SON XƏBƏRLƏR
-
Bugün, 16:27
MOKAtlanta Olimpiadasına hazırlıq dövrü, Olimpiadada iştirak və sonrakı dövrlərdə idmandakı nailiyyət
-
Bugün, 12:15
İdmanİki güləşçimiz dünya çempionatına qələbə ilə başladı
-
Bugün, 11:42
MüsahibəRüstəm Orucov: “Azərbaycanın cüdo məktəbi dünyanın ən güclülərindən biridir”
-
Bugün, 11:12
İdmanBir cümlə, bir xəbər
-
Bugün, 11:03
İdmanParalimpiyaçımız Dünya Kubokunun qalibi oldu
-
Bugün, 10:55
İdman"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
Bugün, 10:38
İdmanAGF Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalayıb
-
Bugün, 10:20
İdmanBu gün üç güləşçimiz medal uğrunda mübarizə aparacaq
-
Bugün, 10:01
GündəmU-17 dünya çempionatı: Bu gün daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayacaq
-
27.07.2026, 19:18
GündəmDünya çempionatı: Güləşçimiz finala vəsiqə qazandı
-
27.07.2026, 18:09
İdmanBakıda U-17 dünya çempionatının təntənəli açılışı olub
-
27.07.2026, 17:27
İdmanQadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
-
27.07.2026, 16:46
İdmanDarko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub
-
27.07.2026, 15:03
GündəmDaha bir güləşçimiz dünya çempionatının yarımfinalında
-
27.07.2026, 14:55
Gündəm15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
27.07.2026, 14:35
İdmanGüləşçimiz Bakıda keçirilən dünya çempionatının yarmfinalına vəsiqə qazandı
-
27.07.2026, 14:18
GündəmGüləşçimiz finalın bir addımlığında
-
27.07.2026, 10:56
GündəmGüləşçimiz dünya çempionatına qələbə ilə başladı
-
27.07.2026, 09:53
İdmanBakıda güləş üzrə dünya çempionatına start verilir
-
26.07.2026, 18:50
İdmanAvropa Cüdo Ümidləri Turniri başa çatdı
-
26.07.2026, 18:18
İdmanKanoeçimiz Avropa çempionatında gümüş medal qazanıb
-
26.07.2026, 16:09
İdmanAvarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
-
25.07.2026, 20:50
İdmanAvropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
-
25.07.2026, 19:52
İdmanAvropa Cüdo Turnirinin açılış mərasimi keçirilib
-
25.07.2026, 18:59
İdmanQazaxda ilk dəfə avarçəkmə tədbiri keçirilib
-
25.07.2026, 17:43
İdmanU-18 millimiz tarixdə ilk dəfə Avropa çempionatı B divizionunun qrup mərhələsində qələbə qazanıb
-
25.07.2026, 16:50
İdmanQazaxda Federasiya Kuboku yarışı keçirilib
-
25.07.2026, 14:32
İdmanAvropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
-
25.07.2026, 10:57
İdmanRüstəm Orucov: "İdmançılarımızdan qızıl medallar gözləyirəm"
-
25.07.2026, 10:50
İdmanNatiq Bağırov: "Turnirdə iştirak edən idmançılar beynəlxalq yarış təcrübəsi qazanırlar"
-
25.07.2026, 10:49
İdmanGənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib
-
25.07.2026, 10:17
İdmanAvropa Cüdo Ümidləri Turnirinə start verilib
-
25.07.2026, 08:46
İdmanU17 dünya çempionatının medalları təqdim olundu
-
24.07.2026, 21:51
İdmanAvropa Cüdo Ümidləri Turnirinin püşkatma mərasimi keçirilib
Atlanta Olimpiadasına hazırlıq dövrü, Olimpiadada iştirak və sonrakı dövrlərdə idmandakı nailiyyət
MOK
Bugün, 16:27
19 iyul - 4 avqust 1996
İştirak etmiş ölkələrin sayı - 197
İdman növləri - 26
Yarışların sayı - 271
İdmançıların sayı - 10318 (6806 - kişi, 3512 - qadın)
Azərbaycanın müasir Olimpiya Hərəkatı tarixi sadəcə yarış protokollarından, nəticələrdən və medalların sayından ibarət deyil. Bu, həm də bir ölkənin müstəqillik əldə etdikdən sonra beynəlxalq idman arenasına uğurla qoşulmaq hekayəsidir. XX əsrin son onilliyi Azərbaycan üçün həm dövlət müstəqilliyinin bərpası, həm də ağır sınaqlar dövrü idi. Belə bir mürəkkəb tarixi şəraitdə idman ölkənin beynəlxalq arenada tanınması, üçrəngli bayrağımızın ucaldılması və dövlət himnimizin səsləndirilməsi üçün ən uğurlu vasitəyə çevrildi. Bu baxımdan Azərbaycanın idman tarixində silinməz iz qoyan 1996-cı il Atlanta Oyunları sadəcə bir yarış deyil, suveren dövlətin öz kimliyini dünya idman ailəsinə təqdim etdiyi “vizit kartı” idi. Bu dövrü əvvəlki və sonrakı olimpiadalarla müqa yisə etmək, ölkənin idman strategiyasının necə təkamül etdiyini anlamağa imkan verir. Azərbaycanın Olimpiya yolu kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur. Azərbaycan idmançıları Barselona-1992 Olimpiadasında MDB-nin birləşmiş komandası tərkibində iştirak edirdi. Azərbaycan cüdoçusu Nazim Hüseynovun Barselona Olimpiadasında qazandığı qızıl medal ölkəmizin potensialını göstərsə də, bu uğur hələ müstəqil dövlətin aktivinə tam yazıla bilmirdi.
