XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025



Tarixi zəfərin Olimpiya və idman yolu
İdman 16:22 / 07.11.2025
Əvvəli Tarixi zəfərə aparan yollar adlı məqalədə.

"Hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda”
İlham ƏLİYEV

Atəşkəs razılaşması olsa da, ondan sonrakı illərdə də müharibənin qanadları Azərbaycan səmasından çəkilməmişdi. Ermənistan tərəfi mütəmadi olaraq atəşkəsi pozurdu və bu, II Qarabağ müharibəsinin başlandığı günə kimi davam etdi. Qaçqın və məcburi köçkünlərlə iş ölkənin ən ağrılı, daim vəsait, nəzarət və qayğıtələb edən problemlərdən biri idi. Bu da dövlətin bir sıra digər sahələrə, o cümlədən idmana münasibətinə öz təsirini göstərirdi. Ancaq idman uğurları ölkə üçün əhəmiyyət daşıyırdı. Ümummilli lider hələ 1995-ci ildə demişdi: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nəticələr çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtdırmaqdan ibarətdir” (Heydər Əliyev.1995).
Azərbaycan idmançısının beynəlxalq yarışlardakı nəticələrinin çox qiymətli olmasını qeyd edən ümummilli lider bu nəticəyə nail olmuş idmançının əməyini qiymətləndirməyə də böyük önəm verirdi. Təsadüfi deyil ki, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Nazim Hüseynovun Vətən qarşısındakı xidmətini məhz Heydər Əliyev hakimiyyətə qayıdışından sonra, bu hadisədən artıq 4 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, 1995-ci ildə idmançılarla ilk görüşündə dövlət səviyyəsində dəyərləndirdi, onu "Şöhrət” ordeni ilə təltif etdi. Bundan sonra Azərbaycan dövləti, Azərbaycan xalqı üçün çox qiymətli olan nailiyyət qazanmış idmançılar, onların məşqçiləri həmişə vaxtında dövlət təltiflərini aldılar.
Tarixi zəfərin Olimpiya və idman yolunu öyrənərkən, idman, idmançı və müharibə problemini araşdırarkən təltiflə bağlı bu məqamı bir qədər də açıqlamaq lazım gəlir. Dövlət orden və medalları həmişə, adətən, ilk növbədə cəbhədə igidlik göstərmiş əsgərləri, komandirləri, sərkərdələri yada salır. Orden və medal əsasən müharibə, döyüş və cəbhə ilə assosiasiya yaradır. Heydər Əliyev idmançıların ən böyük beynəlxalq nailiyyətlərinə görə orden və medallarla təltif olunması ənənəsini qoymuş dövlət xadimlərindən biridir. Zaman keçdikcə o, sovet dövründə də ən yüksək qələbələr qazanmış Azərbaycanın veteran idmançılarının təltif olunması haqqında fərmanlar imzalamışdır. Necə deyərlər, heç nə və heç kim unudulmur. Bu təcrübə dünyanın əksər dövlətlərində olmamışdır. Müharibə cəbhəsi, əmək cəbhəsi, mədəniyyət və incəsənət cəbhəsi, nəhayət idman cəbhəsi vardır və bunların hər biri özünəməxsus mübarizə meydanıdır. Məsələnin mahiyyətinə daha dərindən baxdıqda idman və müharibə cəbhələrinin yaxınlığı aşkar hiss olunur. Şübhəsiz ki, orden və medal almış idmançı da özünü xalqın, dövlətin, Vətənin müsəlləh əsgəri hesab edirdi. Böyük Britaniyanın bütün dünyada məşhur olan yazıçısı Corc Oruelin belə bir kəlamı vardır: "Sport is war minus the shooting”. Onu belə tərcümə etmək olar:"İdman ölümsüz müharibədir”. Deməli, idmançılar öz Vətənlərinin əsgərlərdir.
