XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Anti-futbol söhbətləri - yazı 2
Maraqlı 16:10 / 28.07.2021
MOBİL İSMAYILOV





Qalmaqal yaradan
məşqçilər

Hələ vaxtı ilə "Arsenal”ın baş məşqçisi Arsen Vengerlə "Çelsi”də işləyən Joze Mourinyonun soyuq münasibətlərdə olduğunu futbol həvəskarları yaxşı xatırlayırlar. Məlumdur ki, portuqaliyalı mütəxəssis mətbuat konfranslarında bəzən həmkarlarına qarşı ehtiyatsız, hətta qeyri-etik fikirlər səsləndirir. Elə indi də hərdən başqalarını "sancır”. O vaxtlar bir neçə dəfə Vengerin ünvanına kəskin ifadələr işlətmişdi. Hətta onu uğursuzluq üzrə mütəxəssis adlandırmışdı. Təbii ki, bu da Vengerin hiddətinə səbəb olmuşdu. Mətbuat konfranslarının birində o, bildirmişdi ki, Mourinyo sözlərinə, müsahibələrinə məsuliyyətlə yanaşmır. Hələ üstəlik hörmətsiz ifadələr işlədir. Buna görə də onun həmkarlarına qarşı hərəkətlərini səviyyəsizlik hesab edir və çox təəssüflənir. Nəticədə iki komandanın görüşü zamanı onlar nəinki bir-birinə yaxınlaşıb görüşmədilər, həm də oyunun gedişində bir-birini kobud tərzdə itələdilər, hətta əl-qol atmağa başladılar.

Lap elə ötən mövsüm İngiltərə Premyer Liqasında sakit təbiətli Sulşerlə emosional Mourinyo arasında qalmaqal yaşandı. Komandaların prinsipial qarşılaşmasında "Mançester Yunayted” 3:1 hesabı ilə qalib gəldi. Oyundan sonra Mourinyo ənənəsinə sadiq qalaraq, rəqib komandanın ünvanına bəzi narazılıq doğuran sözlər səsləndirdi. Sulşer də öz növbəsində cənubi koreyalı futbolçu Sonun meydanda yıxılmalarına kəskin replika atdı. Bundan sonra əsəbləşən Mourinyo növbəti gün Sulşerin fikrinə sərt reaksiyasını bildirdi. Daha sonra Sulşerin 18 yaşlı oğlu da bu "söz müharibəsinə” qoşuldu.
Hollandiyalı mütəxəssis Dik Advokatın bəzi hərəkətlərinə görə ona Rusiya idman mediası "Dik-skandal”, "Dik-kapriz” ləqəbləri qoymuşdu. Təəccübləndirici addımları ilə seçilən bu məşqçi mürəkkəb xarakteri ilə həmişə gündəmə gəlirdi. Məsələn, gözlənilməz müqavilələr bu mütəxəssis üçün adi hal idi. Hələ Birləşmiş Ərəb Əmirlikləri yığmasının baş məşqçisi olarkən, Advokat cəmi iki ay işlədikdən sonra bütün parametrlərdə daha perspektivli Cənubi Koreyanı seçərək qəflətən ərəb ölkəsini tərk etmişdi. Sankt-Peterburqun "Zenit” komandasını çalışdırarkən Dik ilkin olaraq Avstriya Futbol Federasiyası ilə razılığa gəlmişdi. Peterburq klubu müqavilənin şərtlərini daha da yaxşılaşdırdıqdan sonra niderlandlı mütəxəssis Avstriya futbol rəsmiləri ilə əlaqəni kəsmişdi. Nəticədə məsələyə hüquqi müstəvidə aydınlıq gətirilmişdi. Onun Belçika Futbol Federasiyası ilə münaqişəsi gərginliyi ilə yadda qaldı. Belçikalılarla rəsmi müqavilə bağlayan Advokat heç işinə də başlamadan gözlənilmədən Rusiya yığması ilə razılıq əldə etdi. Avropa çempionatı ərəfəsində onun Belçika yığması ilə müqaviləni pozub "sərfəli” Rusiyanı seçməsi incik qalmış ölkənin rəsmilərini coşdurdu. Rusiya futbol ittifaqı belçikalılarla müqayisədə Dikə olduqca böyük məbləğ (bəzi mənbələrə görə ilinə 12 milyon avro) təklif etmişdi. Advokatın Belçika futbol federasiyasına 1 milyon kompensasiya ödəməsinə baxmayaraq özlərini təhqir olunmuş hesab edən Belçika rəsmiləri niderlandlı baş məşqçidən məişət, otel, müəyyən sifariş xərclərini də ödəməyi tələb etdilər. Bunlarla da kifayətlənməyən Belçika futbol qurumu Dikin məşqçilik lisenziyasının ləğv olunması üçün UEFA-ya müraciət etdi. Maraqlıdır ki, bu ərəfədə rusiyalı jurnalistlərə müsahibə verən Dik Advokat bildirmişdi ki, "narahat olmayın, Rusiyadan heç yana qaçası deyil(!)”.
Son illər baş məşqçilərin qısa müddət ərzində bir klubdan digərinə keçmələrinin sayı artmağa başlayıb. Bəzi hallarda belə müəmmalı keçidlərin səbəbləri də müəyyən dövrə qədər qaranlıq qalır. Elə hallara da rast gəlinir ki, hansı səbəblərdən baş məşqçinin klubdan yola salınması onun özünə dəqiq bəlli olmur. Müəyyən zaman keçdikdən sonra əsl həqiqət üzə çıxır. Məsələn, vaxtı ilə "Mançester Siti”ni çalışdıran italiyalı mütəxəssis Roberto Mançini klubdan kənarlaşdırılmasının səbəblərini bilməmişdi. O, müsahibələrində bildirmişdi ki, klub prezidenti hansı səbəblərdən qovulmasını onun üzünə deyə bilmədi. Hətta bu proses o dərəcədə sürətlə baş vermişdi ki, onun komandanın azarkeşləri ilə vidalaşmağa vaxtı və imkanı olmamışdı. O, klubdan ayrıldıqdan sonra bəlli olmuşdu ki, prezident Əli Mübarək futbolçuların təsiri altında məcburiyyət üzündən belə bir addım atıbmış. Məlum olduğu kimi o illərdə Mançini oyunçularla yola getməyən bir baş məşqçi kimi tanınırdı. Sonradan Mançini İtaliya və Türkiyə jurnalistlərinə aydınlıq gətirdi ki, istefa prosesinə komandanın 2 futbolçusu - Soriano və Beqiristan rəhbərlik edib. Digər futbolçular da onlara qoşulub. Oyunçularla narazılığı olsa da, istefa qərarını gözləmirmiş. Tez-tez birlikdə yemək yediyi klub prezidentinə çox inanırmış. Lakin Əli Mübarək ona xəyanət etdi. Proses gizli hazırlandığından onun heç nədən xəbəri olmamışdı.
Əlbəttə, bu mülahizələr məsələnin görünən tərəfidir. Başqa səbəbin olması da istisna edilə bilməz.



