XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Gözlənilməz hadisələr və çempionlarla zəngin möhtəşəm turnir
İdman 11:00 / 08.06.2021


Avropa çempionatının tarixi ötən əsrin ortalarına təsadüf edir. Dördildənbir keçirilən birincilik ilk dəfə 1960-cı ildə təşkil olunub. İlk əvvəl turnir Avropa Millətlər kuboku, 1968-ci ildən etibarən isə futbol üzrə Avropa çempionatı adlandırılıb.
Avropa çempionu turnirin təşkilatçısı, UEFA-nın ilk baş katibi Anri Delonun şərəfinə Anri Delon kuboku ilə mükafatlandırılır. Qitə birinciliyinin keçirilməsi ideyasının müəllifi Delon ilk çempionatın keçirilməsinə beş il qalmış dünyasını dəyişib. Onun oğlu Pyer mükafat hazırlanmasına cavabdeh olub. İlk kuboku fransalı zərgər Mişel Şobiyon hazırlayıb və qalib komanda növbəti çempionatın startınadək onu muzeyində saxlayır. 2008-ci ilin kubokunun ölçüsündə və xarici görünüşündə bəzi dəyişikliklər edilib. Kubok 18 santimetr hündürləşib və 2 kiloqram ağırlaşıb.
1954-cü ildə Kopenhagendə keçirilmiş toplantıda Avropa çempionatının hazırlığına qərar verilib. 1956-cı ildə Lissabonda keçirilmiş iclasda seçmə mərhələsinin oyunlarından sonra dörd komandanın final mərhələsində oynamasına qərar verilib. Təşkilatçılar 1960-cı ilin iyun-iyul aylarında dörd yığmanın bir ölkədə qalibi müəyyənləşdirməsi barədə razılıq əldə ediblər. Qeyd edək ki, bu təklif bir çox ölkələr tərəfindən müsbət qəbul olunmayıb. Bununla belə, sonda səs çoxluğu ilə final mərhələsində dörd komandanın mübarizə aparacağı müəyyənləşib.
1976-cı ilədək turnirin həlledici oyunlarında 4 komanda yarışıb. 1980-ci ildə iştirakçı ölkələrin sayı səkkizə yüksəlib. Ötən əsrin sonlarında futbolun inkişaf etdiyini nəzərə alan UEFA 1996-cı ildə növbəti dəyişikliyə əl atıb. Həmin ildən etibarən 16 yığma dörd qrupda qələbə uğrunda mübarizə aparır.



1960
İlk Avropa çempionatının final mərhələsində SSRİ, Fransa, Yuqoslaviya və Çexoslovakiya yığmaları mübarizə aparıblar. Yarımfinalda sovet futbolçuları çexlərdən (3:0), yuqoslavlar isə fransalılardan üstün olublar (5:3). Qeyd edək ki, Yuqoslaviya - Fransa matçı birinciliyin tarixində ən məhsuldar oyun kimi yadda qalıb.

Həlledici matçda Milan Qaliça Yuqoslaviya yığmasını hesabda irəli çıxarsa da, SSRİ komandası Slava Metrevelenin sayəsində fərqlənib. Əsas vaxt 1:1 hesabı ilə bitdiyindən əlavə vaxt təyin olunub. Burada isə Viktor Ponedelnik qələbə qolunu vuraraq SSRİ yığmasını ilk Avropa çempionatının qalibi edib.



1964
Növbəti Avropa çempionatında meydan sahibləri uğur qazanıblar. İspaniyada keçirilmiş turnirin final mərhələsində meydan sahibləri ilə yanaşı, SSRİ, Danimarka, Macarıstan komandaları çıxış ediblər. SSRİ futbolçuları titulu qorumaq üçün yaxşı imkan əldə etsələr də, sonda məqsədlərinə nail ola bilməyiblər.

Yarımfinalda Danimarkanı ağır məğlubiyyətə uğradan sovet futbolçuları (3:0), finalda pireneylilərə uduzublar. Əlavə vaxtda Macarıstanı məğlub edən ispanlar meydan sahibi amilindən istifadə edərək birinci olublar. Marselinyo 84-cü dəqiqədə çempionu müəyyənləşdirən qolun müəllifi olub.



1968
Dünya çempionatı-1966-da uğursuz çıxış edən İtaliya yığması iki il sonra keçirilən qitə birinciliyində azarkeşlərini sevindirib. İtaliyalılar da dörd il əvvəl İspaniyada olduğu kimi, doğma azarkeşlər qarşısında mükafata sahib çıxıblar.

