XƏBƏR LENTİ
08 May 2024
07 May 2024
06 May 2024
05 May 2024



“Məhsul” İdman Cəmiyyəti 70 il ərzində ölkə idmanına böyük töhfələr verib”
İdman 17:03 / 20.04.2021
Azərbaycanda idman ənənələrinin böyük tarixi var. Bu ənənəni yaşatmaq üçün ölkənin hər bir yerində idmanı inkişaf etdirmək çoxşaxəli fəaliyyət göstərə biləcək idman cəmiyyətinin yaradılmasını tələb edirdi.
1951-ci ildə əsası qoyulan "Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti məhz bu ağır və çətin işi yerinə yetirməyə başlayıb. Qısa müddətdə rayon və kəndlərdə, qəsəbələrdə salınan sadə idman meydançaları, yaradılan klublar Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına güclü təkan verib. "Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin Respublika Şurası ilk gündən fəaliyyətini möhkəm təməl üzərində qurub. İdman cəmiyyəti Azərbaycanın şəhər, rayon, qəsəbə və kəndlərində onlarla idman meydançaları, stadionlar, idman kompleksləri vasitəsilə gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinə, istedadlı idmançıların yetişdirilməsinə xidmət edir.



Bu ilin oktyabr ayında "Məhsul” İC-in 70 illiyi tamam olacaq. Cəmiyyətin idmançıları bu illər ərzində respublika bədən tərbiyəsi təşkilatının layiqli üzvləri kimi öz uğurlu çıxışları ilə Azərbaycanın idman şərəfini həmişə ləyaqətlə qoruyublar. Ötən 70 ilə nəzər salanda cəmiyyətin onlarla dünya, Avropa və digər mötəbər yarışlarda medallar qazanmış idmançılarını görmək olar. Cəmiyyətin ən böyük uğurlarından biri ötən əsrin səksəninci illərində keçirilmiş ümumittifaq kənd idman oyunlarında olub. Bu oyunlarda "Məhsul” İC-i təmsil edən güləşçilər, boksçular komanda hesabında ümumittifaq miqyasda birinci yeri tutublar.
"Məhsul”un idman qurğuları şəbəkəsi ən ucqar kəndlərdən başlamış paytaxta qədər bütün respublikanı əhatə edirdi. Hətta 30 ilə yaxın düşmən əsarətində olan və Vətən müharibəsindən sonra erməni qəsbkarlarından azad olunan Qarabağ torpağında da cəmiyyətin idman qurğuları mövcud idi. İşğaldan əvvəl bu ərazilərdəki qurğulardan lazımı səviyyədə istifadə olunur, müxtəlif idman yarışları keçirilirdi. Lakin mənfur düşmənlərimizin dədə-baba torpaqlarımıza göz dikməsi, tarixi ərazilərimizi zəbt etməsi nəticəsində həmin idman qurğuları da dağıdılaraq məhv edildi.
Qeyd edək ki, bu idman qurğuları vasitəsilə cəmiyyət minlərlə kənd zəhmətkeşlərinin, kənd təsərrüfatı sahəsində çalışan insanların sağlamlığının möhkəmləndirilməsi üçün səmərəli işlər görmüş, əhali arasında bədən tərbiyəsinin kütləviliyini təmin edə bilmişdi.



"Ermənilər Qarabağda mədəni irsimizlə yanaşı,
idman ənənəsinə də

ziyan vurdular”