İrqçilik
futbol üçün çox
təhlükəlidir

Son vaxtlar Avropanın stadionlarında irqçi şüarların səsləndirilməsinə tez-tez rast gəlirik. Belə hallar İtaliya çempionatlarında daha çox müşahidə olunur. Qitə çempionatının qrup mərhələsi çərçivəsində Slovakiya və İngiltərə yığmaları arasında Bratislavada keçirilən oyunda azarkeşlərin irqçi şüarlar səsləndirməsi nəticəsində Slovakiya Futbol Federasiyası böyük məbləğdə cəriməyə məruz qaldı. Avropa birinciliyinin seçmə qrup mərhələsində Bolqarıstan-İngiltərə oyununda (matç 0:6 hesabı ilə bitmişdi) çoxsaylı irqçi şüarlar səsləndirildiyinə görə yerli ölkənin futbol federasiyası, stadion və tamaşaçılar ilə bağlı ciddi tədbirlər görüldü.

UEFA irqçilik əleyhinə 2002-ci ildən aktiv fəaliyyətə başlamışdır. UEFA-nın "İrqçilik futbol üçün çox təhlükəlidir” prinsipi uğrunda qətiyyətli mübarizə aparılması üçün ciddi tədbirlər nəzərdə tutulurdu. Elə həmin ərəfədə UEFA bu istiqamətdə xüsusi proqram qəbul etdi. 10 bənddən ibarət olan həmin proqramın əsasını sərt qərarların həyata keçirilməsi təşkil edirdi. Məsələn, planda qeyd olunub ki, Avropanın bütün klubları irqçilik əleyhinə yeganə şüarla çıxış etməlidirlər. Bundan başqa klublar və yığmalar irqçiliyə qarşı bütün mümkün vasitələrdən istifadə edilməsi və meydanda baş verən epizodlarda iştirak edən futbolçular haqqında kəskin qərarların qəbul ediləcəyi barədə öhdəlik götürməlidirlər. Həmçinin klublar illik bilet satarkən azarkeşlərdən stadionda irqçilik hallarının baş verməsinə şərait yaratmamalarına dair tələb və xəbərdarlıqlar etməsinin vacibliyi vurğulanırdı. Əgər tribunada azarkeş irqçi şüar səsləndirirsə, dərhal buna reaksiya verilməsi nəzərdə tutulurdu. Azarkeşləri irqçi ifadələr səsləndirən klub ilkin mərhələdə 14 min avro, bu hal təkrarlandığı təqdirdə 70 min avro cərimə ödəməli olacaqdı. Əgər fakt üçüncü dəfə təkrar olunduğu halda, stadionun bağlanması kimi sərt bənd də proqramda yer almışdı. Son vaxtlar isə bu xoşagəlməz proses daha çox internetdə müşahidə olunur.