Müstəqilliyin bərpasının ilk illərində Azərbaycan idmanını geriyə, tənəzzülə aparan başqa bir ağrılı məsələ istedadlı idmançıların, yüksək ixtisaslı, səriştəli idman mütəxəssislərinin, xüsusən də məşqçilərin başqa ölkələrə çıxıb getməsi idi. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev belə idman nümayəndələrinə ilk və son müraciətini etdi. O, çıxıb getmişləri Vətənə qayıtmağa, getmək istəyənləri Vətəndə qalmağa çağırdı. Bu, maddi əsasa, vədə deyil, Vətən sevgisinə, Vətənə məhəbbətə, vətənpərvərliyə, Vətən təəssübkeşliyinə köklənmiş çağırış idi. Ona görə son çağırış deyirik ki, ikinci dəfə nə belə çağırış, nə də belə çağırışa lüzum olmayıb. Gələni qovmazlar, gedəni zorla, xahiş-minnətlə saxlamazlar. Ürəyində vətən sevgisi, Vətən təəssübkeşliyi olanhər şeyi elə birinci dəfədən anlayar. Təbii ki, İlham Əliyev idmançılara diqqət və qayğının artırılmasının, onların məşqləri, yarışlarda iştirakı, bir sözlə hazırlığı üçün hər cür şəraitin yaradılmasının vacibliyini çox gözəl başa düşürdü. Elə bunu nəzərə alaraq o, dərhal, elə 1997-ci ildə yüksək nəticələr göstərən idmançılar üçün üç kateqoriya üzrə Milli Olimpiya Komitəsinin aylıq təqaüdlərini təsis etdi. Təqaüdlərin nəticə göstərmiş idmançıların məşqçilərinə, eləcə də Azərbaycanın idman şah-şöhrətini ucaltmış veteran idmançılara da verilməsi təmin edildi. Beləliklə, diqqət və qayğı yalnız sözdə deyil, əməldə də təzahürünü tapdı.
1998-ci ili Azərbaycan Olimpiya Hərəkatının və idmanın inkişafında dönüş ili adlandırmaq olar. Bu ildə Azərbaycan idmanının maddi-texniki bazasını gücləndirmək, ayrı-ayrı idman növləri üçün avadanlıqların əldə olunması, idman obyektlərinin bərpası, idmançıların beynəlxalq yarışlarda iştirakı və bir çox başqa istiqamətlərdə mühüm işlərin həyata keçirilməsi üçün xüsusi proqramlar hazırlandı və onların sürətlə reallaşdırılmasına başlandı (Əliyev İ. 1998, s.88). Əsas diqqət isə
Sidney Yay Olimpiya Oyunlarına hazırlığa yönəldilmişdi. Çünki Sidneydə uğur qazanmaq çox və çox mühüm hesab olunurdu. Lakin uğurlu nəticə göstəriləcəyinin nə dərəcədə real olacağı hələlik bəlli deyildi. İlk növbədə daha çox lisenziya qazanılması uğrunda gərgin mübarizə aparmaq lazım gəlirdi.
Ölkədə yeni idmançılar nəslinin yetişdirilməsinə başlamaq, bu prosesi ardıcıl fasiləsiz işə çevirmək, gələcək istedadları üzə çıxarmaq xüsusi önəm daşıyırdı. İşdə ardıcıllıq, fasiləsizlik yaratmaq davamlılığa təminat verirdi. 1998-ci ildə Azərbaycanda iki ildən bir keçiriləcək Yeniyetmələrin Respublika Oyunlarının əsası qoyuldu. Bu tədbirin final mərhələsinin açılışında İlham Əliyev üzünü yeniyetmə idmançılara tutub demişdi: "İdman mübarizədir. Aydındır ki, yarışda hamı birinci yeri tuta bilməz. Qalibləri yüksək mükafatlar və daha məsul yarışlarda iştirak gözləyir. İndi qalib gələ bilməyənlər isə ruhdan düşməməli, gələcək yarışlara daha yaxşı hazırlaşmalıdırlar. Sizin hər birinizin mübariz ruhda tərbiyə olunması bizim istəyimizdir. Əminəm ki, bu işdə idman sizə çox şey verəcəkdir. Mübarizə aparmaq, qələbə çalmaq, qarşıya qoyduğunuz məqsədə çatmaq üçün daim çalışmaq sizin əsas vəzifəniz olmalıdır. Vətənə bu cür övladlar lazımdır. Vətən bu cür övladları ilə daim ucalır”(Əliyev İ. 1998, s.88). Bu müraciətdə istifadə olunmuş "İdman mübarizədir”, "mübarizə aparmaq”, "qələbə çalmaq”, "məqsədə çatmaq üçün daim çalışmaq” ifadələri müasir Olimpiya Oyunlarının əsasını qoymuş Baron Pyer de Kubertenin idman vasitəsi ilə tərbiyə, idman vasitəsi ilə təhsil, idman vasitəsi ilə ölkənin ən yaxşı vətəndaşlarını yetişdirmək fikirləri ilə tam üst-üstə düşür. Və burada bəzi paraleləri aparmaq vacibdir.
