XƏBƏR LENTİ
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025
13 Oktyabr 2025



MOK-da III Təhlukəsiz İdman Forumu keçirilib
İdman 13:20 / 17.10.2025
Oktyabrın 17-də Milli Olimpiya Komitəsinin inzibati binasında III Təhlükəsiz İdman Forumu keçirilib.
Forumda Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un vitse-prezidentləri Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un İcraiyyə Komitəsinin, Atletlər Komissiyasının üzvləri, MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təhlükəsiz idman üzrə eksperti Lüsi Troşet, BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun MOKA nümayəndəsi Maya Pekoviç, idman ictimaiyyətinin, KİV və müxtəlif federasiyaların nümayəndələri iştirak ediblər. 
Forumun açılışında MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva iştirakçıları salamlayıb və qurumun beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumun əsas məqsədi idmanda təhlükəsiz və inklüziv mühitin yaradılması istiqamətində həm milli, həm də beynəlxalq səviyyədə görülən işləri, təcrübə mübadiləsi və gələcək təşəbbüsləri bir araya gətirməkdən ibarət olub. 
Əvvəlcə 2023-2025-ci illərdə MOK-un Təhlükəsiz İdman sahəsində fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib. 
Forumda Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz İdman bölməsinin direktoru Kirsti Burovsun video çıxışı təqdim edilib. O, çıxışında təhlükəsiz idman mədəniyyətinin beynəlxalq inkişafı, tərəfdaşların birgə fəaliyyəti və gələcək çağırışlar barədə fikirlərini bölüşüb. 
Sonra forumda iştirak edən təqdimatçılar Təhlükəsiz İdman sahəsini daha da inkişaf etdirmək, yeni yanaşmalar formalaşdırmaq və Təhlükəsiz İdman mühitinin davamlılığını təmin etmək mövzusunda fikir və təcrübələrini bölüşüblər. 
BOK-un təhlükəsiz idman üzrə eksperti Lüsi Troşet beynəlxalq federasiyanın təhlükəsizlik təşəbbüsləri və milli federasiyalar üçün praktik tövsiyyələr haqqında təqdimatla çıxış edib. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov isə təqdimatında hüquqi mexanizmlərinin tətbiqi və uşaqların müdafiəsi mövzusuna toxunub.  
Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə idmanda psixi sağlamlıq və təhlükəsizliyin təminatı mövzusunda təqdimatla çıxış edib.
Sonra BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun MOKA nümayəndəsi Maya Pekoviç Milli Olimpiya Komitəsinin Təhlükəsiz İdman sahəsində inkişaf səviyyəsi və qarşıdakı çətinliklərlə bağlı fikirlərini bildirib. 
Forumda həmçinin, Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Ayxan Xəkili federasiyanın hazırladığı təhlükəsizlik sənədlərini təqdim edərək, gələcək təşəbbüslərə dair fikirlər səsləndirib.
Sonra MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev 2024-2025-ci illərdə görülən işlər, EYOF-2025 və 2025-2028-ci illəri əhatə edəcək strateji plan və görüləcək işlər barədə danışıb. 
Təhlükəsiz İdman üzrə məsləhətçi Ayan Xankişiyeva isə siyasət, təhsil və rəqəmsal inkişaf üzrə yeni mərhələ, Təhlükəsiz İdman siyasətinin hazırlanması, təlim və rəqəmsal platforma barədə çıxış edib. 
Foruma sual-cavab sessiyası ilə yekun vurulub. 
Qeyd edək ki, hazırda Azərbaycan üzrə beynəlxalq səviyyədə sertifikatlaşdırılmış iki Təhlükəsiz İdman üzrə məsul şəxs və bir məşqçi mövcuddur. Gələcəkdə bu sayın artırılması istiqamətində işlər davam etdirilir.

212 oxunub

InvestAZ