XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Anti-futbol söhbətləri - yazı 1
İdman 13:02 / 13.07.2021
MOBİL İSMAYILOV



Digər idman növlərində olduğu kimi, futbol dünyasının da görünən və görünməyən tərəfləri vardır. Görünməyən tərəflərlə yanaşı futbol aləmində baş verən xoşagəlməz hadisələr, pərdəarxası olaylar əksər hallarda sensasiyalı xəbərlərə, ciddi narazılıqlara, qalmaqallara, hətta məhkəmə çəkişmələrinə səbəb olur. Nəticədə bütün bunlar anti-futbol söhbətlərinin yaranmasına gətirib, çıxarır. Uzaq və yaxın keçmişi nəzərə almaqla anti-futbol söhbətlərindən ibarət iri həcmli kitabı nəşrə hazırlayıram. Oxuculara təqdim olunan aşağıdakı yazımda kitabdakı bəzi fraqmentlərə əsaslanaraq yığcam şəkildə futbol həvəskarlarının marağına səbəb ola biləcək fikirlərə, mülahizələrə və məqamlara toxunmuşam.


Qalibsənsə ...
səni əlləri üstə gəzdirəcəklər,
daim tərifləyəcəklər...


Dünya futbolu həmişə müxtəlif şayiələrlə dolu olub. Son 20-30 ildə bu cür meyllər daha da artıb. Dəqiq olmayan informasiyalar sanki bilərəkdən dövriyyəyə buraxılır. Bir də görürsən ki, futbol aləmində maraqlı xəbərlər dolaşır. Ancaq bu məlumatlar haradan qaynaqlanır, bilinmir. Belə informasiyaların bir qismi ya təsdiqini tapmır, ya da sadəcə yalan olur. Mənbəyi bəlli olmayan məlumatlar mediaya da yol tapır. Əksər hallarda futbolçuların xırda inciklikləri qəsdən gündəmə gətirilir. Başqa sözlə, onların məşq zamanı, soyunub-geyinmə otağında, yaxud təyyarədə bir-biri ilə mübahisə etmələri jurnalistlərə, azarkeşlərə dalaşma kimi çatdırılır. Bəzən musiqidə, şou-biznesdə olduğu kimi, klub rəsmiləri ayrı-ayrı oyunçuların reytinqinin qalxmasına xidmət edən maraqlı şayiələr ortaya atırlar. Belə əsassız şayiələrin yayılması bəzi futbolçuları diqqət mərkəzinə gətirmək, gələcəkdə onları satmağın variantlarını müəyyən etmək, digər planların bünövrəsini qoymaq məqsədi güdür.
Futbolun içində olanlar, futbol adamları, eləcə də məşqçilər anti-futbol söhbətlərinə adətən daha çox bağlı olurlar. Ona görə də obrazlı şəkildə desək, onların yekdil fikirləri budur ki, çalış, həmişə qalib ol. Qalibsənsə, sənə heç nə "yapışdıra” bilməyəcəklər. Hələlik yuxarı başda olacaqsan, səni əlləri üstə gəzdirəcəklər, daim tərifləyəcəklər...Əslinə qalsa, həyatın bütün sahələrində belədir... Elə ki, uğursuzluqlar başladı, məğlubiyyətlərin "ağzı” açıldı, onda vəziyyət kökündən dəyişəcək...Dünən sevimlisi olduğun adamların bu gün eyni ehtiraslarla səni hündürlükdən yerə tullayacağını yaddan çıxarmaq olmaz. Daha hansı şəraitdə, hansı səbəblərdən uğursuzluqların baş verməsi heç kimi maraqlandırmayacaq. Sonra da müxtəlif yarlıqlar yapışdırılacaq...
Göründüyü kimi, belə dəyişkən mərhələlər, enişli-yoxuşlu yollar da istər-istəməz anti-futbol söhbətləri yarada bilər.



Özünü cilovlaya
bilməyəndə və gözdən düşəndə...