1866-cı ildə Prussiyanın Avstriya üzərindəki qələbəsi Almaniya dövlətlərinin tam birləşməsini gerçəkləşdirə bilmədi. Buna III Napoleonun imperatorluq etdiyi Fransa mane ola bildi. Ona görə mane oldu ki, vahid Almaniya dövləti Fransanın Avropadakı hegemonluğunu əlindən ala bilərdi. Prussiyanın və Şimali alman ittifaqını faktiki idarə edən kansler Otto fon Bismark Fransanı hər cür vasitə ilə müharibəyə təhrik etməklə buna nail oldu. Müharibə bir ildən az çəkdi (19.07.1870- 10.05.1871) və Fransanın böyük məğlubiyyəti ilə nəticələndi. Fransa-Prussiya müharibəsi başlananda Pyer de Kubertenin 7 yaşında, müharibə bitəndə isə 8 yaşında idi. Müharibənin ağır nəticələri Fransada daim müzakirə olunur, ölkədə revanşizm təbliğatı gedirdi. Fransanın müharibədəki məğlubiyyətinin səbəbləri araşdırılır, mübahisə və müzakirə obyekti olurdu. Bu səbəblərdən biri də fransız əsgərlərinin fiziki hazırlıq səviyyəsinin zəifliyi sayılırdı. Məhz bu çatışmazlığın aradan qaldırılması məqsədilə fiziki tərbiyəni gücləndirmək yolları düşünülürdü. Bu problem ətrafında mübahisələr uzun illər davam etmiş, Pyer de Kuberten Sorbonnadakı təhsilini başa vuranda da səngiməmişdi. Təbii ki, P.de Kuberten də yaşıdları, məsləkdaşları ilə bu məsələ ətrafında müzakirə və fikir mübadilələri aparırdı. Belə mübahisələrdə Pyer Kubertenin hələ yeniyetmə və gənclik dövründə antik Yunanıstanda fiziki tərbiyəyə xüsusi əhəmiyyət verilməsi haqqında öyrəndikləri, Yunanıstanın gimnazium və palestraları haqqındakı düşüncələri də yada düşürdü.
Birinci yazımızda fransızların Vaterlodakı məğlubiyyətinin səbəbləri arasında onların dözümsüzlüyü, fiziki zəifliyi özünəməxsus yer tutduğunu və müharibə duhalarından sayılan sərkərdənin özünün də bunu söyləməsini qeyd etmişdik. Fransız əsgərlərinin dözümsüzlüyü özünü daha əvvəl, Moskvanı almış Napoleonun qoşunlarının geriyə dönüşündə də göstərmişdi. Bəzi müəlliflərin qələmə aldığı, 1812-ci il Fransa-Rusiya müharibəsi haqqında söhbətlərdə dilə gətirilən "Napoleonu general qış, general şaxta, general dözümsüzlük məğlub etdi” ifadələrini də yada salmaq olar. Beləliklə, Fransanın 1812, 1815, nəhayət, 1870-1871 müharibələrindəki məğlubiyyətlərinin səbəbi kimi fransız əsgərlərinin ingilis və alman əsgərləri ilə müqayisədə fiziki və mənəvi cəhətdən zəifliyi Fransada az qala bir əsrə qədər ciddi müzakirə obyekti olmuş, həmişə də "idman və müharibə”, "tədrisdə idman”, "idman və xarakter”, "idman və milli ruh” kimi problemləri ortaya atmış, bu problemlərin həlli üzərində düşünməyə vadar etmişdir. Pyer de Kuberten də yaradıcılığının və fəaliyyətinin ilk dövründən başlayaraq, sona qədər məhz bu problemlərin həllini axtarmış, lap sonuncu xatirəsində isə özünün Olimpizm axtarışlarını bitməmiş simfoniya "unfinished symphony” adlandırmışdır (Coubertin 2000; Krüger 1999; Kərimov, Rəhmanov 2025).