Barselona zəfərindən sonra Azərbaycan idmanı dərin bir sınaq dövrünə qədəm qoydu. 1992-1995-ci illər ölkə daxilindəki siyasi qeyri-sabitlik, Ermənistanın hərbi təcavüzü və iqtisadi böhran idman infrastrukturuna da ağır zərbə vurmuşdu. Nazim Hüseynovun qələbəsi bir parlaq şimşək kimi çaxsa da, onun ardınca gələn sistemli inkişaf yox idi. İdmançılarımız ölkəni tərk edir, məşq şəraiti pisləşirdi. Lakin məhz bu illərdə Milli Olimpiya Komitəsinin fəaliyyətinin yenidən qurulması və beynəlxalq arenada tanınma prosesi sürətləndi. Azərbaycan artıq öz bayrağı ilə təmsil olunacağı günü gözləyirdi.
1996-cı il Atlanta Oyunları Azərbaycan üçün sadəcə növbəti Olimpiada deyil, Barselonadakı o tarixi qələbədən sonra əsl milli qayıdış idi. Əgər Nazim Hüseynovun 1992-ci il uğuru fərdi istedadın və sovet idman məktəbinin son əks-sədası idisə, Atlanta-1996 müstəqil dövlətin öz gücünü sıfırdan nümayiş etdirmək cəhdi idi. Atlanta Oyunlarına hazırlıq mərhələsində Azərbaycan artıq bir dövlət kimi öz Olimpiya komandasını formalaşdırmışdı. Heyətdə 23 idmançının yer alması o dövrün şərtləri daxilində böyük bir nailiyyət idi. Bu dəfə idmançılarımız Olimpiya kəndinə üzərində Azərbaycan gerbi və bayrağı olan geyimlərdə daxil oldular.
Atlantada qazanılan hər bir nəticə, xüsusilə Namiq Abdullayevin finala qədər yüksəlməsi Azərbaycanın müstəqil dövlət kimi dünya idman ailəsində yerini möhkəmlətməsinə şərait yaratdı. Bu Olimpiadanın əhəmiyyəti Namiq Abdullayevin gümüş medalı ilə ilk müstəqil bayrağımızın yüksəlməsi idi. Bu medal rəsmi protokollarda birbaşa “Azerbaijan” yazısının qarşısında qeyd olunan ilk Olimpiya medalı kimi tarixə düşdü. Bununla da Azərbaycan idmanı Atlantada öz fərdi və müstəqil tarixini yazmağa başladı. Bu keçid, ölkə idmanının gələcək (Sidney, Afina və s.) inkişaf modelinin təməlini qoydu. Namiq Abdullayevin gümüş medalı ilə yanaşı, Atlanta Olimpiadasında iki idmançımız beşinci, bir idmançımız yeddinci, bir idmançımız səkkizinci, üç idmançımız isə onuncu yeri tutdu.
Olimpiya Oyunlarında 8 idman növündə 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında medalların əyarına görə 61-ci, sayına görə isə 64-cü pillədə qərarlaşdı. Avropa Olimpiya Komitələrinə üzv olan 48 dövlət arasında medalların həm əyarına, həm də sayına görə 32-ci pillənin sahibi olan Azərbaycan, postsovet dövlətləri arasında isə medalların həm əyarına, həm də sayına görə 8-ci pilləni tutdu.
Namiq Abdullayev - öz dövründə rəqiblərinə meydan oxuyan pəhləvan
Azərbaycan idmanının əsas dayaq sütununu təşkil edən güləş ənənələri onilliklər boyu xalqın fiziki gücünün və sarsılmaz iradəsinin simvolu olub. Bu ənənənin müasir Olimpiya tarixinə inteqrasiyası 1952-ci il Helsinki Oyunlarından başlasa da, hər bir mərhələ özlüyündə yeni bir dastan yaradıb. SSRİ dövründə yetişən pəhləvanlarımız fərqli bayraqlar altında çıxış etsələr də, onların qələbələrinin kökündə Azərbaycan güləş məktəbinin bənzərsiz fəlsəfəsi dayanır.
Barselona-1992 Olimpiadasını bir kənara qoysaq, Azərbaycan güləş məktəbi özünün əsl milli intibahını məhz 1996-cı ildə Atlanta arenalarında nümayiş etdirdi. Bu oyunlar bizim üçün sadəcə bir başlanğıc deyil, həm də dünya güləş elitasına yeni və parlaq bir “məzun" təqdim etmək fürsəti yaratdı. Həmin parlaq sima, illərdir xalça üzərində hər bir fəndi zərgər dəqiqliyi ilə yerinə yetirən, hər bir rəqibi qarşısında sarsılmaz iradə nümayiş etdirən sərbəst güləşçimiz Namiq Abdullayev oldu.
Namiq Abdullayevin Atlanta zirvəsinə gedən yolu təsadüfi uğurlardan deyil, illərlə çəkilən zəhmətin və ardıcıl qələbələrin vəhdətindən ibarətdir. Onun beynəlxalq arenadakı uğuru hələ Olimpiadadan illər öncə özünü büruzə verməyə başladı. 1994-cü ildə İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qitənin ən güclüsü olduğunu sübut edən Namiq, elə həmin il İstanbulda təşkil olunan dünya çempionatında gümüş medal qazanmaqla dünya güləş elitasının əsas söz sahiblərindən birinə çevrildi. O, 1995-ci ildə İsveçrənin Fribur şəhərində keçirilən Avropa çempionatında ikinci dəfə qızıl medalı boynundan asaraq ikiqat qitə çempionu titulunu qazandı. Eyni ildə Romada keçirilən Hərbçilərin I Dünya Oyunlarındakı gümüş və 1996-cı ildə Budapeştdəki qitə birinciliyində əldə etdiyi bürünc medal Namiq Abdullayevin hər bir turnirdə favorit statusunu qoruduğunu bir daha təsdiqlədi.