Sirr deyildir ki, futbola və futbolçu adına yaraşmayan hərəkətlər daha çox müzakirələrə səbəb olur. Yazının bu yerində Zinədin Zidanın Marko Materatsi ilə aralarında baş vermiş məlum münaqişəni yada salmaq yerinə düşər. O vaxt Zidan italiyalı müdafiəçinin onu təxribata çəkdiyini bildirmişdi. Əfsanəvi futbolçu eyni zamanda yol verdiyi hərəkətə görə fəxr etmədiyini də vurğulamışdı. Hərçənd ki, onlar sonradan Milan şəhərində görüşərkən barışmış, hətta söhbət də etmişdilər.
Eləcə də vaxtı ilə "Bavariya”nın yarımmüdafiəçisi Bastian Şvaynştaygerin Çempionlar Liqası çərçivəsində "İnter”lə keçirdiyi qarşılaşmada rəqibin müdafiəçisi Materatsi tərəfindən təhqir olunması da mediada geniş yer aldı. Alman futbolçu oyundan sonra jurnalistlərə verdiyi açıqlamasında demişdi: "İndi anlayıram ki, Zidan Materatsini niyə vurub. Materatsi oyunun əvvəlindən məni təxribata çəkməyə çalışırdı. Matçın gedişində məni söyməyə başlayan italyalı futbolçu qarşılaşmanın sonuna qədər bu hərəkətini davam etdirdi. Oyundan sonra onunla haqq-hesab çəkmək istəsəm də, futbolçular buna imkan vermədilər”.
İngiltərəli futbol ulduzu Con Terrinin öz klub yoldaşı və ailəvi dostu Ueyn Bricin arvadı ilə eşq yaşadığı xəbərinin yayılması ölkə futbol assosiasiyası tərəfindən çox mənfi qarşılanmışdı. "Çelsi”nin oyunları zamanı top onun ayağına toxunan kimi dərhal tribunalarda fit səsləri eşidilirdi. Dostunun fransalı sevgilisi kütləvi informasiya vasitələrinə müsahibələr verərək Terri ilə məhəbbət macərası yaşamasını gizlətmədi. İş o yerə çatdı ki, Terri məhkəməyə müraciət etməli oldu. Lakin məhkəmə ingilis futbolçunun iddiasını təmin etmədi. Nəticədə, Terri nəinki azarkeşlərin və jurnalistlərin yanında hörmətdən düşdü, həmçinin onun idman imicinə də böyük xələl gəldi. Belə ki, "Çelsi”nin və İngiltərə yığmasının kapitanı olan Con Terri çoxmilyonlu reklam müqavilələrini itirdi. Bundan başqa 2012-ci il Avropa çempionatının püşkatma ərəfəsində İngiltərə yığma komandasının baş məşqçisi Fabio Kapellonun müqavimətinə baxmayaraq Terri yığmanın kapitanlıq sarğısını daşımaqdan məhrum edildi. Rio Ferdinand yığmanın yeni kapitanı təyin olundu. Həmişə azarkeşlərin, jurnalistlərin sevimlisi olan, "2009-cu ilin atası” titulunun müəllifi Terri xoşagəlməz məhəbbət romanına görə qısa müddət ərzində rüsvayçı aqibətlə üzləşdi. Göründüyü kimi, İngiltərədə belə hərəkətlər bağışlanılmır. Lap elə bu yaxınlarda qadınlara qarşı törətdiyi zorakılıq hərəkətlərinə görə Uels yığmasının baş məşqçisi, keçmiş tanınmış futbolçu Ryan Qiqqzin vəzifəsindən azad olunmasını yada salaq.
"Balaca çar” ləqəbli, Rusiya yığmasının sabiq kapitanı Andrey Arşavinin şəxsi həyat problemləri 2014-cü ildə medianın gündəmindən düşmürdü. Üç uşaqla arvadını atan (rəsmi nigahda olmasa da) məşhur futbolçunun gah ingiltərəli modellə, gah da digər ərli (!) qadınlarla sevgi romanları yaşaması Rusiya KİV-də hiddətlə qarşılanmışdı. Xüsusən Arşavinin uşaqlarını atmasını və onlara maddi dəstək göstərməkdən imtina etməsini jurnalistlər, televiziya kanalları futbol ulduzuna yaraşmayan mənfi hal kimi qiymətləndirmişdilər. Hətta o dövrdə ironiya ilə belə bir fikir səsləndirilmişdi ki, görəsən bu yarımmüdafiəçi yarı atadan, yarı kişidən nə vaxt bütöv ataya, tam kişiyə çevriləcək...
Terri "əhvalatından” fərqli olaraq Rusiya yığmasının çalışdırıcısı Kapello bu dəfə prinsipial mövqe tutdu. O, KİV-ə müsahibə verərək bildirdi ki, ailə dəyərlərinə boyük diqqət yetirir. Kapello Arşavini belə davranışına görə dərhal yığmadan kənarlaşdırdı. Teleaparıcı Olqa Buzova ilə evləndiyinə görə isə Dmitri Tarasovu tərəddüd etmədən yığma komandanın tərkibinə daxil etdi.
Üç dəfə evlənmiş FİFA-nın sabiq prezidenti 78 yaşlı Yozef Blatterin özündən 28 yaş kiçik olan Linda Barras ilə eşq yaşaması da birmənalı qarşılanmırdı.
Təbii ki, futbol dünyasında da belə hallara çox rast gəlinir. Lakin mövzunun həcminin genişlənməsi səbəbindən bu cür epizodlara ətraflı yer verməyi məqsədəuyğun hesab etmirəm.
Bəzi ulduz futbolçuların gecə klublarının "daimi sakini”nə çevrilmələri də anti-futbol söhbətlərinə gətirib çıxara bilər. Təsadüfi deyildir ki, belələrini transfer etmək istəyən yeni klublar artıq çoxdandır ki, müqavilə şərtlərində məhz, həmin futbolçuların "gecə həyatına” qadağanı da rəsmiləşdirməyə məcbur olurlar.



