XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Neftçi” Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi oldu
İdman 12:57 / 13.01.2020

Yanvarın 9-12-də "Amasiya” İdman Kompleksində Əməkdar məşqçi, 1960-cı illərin Avropa çempionu, Sovetlər İttifaqının futbol üzrə dördqat çempionu Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol üzrə beynəlxalq turnir keçirilib. 2010-2011-ci illər təvəllüdlü idmançılar arasında keçirilən yarış İUGOEM-in təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə dəstəyi ilə təşkil olunub.
Yarışın keçirilməsində əsas məqsəd sağlam gənc nəslin yetişdirilməsi, uşaqlar arasında futbol idman növünün təbliği, kütləviliyin artırılması, gənc nəslə futbolun metodiki və texniki qaydalarının öyrədilməsi, həmçinin uşaqları futbol ilə müntəzəm məşğul olmağa cəlb etməkdən ibarət olub.
8 komandanın iştirak etdiyi yarış iki qrup üzrə keçirilib. 1-ci qrupda "Qarabağ”, "Dərbənd” (Rusiya), "Sərhədçi” və "Zirvə”, 2-ci qrupda isə "Ərdəbil” (İran), "Neftçi”, Respublika Olimpiya Futbol Məktəbi (ROFM) və "Amasiya” klubları yer alıb. Yarışın qaydalarına görə qrupun qalibləri final görüşündə üz-üzə gəliblər. Qrupda ikinci yeri tutan komandalar isə bürünc medallar uğrunda mübarizə aparıb. Üçüncü yer uğrunda keçirilən görüşdə "Sərhədçi” komandası "Amasiya”nı 4:1 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb. Turnirin finalında isə "Neftçi” ilə "Qarabağ” futbolçuları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda rəqibinə 5:3 hesabı ilə qalib gələn "Neftçi” çempion adına layiq görülüb. Turnirin qalibi diplom, medal və kuboklarla mükafatlandırılıb. Növbəti yerləri tutan komandalar isə diplom və medallarla təltif olunublar.
Yarışda, həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı idmançılar da mükafatlandırılıblar. Belə ki, turnirin ən yaxşı qapıçısı Aleksandr Estrof ("Sərhədçi”), ən yaxşı müdafiəçi Amir Məmmədov ("Qarabağ”) və ən yaxşı hücumçu nominasiyasında isə Ömər Fətəliyev (ROFM) fəxri fərmanla təltif olunub. Çempionatın bombardiri isə "Neftçi” klubunun üzvü Yusif Quliyev seçilib. Bundan başqa yarışa dəvət alan İranın "Ərdəbil” komandası isə turnirin ən texnikalı komandası seçilib.
Turnirin bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin futbol şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, Regional Futbol Federasiyanın nümayəndəsi Fizuli Nəcəfov, Futbol vetaranları şurasının sədri Oktay Abdullayev, Tovuzun "Turan” klubunun keçmiş prezidenti Vidadi Əhmədov, veteran futbolçular Asim Xudiyev, Asif Əliyev, Nurəddin Əliyev, Cahangir Həsənzadə iştirak ediblər.
Bağlanış mərsimində çıxış edən Əliniyaz Mirzəyev, Vidadi Əhmədov və Oktay Abdullayev Əməkdar məşqçi Ələkbər Məmmədovun zəngin karyerasından və onun Azərbaycan futbolunun inkişafındakı xidmətlərindən danışıblar. Beynəlxalq turnirin bundan sonra da ənənəvi olaraq keçiriləcəyi qeyd olunub.

20435 oxunub

InvestAZ