Zəfərlərlə dolu bu yol onu Atlanta-1996 Olimpiadasının ən güclü və məğlub edilməz namizədlərindən biri kimi ön plana çıxardı. Namiq Abdullayevin Atlanta arenalarındakı çıxışı müstəqillik dövründə idman tariximizin ilk qəhrəmanlıq salnamə sinə çevrildi. O, okeanın o tayına sadəcə iştirakçı kimi deyil, onilliklərin sınağından keçmiş bir məktəbin iddialı və yenilməz elçisi kimi yollandı. Namiq Abdullayevin Atlanta-1996-da 52 kq çəki dərəcəsində göstərdiyi texnika və taktiki hazırlıq, Azərbaycanın qədim pəhləvanlıq ənənələrinin müasir dünya standartları ilə mükəmməl sintezi idi.
Komandamızın ən yüngül çəkili güləşçisi Oyunlarda yüksək texnika və əzmkarlıq nümayiş etdirdi. Olimpiadanın ilk görüşündə idmançımızın rəqibi ABŞ təmsilçisi Lu Roselli oldu. Həmin görüşdə rəqibinə 7:0 hesabı ilə qalib gələn Namiq Abdullayev növbəti mərhələdə yaponiyalı Hideo Sasayamaya qalib gəldi - 11:0. Üçüncü mərhələdə özbəkistanlı idmançı Ədhəmcan Açilovdan üstün olan (11:0) sərbəst güləşçimiz növbəti görüşdə son dünya çempionatının finalçısı olan iranlı Qulamreza Məhəmmədiyə 11:0 hesabı ilə qalib gələrək, olimpiadanın finalına vəsiqə qazandı. Nəhayət, bu çəkinin iki ən güclü güləşçisi finalda xalça üzərində qarşılaşdılar. 1994-cü il dünya çempionatının final görüşündə Namiq Abdullayev məhz Valentin Yordanova məğlub olmuşdu. Həmin vaxt 6 dəqiqə 29 saniyə davam edən gərgin mübarizədə tərəflərdən heç biri təşəbbüsü əldən vermək istəmirdi. Gərgin idman mübarizəsi şəraitində keçən görüşün birinci hissəsi 2:2 hesabı ilə başa çatdı. Növbəti hissənin əvvəlində Valentin Yordanov rəqibindən daha bir xal aldı-3:2. Görüşün son saniyələrində isə Namiq Abdullayev rəqibinə fənd tətbiq etdi və hesab 3:3 oldu. Belə olan halda qızıl medalın taleyi əlavə vaxtda müəyyənləşdi. Bu hissədə isə yeddiqat Avropa, beş qat dünya çempionu, Barselona-1992 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 36 yaşlı Valentin Yordanov güləşçimizdən daha bir xal aldı. Beləliklə, xala-xal prinsipi ilə gedən mübarizənin sonunda Namiq Abdullayev Atlanta-1996 Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı. Bu, Azərbaycan pəhləvanlarının Olimpiya Oyunlarında sərbəst güləş üzrə qazandığı ikinci, müstəqil Azərbaycan bayrağı altında qazanılmış birinci medal oldu. Namiq Abdullayevin qazandığı bu medal Azərbaycanın adını Olimpiya Oyunlarında medal qazanan ölkələr sırasına əlavə etdi. Bu gümüş medalın parıltısı Azərbaycan idmanına qızıl qədər şölə saçdı. Helsinki-1952 Olimpiadasında sərbəst güləşçimiz Rəşid Məmmədbəyovun qazandığı gümüş medalını nəzərə almasaq bu, müstəqil Azərbaycanın güləş tarixində şanlı səhifənin başlanğıcı oldu. Namiq Abdullayev Vətənə qayıdanda böyük təntənə ilə qarşılandı. Ümummilli lider Heydər Əliyev Atlanta-1996 Yay Olimpiya Oyunlarından Vətənə qayıdan idmançıları qəbul edərkən Namiq Abdullayevin qazandığı gümüş medalın qızıla bərabər olduğunu vurğuladı. Bu, idmançımızın qazandığı böyük nailiyyətə verilən qiymətin bariz nümunəsi idi.
Atlantada qazanılan bu nailiyyət əslində, dörd il sonra Sidneyin qızıl zirvəsinə gedən yolun həm təməl daşı, həm də mənəvi mayakı oldu. Namiq Abdullayevin okeanın o tayında yazdığı uğur hekayəsi, onun sonrakı qələbələrinin sarsılmaz bünövrəsini təşkil etdi. Atlanta gümüşünün qələbə akkordlarını dayandırmayan pəhləvanımız, 1997-ci ildə Budapeştdə Avropa çempionatında, 1998-ci ildə isə Tehranda dünya çempionatında gümüş medallar qazandı. Nəhayət, 2000-ci ildə Sidney Olimpiadasında Namiq Abdullayev 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq Vətənə müstəqil Azərbaycanın ilk Olimpiya çempionu olan güləşçisi kimi qayıtdı. Bu zəfər bir daha təsdiqlədi ki, Atlanta finalındakı o gümüş medal təsadüf deyil, Sidney qızılının müjdəçisi imiş. O, dünya çempionatlarında Tehran-2002-də gümüş, Quançjou-2006-da isə bürünc medal qazanaraq Azərbaycan güləş məktəbinin qüdrətini beynəlxalq arenada bir daha nümayiş etdirdi. Təcrübəli pəhləvan 2003-cü ildə Reykyavikdə keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək üçqat Avropa çempionu adına sahib çıxdı. 2006-cı ildə Moskvada təşkil olunan qitə birinciliyində qazandığı gümüş medal da onun yüksək səviyyəli çıxışlarının məntiqi davamı oldu. Namiqin uğurları yalnız bu medallarla məhdudlaşmadı.
