Mayın 3-də professor Nazim Məcidovun 70 illik yubileyi qeyd olundu. Görkəmli pedaqoq akademik uğurları, elmi-pedaqoji fəaliyyəti, kafedraya və tələbələrə verdiyi töhfələr bu günə kimi xatırlanır. Nazim Məcidov cismən sıralarımızda görməmək, yubileyini onsuz qeyd etmək çox çətindir. Onun tələbələri, həmkarları, rəhbərliyi və dostları üçün bu yubiley həm bir qürur, həm də həsrət anıdır.
Hər kəs bir daha anlayır ki, Nazim müəllim təkcə öyrədən bir insan deyildi. Elə insanlar var ki, onlar təkcə öz sahələrinin mütəxəssisi deyil, həm də bir məktəbdir. Buna həyat məktəbi deyirlər. Professor Nazim Məcidov da məhz belə insanlardan biri idi. O, Azərbaycan İdman Akademiyasında uzun illər ərzində çalışaraq, yüzlərlə tələbəyə yalnız elmi bilik yox, həm də insani dəyərlər aşılamışdı.
Nazim müəllim bədən tərbiyəsi və idman sahəsində dərin elmi biliyə malik idi. Təcrübəli pedaqoq sadəcə nəzəri biliklərlə kifayətlənmirdi, onları praktikaya tətbiq etməyi, tələbəyə gündəlik idman həyatı ilə əlaqələndirməyi bacarırdı. Yazdığı dərsliklər, metodik vəsaitlər və təlim materialları bu gün də bir çox mütəxəssis üçün mayaka çevrilib. Lakin onu fərqləndirən təkcə elmi fəaliyyəti deyildi. Nazim müəllim mərhəmətli və anlayışlı idi. Dərs dediyi hər bir tələbəni fərd olaraq görər, hər suala təmkinlə cavab verərdi. Çətinlik çəkən tələbəni bu çətinlikdən çıxarmaqda peşəkar idi. Onun dərslərində iştirak etmək sadəcə mühazirə dinləməkdən ibarət deyildi. Bu həm də bir müəllimdən həyat təcrübəsi öyrənmək imkan idi. Nazim müəllim 100-dən çox elmi və elmi-metodiki əsərin müəllifi olub. O, 1 monoqrafiya, 2 dərslik, 6 metodiki vəsait, 20-dən çox tədris proqramı və çoxsaylı məqalələrlə bu sahənin inkişafına böyük töhfələr verib. Onun elmi rəhbərliyi ilə 47 tələbə magistr dissertasiyası müdafiə edib.
Nazim Məcidov 1955-ci ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Moskvada Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirib. 1989-cu ildə Moskva şəhərində namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yüksəlib. 1993-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə dosent, 2009-cu ildə isə professor elmi adını alıb.
Uşaq yaşlarından idmanla məşğul olan Nazim müəllim sambo və cüdo üzrə dəfələrlə şəhər, respublika və ümumittifaq yarışlarının qalibi və mükafatçısı olub. 1980-ci ildən SSRİ İdman Ustası olub. Məşqçilik fəaliyyətindəki uğurları dövlət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2001-ci ildə "Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 2008-ci ildə "Əməkdar Məşqçi”, 2010-cu ildə "Əməkdar Müəllim”, 2021-ci ildə isə "Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına layiq görülüb.
Professor Nazim Məcidov 40 ildən artıq Azərbaycan İdman Akademiyasında çalışıb. 1979-1994-cü illərdə "Güləşmənin nəzəriyyəsi və metodikası” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2006-cı illərdə "İdmanın təkmübarizlik növləri” fakültəsinin dekanı, 2006-2016-cı illərdə elmi işlər üzrə prorektor, 2016-cı ildən ömrünün sonunadək "Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri vəzifəsində çalışıb.
Bir daha qeyd edək ki, kafedra müdiri kimi fəaliyyəti də diqqətəlayiq idi. Kafedrada hər bir əməkdaşın sözünə qulaq asar, fikir ayrılıqlarına hörmətlə yanaşar, kollektivin hər bir üzvünün işinə dəyər verərdi. Rəhbərliyi dövründə kafedranın uğurları daha da artmışdı. Kafedranın elmi və tədris fəaliyyəti daha da sistemli və məqsədyönlü şəkildə qurulmuşdu. Yeni metodik vəsaitlərin hazırlanmasına şərait yaradar, gənc müəllimlərə dəstək olar, tələbələrin isə elmi fəaliyyətə cəlb olunmasına xüsusi diqqət yetirərdi. O, idarəçilikdə qətiyyət və ədaləti, insan münasibətlərində isə səmimiyyət və mərhəməti birləşdirə bilən nadir insanlardan idi. Rəhbər olmaq onun üçün bir üstünlük deyil, həm də bir məsuliyyət idi. Nazim müəllim bu məsuliyyəti sona qədər ləyaqətlə daşıdı.
