XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



İrina Zaretska: “Hədəfim qızıl medaldır”
Müsahibə 19:06 / 14.07.2021

Tokio-2020 Yay Olimpiya Oyunları artıq başlamaq ərəfəsindədir. Dünyanın yüzlərlə idmançısı bu məqamı gözləyir. Bu nəhəng idman tədbirində iştirak edəcək idmançılar arasında Azərbaycan təmsilçiləri də yer alacaq. Bundan əvvəlki olimpiadalarda idmançılarımızı dəstəkləyən azarkeşlər bu dəfə də Tokiodan medal sorağı gözləyəcəklər. Olimpiadaya lisenziya qazanan bir çox idmançımızın medal qazanmaq imkanı var. Yığma komandamızın heyətində çıxış edən karateçimiz İrina Zaretskanın da şansları yüksək qiymətləndirilir. Bundan əvvəlki yarışlarda uğurlu çıxışı ilə azarkeşlərin ürəyini fəth edən xanım idmançımızla görüşüb, onunla söhbət etdik.


- İrina, Tokio Olimpiadasına az vaxt qalır. Hər keçən gün səni böyük sınağa doğru aparır. Hansı hissləri keçirirsən?


- Tokio Olimpiadasına yüksək formada hazırlaşmışıq. Bu mötəbər idman tədbirində iştirak edəcəyimiz üçün şanslıyıq. Hədəfim qızıl medaldır. Çalışacağam ki, hər zaman sizin fəxriniz olum. Keçirdiyim hisslərə gəldikdə isə həyatda hər bir məqamda qarşılaşdığım hadisələrə soyuqqanlı yanaşıram. Lakin biləndə ki, qarşıda məni böyük bir sınaq gözləyir, bax onda sanki vaxtın dayandığını hiss edirəm. İndi mənim üçün doğrudan da vaxt dayanıb. Çünki Yaponiyaya yola düşəcəyim anları, Tokio Olimpiadasının başlayacağı günü gözləyirəm.
Əminəm ki, bu yarışlarda uğur əldə edə biləcəyəm. Özümə inamım çox yüksəkdir. Hazırlıq səviyyəmdən də çox razıyam. Məşqçilərimiz də mənə bu işdə əlavə stimul verirlər. Onların verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirirəm. Qarşılıqlı fikir mübadiləsi aparıb ortaya çıxan çatışmazlıqları aradan qaldırmağa çalışırıq.


- Xorvatiyada keçirilən qitə yarışında çox yaxşı çıxış etdin. Pandemiya dövründə, məşqlərin az və qadağalarla keçirildiyi bir ərəfədə yüksək formada idin.

- Poreçdə keçirilən Avropa çempionatında bütün qüvvəmi sərf etdim. Pandemiya dövründə ilk yarış idi ki, orada iştirak etdim. Əslində uzun müddət idi ki, məlum səbəblərə görə yarışlardan uzaqda qalmışdım. Mənə elə gəlirdi ki, ilk dəfədir yarışda iştirak edirəm. Şəxsi görüşlərdə ilk dəfə idi ki, Avropa çempionatının qızıl medalına yiyələndim. 2018-ci ildə dünya çempionatının qızıl medalını əldə etsəm də, qitənin ən güclü karateçisi olmaq məhz bu ilə təsadüf etdi. Olimpiya oyunları ərəfəsində belə bir nəticə əldə etmək məni daha da ruhlandırdı.

- Rəqiblərin barəsində hansı məlumata maliksən?

- Olimpiya oyunlarında güclü idmançılarla üz-üzə gələyəcəm. Onların əksəriyyəti ilə Avopa çempionatında yarışmışam. Lakin digər qitələrdən olan idmançılar da var. Onların bəzilərini tanıyıram. Döyüş üslublarına yaxından bələdəm. Mən çıxış etdiyim çəki dərəcəsində əsas rəqiblərdən biri sayılıram. Deməli onlar da mənimlə hesablaşırlar. Hər şey döyüş meydanında məlum olacaq. Məni izləyin, sizin etimadınızı doğrultmağa çalışacağam.


- Yarışlarda azarkeşlərin olmaması barədə hansı fikirləri söyləyə bilərsən?

- Bəli, azarkeş amili idmançı üçün əsas şərtdir. Televizorda futbol üzrə Avropa çempionatının oyunlarına baxmışam. Pandemiya ərəfəsində azarkeşsiz keçirilən görüşlər çox maraqsız idi. Amma bu yarışda qismən də olsa azarkeşlərə imkan yaratdılar ki, oyunları stadiondan izləsinlər. Çox yaxşı olardı ki, bizim çıxışlarımız zamanı da azarkeşlər arenaya buraxılsın. Onların dəstəyini, onların həyəcanını hiss edib, döyüşmək hər bir idmançı üçün vacibdir. Bilmirəm, Tokioda azarkeşlər olacaq, ya yox, amma nümayəndə heyətimizin orada olması məni ruhlandıracaq.


Anar Əhmədov

977 oxunub

InvestAZ