2009-cu ildə 38 yaşında peşəkar idman karyerasını başa vurduqdan sonra Namiq Abdullayev bir sıra vəzifələrdə işləyərək Azərbaycan idmanının inkişafına xidmət edir. 2009-2020-ci illərdə Azərbaycan Güləş Federasiyasının (AGF) yeniyetmələr üzrə vitseprezidenti, 2020-2023-cü illərdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi vəzi fəsində çalışdı. Yeniyetmələr üzrə vitse-prezident olduğu dönəmdə bu yaş qrupunda güləşçilərimiz dünya çempionatlarında 97, Avropa çempionatlarında isə 146 medal qazandı. Baş məşqçi kimi onun rəhbərliyi altında sərbəst güləş üzrə yığmamız 2022-ci ildə komanda hesabında Avropa çempionu oldu. Görkəmli idmançının xidmətləri dövlətimiz tərəfindən hər zaman ən yüksək səviyyədə qiymətləndirilib. Hələ Atlanta öncəsi, 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülən Namiq 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. O, Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdçüsü (2001), “Azərbaycan Respublikasının Əməkdar idman ustası” (2006), “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” (2007), Heydər Əliyev Fondunun Olimpiya çempionları üçün təqaüdçüsüdür (2008). Namiq Abdullayev 2019-cu ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı, 2021-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Namiq Abdullayev hazırda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar İdarəsində idman komandasının rəisi vəzifəsində xidmət edir. Rütbəsi polkovnik-leytenantdır. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olan Namiq Abdullayev, həmçinin AGF İcraiyyə Komitəsinin və Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.
Atlanta Olimpiadasında Namiq Abdullayevin böyük qardaşı, güləşçi Arif Abdullayev də iştirak edirdi. 1995-ci ildə İsveçrədə, bir il sonra isə Macarıstanda Avropa çem pionatının bürünc medalını qazanan Arif Abdullayevin uğurları qardaşı Namiq Abdullayev qədər olmasa da, hər halda Azərbaycan güləş tarixinə adını yazdıra bildi. Atlanta-1996 Olimpiya Oyunları Abdullayev qardaşları üçün qoşa sınaq meydanı oldu. Atlantaya yollanan 23 seçilmiş idmançının sırasında 57 kq çəki dərəcəsində mübarizə aparan Arif Abdullayevin də yer alması, gənc Azərbaycan güləşinin potensialından xəbər verirdi. Olimpiya Oyunlarının ilk görüşündə iranlı Məhəmməd Talehə 1:4 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdirdi. Təsəlliverici qrupun birinci görüşündə ukraynalı Aslanbəy Fidarova 11:0 hesabı ilə qalib gələn idmançımız növbəti mərhələdə Moldovanı təmsil edən azərbaycanlı güləşçi Nazim Əlicanovdan üstün oldu - 5:4. Növbəti mərhələdə Türkiyə təmsilçisi Harun Doğanla görüşdə rəqibinə məğlub olan (1:2) Arif Abdullayev mübarizəni dayandırdı. Yekunda güləşçimiz Olimpiadanı 10-cu yerdə tamamladı. Atlantada beynəlxalq təcrübə toplayan Arif 2000ci ildə Belarusda Dünya Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu və Sidney-2000 Olimpiadasında da ölkəmizi təmsil etmək hüququ qazandı. “Yaşıl qitə”də 58 kq-da qrup mərhələsində gərgin mübarizə aparan güləşçimiz, 9-cu yerlə kifayətlənməli olsa da, bu turnirlər onun peşəkar karyerasında mühüm bünövrə rolunu oynadı.
Arif Abdullayevin karyerasının zirvə nöqtəsi və Azərbaycan idman tarixinə qızıl hərf lərlə yazılan məqamı 2003-cü ilə təsadüf etdi. Bu zəfərə qədər o, 2002-ci ildə Bakıda keçirilən Avropa çempionatında bürünc medal qazanmışdı. Lakin 2003-cü ilin sentyabrında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən dünya çem pionatı Arifi “əlçatmazlar” sırasına daxil etdi. Bu zəfərlə o, güləş üzrə dünya çempio natının qalibi olan birinci Azərbaycan idmançısı kimi tarixə düşdü. Bu qızıl medal müstəqillik dövründə Azərbaycan güləşinin dünya miqyasında rəsmən təsdiqi oldu.
Arif Abdullayevin idman arenalarındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif edildi. 2004-cü ilin may ayında Almaniya Qran-Prisində sonuncu dəfə xalça üzərinə çıxan Arif Abdullayev bu turnirdən sonra peşəkar idmançı karyerasını başa vurduğunu açıqladı. İdmandan ayrıldıqdan sonra Arif Abdullayev öz təcrübəsini gənc nəslə ötürmək yolunu seçdi. Namiq Abdullayev kimi o da qələbələrində böyük payı olan şəxsi məşqçisi Vahid Məmmədovdan öyrəndiyi sirləri bu gün gənc pəhləvanlara aşılayır. Müxtəlif illərdə sərbəst güləş üzrə milli komandaların heyətində məşqçi və baş məşqçi kimi fəaliyyət göstərən Arif Abdullayev hazırda sərbəst güləş üzrə U-20 (gənclər) milli komandamızın böyük məşqçisidir.
