XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024
23 May 2024



Olimpiya təhsili
İdman 20:28 / 17.04.2024

Azərbaycanda Olimpiya təhsilinə aid dərsliyi hazırlamaq məqsədilə "Olimpiya dünyası” qəzetinin bizə verdiyi imkandan istifadə edərək apardığımız araşdırma və tədqiqatları özündə əks etdirən məqalələrlə qəzetin oxucularını, idmançıları və bu sahə ilə məşğul olanları Olimpiya təhsilinin müxtəlif məsələləri ilə tanış etmək, fikrimizcə, əhəmiyyətli olacaqdır.




Olimpiya Oyunları bölməsinin konqresin proqramının ikinci hissəsinə salınmasını Kuberten belə izah etmişdir: "Konqresin proqramı elə hazırlanmışdı ki, əsas məsələ kölgədə qalsın. Məni Olimpiya Oyunlarının bərpası kimi nəhəng bir işin ortaya atılmasının iştirakçılarda bu məramın ciddiliyinə şübhə oyadacağı qorxudurdu. Ona görə də, idman məsələlərini ön plana çəkmişdim”. Onun fikirləri inandırıcıdır. Digər tərəfdən, konqresin işinə Olimpiya Oyunlarının bərpası məsələsindən başlamaq bəzi başqa səbəblərdən də özünü doğrultmurdu. Həvəskar və peşəkar idmanın problemləri, beynəlxalq idman qaydaları ətrafında müzakirələrin konqresin əvvəlində aparılması məntiqi cəhətdən də düzgün idi. Olimpiya Oyunlarının bərpası ideyası ortaya atıldıqdan, bu işlə məşğul olacaq Komitənin üzvləri təyin edildikdən sonra həvəskar və peşəkar idmandan, yarışlardan kənarlaşdırmadan və s. danışmaq çətin olacaqdı. Çünki Olimpiya mövzusu bu məsələlərin həmin vaxtda müzakirəsinin əhəmiyyətini azaldacaqdı.
Konqresin məqsədi və statusu ilə bağlı hazırlanmış ilkin sənədlərdə də Olimpiya Oyunları qabarıq nəzərə çatdırılmırdı. Belə sənədlərdən birində göstərilirdi ki, konqresdə iştirak etmiş ittifaq və cəmiyyətlər qəbul edilmiş qərarlara görə heç bir öhdəlik daşımır, məqsəd müzakirə olunanlarla bağlı beynəlxalq qanunvericilik təsdiq etmək deyil, onu hazırlamaqdır.
İştirakçılara paylanmış başqa bir sənəddə konqresin məqsədi belə açıqlanmışdır: "Fransa Atletika Cəmiyyətləri İttifaqının konqresi həvəskar idmanının problemlərini öyrənmək, idman növləri üzrə qaydaları vahid şəklə salmaq üçün ilk cəhədi göstərmək və beləliklə, yaxın gələcəkdə Olimpiya Oyunlarının müasir dövrün tələblərinə uyğun bərpasına hazırlaşmaq məqsədilə keçirilir”.
Konqresin məqsədinin bu cür şərhi çox şeyə aydınlıq gətirir. Vahid qaydalar olmadan beynəlxalq yarışların keçirilməsi mümkün deyildi. Eyni zamanda, həvəskarla, peşəkarı da bir-birindən ayırmaq lazım gəlirdi. Konqresin proqramının birinci bölməsinə daxil edilmiş digər məsələlərin həlli də beynəlxalq yarışların təşkili və keçirilməsi üçün böyük əhəmiyyət daşıyırdı. Əvvəlcə beynəlxalq səviyyədə qaydalar, qanunlar qəbul olunmalı idi. Yalnız bundan sonra kompleks yarışlardan, xüsusən də Olimpiya Oyunlarının bərpasından danışmaq mümkün idi. Proqram məhz bu tələbə cavab verəcək şəkildə tərtib olunmuşdu.
