XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



Nazim Babayev: “Olimpiya Oyunlarında zəif rəqib olmur”
Müsahibə 23:43 / 13.07.2021
İdmansevərlərin uzun müddətdir ki, həyəcanla gözlədiyi Tokio-2020 Yay Olimpiya Oyunlarına artıq sayılı günlər qalıb. Vaxt azaldıqca idmançıların həyəcanı və məşqləri bir o qədər də artır. Hər zaman olduğu kimi, idmançıları daim diqqətdə saxlayan "Olimpiya dünyası” qəzeti bu dəfə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarla müsahibələr hazırlayaraq oxucularına təqdim edir. Müsahibimiz atletikanın üçtəkanla tullanma növü üzrə Qış Avropa çempionatının, IV İslam Həmrəyliyi Oyunlarının, Tələbələrin Yay Universiadasının qalibi Nazim Babayevdir. Zədəsinin olmasına baxmayaraq, oyunlara bütün gücü ilə hazırlaşan atletimiz Nazim Babayev qəzetimizə hazırlıq səviyyəsidən, aldığı zədələrdən və ilboyu qarşılaşdığı maneələrdən danışıb. 
  
 
- Nazim, Tokio-2020-yə lisenziya qazanan idmançılar arasında sənin də adın var. İlk Olimpiadanız olan Rio-2016 ilə müqayisə etsək hazırlıq səviyyənizi necə qiymətləndirərsiniz?
 - İlk dəfə Olimpiya Oyunlarında iştirak edəndə 17 yaşım var idi. Həmin vaxtdan artıq 5 il keçib. Bu illər ərzində dəfələrlə müxtəlif beynəlxalq turnirlərdə iştirak edib, medallar qazanmışam. 2021-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lizensiyanı isə ötən ilin əvvəlində iştirak etdiyim beynəlxalq turnirdə ikinci yeri tutmaqla əldə etmişəm. Təbii ki, iştirak etdiyim bu yarışlar Tokioda keçiriləcək Olimpiya Oyunlarına daha təcrübəli yollanmağıma kömək olacaq. Bu baxımdan həm təcrübə, həm də fiziki cəhətdən özümü yarışlara daha hazırlıqlı hesab edirəm.
 
 
- Pandemiyaya görə zallar bağlı olduğu üçün uzun müddət məşqlərinizi ev şəraitində etdiniz. Bəs bu sizin hazırlıq prosesinizə necə təsir etdi?  
- Düzdür, təəssüf ki, pandemiya şəraiti ilə əlaqədar məşqlərimizdə bir çox çətinliklərlə üzləşdik. Xüsusən də, dekabr, yanvar kimi soyuq aylarda qaydalara uyğun açıq havada məşq etməyimiz, bədən temperaturunun tez-tez dəyişməsi və bu kimi amillər səhhətimdə ciddi zədələrin yaranmasına səbəb olub. Belə ki, belimdə, topuğumda və ayağımın sağ arxa hissəsində zədələr yaranıb. Təbii ki, bu zədələri dəfələrlə müalicə etsək də, onlar yenidən yaranır. Bel və topuğumda mövcud olan zədədən yaxa qurtarmışdım. Amma iştirak etdiyim Balkan çempionatında yarışdan əvvəl isinmə hərəkətləri edən zaman zədəm yenidən məni narahat etdi. Buna görə də, məsləhət olundu ki, yarışdakı  iştirakımı dayandırım. Əlbəttə, istəməzdim ki, Tokio Olimpiya Oyunlarından əvvəl belə zədə ilə üzləşim. Belə ki, məşqlərdə daim yüksək nəticə və fiziki aktivlik nümayiş etdirmək istəyirdim. Amma buna baxmayaraq, ümumi hazırlıq səviyyəmi normal qiymətləndirirəm və inanıram ki, Olimpiya Oyunlarına kimi zədədən tam sağala biləcəyəm.
 