Sərbəst güləşçimiz Elşad Allahverdiyevin beynəlxalq arenalardakı yolu hələ Atlanta Olimpiadasından iki il əvvəl, 1994-cü ildə İtaliyada keçirilən Avropa çempionatında beşinci yeri tutması ilə başladı. 1996-cı ildə Budapeştdəki Avropa birinciliyində yenidən beşinci olan Elşad Allahverdiyev həmin il Atlanta Olimpiya Oyunlarında 68 kq çəki dərəcəsində yarışdı. O, ilk görüşdə macarıstanlı Yanos Forinsə 4:0 hesabı ilə qalib gəlsə də, növbəti görüşlərdə cənubi koreyalı Sanq-Ho Hvanqa 4:5 və estoniyalı Küllo Koivə 1:5 hesabı ilə məğlub olaraq çıxışını 14-cü pillədə yekunlaşdırdı. Atlanta və Sidney olimpiadaları arasındakı dördillik dövr Elşadın karyerasında ən aktiv və uğurlu mərhələ kimi xarakterizə olunur. Bu müddətdə o, Avropa çempionatlarında ilk onluqdakı yerini qorumaqla yanaşı, 1999-cu ildə Ankarada keçirilən dünya çempionatında fəxri beşinci yeri tutdu. Həmin il Xorvatiyada keçirilən Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanması isə onun karyerasının ən parlaq məqamlarından biri oldu.
2000-ci il Sidney Olimpiadasında Elşad Allahverdiyev bu dəfə onuncu pillədə yer aldı. Beləliklə, Elşad Allahverdiyev Sidneydə Atlantadakı nəticəsini dörd pillə yaxşılaşdıraraq onluğa daxil ola bildi. Olimpiadadan sonrakı illərdə də Elşad Allahverdiyev xalça üzərindəki mübarizəsini dayandırmadı. 2001-ci il Avropa çempio natında dördüncü, 2002-ci ildə Bakıda keçirilən qitə çempionatında isə beşinci oldu.
2005-ci ildə peşəkar karyerasını başa vuran Elşad Allahverdiyev hazırda sərbəst güləş üzrə U-15 milli komandamızın məşqçisi kimi fəaliyyət göstərir.
Atlanta-1996-da ölkəmizi təmsil edən sərbəst güləşçilərimizdən biri də Davud Məhəmmədov idi. Milliləşdirilmiş idmançı 1994-cü ildə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Atlanta-1996 komandasının sərbəst güləş yığmamızın heyətində yer alan Davud Məhəmmədovun Azərbaycan yığmasındakı çıxışı gənc müstəqil dövlətin güləş ənənələrini legioner idmançıların təcrübəsi ilə zənginləşdirmək strategiyasının bir hissəsi idi. Davud Məhəmmədov 1994-cü ildə Azərbaycan milli komandasının heyətinə cəlb edildiyi andan etibarən özünü doğrultdu. O, elə həmin ilin avqustunda İstanbulda keçirilən dünya çempionatında gümüş medal qazandı. Bu uğur onun Atlanta-1996 Yay Olimpiya Oyunlarına böyük ümidlərlə yollanmasına zəmin yaratdı. Atlantada 100 kq çəkidə dünya nəhəngləri ilə mübarizədə o, Azərbaycanın ilk müstəqil Olimpiya heyətinin fəal üzvlərindən biri kimi yadda qaldı. Davud Məhəmmədov çıxış etdiyi çəki dərəcəsində ilk görüşdə iranlı Abbas Cədidiyə 0:4 hesabı ilə məğlub oldu. Mübarizəni təsəlliverici qrupda davam etdirən idmançımız qrupun ilk görüşündə albaniyalı Snkelqim Tropliniyə qalib gəldi -10:0. Lakin növbəti görüşdə dünya və Avropa çem pionu Almaniya təmsilçisi Aravat Sabeyeva 1:4 hesabı ilə məğlub olan Davud Məhəmmədov Olimpiadanı 11-ci pillədə başa vurdu.
Olimpiadadan sonra, 1997-ci ildə Polşada keçirilən Avropa çempionatını 6-cı pillədə başa vuran güləşçimiz, 1998-ci ildə Almaniya Qran-prisinin qızıl medalına yiyələndi. Digər sərbəst güləşçilərimiz kimi, Davud Məhəmmədov da Atlanta Olimpiadasından sonra Sidney-2000-də ölkəmizi təmsil etdi. Lakin mübarizəsini qrup mərhələsində dayandıran Davud Məhəmmədov Atlantadakı nəticəsini yaxşılaşdıra bilmədi, əksinə Olimpiadanı 12-ci pillədə başa vurdu. Bu, onun böyük idman arenalarındakı sonuncu ciddi Olimpiya sınağı oldu. 2003-cü il dünya çempionatındakı çıxışından sonra Davud Məhəmmədov peşəkar idman karyerasını başa vurmaq qərarına gəldi. Karyerasını başa vurduqdan sonra Dağıstana qayıdan Davud Məhəmmədov dövlət qulluğunda fəaliyyətə başladı. O, ədliyyə qərarlarının icrası xidmətinin rəis müavini vəzifəsində çalışaraq dövlət idarəçiliyi sahəsində özünü sınadı. Lakin təəssüf ki, onun həyat yolu olduqca erkən və faciəvi şəkildə başa çatdı. 2005-ci il iyunun 7-də Mahaçqala şəhərində, yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən güllələnən keçmiş olimpiyaçımız 34 yaşında dünyasını dəyişdi.
