SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

İdman

Bugün, 21:12

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizə aparacağı məsafələrdən biri üzrə yarış ləğv edilib.

Bu barədə Olimpiyadunyasi.com-a üzgüçülük üzrə komandanın məşqçisi Ruslan Hətəmxanov məlumat verib. Onun sözlərinə görə, suyun temperaturunun yüksək olması səbəbindən 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının keçirilməsindən imtina edilib. Məşqçi bildirib ki, yarışın vaxtı dəyişdirilməyib, məsafə üzrə mübarizə tamamilə proqramdan çıxarılıb.
“Süleyman İsmayılzadə Dakar-2026-da üç - 200, 400 və 800 metr məsafə üzrə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparmalı idi. Lakin suyun tempraturunun isti olması ilə əlaqədar 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışları ləğv edildi. Maraqlıdır ki, yarışın vaxtı dəyişdirilmədi, birbaşa proqramdan çıxarıldı. İlk dəfədir belə bir halla qarşılaşırıq. Qərar heç kimlə müzakirə edilmədən qəbul edildiyi üçün bir qədər narazılıqla qarşıladıq. Həmin məsafədə mübarizə sabah başlamalı idi. Beləliklə, Süleyman Oyunlarda iki məsafədə çıxış edəcək”, - deyə Ruslan Hətəmxanov qeyd edib.
Məşqçinin sözlərinə görə, belə olan halda Azərbaycan millisinin üzvlərindən ilk olaraq Məryəm Cavadova start xəttinə çıxacaq. O, noyabrın 2-də 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq. Süleyman İsmayılzadə isə ilk çıxışını noyabrın 3-də 400 metr məsafədə edəcək. Üzgüçümüz noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da bacarığını nümayiş etdirəcək.
Üzgüçülük yarışları “Tur de löf” idman kompleksində (CTO) və Dakar Su İdmanı Mərkəzində (CAD) təşkil olunacaq. Artıq hər iki idmançımız bu məkanlarda iki məşq keçib. Məşqçinin bildirdiyinə görə, hazırlıq prosesi yaxşıdır və komandada hər şey qaydasındadır.
Qeyd edək ki, Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Seneqal milli futbol komandasının ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq mərasimdə Azərbaycan komandasının bayrağını üzgüçülərimiz Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaq. 
Xatırladaq ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır. Məryəm Cavadova isə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır. 

Dİgər xəbərlər