Bu yaxınlarda "Məhsul” KKHKİC RŞ-in sədri, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Rasim Əliyevlə görüşdük. Uzun müddət bu təşkilata sədrlik edən Rasim müəllim bizimlə söhbətində "Məshul” İdman Cəmiyyətinin fəaliyyətindən, erməni işğalı dövründə cəmiyyətin balansında olan idman qurğularına dəyən ziyandan danışdı. Söhbətə 1970-1980-ci illərdə baş verən hadisələri xatırlamaqla başlayan Rasim müəllim karyerası ərzində dəfələrlə erməni komandaları ilə qarşılaşdıqlarını da qeyd etdi.
"Yadımdadır, biz 1970-ci illərdə Xankəndidə həndbol üzrə Azərbaycan birinciliyində iştirak etmişik. Həmin vaxt çempionatlar əsasən, bölgələrdə keçirilirdi. Bir dəfə biz həndbolçuları Xankəndi və Şuşaya ekskursiyaya aparmışdılar. Mən həmin vaxt milli komandanın heyətində oynayırdım. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan birinciliyində iştirak etdik. O illərdə DQMV komandası da birincilikdə təmsil olunurdu. Komandanın heyəti demək olar ki, ermənilərdən ibarət idi. Həmişə onları yarışlarda qələbəyə həsrət qoymuşuq. Onlar bizə məğlub olan kimi ağlayırdılar. Ümumiyyətlə, bizim o dövrdə indi işğaldan azad edilən torpaqlarımızda böyük infrastrukturumuz var idi. Təəssüf ki, həmin idman qurğuları erməni vəhşiliyi nəticəsində dağıdılaraq, böyük ziyana məruz qalıb. Bir müddət əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından bizə müraciət göndərildi. Müraciətə əsasən, "Məhsul”un balansında olan idman infrastrukturlarına dəyən ziyan barəsində məlumatlar toplayıb, çıxarışlar etdik. Ermənilər orada maddi və mədəni irsimizlə yanaşı, həmçinin Qarabağda olan idman ənənəsinə də ziyan vurublar. İşğal olunan rayonların əksəriyyətində yunan-Roma güləşi, sərbəst güləş, futbol, sambo, həndbol daha çox kütləvi hal almışdı. Həmin dövrdə ən böyük stadion Xankəndidə idi. Ağdamda hektar yarım, Xankəndidə isə təqribən 4,5 hektarı əhatə edən stadion olub. Lakin indi bu idman obyektlərindən əsər-əlamət belə qalmayıb” , - deyə o, diqqətə çatdırdı.



"Çox istərdim ki, spartakiadanı
möhtəşəm zəfərimizlə əlaqədar olaraq
Qarabağda qeyd edək”

Hazırda "Məhsul” İdman Cəmiyyətinin nəzdnində 30 il ərzində işğal altında olan bölgələrin nümayəndəlikləri fəaliyyət göstərir. Həmin rayonların idmançıları cəmiyyətin təşkil etdiyi spartakiadalarda təmsil olunublar. Rasim Əliyev söhbət zamanı bildirdi ki, quruculuq işlərindən sonra bu rayonların sədrləri tezliklə öz yerlərinə qayıdacaq. "Qarabağdakı idman ənənələrinin yenidən bərpası da əsas vəzifələrdən biridir. Hər şey yenidən başlayacaq. Bunun üçün maliyə vəsaiti ayrılmalı, idman qurğuları tikilməlidir. Çox istəyirik ki, növbəti spartakiadalarımızı yenidən Qarabağ torpağında keçirək. Qeyd edim ki, milli oyunlarımız əvvəllər də məhz işğaldan azad olunan rayonlarda keçirilirdi. Adı dillər əzbəri olan Qarabağ atları ilə çövkən yarışları təşkil edirdik. Həmin rayonlar işğal olunandan sonra bu oyunları Şamaxı, Sabirabad rayonlarında təşkil etməyə başladıq. Lakin son iki ildə spartakiadanı müəyyən məsələlərə görə keçirə bilmədik. Bu il "Məhsul” İdman Cəmiyyətinin 70 illik yubileyi olacaq. Bu səbəbdən də sentyabr ayında spartakiadanı təmtəraqla keçirməyi düşünürük. Düzü, çox istərdim ki, yubiley ilimizə təsadüf edəcək bu spartakiadanı məhz möhtəşəm zəfərimizlə əlaqədar olaraq Qarabağda qeyd edək. Amma bu hələ ki, həmin torpaqlarda həyata keçirilən minatəmizləmə prosesinə görə bəlkə də mümkün olmayacaq. Bununla belə, istəyirik ki, builki Spartakiadanı təntənəli keçirək”, - deyə Rasim Əliyev bildirdi.



