqında» qərarlarından sonra ən yaxşı bədən tərbiyəsi kadrlarının cəbhəyə göndərilməsi SSRİ-nin bütün bədən tərbiyəsi təşkilatlarında idman fəaliyyətinin zəifləməsinə gətirib çıxardı. Bədən tərbiyəsi institutunda təhsil alan tələbələrin sayının kəskin surətdə azalması ilə əlaqədar olaraq respublikada müəllim kadrlarından düzgün istifadə edilməsi məqsədi ilə Azərbaycan KP MK və Xalq Komissarları Şurasının 11 dekabr 1941-ci il 5157 saylı qərarı ilə Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Qərarda deyilirdi ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (Azərbaycan DBTİ) Azərbaycan Dövlət Universitetinin bazasında bədən tərbiyəsi fakultəsi kimi təşkil edilsin və fakultə keçmiş Azərbaycan DBTİ-nin binasında yerləşdirilsin.

Müharibə başlayan kimi 314 nəfər cəbhəyə yola düşdü

Azərbaycan bədən tərbiyəsi və idman təşkilatlarının yetişdirilməsi ikinci dünya müharibəsində misilsiz rəşadət göstərdilər. Müalicə bədən tərbiyəsi işi sovet döyüşçülərinin sağlamlığının qorunmasına yönəldilmişdi. Artıq 1941-ci il iyunun 25-də Ümumittifaq İdman Komitəsi bütün xəstəxanalarda müalicə bədən tərbiyəsi işini həyata keçirməyə, bunun üçün idman fəalları arasından təlimatçılar hazırlanması işini qaydaya salmağı təklif etdi. Komitənin qərarında deyilirdi ki, xəstəxanalarda, səhiyyə və Qızıl ordunun sanitar​ orqanlarının təşkil etdiyi digər sağlamlıq müəssisələrində müalicə bədən tərbiyəsi​ işlərinin təşkilində fəal iştirak etmək lazımdır. Xəstəxanalarda işləmək üçün bədən tərbiyəsi təşkilatçıları və bədən tərbiyəsi fəallarından (ilk növbədə qadınlardan) ibarət müalicə bədən tərbiyəsi tə’limatçıları hazırlamaq üçün kurslar və seminarlar keçməlidirlər. Sağalmaqda olan döyüşçülərlə məşğul olmaq üçün xəstəxana və müalicə müəssisələri lazımi idman inventarları ilə təmin edilmişdir. Müharibənin birinci ilində həmin kurslar Bakıda, Naxçıvanda, Gəncədə və digər şəhərlərdə fəaliyyət göstərməyə başladı. Bu kursların məzunlarını respublikaya köçürülmüş xəstəxanalara göndərirdilər. Böyük Vətən müharibəsinin ilk günlərindən Azərbaycan ərazisində hərbi hospitalların təşkilinə başlanmışdı. 1941-ci ildə respublikada 76 hərbi hospital yaradıldı. Naxçıvan, Şuşa, Şəki, Hacıkənd, Mərdəkan və Buzovnada yerləşən sanatoriyalar və istirahət evləri hərbi hospitallara çevrilmişdi. Səhiyyə işçilərinin ən qabaqcıl nümayəndələri - təcrübəli həkimlər hərbi hospitallarda çalışırdılar. Müəllim və tələbələrin bir qismi Z. Rzayeva, A.Qəniyev, S.Əliyev,​ S.Məmmədova, D.Qədirli,​ M.Həsənov və başqaları isə müdafiə əhəmiyyətli​ xüsusi işlərdə fəal iştirak etdilər, hərbi hospitallarda, istehsalatda çalışdılar, əhali​ arasında geniş təbliğat-təşviqat işləri aparıb, hərbi xəstəxanalara hamilik etməklə sovet xalqının faşizm üzərində qələbəsinə köməklik göstərdilər. Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimləri Tofiq Abbasov, Həsən Qarayev, Ənvər Babayev, akrobat Hacıbaba Ağayev, Azərbaycan DBTİA- nın məzunu İ.