XƏBƏR LENTİ
26 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021
19 Oktyabr 2021
18 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Paralimpiya Komitəsində iclas keçirilib
İdman 17:18 / 15.09.2021
Sentyabrın 14-də Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) yay Paralimpiya idman növləri üzrə baş məşqçilərlə iclas keçirilib.
AMPK-dan bildiriblər ki, komitənin baş katibi Kamal Məmmədov ilk növbədə Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında uğurlu nəticə göstərmiş idmançıların baş məşqçilərinə qurumun rəhbərliyi adından təbriklərini və minnətdarlığını ifadə edib. Baş katib bundan sonra da onların fəaliyyətindən yüksək nəticələr gözlənildiyini vurğulayıb.
K.Məmmədov bildirib ki, Tokio-2020-də komandamızın uğurlu nəticələr əldə etməsinə baxmayaraq, güllə atıcılığı, pouerliftinq, taekvondo, eləcə də lisenziya gözləntisi olan kamandan oxatma və digər idman növlərinin baş məşqçiləri növbəti yarışlara daha ciddi hazırlaşmalı və qarşılarına qoyulan vəzifələri yerinə yetirməlidirlər.
İclasda 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilib. Eyni zamanda, baş məşqçilərə yeni idmançıların, o cümlədən Qarabağ qazilərinin cəlb edilməsi, regionlarda fəaliyyətin gücləndirilməsinin vacibliyi bildirilib. Həmçinin baş məşqçilərə tapşırılıb ki, on gün müddətində Paris-2024-ə hazırlıq dövrü üçün fəaliyyət proqramı hazırlanıb komitəyə təqdim edilsin.
İclasın nəticəsi olaraq, AMPK-nın prezidenti İlqar Rəhimova Paris-2024 XVII Yay Paralimpiya Oyunları ilə əlaqədar hər idman növü üzrə baş məşqçilərin təyin edilməsi ilə bağlı təqdimat verilib.


1674 oxunub

InvestAZ