"Məhsul” İdman
Cəmiyyətinin əməkdaşları Qarabağ
müharibələrində faəl şəkildə iştirak ediblər


Müstəqillik illərimizin ən böyük hərb zəfəri olan 44 günlük Vətən müharibəsində "Məhsul” KKHKİC RŞ-in əməkdaşları da fəal iştirak ediblər. Belə ki, sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanan Respublika Şurasının mühasib-xəzinədarı İbiş Əbilbəyli torpaqlarımızın azad olunması əməliyyatlarında iştirak edərək ona verilən tapşırıqları şərəf və ləyaqətlə yerinə yetirib. "Məhsul” İdman Cəmiyyətinin Füzuli rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Kamil Qulamov da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən Müharibəsi dövründə arxa cəbhədə göstərdiyi xidmətlərinə və fədakarlığına görə seçilib.
Söhbət zamanı ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə toxunan Rasim müəllim həm birinci, həm də ikinci Qarabağ müharibəsində "Məhsul”un əməkdaşlarının da iştirak etdiyini vurğulayıb.
"İstər birinci, istərsə də ikinci Qarabağ savaşlarında "Məhsul”un əməkdaşları həmişə cəbhə bölgəsində olub. Birinci Qarabağ müharibəsi zamanı "Məhsul”un Qubadlı Rayon Şurasının sədri, Azərbaycan Respublikasının Milli Qəhramanı Əliyar Əliyev 1992-ci ildə birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Əliyar Əliyev Qubadlının Qazyan kəndindən idi. Yaxşı güləşçi olmaqla yanaşı, pəhləvanlıq da edirdi. Əliyar həmin illərdə Qubadlıda idmanın təşkilində böyük rol oynayıb. O, əvvəllər "Məhsul” Kənd Könüllü İdman Cəmiyyətində məşqçi olub. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon şurasının sədri seçilmişdi. Ermənilər ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü yollananlardan biri Əliyar Əliyev idi. Füzuli Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Kamil Qulamov isə 44 günlük Vətən müharibəsində könüllü şəkildə iştirak edib. O, özü də əslən Füzulidəndir. Müharibə vaxtı döyüş bölgələrinə gedib, yaralıların gətirilməsi prosesində iştirak edib. Digər əməkdaşımız İbiş Əbilbəyli də Vətən müharibəsinin başladığı günlərdən könüllü şəkildə ordu sıralarına qoşulub. O, "Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurasına mühasib-xəzinədar vəzifəsində çalışır. Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək dekabrın 28-də ordu sıralarından tərxis olunub. Göstərdiyi şücaətlərə görə İbiş Əbilbəyli "Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. İbiş hər zaman kollektiv arasında öz vətənpərvərliyi ilə seçilib. O, müharibədən qayıtdıqdan sonra yenidən hərbiyə qayıtmağı, orada gizir kimi xidmət etməyi istəyir. Təbii ki, onun bu seçimini yalnız hörmətlə qarşılayırıq. Biz fəxr edirik ki, milli qürurumuzu, güvənimizi yenidən özümüzə qaytaran hərbçilər arasında bizim də əməkdaşlarımız olub”, - deyə o, vurğuladı.



""Məhsul” İdman Cəmiyyəti yüksək
nəticələri ilə ölkə idmanının inkişafında
müsbət rol oynayıb”


"Məhsul” İdman Cəmiyyəti bu gün də Azərbaycan bədən tərbiyəsi və idmanını həmişə irəli aparmağa xidmət göstərir. Ötən ilin fevral ayında "Məhsul” İdman Cəmiyyətinin yetirməsi Səbinə Qədirova (52 kq) İspaniyada yeniyetmələr arasında Avropa Kuboku yarışında bürünc medala sahib çıxıb. Təəssüf ki, bütün dünyanı bürüyən koronavirus pandemiyası tezliklə idmana da təsirsiz ötüşmədi. İdman yarışlarının təxirə salınması "Məhsul” İdman Cəmiyyətinin də idman nəticələrinə təsir etdi. Pandemiya şəraitində idmançıların hazırlıq məsələlərinə toxunan Rasim müəllim hazırda məşqlərin yalnız ev şəraitində keçirildiyi deyib. "İdmançılarımız yalnız fiziki hazırlıqlarla kifayətlənirlər. Hamı kimi biz də tezliklə bu problemin aradan qalxmasını yenidən pandemiyasız bir şəraitdə məşq etməyi və yarışlarda təmsil olunmağı istəyirik. "Məhsul” İdman Cəmiyyəti 70 il ərzində ölkə idmanına böyük töhfələr verib. Bunun üçün də "Məhsul” İdman Cəmiyyətinin sədri olaraq qeyd etmək istərdim ki, gələcək işimizdə daha da uğurlu nəticələr əldə etməyə səy göstərəcəyik”.

Azər Əlizadə

19960 oxunub

InvestAZ