XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Şəhid övladları üçün idman festivalı təşkil olunub
İdman 15:28 / 20.06.2021
Göygöldə "Qəhrəman övladları” adlı idman festivalı təşkil edilib. Festival "Cavad Xan” Tarix və Mədəniyyət Fondu, "Qardaşlıq” qrupu, Göygöl Gənclər və İdman İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Göygöl Olimpiya və İdman Kompleksi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Gəncə və Göygöldən 67 ailədən 118 şəhid övladı (7-12 yaş qrupu) iştirak edib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk bildirib ki, Azərbaycanın qəhrəmanları 44 gün ərzində Qarabağdakı 30 illik əsarətə son qoyaraq nəsildən-nəslə ötürüləcək böyük bir qəhrəmanlıq dastanına imza atmaqla tarix yazdılar. Ölkəsinin bütövlüyü üçün canını verən hər bir şəhid, həyatını riskə atan hər bir qazi bu millətin ortaq dəyəridir: "Şəhidlərimizin geridə qoyduğu digər yaxınları ilə yanaşı, övladları bu millətə əmanətdir. Ümid edirəm, bu yadigarları azərbaycanlı qardaşlarımızla birlikdə qoruyacağıq, şəhidlərimizin ruhunu əsla incitməyəcəyik və hər zaman qazilərimizin yanında olacağıq.

"Bir millət, iki dövlət” anlayışı ilə güclənən siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahələrdəki münasibətlərimiz bu dəfə şəhid övladlarımızın rəqabət sevincini bölüşərək gənc zəkalarda güclənəcək və çiçəklənəcək. İki ölkə arasında sevinc və kədər içində birlik ruhunu yeni nəsillərə ötürmək bəlkə də bu festivalın ən mənalı tərəflərindən biri olacaq. Çünki biz birlikdə güclüyük. Bu mesajı hələ keçən həftə iki qardaş ölkənin prezidentləri Şuşadakı tarixi görüşdə yüksək səslə gözəl bir şəkildə dilə gətirdilər".

Baş konsul tərəfindən komandalara kapitanlıq və mükafatlandırma Azərbaycanın məşhur idmançılarından olan Olimpiya, Dünya, Avropa çempionları və mükafatçıları Hacı Əliyev, Namiq Abdullayev, Mövlud Mirəliyev, Rövşən Bayramov, Mariya Stadnik, Şərif Şərifov, Şahmuraz Qasımov, Ramil Qasımov və Hakim Nəzərəliyevə həvalə edilib.

Festivalda Gəncə və Göygöldən olan məşqçilərin və idmançıların bir neçə idman növü üzrə nümunəvi çıxışları təqdim edilib, şəhid övladlarına xoşladıqları idman növünə yerindəcə yazılmaq və təmənnasız məşğul olmaq imkanı yaradılıb.

Tədbir Gəncə Dövlət Dram Teatrının və Gəncə Kukla Teatrının maraqlı səhnələri, Gəncə Dövlət Filarmoniyasının musiqi və rəqs qruplarının çıxışları ilə davam edib.

Layihənin əsas məqsədi şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiram ifadəsi, şəhid övladlarının sağlam həyat tərzinə istiqamətləndirilməsi, onları neqativ təsirlərdən uzaqlaşdırmaq və idmana olan marağın artırılması, psixoloji dəstək göstərmək, istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

16433 oxunub

InvestAZ