"İkinci peşəsi” olan futbolçular

Rusiya mətbuatında yerli futbol ulduzlarının ingilis klublarında möhkəmlənə bilməməsi ilə bağlı bir neçə il əvvəl ardıcıl yazılar getməsini futbol həvəskarları yəqin ki, xatırlayırlar. Tanınmış rus futbolçuları ilə əlaqədar suallar minlərlə azarkeşlərin diqqətini cəlb etmişdi. Nəhayət, 2013-cü ildə futbol yazarlarını, fanatları maraqlandıran məsələlərə aydınlıq gəldi. Məlum olduğu kimi, Yuri Jirkov, Roman Pavlyuçenko və Andrey Arşavin 2008-ci il Avropa çempionatının qəhrəmanlarından idilər. İngiltərənin xüsusi xidmət orqanları müəyyən ediblər ki, hər üçünün rus xarici kəşfiyyat xidmətinin agentləri kimi İngiltərə Premyer Liqasında oynamaları gözdən pərdə asmaq üçün imiş. Onlar əslində müəyyən tapşırıqları yerinə yetirməkdən ötrü həmin ölkədə top qovurlarmış. Yəni bu futbolçuların burada "ikinci peşəsi” də varmış. Mətbuatda gedən yazılardan görünür ki, guya ingiliscə iki kəlmə də bilməyən, 2008-ci ildə 16 milyon funt sterlinq məbləğində "Tottenhem”ə transfer edilən Pavlyuçenko Londonda qəribə davranışları ilə diqqəti cəlb etməyə başlayıb. O, yerli əhali və komanda yoldaşları ilə həddindən artıq ünsiyyət qurmağa çalışır, boş vaxtlarında isə şəhərin küçələrini gəzib dolaşsa da, rusların sevdiyi kvartallara getmirmiş. Ümumiyyətlə, ruslarla görüşməkdən qaçırmış. Tezliklə Romanı izləməyə başlayıblar. Məlum olub ki, o, tez-tez "ikra evi”nə gedərək Həştərxandan gələn ikra alarmış. Xidmət orqanlarının nümayəndələri bunu "mərkəzdən ikra bankaları vasitəsi ilə təlimatlar almaq” kimi izah edərək bir neçə ay ərzində futbolçunun göndəriş sifarişlərini açıb yoxlasalar da, heç bir "şifrələmə” tapmamışdılar. Ancaq bununla belə iddia olunurdu ki,özünü kütbeyin göstərən Pavlyuçenko əslində ordunun döyüş hazırlığı barədə vacib informasiyalar toplayırmış.