Onun kabinetinə daxil olmaq heç vaxt "hesabat verməyə” oxşamazdı, əksinə ora daxil olan hər kəs səmimiyyət, anlayış və dəstək görərdi. Tələbənin də, müəllimin də, əməkdaşın da fikrini dinləyən bir rəhbər idi. O, həm də yeniliklərə açıq, müasir çağırışlara cavab verən bir ziyalı idi.
Nazim müəllimin akademik rəhbərliyi təkcə kafedra ilə məhdudlaşmamışdı. O, uzun illər Akademiyada prorektor vəzifəsini də icra etmişdi və bu vəzifədə də eyni prinsipiallıq, səmimiyyət və tələbəyönümlü yanaşması ilə seçilirdi. Prorektor olduğu dövrdə tələbələrin elmi inkişafına, xüsusilə magistratura və doktorantura səviyyəsində olanlara yüksək dəyər verirdi. Elə həmin illərdə mən Azərbaycan İdman Akademiyasında magistratura təhsilimi davam etdirirdim. Magistr müdafiəmdə o, bir cümlə ilə illərlə çəkilən zəhməti dəyərləndirmişdi: "Elmin yolu çətindir, amma sən o yolu düzgün getdin". Bu cümlə mənim üçün diplomdan da dəyərli idi. Çünki onu deyən bir prorektor, müəllim, rəhbər, insan və ən əsası Nazim müəllim idi. Akademiyada prorektor vəzifəsində çalışdığı dövrlərdə də tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin inkişafı və tələbəyönümlü yanaşmanın təşkili sahəsində bir çox yeniliklərə imza atmışdı. Onun tələbələrə olan münasibəti, dəstəyi və anlayışı birbaşa hiss olunurdu.
Nazim müəllimin rəhbərliyi altında keçirilən elmi seminarlar, müdafiəyə hazırlıq mərhələləri, təqdimatların qiymətləndirilməsi hamısı sistemli və şəffaf idi. Akademiyada aparılan yenidənqurma işlərində fəal iştirak edib, "Onlayn universitet” layihəsi çərçivəsində test imtahanlarının təşkili və təkmilləşdirilməsi prosesinə rəhbərlik etmişdi. Eyni zamanda Azərbaycan Cüdo Federasiyasında məşqçilərin təkmilləşdirilməsi kurslarına da rəhbərlik ona həvale olunmuşdu.
Hər bir insanın yaddaşında silinməyən anlar olur, elə bir an ki, zaman keçsə də sanki o gün yenidən canlanır. Mənim üçün həmin gün, fəlsəfə doktoru diplomumu aldığım gün idi. Həyəcanlı, bir az da kövrək idim. Uğura çatmışdım. Akademiyada adətən belə uğurlar keçib gedərdi, bir neçə yaxın tanışdan başqa çox adamın xəbəri olmazdı. Amma Nazim müəllim... O, bunu görməzdən gələcək insan deyildi. Kafedrada olarkən, o gün məni görəndə gülümsədi. Klassik təbəssüm. Ciddi, amma mehriban tərzdə mən yaxınlaşdı və dedi: "Fəlsəfə diplomu almağın təkcə sənin deyil, bizim də qürurumuzdur. Bu səviyyəyə gəlmək asan deyil. Sənə həmişə inanmışam”. O an daxilimdəki bütün gərginlik, bütün yorğunluq yox olmuşdu. Sanki elmi addımlarım bir müəllimin gözü ilə öz təsdiqini tapmışdı. Sadə bir cümlə idi. O, illərin əziyyətini, çalışmağımı və inamımı tək bir baxışda əks etdirmişdi. Nazim müəllim o gün məni təkcə təbrik etmədi o, məni gördü, tanıdı və qiymətləndirdi. Məhz buna görə o, təkcə müəllim deyil, böyük hərflərlə yazılan «Müəllim» idi. Bu gün onun yoxluğu hiss olunur. Amma hər dəfə onun yazdığı dərsliklərə, metodik vəsaitlərə baxanda və ya keçmiş dərslərini xatırlayanda içimdən sanki bir səs gəlir: "Nazim müəllim hələ də bizimlədir”. Elminə, insanlığına və müəllimliyinə olan dərin hörmətlə deyə bilərik ki, Nazim Məcidov kimi müəllimlər unudulmur, yaddaşlarda və ürəklərdə əbədi qalır.
MüjkanMəmmədzadə
Pedaqogika üzrə fəlsəfə doktoru
Azərbaycan İdman Akademiyasının baş müəllimi