"İdman mübarizə”, "idman əzmkarlıq”, "idman qələbə əzmi”, "idman milli ruh”, "idman Vətən sevgisi”, "idman qələbəsi Vətəni ucaltmaq”, "idmanda qələbə Vətənin şah-şöhrətini ucaltma” anlayışlarının hər biri həm Heydər Əliyevin, həm də İlham Əliyevin idmana aid bütün çıxış və nitqlərində qırmızı xətt kimi keçir, onların leytmotivini, qayəsini təşkil edir. "İdman dövlətlərarası əlaqələrimizin çox vacib bir sahəsidir. İdmançılarımızın nailiyyətləri Azərbaycan bayrağını daha yüksəyə qaldıracaqdır, bütün dünyaya göstərəcəkdir ki, Azərbaycan oğulları, qızları nəyə qadirdir” (İlham Əliyev 1998).
P.de Kuberten 1883-cü ildə müasir idmanın vətəni İngiltərəyə səfər edir. Bu səfər zamanı o, İngiltərədə İton, Oksford, Harrou və Kembric kollec və universitetlərində idman və fiziki tərbiyə məsələləri ilə yaxından tanış olur, səfər zamanı Reqbi şəhərindəki məktəbə 14 il (1828-1842) rəhbərlik etmiş pastor Tomas Arnoldun idmanı təhsildə tətbiq etməsi təcrübəsini öyrənmişdir.
"İngilis tərbiyəçilərindən birincisi olan dahi vətəndaş Tomas Arnold atletizmin pedaqogikadakı rolunu müəyyənləşdirmişdir. Bunun qəbul edilməsi və uğuru özünü çox gözlətməmişdir. Oyun meydançaları bütün İngiltərəni bürümüşdür. Atletika cəmiyyətlərinin sayı dəfələrlə çoxalmışdır. Onların miqdarını təsəvvür etmək çətindir. Böyük şəhərlərdə onlar yalnız aristokrat rayonlarında deyil, kasıb məhəllələrində yaradılmışdır. Hər kənddə bir və ya iki cəmiyyət vardır. ...Albion oğulları vətəni tərk edəndə idman ideyasını da özləri ilə aparırlar” (Coubertin 2000; Kərimov, Rəhmanov 2025). Pyer Kubertendən gətirdiyimiz bu sitatdan sonra "İlham Əliyevin 1998-ci ildə tikintisinə qərar verdiyi, 2000-ci ildə istifadəyə verməyə başladığı idman kompleksləri, idman zalları, meydançaları, idman mərkəzləri bütün Azərbaycanı bürümüşdür” cümləsini biz yazmaya bilmərik.
"Azərbaycanda idmana qısa bir zamanda yüz minlərlə gənc cəlb olunubdur. Ancaq bütün gənclər idmana həvəs göstərir, idmanla məşğul olmaq istəyirlər. Bunun üçün maddi-texniki baza lazım idi.
...İndi isə Milli Olimpiya Komitəsi öz imkanlarından istifadə edərək, dövlətdən heç bir vəsait almayaraq, Azərbaycanda müxtəlif yerlərdə Olimpiya Komitəsinin idman komplekslərini tikməyə başlamışdır. Mən indi burada, bu salonda onların bir neçə layihəsi ilə tanış oldum və İlham Əliyev məlumat verdi ki, o yerlərin hamısında tikintilər gedir.
... Azərbaycan gəncinin, Azərbaycan insanının potensial gücü çox böyükdür. Həm fiziki gücü böyükdür, həm də onun mənəvi iradəsi böyükdür. Ona görə də biz hamımız bu işə kömək etsək və idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini mütləq onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik” (Heydər Əliyev 2000, s.113).