Atlanta-1996-da ölkəmizi təmsil edən digər legionerimiz isə Məhəmmədsalam Hacıyevdir (74 kq). Onun idman bioqrafiyası hələ Azərbaycan yığmasına qoşulmazdan əvvəl parlaq nailiyyətlərlə yadda qalırdı. 1992-ci ilin mayında Macarıstanın Kapoşvar şəhərində keçirilən Avropa çempionatının qızıl medalını qazanmaqla o, qitənin ən güclü pəhləvanı olduğunu sübut etdi. Elə həmin il Barselona Olimpiadasında (MDB-nin Birləşmiş Komandası tərkibində) mübarizə aparan M.Hacıyev dördüncü yeri tutdu. Yəni legioner idmançımız Atlanta-1996-ya qədər artıq başqa ölkənin bayrağı altında Olimpiada təcrübəsi yaşadı. 1995-ci ildən etibarən Azərbaycan güləşinin uğurları üçün çalışan Məhəmmədsalam Atlantaya sadəcə iştirakçı kimi deyil, Olimpiya medalına əsas namizədlərdən biri kimi yollandı. İlk görüşdə Barselona-1992 Olimpiadasının qalibi Yanq-Soon Parka (Cənubi Koreya) 1:4 hesabı ilə məğlub olaraq mübarizəsini təsəlli verici qrupda davam etdirdi. Təmsilçimiz təsəlliverici qupda ardıcıl olaraq Məhəmməd Kuruqliyevə (Qazaxıstan) 4:0, Arpad Ritterə (Macarıstan) 4:2 və Alberto Rodriqez Hernandesə (Kuba) 6:2 hesabı ilə qalib gəldi. Lakin idmançımız növbəti görüşdə dünya və Avropa çempionatlarının qalibi Aleksandr Leapold (Almaniya) səddini keçə bilmədi 0:2. Yekunda idmançımız növbəti mərhələdən kənarda qalaraq, Oyunları 8-ci pillədə başa vurdu. Baxmayaraq ki, o, Barselonadakı dördüncü yer nəticəsini Atlantada medala çevirə bilmədi, lakin onun dünyanın ən güclü və titullu idmançıları (Park Yan-Son və Alexander Leapold kimi əfsanələr) ilə baş-başa mübarizə aparması Azərbaycan sərbəst güləşinin səviyyəsini göstərən mühüm amil oldu. 1996-cı ildə idman karyerasını başa vuran legioner idmançı hazırda ölkə xaricində yaşayır.
Məhəmməd İbrahimov (82 kq) Atlanta-1996 sərbəst güləş komandamızın ən iddialı üzvlərindən biri sayılırdı. 1994-cü ildə İstanbulda təşkil olunan dünya çempionatında 11-ci yeri tutaraq beynəlxalq arenada özünü sınaqdan keçirən M.İbrahimov cəmi bir il sonra, 1995-ci ildə İsveçrədə keçirilən Avropa çempionatında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazandı. Legioner idmançımız həmin il ABŞ-dakı dünya çempio natında 5-ci oldu. 1996-cı il Olimpiya öncəsi Budapeştdə keçirilən Avropa çempionatında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxması isə onun Atlantaya bir “qitə lideri” kimi yollanmasını təmin etdi. İlk görüşdə Barselona-1992 Olimpiadasının finalçısı, dünya çempionatının qalibi qazaxıstanlı Elmədi Cəbrayılovla qarşılaşan idmançımız 1:4 hesabı ilə məğlub olaraq mübarizəsini təsəlliverici qrupda davam etdirdi. Qrupda əvvəlcə belaruslu Alesandr Savonu 5:0, ardınca isə rumıniyalı Nikolae Gitanı 5:2 hesablı ilə məğlub edən idmançımız üçüncü mərhələdə Gürcüstan güləşçisi Aftandil Qoqolişviliyə 6:4 hesabı ilə qalib gəldi. Növbəti mərhələdə ABŞ idmançısı Lesli Liyle Qutçesdən də üstün olan (4:2) sərbəst güləşçimiz qrupun beşinci mərhələsinə yüksəldi. Məhəmməd İbrahimov bu mərhələdə də qalib gəlsəydi, Olimpiadanın bürünc medal uğrunda görüşünə vəsiqə qazanacaqdı. İdmançımızın bu görüşdəki rəqibi Barselona-1992 Olimpiadasının bürünc medalçısı, dünya çempionatının qalibi, iranlı Əmir Reza Xadem oldu. Həmin görüşdə rəqibinə 0:2 hesabı ilə məğlub olan idmançımız ümumi nəticədə Olimpiadanı beşinci pillədə başa vurdu.
Olimpiya Oyunlarından sonra Məhəmməd İbrahimov 1997-ci ildə Rusiyada keçirilən dünya çempionatını altıncı pillədə başa vurdu. Bu onun Azərbaycan bayrağı altında son beynəlxalq turniri oldu. 1997-ci ildə Məhəmməd İbrahimov Şimali Makedoniya yığmasının heyətinə cəlb edildi. Sidney-2000-də Şimali Makedoniya yığmasının heyətində bürünc medal qazanan güləşçi, Afina-2004 Yay Olimpiya Oyunlarından sonra karye rasını başa vurdu.