İtaliya - SSRİ yarımfinal matçının əsas və əlavə vaxtında qalib müəyyənləşmədiyi üçün finalçı püşkatmadan sonra bəlli olub. Dəmir parçası italyanların üzünə "gülüb”. Digər oyunda isə yuqoslavlar ingilislərdən üstün olublar (1:0).
Maraqlıdır ki, ikinci dəfə finalda oynayan Yuqoslaviya futbolçuları yenə də azarkeşlərini sevindirə bilməyiblər. 2:0 hesablı qələbə İtaliya yığmasına Avropa çempionu titulunu qazandırıb.



1972
1972-ci ilin Avropa çempionatı o dövrlər qitədə "at oynadan” Almaniya yığmasının qələbəsi ilə başa çatdı. Helmut Şönün başçılıq etdiyi komandanın heyətində Frants Bekkenbauer, Paul Braytner, Uli Hönnes, Günter Netser və Herd Müller kimi futbolçulara sahib yığma o vaxt dünyada məğlubedilməz sayılırdı.

Almanlar yarımfinalda meydan sahibləri Belçika komandasını məğlub etdilər. Finalda isə onların rəqibləri macarlara qalib gələn SSRİ millisi oldu. Həlledici oyunda Almaniya futbolçuları Brüsselin "Boduen Rua” arenasında böyükhesablı qələbə ilə çempion titulunu bayram ediblər. Herd Müller finalda iki qol vuraraq, uğurda böyük pay sahibi olub (3:0).


1976
5-ci Avropa çempionatında səkkiz komanda iki qrupda mübarizə apardıqdan sonra dörd yığma Yuqoslaviyada qalibi müəyyənləşdirib. Finalda Almaniya millisi titulu qorumaq üçün yaxşı imkan qazansa da, istəyinə nail ola bilməyib. Çexoslovakiya yığması ilə həlledici matç heç-heçə bitdiyindən qalib onbirmetrlik zərbələr seriyasında müəyyənləşib.

Qeyd edək ki, Avropa çempionatının tarixində ilk dəfə belə hadisəyə rast gəlinib. Antonin Panenka özünəməxsus zərbə ilə həlledici qolu vuraraq turnirin qəhrəmanı olub. Qeyd edək ki, finalda almanlar 0:2 hesabı ilə uduzsalar da, bərabərliyi bərpa edə biliblər. Amma titulu qorumaq üçün onların bundan artığına gücü çatmayıb.



1980
Bu dəfə UEFA final mərhələsində iştirak edən komandaların sayını 8-ə yüksəltmək qərarına gəlib. Qitənin ali qurumu çempionatı ikinci dəfə İtaliya dövlətinə etibar edib. Komandalar iki yarımqrupa bölünərək, qələbə uğrunda yarışıblar.

EURO-76-nın finalında qarşılaşan Almaniya ilə Çexoslovakiya yığmaları qrup mərhələsində üz-üzə gəliblər və almanlar revanş alıblar. Digər görüşləri də uğurlu keçirən Almaniya futbolçuları finala yüksəliblər. İkinci qrupda isə Belçika yığması rəqibləri üçün əlçatmaz olub. "Qırmızı iblislər” vurulan topların sayına görə italiyalıları qabaqlayaraq, həlledici matçda oynamaq imkanı əldə ediblər.
Romanın "Olimpiko” arenasında keçirilən oyun Xorst Xrubeşin benefisi ilə yadda qalıb. Finalda iki qol vuran futbolçu almanların ikinci dəfə Avropa çempionu titulunu qazanmasında böyük pay sahibi olub. O, matçın başa çatmasına 6 dəqiqə qalmış başla həlledici qolu vurub.


1984
1984-cü ildə Fransa yığması doğma azarkeşlər qarşısında məğlubedilməz olublar. UEFA-nın keçmiş prezidenti Mişel Platinin lideri olduğu komanda qələbəyə layiq olduğunu oyunu ilə sübuta yetirib. Millidə məşqçi Mişel İdalqonun rəhbərliyi ilə qapıçı Joel Bats, "sehirli kvadrat” Mişel Platini, Alan Jiress, Jan Tiqana və Luis Fernandes çıxış ediblər.

Qrup oyunlarından sonra Fransa, Danimarka, İspaniya və Portuqaliya komandaları yarımfinalda çıxış etmək hüququ qazanıblar. Meydan sahibləri gərgin mübarizədən sonra əlavə vaxtda portuqaliyalıları məğlubiyyətə uğradıblar. İspaniyalılar isə oyundan sonra 11 metrlik zərbələr seriyasında skandinaviyalılardan güclü olublar.
Finalda Mişel Platini cərimə zərbəsini ustalıqla yerinə yetirərək, "üçrənglilər”in ilk dəfə çempion titulunu qazanmasına kömək edib.


(ardı var)



19955 oxunub

InvestAZ