  
- Tokiodakı rəqibləriniz necə, çox dəyişilib?
 - Bəli, rəqiblərimin arasında dəyişikliklər var. Belə ki, məsələn, 2012-ci və 2016-ci il Olimpiya Oyunlarının qalibi, amerikalı Kristian Teylor oyunlardan əvvəl iştirak etdiyi yarışlarda ciddi zədə aldığı üçün 6 ay müddətində turnirlərdən uzaqda qalacaq. Bununla da, o, çoxdan gözlənilən Olimpiya Oyunlarında mübarizə aparmayacaq. Amma buna baxmayaraq, güclü rəqiblərimin də az olmadığını vurğulamaq istəyirəm. Məsələn, Portuqaliya, Amerika, Braziliya təmsilçiləri həqiqətən də, güclü rəqibdirlər. Sözsüz ki, Olimpiya Oyunlarında zəif rəqib olmur. Hətta bir qədər zəif hesab etdiyin rəqibin çox yüksək nəticə göstərdiyi anlar belə olub. Hər bir halda bütün amilləri nəzərə alaraq, hazırda ən güclü idmançı dünya lideri olan Burkina-Faso təmsilçisidir. Bundan əlavə əslən Kubadan olan Portuqaliya  idmançısı da favoritlər sırasındadır. Həmçinin Rio-de-Janeyro və London Olimpiya Oyunlarının gümüş medalçısı, amerikalı atlet də güclü rəqiblərdən sayılır. Bu da o deməkdir ki, rəqabət həqiqətən də, güclü olacaq. Lakin bunlara baxmayaraq, yüksək nəticə əldə etmək üçün əlimdən gələni edəcəyəm. Hər şey mübarizə meydanında daha dəqiq görünəcək.
   
- Yarışlara son hazırlıq prosesinizi harada keçəcəksiniz?
 - Bir müddət əvvəl təlim-məşq toplanışlarında oldum. Bundan sonra nəzərdə tutulan məşqlərimi Bakıda keçirəcəyəm. Belə ki, qaydaya uyğun olaraq, Oyunlara yollanan hər bir idmançı son iki həftə öz vətənində məşqlərini keçməlidir. Bu, həm də, bir karantin dövrü də hesab olunur. Mən də bu müddət ərzində həm məşqlərimi davam etdirəcəyəm, həm də, mövcud zədəmin sağalmasını təmin edəcəyəm.
 
- Tokio-2020 Yay Olimpiya Oyunları pandemiya səbəbindən bir il təxirə salındı. Bu Oyunların təxirə salınması Sizə necə təsir etdi?
 - Təbii ki, Olimpiya Oyunlarının təxirə salınması digər idmançılar kimi, mənə də çox pis təsir etdi. Böyük həvəslə bu yarışlara hazırlaşmışdım. Həmin vaxt həm fiziki, həm də psixoloji hazırlığım yüksək səviyyədə idi. Mövcud olan bəzi problemlərimin isə üzərində işləyib, Oyunlara qədər aradan qaldırmağı düşünürdüm. Bir sözlə, Olimpiya Oyunlarında bütün gücümü nümayiş etdirib, yüksək nəticə qazanmağı ümid edirdim. Lakin lisenziya qazandıqdan iki həftə sonra idman yarışlarının təxirə salınması ilə bağlı qərar verildi. Əlbəttə, bir idmançı olaraq bu qərar mənim üçün həqiqətən də gözlənilməz xəbər oldu. Bir il az bir müddət deyil. Həmin vaxtdan bu yana hazırlıq səviyyəmdə bəzi dəyişikliklər oldu. Bir sözlə, Olimpiya Oyunlarının bir il təxirə salınması mənim üçün çox pis nəticələndi.
  
 
- Psixoloji hazırlıq qələbənin yarısıdır, deyirlər. Bəs siz özünüzü olimpiadaya psixoloji cəhətdən necə hazırlayırsınız?
 - Doğru qeyd etdiniz, idmançı üçün psixoloji hazırlıq çox vacibdir. Olimpiya Oyunlarında isə bu amil çox böyük rol oynayır. Belə ki, idmançı yarışa nə qədər fiziki baxımdan hazır olsa da, psixoloji cəhətdən hazırlıqsız ola bilər. Belə olan halda isə onun uğur qazanmasını böyük sual altında olacaq. 2-3 ildir ki, mütəmadi olaraq Olimpiya Oyunlarına hazırlaşmağım, beynəlxalq yarışlarda güclü rəqiblərlə mübarizə aparmağım, qələbələrim və məğlubiyyətlərim ümumilikdə mənə bir dərs oldu. Bu dərsdən nəticələr çıxarıb, özümü həm fiziki, həm də, psixoloji cəhətdən inkişaf etdirmişəm.
 
Türkay Niftəliyeva

646 oxunub

InvestAZ