İslamov, A.M.Əsgərov, güləşçi Baba Süleymanov, İbadulla Həsənov, Xandadaş Məddəov və başqalarının Böyük Vətən Müharibəsində şücaəti böyük olmuşdur. Məsələn, Əhməd Məmmədoğlu müharibədə ağır yaralanaraq əlil olduqdan sonra yenidən körpücük üzərinə qayıtmış və dünya rekordu müəyyənləşdirmişdir. Onun ayaq barmaqları 40 dərəcəli şaxtadan donmuşdur. 6 ay hərbi xəstəxanada müalicə olunduqdan sonra o, Azərbaycana qayıtdı, şikəst olmasına baxmayaraq 1945-ci ildə 94 kiloqram ağırlıq qaldıraraq yeni SSRİ rekordu qazandı. Xandadaş Mədətov 1942-ci ildə könüllü olaraq Böyük Vətən müharibəsinə getmiş, Azərbaycanın məşhur 416 Taqanroq diviziyasında kəşfiyyatçı kimi vuruşmuş və 3 dəfə ağır yaralanmışdır. Sağ budunda mərmi qəlpəsinin qalmasına baxmayaraq, o, ömrünün sonuna qədər idmanla məşğul olmuşdur. 1946-cı ildən "Dinamo” cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında atletika bölməsində məşğul olmuşdur. İnstitutun məzunu yüngül atlet Xandadaş Mədətov Kiyev şəhərində ilk dəfə uzununa tullanmaqda SSRİ çempionatında I yerə layiq görülərək, SSRİ rekordunu təzələdi (7,50 cm.). İbadulla Həsənov 1944-cü ildə könüllü olaraq orduya getmiş və 1951-ci ildə qayıtmışdır. Almaniyada, Ukraynada, Çində hərbi xidmətdə olmuşdur. Həsənov təyyarə atıcısı olmuşdur. Orduda da yüngül atletika ilə məşğul olmuş və dəfələrlə 16 hərbi hissənin 800-1500 metr qaçışlarında çempion olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunu İ. İslamov kəşfiyyatda olarkən əlindən ağır yaralanmasına baxmayaraq, verilən tapşırığı yerinə yetirdikdən sonra geri qayıtmışdı. Faşistlərin planlarının pozulmasında həmin institutun məzunu A.Əsgərovun da xidmətləri vardır. 1939-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, dəfələrlə Azərbaycan çempionu olmuş akrobat Hacıbaba Ağayev Böyük Vətən Müharibəsinin ilk günlərindən SSRİ silahlı qüvvələri sıralarına çağrılmış və kəşfiyyat alayına göndərilmişdir. Hacıbaba Ağayev orduda özünü qorxmaz kəşfiyyatçı kimi göstərmiş fiziki hazırlığı sayəsində düşmənin əzilməsində özünəməxsus rolu olmuşdur. Basketbol üzrə əməkdar məşqçi, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Abbasov ağır döyüşlərdə öz qüvvə və bacarığı sayəsində yaralı komandirini döyüş meydanından çıxarıb, onun həyatını xilas etmişdir.​ Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi Həsən Qarayev də vətən uğrunda döyüşlərdə əsil şücaət nümunələri göstərmişdir. Müharibənin ilk günlərində arxa cəbhədə institutun bütün kollektivi respublika hərbi komissarlığını tapşırığı ilə əlbəyağa döyüş üzrə təlimatçıların hazırlanmasına başladı. Yalnız 1943-cü ildə tələbələr və institutun əməkdaşları Şuşa, Xankəndi, Şamaxı, Ağdam, Qusar, Şəki, Gədəbəy, İsmayıllı və Zaqatalada 700-dən çox təlimatçı və 12000-dən çox əlbəyağa döyüşçüsü və qumbaraatanlar hazırlamışdılar. 