Beləliklə, baron Pyer de Kubertenin konqresin proqramı üzərində uzun müddət işləməsinin həm səbəbləri, həm də nəticləri aşkarlanır. Kuberten beynəlxalq kompleks yarışlar üçün həm hüquqi, həm maddi, həm ictimai, həm də elmi və kollegial şəkildə qəbul ediləcək bazanı yaratmaq niyyətində olmuşdur. Onun nəzərdə tutduğu beynəlxalq səviyyəli kompleks yarışlar isə şübhəsiz ki, Olimpiya Oyunları idi. Onun Olimpiya Oyunlarını bərpa etmək arzusunu illərlə ürəyində daşıdığına, bu istəyə çatmaq üçün addım-addım irəli getməsinə və nəhayət, arzusunu gerçəkləşdirməsinə heç bir şübhə yeri qalmır.
Bütün bunlara baxmayaraq, Olimpiya Muzeyində saxlanılan başqa bir sənəd də diqqəti cəlb edir. Sorbonna konqresinin final proqramı adlandırılan bu sənəd 4 səhifədən ibarətdir. Bu proqramın ikinci səhifəsinin əvvəlində "Olimpiya Oyunlarının bərpasına həsr olunmuş beynəlxalq Paris konqresi” sözləri yazılmışdır. Həmin sənədin 3-4-cü səhifələrində fəxri üzvlər və nümayəndələrin siyahısı verilmişdir. Biz belə bir ehtimal irəli sürürük: bu sənəd Sorbonna konqresinin gedişində və bəlkə də son günlərində hazırlanmışdır.
...1894-cü il iyunun 16-da axşam Sorbonna Universitetinin auditoriumunda konqresin təntənəli açılışı mərasimi olmuşdur. İki mindən çox insanın toplaşdığı açılış mərasiminin sonunda Apollon himni səsləndirilmişdi. Bu da təsadüfi deyildi. Konqres Olimpiya əzəməti ilə başlanmışdı və səkkiz gündən sonra Olimpiya ruhunu yenidən canlandıracaq bir qüdrətlə işini başa vuracaqdı.
Kuberten konqresə hazırlıq dövründə müxtəlif sənədləri, qaydaları materialları hazırlamaqla kifayətlənməmişdi. O, konqresə dəvət edəcəyi adamlar haqqında düşünmüş, onlarla görüşlər keçirmiş, bununla bağlı mütəmadi olaraq xarici səfərlərə çıxmışdı. Kuberten böyük ideyanın həyata keçməsində ona müxtəlif ölkələrdən olan tanınmış adamların, görkəmli şəxsiyyətlərin, kömək və yardımının hava və su kimi lazım gəldiyini yaxşı dərk etmiş, bunun üçün bütün məsləkdaşlarını ətrafına toplamağa çalışmış, buna nail olmuşdu.
Konqresdə 20 ölkənin -ABŞ, Avstraliya, Avstriya, Almaniya, Belçika, Bohema, Danimarka, İngiltərə, İslandiya, İspaniya, İtaliya, İsveç, Yunanıstan, Macarıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, Rusiya, Uruqvay və Fransanın nümayəndələri iştirak edirdi. İştirakçılar iki qrupa bölünürdülər: fəxri üzvlər və nümayəndələr.
16 ölkədən olan fəxri üzvlərin sayı 50 nəfərdən ibarət idi. Onların arasında Belçikanın kralı, Avropa ölkələrindən bəzilərinin kral ailələrinin üzvləri, təhsil nazirləri, parlament deputatları, akademiklər, professorlar, generallar və başqa məşhur şəxslər yer almışdı.