Pyer de Kuberten də Fransada uşaqların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini istəyi ilə onları idmana cəlb etməyin vacibliyini yazmışdır. Onun bu istəyinin yaranmasında fransızların qeyd etdiyimiz müharibələrdəki məğlubiyyətləri öz rolunu oynamışdır. Onu da qeyd etməliyik ki, müharibə və təhsildə idmandan bəhs edərkən de Kubertenrevanşizmlə bağlı fikirlər irəli sürmür. O, insanların arasında qarşılıqlı anlaşma olan yaxşı dünya haqqında düşünür. Bununla yanaşı, ədalətli oyunlar çərçivəsində qələbəni, bu qələbə sevincini təbliğ edir. Ancaq Fransa-Almaniya qarşılaşdırılmasında fransızların irəlidə getməsini istəyir. Olimpiya şəhərinin xarabalıqlarında arxeoloji qazıntıların aparılması ideyasının fransızlara məxsus olması, almanların isə bu işi həyata keçirməsi ilə daxilən razılaşmır. Bu hiss onu Olimpiya Oyunlarının bərpası məsələsinə münasibətdə də narahat etmişdir.
Pyer de Kubertenin alman əsgərlərinin fiziki cəhətdən daha hazırlıqlı, fransızların isə zəif olması səbəblərinin axtarışı onun pedaqoji fəaliyyətinin əsasında durmuşdur. Ədəbiyyatda Pyer de Kubertenə bu məsələni öyrənmək tapşırığını verilməsi haqqında da fikir vardır. Qeyd ediləni təsdiq edən bir məqam da vardır. De Kubertenin baş katib olduğu ittifaqın sədri Jül Simon o dövrdə Fransanın təhsil naziri olmuşdur və onun tapşırığı ilə Kuberten İngiltərəyə, İrlandiyaya və ABŞ-a səfər etmiş, bu ölkələrdə məktəblərdə fiziki tərbiyənin təşkilini öyrənmiş bu barədə xüsusi hesabat hazırlamış və həmin hesabatla çıxış etmişdir. De Kuberten 1989-cü ildə Parisdə keçiriləcək Ümumdünya sənaye sərgisinin İdarə heyətinin üzvü seçilmiş və ona bu sərgi çərçivəsində fiziki tərbiyə problemi üzrə beynəlxalq Konqres təşkil etmək həvalə edilmişdir.
P.Kuberten fiziki tərbiyə problemini ortaya atanda onu dar, yəni yalnız fiziki cəhətdən sağlamlıqla bağlı mənada deyil, daha geniş mənada qəbul edirdi. O, milli-mənəvi keyfiyyətlərin, xarakterin formalaşmasında fiziki tərbiyənin rolunu ön plana çəkirdi. Cəmiyyətin həyatında təhsil və tərbiyə sisteminin əhəmiyyətini qeyd edərək Kuberten yazırdı: " Demokratiyanın böyüklüyünü və ya süqutunu həmişə məktəb və universitetlərdə axtarmaq lazımdır. Onlarda yaxşılaşdırmaq istiqamətində aparılan hər bir islahat güclü və ən uzaq nəticələrə malik olacaqdır. Milli proqramların böyük hissəsi təlim və tərbiyə məsələsinə yönəldilməlidir” (Coubertin 2000). İngiltərəyə səfəri və ingilislərin idman sahəsindəki təcrübəsi haqqında öyrəndikləri ilə yanaşı, Fransa-Prussiya müharibəsinin nəticələri barədə bilikləri, bu müharibə ilə bağlı qənaətləri Kubertenin təlim və təhsildə, tərbiyədə idmanın roluna baxışını formalaşdırmışdı. Bu dövrdə son olaraq gəldiyi qənaətləri o, belə ifadə etmişdir: "Fransa tərbiyə sistemində idmana yer ayırmaq zəruridir. Mənim gəldiyim əsas nəticə budur” (Coubertin 2000).