1943-cü ildə respublikamızın idman həyatında böyük dönüş yarandı. İdman işlərində canlanma başlansa da, kadr hazırlığına olan ehtiyac lazımi səviyyədə təmin edilmədi. Məhz buna görə Azərbaycan K(b)P MK və Xalq Komissarlığı Sovetinin 20 iyul 1943-cü il tarixli 53 saylı qərarı ilə bədən tərbiyəsi institutu öz keçmiş adını Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutun bərpa etdi. 1943-cü ildə Azərbaycan K(b) P MK və Azərbaycan SSR Xalq Komissarları Soveti bədən tərbiyəsi işini daha da yaxşılaşdırmaq haqqında qərar qəbul etdilər. Bu qərara uyğun olaraq, respublikada 304 yeni bədən tərbiyəsi kollektivi yaradıldı. SSRİ idman ustaları və dərəcəli idmançılar üçün gimnastika üzrə Mərkəzi idman məktəbi təşkil edildi. Respublikamızın idmançıları odlu cəbhələrdə çox böyük hünər göstərdilər. Alman-faşist işğalçılarına qarşı qəhrəmanlıqla vuruşan, komandanlığın döyüş tapşırıqlarını şərəflə yerinə yetirən 10 min nəfərdən çox Azərbaycan idmançısı və bədən tərbiyəçisi orden və medallarla təltif olundu. Yeddi nəfər idmançı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Respublikamızın məşhur futbolçusu və voleybolçusu Səlahəddin Kazımova SSRİ Ali Sovetinin Prezidentinin qərarı ilə «Sovet İttifaqı Qəhrəmanı» fəxri adı verildi. Bundan başqa digər qorxmaz idmançı döyüşçülər T.Abbasov, İ.Odinov, Ə.Babayev, A.Kryuçkov, M.Talıbov, K.Abdullayev, B.Süleymanov, İ.İslamov, H.Əsgərov, H.Ağayev, A.Ağalarov, İ.Aşumov, A.Neçayev, V.Krivenko, V.Maksimoviç, F.Hyseynov, A.Əsgərov, A.Kozırev, M.Kərimov, V.Sliva, Ə.Məmmədoğlu, H.Qarayev, A.Ələkbərov, D.Çelyadionv, M.Hüseynzadə və b. orden və medallarla təltif oluunmuşdur. Akademiyanın tələbə və məzunlarından adlı-sanlı idmançı amansız müharibənin qurbanı olmuş A.Talıbov, A.Tağıyev, S.Cavadov, M.Allahverdiyev, A.Barışev, A.Kayurov, N.Kitasov R.Rəhimov, İ.Əsgərov, M.Cəfərov, B.Xankişiyev M.Abbasov, M.Ağayev və başqaları Böyük Vətən müharibəsində göstərdikləri qəhrəmanları qədirbilən xalqımız heç vaxt unutmayacaqdır. Müharibə ölkəmizi ağır itkilərə və dağıntılara məruz qoymuşdu. Azərbaycan döyüş meydanı olmasa da müharibə respublikamızın xalq təsərrüfatına xeyli ziyan vurmuşdu. Maarif, bədən tərbiyəsi və idman sahəsində ağır vəziyyət yaranmışdı. Yüksək ixtisaslı idman mütəxəssislərinin bir çoxu idman sahəsindən uzaqlaşmışdı. 1945-ci ilin yayında keçirilən Ümumittifaq bədən tərbiyəsi paradı ölkənin idman həyatında mühüm hadisə oldu. Sovetlər gəncləri həmin paradı qalib sovet xalqının qəhrəman hünərinə həsr etmişdilər. Azərbaycan idmançıları da paradda müvəffəqiyyətlə çıxış edərək, tamaşaçıların hüsnrəğabətini qazandılar. Ümumittifaq Bədən Tərbiyəsi və İdman Komitəsi respublikamızın nümayəndə heyətini fəxri fərmanla təltif etdi. Xalq öz qəhrəmanlarının xatirəsini əziz tutur. Böyük qələbənin 75 illiyi​ ərəfəsində xeyirxah nəsillər həlak olanların xatirəsini ehtiramla yad edir, bütün cəbhəçilərə dərin minnətdarlıqlarını bildirirlər.

68383 oxunub

InvestAZ