Yunan-Roma güləşçimiz
Vilayət Ağayev erməni rəqibinə qalib gəlir. Atlanta-1996 Yunan-Roma güləşi Atlanta-1996-da yunan-Roma güləşi komandamızın ən gənc və perspektivli üzvlərindən biri, yeniyetmələr arasında dünya şöhrəti qazanmış Tahir Zahidov oldu. Tahir Zahidovun adı hələ Atlanta Olimpiadasından öncə beynəlxalq idman ictimaiy yətinə yaxşı tanış idi. O, 1994-cü ildə ABŞ-da, 1995-ci ildə isə Macarıstanda keçirilən yeniyetmələr arasında dünya çempionatlarında ardıcıl olaraq qızıl medallar qazanaraq öz çəki dərəcəsinin şəriksiz liderinə çevrildi. 1996-cı ilin martında Budapeştdə böyüklər arasında keçirilən Avropa çempionatında tutduğu 8-ci yer onun cəmi 17-18 yaşlarında artıq ən yüksək səviyyəli yarışlara - Atlanta-1996 Yay Olimpiya Oyunlarına hazır olduğunun təsdiqi oldu. Tahir Zahidov 1/16 final mərhələsi çərçivəsində keçirilən birinci görüşdə 1992-ci il Barselona Olimpiadasının qalibi olan Almaniya təmsilçisi Oleq Kurçenxo ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Tahir Zahidov mübarizəni təsəlliverici qrupda davam etdirdi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yəmən nümayəndəsi Abdulla Al-İzani oldu. Rəqibinə 11:0 hesabı ilə qalib gələn güləşçi qrupun növbəti mərhələsinə yüksəldi. Bu mərhələdə isə onun rəqibi İtaliya nümayəndəsi Françesko Kostantino idi. Rəqibinə 0:5 hesabı ilə məğlub olan Tahir Zahidov Atlanta Olimpiadasını 14-cü pillədə başa vurdu.
Bu nəticə gənc bir idmançı üçün dünyanın ən güclü pəhləvanları ilə eyni arenanı paylaşmaq və gələcək karyerası üçün misilsiz təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edirdi. 1996-cı ildə gənclər arasında dünya çempionatını altıncı pillədə yekunlaşdıran T.Zahidov 1997-ci ildə İstanbulda Avropa çempionatının bürünc medalına sahib oldu. Onun yüksəlişi 1999-cu ildə zirvəyə çatdı. Budapeştdə gənclər arasında Avropa çempionu titulunu, Rumıniyada isə gənclər arasında dünya çempionatının gümüş medalını qazandı. Beynəlxalq arenalarda böyük perspektiv vəd edən Tahir Zahidov 1999-cu ildə, karyerasının ən parlaq dövründə idmanla vidalaşdı. Hazırda Almaniyada yaşayan Tahir Zahidov fizioterapevt və məşqçi kimi çalışır.
Atlanta Olimpiadasında Azərbaycanı təmsil edən digər yunan-Roma güləşçimiz isə Vilayət Ağayev (57 kq) idi. Vilayət Ağayevin beynəlxalq səviyyədə tanınması Atlanta Olimpiadasından iki il əvvələ təsadüf edirdi. 1994-cü ildə Finlandiyada keçirilən dünya çempionatında altıncı pillədə qərarlaşması, onun yunan-Roma güləşi üzrə dünyanın ən güclü səkkizliyinə daxil olduğunun ilk ciddi göstəricisidir. 1995-ci ildə həm Avropa çempionatında, həm də Hərbçilərin Dünya Oyunlarında (6-cı yer) iştirak edərək təcrübəsini artıran Vilayət, 1996-cı ilin martında Budapeştdə qitə yarışını yeddinci yerdə yekunlaşdırdı. Atlanta-1996-da klassiklərin yarışında mübarizə aparan digər güləşçimiz Vilayət Ağayev (57 kq) isə 1/16 final mərhələsi çərçivəsində keçirilən birinci görüşdə çinli Şenq Zetian ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Vilayət Ağayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdirdi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi polşalı Stanislav Pavlovsxi idi. Həmin görüşdə rəqibinə 4:3 hesabı ilə qalib gələn Vilayət Ağayev növbəti mərhələyə yüksəldi. Bu mərhələdə onun rəqibi 1993-cü il dünya çempionatının qalibi olan ermənistanlı Ağası Manukyan oldu. Vilayət Ağayev rəqibi üzərində inamlı qələbə qazandı (7:2) və təsəlliverici qrupun üçüncü mərhələsinə yüksəldi. Növbəti görüşdə Kuba təmsilçisi Luis Sarmientoya 0:1 hesabı ilə məğlub olan güləşçimiz Atlanta Olimpiadasını 10-cu yerdə başa vurdu.
1997-ci ildə Polşada keçirilən dünya çempionatında 4-cü yeri tutan güləşçi bir il sonra Avropa yeddincisi oldu. 2000-ci ildə idmanla vidalaşan Vilayət Ağayev hazırda DİN İdman Cəmiyyətində yunan-Roma güləşi üzrə məşqçi kimi fəaliyyət göstərir.
Cüdo
Azərbaycanın idmanında canlı əfsanələrdən biri də Nazim Hüseynovdur. Azərbaycan idmanının son otuz illik tarixinə nəzər salsaq, bu tarixin qızıl səhifələrinin mərkəzində Nazim Hüseynovun adı dayanır. Onun idman yolu sadəcə fərdi uğurlar silsiləsi deyil, müstəqil Azərbaycanın Olimpiya zirvəsinə gedən yolunun başlanğıcıdır. Uşaq yaşlarından SSRİ birinciliklərində öz uğurları ilə seçilən Nazim, dünya arenasına 1991-ci ildə Budapeşt Super Dünya Kubokunun qalibi və Barselona dünya çempionatının bürünc mükafatçısı kimi qədəm qoydu. 1992-ci ildə Parisdə keçirilən Avropa çempionatında finalda “Avropanın əjdahası” Filip Pradayronu məğlub edərək Azərbaycan tarixinin ilk Avropa çempionu oldu. Həmin finalda işlətdiyi fənd bu gün də dünya cüdo tarixinin "101 ən baxımlı ipponu" siyahısında şərəfli yer tutur.