Dopinq və dopinq
sırasına daxil
edilməyən preparatlar

Məlum olduğu kimi olimpiadalarda, çempionatlarda qaliblər, rekordçular dopinqdən istifadə edirlər. Bunu artıq gizlətmək mümkün deyildir. Son illər mediada, internetdə daha çox məlumatlar yayılır. Təəssüf ki, bu meyllər futbol dünyasından da yan keçmir.
Stabil oyun göstərə bilməyən futbolçular bəzən azarkeşlərdə çaşqınlıq yaradır. Yəni, konkret futbolçu və ya futbolçular silsilə oyunlarda əla təsir bağışlasa da, növbəti oyunda,yaxud ardıcıl oyunlarda uğursuz görüntü ilə yadda qalır. Hətta göstərdikləri oyuna görə onları az qala tanımaq belə mümkün olmur. Əlbəttə, burada bir sıra amillər (zədələr, idman rejiminin pozulması, münasibətlərin qəflətən kəskinləşməsi və sairə) ola bilər. Lakin müəyyən hallarda qadağan olunmuş və yaxud olunmamış preparatların qəbulu şübhələri də ortaya çıxır. Təbii ki, azarkeşlərin bundan xəbəri olmur. Burada söhbət təkcə dopinq xarakterli maddələrdən getmir. 

Bəzi preparatlar var ki, digər idmançılar kimi futbolçular da istifadə edir. Onlardan bir qrupu kişi hormonu olan testosteronu qana daxil edən preparatlardır. Bəzi futbolçular normadan artıq qəbul etdikdə qana çox porsiyada daxil olur və həmin futbolçular olduqca fəal təsir bağışlayır, sürətli oyun göstərərək, yorulmurlar. Elə hallar olur ki, bu preparatların təsirindən bəzi futbolçular yaxşı oyun göstərməklə yanaşı, çılğınlaşır, əsəbi görkəm alır, hətta aqressivləşir. Belə preparatların sırasında dopinq kimi qəbul edilənləri də var, edilməyənləri də. Məsələn, götürək Rusiya futbolunu. Bu ölkənin futbolçuları açıq şəkildə "anastan” preparatı qəbul edirlər. Apteklərdə reseptsiz satılır. Əsasən guya bitki komponentlərindən hazırlanan bu preparat qadağan edilmiş dopinqlər sırasına daxil edilmir və zərərli fəsadları azdır (!). Keçmiş illərdən başlayaraq istifadə olunduğuna görə sınaqdan çıxmış preparat hesab edilir. Rusiya istehsal olan bu preparat həmçinin güləş, ağırlıqqaldırma, boks və tennis kimi idman növlərində də münasib hesab olunur.
Ümumiyyətlə, bu qəbildən olan maddələrdən istifadə bütün dunya futbolunda mövcuddur. Müasir futbolda stadionlarda arabir xoşagəlməz hadisələrin baş verməsində belə preparatların təsiri heç də az deyildir. Tez-tez qaydaların pozulması, ifrat kobudluğa yol verilmələr, ciddi zədələrin artması, futbolçuların uzun müddətə sıradan çıxmaları, oyunçuların özlərini həddindən artıq qıcıqlandırıcı aparmaları (bəzən əvəzlənən futbolçu narazı qalaraq ehtiyat oyunçular və məşqçilər korpusunun yanındakı su qablarına təpik atır, məşqçinin ona uzadılmış əlini sıxmır, məşqçi heyəti və komanda yoldaşları ilə qaba rəftar edir, söyüş söyür, hakimlərlə yersiz mübahisə edir, qırmızı vərəqə aldıqda meydanı ləng tərk edir və sairə.) aparmaları digər amillərlə yanaşı bu cür preparatların qəbul edilməsi ilə də bağlı ola bilər. Hər halda mütəxəssislər belə izah edirlər.

(ardı var)

26351 oxunub

InvestAZ