2002-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illik yubileyində ümummilli lider demişdir: "Azərbaycan Prezidenti kimi mənim idmana, bədən tərbiyəsinə olan qayğım birinci növbədə, millətimin, Azərbaycan millətinin fiziki və zehni sağlamlığı üçün lazımdır. Yəni, xalqımızın, Azərbaycan xalqının, hər bir kəsin tam sağlam olmasını təmin etmək istəyirəm. İdman, bədən tərbiyəsi, eyni zamanda, mədəniyyətdir. ...Qədim vaxtlarda deyilmişdir. Bu gün bu səhnədə də səsləndi: sağlam bədəndə sağlam ruh olur. Bəli sağlam ruhun olması üçün, millətimizin həyatın bütün sahələrində sağlam olması üçün və bizim orduda sağlam gənclər olması üçün mən idmanı, bədən tərbiyəsini böyük vasitə hesab edirəm. ...Gərək bizim müəllimlər orta məktəbdə də, universitetlərdə də, idman dərsini birinci sıraya qoysunlar” (Heydər Əliyev 2002).
İlham Əliyev Azərbaycan gənclərindən söhbət açarkən bilik, savad ilə yanaşı milli ruh və vətənpərvərliyi də əsas meyar kimi irəli sürür, bunu müstəqilliyin əbədiliyi üçün zəruri şərt hesab edirdi: "Bilik, savad – onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bunlar olmasa ölkəmizin gələcəyi olmayacaq və nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaqlar. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir – bilikli, savadlı, vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin ” (İlham Əliyev).
İdman, xüsusən də ən mötəbər beynəlxalq idman yarışları, xüsusən də Olimpiya Oyunları dövlətin tanıtdırılmasında, onun dünya dövlətləri arasındakı yerini təyin etməkdə, xalqın milli-mənəvi ruhunu canlandırmaqda, onun hər bir təmsilçisinin, eləcə də xalqın özünün Vətən sevgisini möhkəmləndirməkdə müstəsna rol oynayır. "Müasir dünyada idmançıların Olimpiya Oyunlarındakı nəticələri, Olimpiya Hərəkatında fəal iştirak hər hansı ölkənin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur, həmin dövlətin dünya birliyində yeri, mədəni inkişaf səviyyəsi kimi də qiymətləndirilir. Bu göstərici ölkənin beynəlxalq nüfuzuna təsir göstərir, onun tanınmasında mühüm rol oynayır. Ona görə də hər bir dövlət öz idmançılarının Olimpiya Oyunlarındakı çıxışına böyük əhəmiyyət verir” (İlham Əliyev).
İlham Əliyev ölkə maraqlarının hərtərəfli qorunması, bu ölkənin üstünlüklərinin nümayiş etdirilməsi, əldə olunan hər bir uğurun müxtəlif səviyyələrdə təsdiqini son dərəcə vacib amillər kimi ayırırdı. O, Olimpiya Oyunlarında ölkə idmançılarının göstərdikləri və göstərəcəkləri nəticələrin Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzunu, yerini müəyyənləşdirməyin amilləri sırasına daxil edirdi. Eyni zamanda, o, uğurların qazanılması üçün tələb olunan amilləri də ayırır, bura Vətən sevgisi, Vətənə və milli köklərə bağlılığı, mübarizliyi, cəsarət və cəsurluğu, milli ruhu da daxil edirdi.
Azərbaycan idmançılarının 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında çıxışları qeyd edilən zəruri keyfiyyətlərin həm meydanda göstərilməsini, həm də belə keyfiyyətlərin Azərbaycan övladının canında, qanında, milli varlığında, genində mövcudluğunun təsdiqi olmalı idi. Ölkə idmançıları mötəbər idman yarışında mübarizə aparıb qalib gəlməklə Azərbaycan vətəndaşının, Azərbaycan xalqının öz tarixinə zəfər yazmaq istəyini, bacarığını, ruhunu nümayiş etdirməli, bu xalqın mübarizlik ruhunu dirçəltməli idi. Açıq şəkildə dilə gətirilməsə də, 2000-ci ilin Olimpiya Oyunlarından gözlənilən qələbələr və ən vacib nəticələr bu məqsədə xidmət etməli idi. Azərbaycanın zəfər yollarından biri -Olimpiya və idman yolu qələbələrlə irəli getməli idi.

(Ardı var)

Vəfaddin İBAYEV
hüquq üzrə fəlsəfə doktoru
Cəmaləddin RƏHMANOV
filologiya üzrə fəlsəfə doktoru


249 oxunub

InvestAZ