78 nəfərdən ibarət nümayəndə 12 ölkənin 39 idman klubu assosiasiyasını təmsil edirdi. Nümayəndələrin sayı da Olimpiya Hərəkatı tarixinə dair tədqiqatlar aparmış müəlliflərin işlərində fərqli rəqəmlərlə göstərilir. Bizə bəlli olan son fundamental tədqiqat işlərində 78 və 79 rəqəmləri qeyd edilir. Məsələn, rus tədqiqatçısı Aleksandr Sunik nümayəndələrin sayının 78 olduğunu yazır. 2004-cü ildə Londonda nəşr edilmiş, müəllifi David Miller olan kitabda isə nümayəndələrin sayının 79 olması göstərilir. Əvvəlki ədəbiyyatlarda 72-dən başlayaraq müxtəlif rəqəmlər qeydə alınır. Nümayəndələrin sayından fərqli olaraq, iştirakçı ölkələrin sayının 12 olması faktı təkrarlanır. Nümayəndələrin sayındakı qeyri-dəqiqlik müxtəlif səbəbələrdən irəli gələ bilər. Görünür, konqresdə iştirak edənlərin rəsmi qeydiyyatına kifayət qədər əhəmiyyət verilməmişdir. Belə qeydiyyatın bir səbəbi də iştirakçıların fəxri üzvlər, nümayəndələr və icraçılara bölünməsi ilə əlaqələndirilə bilər.
Konqresin təşkilat komitəsinin və ya komissiyasının olması haqqında heç bir informasiya yoxdur. Məlumdur ki, fransalı senator, baron de Kursel konqresin prezidenti, Kuberten isə baş icraçısı təyin olunmuşdur. Kubertendən başqa konqresin daha 9 icraçısı haqqında məlumat verilir.
İclaslarda qərar qəbul etmək səlahiyyəti nümayəndələrə verilmişdi. Fəxri üzvlərin iclaslarda daimi iştirakı məcburi deyildi.
Konqres iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul edir və Komitənin 13 üzvünü təsdiq edir. Beynəlxalq Olimpiya Komitəsinin ilk prezidenti Dimetrius Vikelas, baş katib isə Pyer de Kuberten təyin olunur. Niyə Kuberten yox, Vikelas? Başlıca əsaslandırma ilk müasir Olimpiya Oyunlarının Yunanıstanda keçirilməsi ilə bağlıdır. Prezidentin Olimpiya Oyunlarını keçiriləcəyi ölkədən olmasının məqsədəuyğunluğu ideyasına istinad edilir. Konqres ilk Olimpiya Oyunlarının 1896-cı ildə Afinada təşkil olunması haqqında qərar qəbul etmişdir. II Olimpiya Oyunlarının Parisə salınması da bu konqresin qərarıdır.
Müasir Olimpiya Oyunlarının bərpası və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması, 1896-cı ildə Afinada I Olimpiya Oyunlarının keçirilməsi kimi vacib məsələlər Sorbonna konqresində həllini tapmışdır. Buna baxmayaraq, bəzi məsələlərə, o cümlədən Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin müəyyənləşdirilməsinə, ilk müasir Olimpiya Oyunlarının hansı şəhərlərdə keçirilməsinə, BOK-un prezidentlərinin seçilməsinə və Olimpiya Xartiyasının qəbul olunmasına münasibətdə fərqli fiklər az deyildir. Zənnimizcə, həmin məsələlərə də müəyyən səviyyədə aydınlıq gətirmək, ən azı müxtəlif nöqteyi-nəzərlərin meydana çıxması səbəbələrini araşdırmaq lazımdır.