2009-cu ildə Arşavin Londonda peyda oldu. Romanla bərabər Andrey də izlənməyə başladı. Məlumatlardan görünürdü ki, Rusiya dövlət təhlükəsizlik xidməti hələ Arşavini "Dinamo” cəmiyyətinin pioner düşərgəsindən casusluq fəaliyyətinə hazırlayırmış. İngiltərədə ona "kürən tülkü” ləqəbi qoymuşdular. Andreyin də davranışında şübhəli məqamlar müşahidə olunurmuş. Buna görə də o, Londona gələn gündən gedənə qədər nəzarətə götürüldü. Əks kəşfiyyatçılar həmçinin müəyyən etdilər ki, Arşavin gecə həyatına daha çox bağlıdır və ekzotik görünüşlü qadınlara böyük maraq göstərir. Andreyin qadınlardan məlumatlar toplaması da ehtimal olunmağa başladı. Nəhayət, Arşavin şahzadə Uilyamın keçmiş tanışı Coanna ( məşhur mulat Coanna! ) ilə tanış olanda yerli agentlər buna çox ciddi yanaşdılar. Onlar hesab etdilər ki, rusiyalı deyəsən "yuxarılara” yol axtarır və onu dayandırmağın vaxtıdır. Buna görə də xidmət orqanları ciddi tədbirlər görülməsi üçün baş nazir Devid Kemerona müraciət etdilər. Futbolçu "casusların” ölkədən çıxarılması qərara alındı. Əvvəlcə, onlardan ən "təhlükəsizi” -davranışında elə də şübhələr müşahidə edilməyən Jirkov, ardınca " yalançı”ləqəbli Pavlyuçenko, daha sonra isə Arşavin ölkəni tərk etdilər.
Avropanın bir sıra klublarında oynamış, o cümlədən də Rumıniya millisinin və "Qalatasaray” komandasının keçmiş futbolçucu George Popeskunun futbolçuların transferi zamanı maliyyə fırıldaqlarına yol verməkdə təqsirli bilinib, 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsi də futbol azarkeşlərinin diqqətini cəlb edərək müzakirələrə səbəb oldu.
2011-ci ildə mətbuat səhifələrində kədərli məlumat yayıldı. Bolqarıstan millisinin sabiq futbolçusu Svyatoslav Yordanov ABŞ-da qətlə yetirilmişdi. "Levski” və "Minyor” klublarının keçmiş futbolçusu karyerasını başa vurduqdan sonra ailəsi ilə birlikdə Amerikaya yollanmışdı. Yayılan xəbərlərdən görünürdü ki, taksi fəaliyyəti ilə məşğul olan Yordanov tapança ilə güllələnmişdi. Futbolçunun qətlində müxtəlif versiyalar olduğuna görə hadisə müəyyən müddət medianın gündəmindən düşmədi.


Ən təhlükəli çempionat


Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının ən pis mundial kimi yaddaşlarda qalması azarkeşlərə, mütəxəssislərə bəllidir. Jurnalistlər o vaxt ironiya ilə deyirdilər ki, bu ölkədə çempionat elə "afrikasayağı” təşkil olunmuşdu. Bu ölkəyə gəlmiş futbol komandaları FİFA-nın tarixində yarıtmaz dünya çempionatının keçirilməsinin şahidi oldular. Əvvəla, kriminal durumun burada normal olmadığını əvvəlcədən bilən azarkeşlərin çoxu Afrikadakı çempionata getməyə risk etmədilər. Sonrakı proseslər də bu azarkeşlərin haqlı olduğunu bir daha təsdiq etdi. Təşkilatçı ölkənin milli musiqi aləti olan vuvuzellaların xoşagəlməz səsindən yarıboş tribunalarda qulaq tutulması və bu mənzərədən yaranan mənfi təəssürat da qalsın bir yana. Açılışdan sonra ayrı-ayrı yerli futbol "adamları” turistlərə, azarkeşlərə axşamlar tək-tək və xüsusi zərurət olmadan otellərdən çıxmağı məsləhət görmürdülər. Ümumiyyətlə, onlara hər bir halda ehtiyatlı davranmağı təklif edirdilər. Çempionatın gedişində artıq ispan, portuqal, çin azarkeşlərinə və jurnalistlərə qarşı soyğunçuluq, quldurluq hərəkətləri törədildi. Uruqvay yığma komandasının məskunlaşdığı oteldə isə heyət oyuna çıxdığı vaxt nömrələrdən bütün futbolçuların şəxsi əşyaları və pulları oğurlanmışdı. Yunanıstan yığması məşq edərkən naməlum şəxslər soyunub-geyinmə otağına girərək, komanda üzvlərinin bütün şəxsi əşyalarını oğurlamışdılar. FİFA rəsmiləri etiraf edirdilər ki, CAR-da təşkil olunan dünya çempionatı 1986-cı ildə Meksikada keçirilən mundial ilə bərabər futbol tarixinin ən pis çempionatları oldu.

(ardı var)





17786 oxunub

InvestAZ