"Olimpizm”
anlayışı

"Olimpizm” və "Olimpiya təhsili” termin və ya anlayışlarından ilk dəfə hansının kim tərəfindən elmi dövriyyəyə buraxılması, yaxud işlədilməsi haqqında biz dəqiq, faktoloji məlumat verməyə çətinlik çəkirik. Bununla belə, tanış olduğumuz ədəbiyyat bizə Olimpizm terminini ilk dəfə Pyer de Kubertenin istifadə etməsini yüksək ehtimalla deməyə əsas verir. Fikrimizcə, Olimpizm termini ən azı Olimpiya Oyunlarının bərpasına, daha dəqiq desək, Beynəlxalq Olimpiya Komitəsinin yaradılması və ilk Olimpiya Oyunlarının 1896-cı ildə keçirilməsi haqqında qərarının qəbul edildiyi Sorbonna Konqresinə qədər işlədilməmişdir. Pyer de Kubertenin 1892-ci ildə Sorbonna Universitetindəki mühazirəsində də bu anlayışdan istifadə olunmamışdır. Ancaq mühazirəsinin sonunda o, Olimpiya Oyunlarının bərpası ideyasını ilk dəfə auditoriya qarşısında eksplisit şəkildə dilə gətirmişdir.
"Kuberten təbii olaraq praqmatik deyil, ideoloji məqsəd güdmüşdür. Bu məqsəd bədənlə şüur arasındakı qədim harmoniyanın bərpası idi.[Müller 2000, p.38]. Ümumiyyətlə, tədqiqatçılar Kuberteni Olimpiya Oyunlarının bərpasının maraqlandırmasını daha çox səsləndirsələr də, aydın məsələdir ki, bu bərpanın ilkin məqsədi yalnız kompleks idman tədbirlərini təşkil edib keçirməyi nəzərdə tuta bilərdi. Əslində, antik olimpiadaların Feodosi tərəfindən qadağan olunmasından sonra Oyunların bu mənada təşkilinə cəhdlər az olmamışdı. Bu cür cəhdləri sadalamaq və onların nə dərəcədə antik Olimpiadaları bərpa etmək olduğunu təsdiqləmək özlüyündə mürəkkəb, eləcə də çətin elmi axtarışlar tələb edir. Lakin formatına görə bu və ya digər dərəcədə antik Olimpiadalara oxşar kompleks yarışların keçirilməsi cəhdləri də az deyildir (Olympic Games - Athens - 1859, 1870, 1875, 1888/89; Much Wenlock -1890 və s.). Qeyd olunan istiqamətdə Olimpiya tarixini öyrənənlər çoxsaylı tədqiqatlar aparmışlar. Antik Olimpiya Oyunlarına insanların qəlbində olan rəğbət və məhəbbət bu Oyunların qadağan olunmasından sonra daim artmışdır. Məhz bu istək və sevginin nəticəsidir ki, dünyanın bir çox yerlərində "Olympic Games” adı altında kompleks yarışlar təşkil olunmuşdur.
Antik Olimpiadaların bərpasının vacibliyindən F.Şiller, J.J.Russo, alman, çex, ingilis maarifçiləri, idmanı təbliğ edən və onunla məşğul olanlar, pedaqoqlar bəhs etmiş, buna cəhd göstərmişlər. Olimpiya Oyunlarının bərpa olunmasının əsas məqsədi daha çox idmançını və daha çox idman növünü əhatə edən kompleks yarışların təşkili və ola bilsin ki, xalqları bir-birinə yaxınlaşdırmaq, onların arasında dostluğu, qarşılıqlı anlaşmanı möhkəmləndirmək ideyaları olmuşdur. Bu cəhdlərin bilavasitə Olimpiya təhsili ilə hansısa birbaşa əlaqəsini göstərmək, onun gələcəkdə Olimpiya təhsili adlandırılacaq bir təhsil, tərbiyə vasitəsi yaratmaq məqsədi daşımasını isə söyləmək çətindir.
Yalnız Pyer de Kubertenin əsasını qoyduğu müasir Olimpiya Oyunları antik Olimpiadanın bərpası keyfiyyətinə malikdir. Çünki o, BOK-a rəhbərlik etdiyi dövrdə antik Oyunların bütün müsbət, ümumbəşəri olan xüsusiyyətlərini ardıcıl olaraq müasir Olimpiya Oyunlarına transformasiya etmiş, yaxud maksimum dərəcədə buna səy göstərmişdir. Təbii ki, de Kubertenin təşəbbüsü ilə müasir Olimpiya Oyunlarının başqa mütərəqqi təşkiledicilərlə zənginləşdirilməsini də mütləq qeyd etmək lazımdır.
Pyer de Kubertenin Olimpiya məktublarında (Olympic letters) və digər işlərində iki olimpizmdən danışılır: 1) antik olimpizm; 2) müasir olimpizm. O, neo-olimpizm terminini də işlətmişdir. Bu üçüncü, hesab edirik ki, müasir (modern) olimpizmlə eyni məna daşımışdır. Yəni bir anlayış iki terminlə ifadə edilmişdir. Neo-olimpizm anlayışı Pyer de Kubertenin birinci Olimpiya Oyunlarından əvvəl Afinadakı mühazirəsinin başlığında qeydə alınır: "Neo-Olimpizm. Appeal to the people of Athens” - "Neoolimpizm. Afina sakinlərinə müraciət”
İki olimpizmdən bəhs etmək Olimpizmin həm antik, həm də müasir Olimpiya Oyunlarına aid edilməsini təsdiq edir. Deməli, Kuberten Olimpizmin iki formasını ayırmışdır. Şübhəsiz ki, Pyer de Kubertenin müasir Olimpiya Oyunlarını təşkil etmək, qədim yunan ənənəsini bərpa etmək istəyi onun Olimpizm ideyası ilə birbaşa bağlı deyil. 1894-cü ildə olimpizmin deyil, Olimpiya Oyunlarının bərpası məsələsi qoyulmuşdu. Antik Olimpizm qədim yunan Olimpiya Oyunları təcrübəsi və sistemindən Pyer de Kubertenin çıxardığı anlayışdır. Müasir olimpizmin banisi üçün antik olimpizm olmuşdur və bu olimpizm müasir Olimpiya Oyunlarının keçirilməsi prosesində təcrübədə cilalanaraq formalaşıb, həmçinin sabitləşib modern Olimpizmə çevrilə bilərdi.


(ardı var)



Mehman Kərimov,
Ceyhun Rəhmanov


2535 oxunub

InvestAZ