Lakin əsl zirvə Barselona-1992 Yay Olimpiya Oyunları hesab olunur. Ardıcıl 4 rəqi bini "ippon"la məğlub edən Nazim Hüseynov yarımfinalda yaponların "yenilməz" ulduzu Tadanori Koşinonu, finalda isə Hyun Yoonu məğlub edərək Azərbaycanın ilk Olimpiya çempionu kimi adını tarixə qızıl hərflərlə yazdırdı. O, 1993-cü ildə Afinada keçirilən Avropa çempionatında gələcək Olimpiya çempionu Hüseyn Özkanı məğlub edərək ikinci dəfə qitənin ən güclüsü oldu. Həmin il Hamiltonda keçirilən dünya çempionatında finala qədər bütün rəqiblərini sıradan çıxarsa da, finalda yapon Ryui Sonoda ilə görüşdə hakimlərin qərəzli mövqeyi onun təmiz fəndini hesaba almadı və o, gümüş medalla kifayətlənməli oldu.
1994-cü ildən etibarən ardıcıl zədələr və səhhətində yaranan problemlər əfsanəvi idmançının karyerasında durğunluq yaratsa da, o, mübarizəni dayandırmadı. O, ardıcıl iştirak etdiyi ikinci Olimpiadasında - Atlanda-1996-da eyni uğuru təkrarlaya bilmədi. Mübarizəyə 1/16 finaldan başlayan Nazim Hüseynov 60 kq çəki dərəcəsində ilk görüşdə argentinalı Xorxe Lensinaya qalib gəlsə də, növbəti mərhələdə Meksika idmançısı Rivera Akunya ilə mübarizədə tatamini məğlubiyyətlə tərk etdi.
Nazim Hüseynov 1997-ci ildə Super Dünya Kubokunun qızıl medalını qazanmaqla hələ də böyük idmanda söz sahibi olduğunu sübut etdi. Sidney Olimpiadasına gedən yolda viza problemləri kimi maneələrlə üzləşsə də, lisenziya yarışlarında sonradan Olimpiya medalçısı olacaq gürcü Vazaqaşvilini ipponla məğlub etməsi onun ustalığının sönməzliyini göstərdi.
2000-ci ildə peşəkar karyerasını başa vuran Nazim Hüseynov hazırda Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür. Onun idmandakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə Nazim Hüseynov 1995-ci ildə "Şöhrət" ordeni, 2022-ci ilin noyabrında "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Atlanta-1996 nümayəndə heyətinin ən güclü və əzmkar qadın simalarından biri, həm sambo, həm də cüdo idman növündə nailiyyət qazanmış Zülfiyyə Hüseynovadır. O, sambo üzrə dünya arenalarında 1992, 1994, 1995, 1996 və 1997-ci illərdə ardıcıl olaraq beş dəfə dünya çempionu titulunu qazandı. Bu möhtəşəm seriyanı iki qitə çempionluğu (1992, 1995) ilə tamamlayan Zülfiyyə, sambonun "yenilməz kraliçası" kimi tanınsa da, paralel olaraq cüdo tatamilərində də Azərbaycanın idman şərəfini layiqincə qoruyurdu. Cüdo üzrə Avropa çempionatlarında dəfələrlə medalın bir addımlığında - beşinci yerdə qərarlaşdı. Zülfiyyə Hüseynova Azərbaycanı iki ardıcıl Olimpiadada təmsil edən nadir qadın idmançılarımızdandır. Atlanta-1996 Olimpiadasında ilk sınağına çıxan xanım cüdoçumuz mübarizəyə 1/8 final mərhələsindən başladı. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz İspaniya təmsilçisi İzabel Fernandezə məğlub oldu və mübarizəni təsəlliverici görüşlərdə davam etdirdi. Bu mərhələdə əvvəlcə avstraliyalı Narelle Hilaya ipponla qalib gələn Zülfiyyə Hüseynova növbəti görüşdə macarıstanlı Mariya Pehlidən də üstün oldu. Lakin üçüncü təsəlliverici görüşdə Belçika təmsilçisi Mariya Lombaya məğlub olan cüdoçumuz Atlanta-1996-nı mükafatsız başa vurdu. Buna baxmayaraq, ilk dəfə Olimpiadada mübarizə aparan xanım idmançımız öz çəki dərəcəsində ən güclü səkkiz cüdoçu arasında yeddinci yerlə kifayətləndi.
Zülfiyyə Hüseynova dörd il sonra Sidney-2000-də də eyni əzmkarlığı nümayiş etdirdi. Qadın cüdoçumuz Atlantada olduğu kimi, Sidneydə də dünyanın ən güclü 7 cüdoçusu sırasında qərarlaşdı. Onun hələ 1991-ci ildə Azərbaycan SSR-in Fəxri fərmanı, 1995-ci ildə isə Ümummilli lider Heydər Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilməsi zəhmətinə verilən ən yüksək dəyər idi.
2008-ci ildən etibarən veteranlar arasında dünya və Avropa arenalarına qayıdan idmançımız, 2018-ci ildə para-cüdo sahəsində də uğurla çıxış edərək Avropa çempio natının bürünc medalına yiyələndi. Onun bitmək bilməyən enerjisinin sonuncu təsdiqi isə 2025-ci ilin may ayında Riqada keçirilən veteranlar arası Avropa çempionatındakı qızıl medalı oldu. Zülfiyyə Hüseynova peşəkar idmanla yanaşı, 1992-1995-ci illərdə Daxili İşlər Nazirliyinin daxili qoşunlarında idman təlimçisi, 1995-1998-ci illərdə Müdafiə Nazirliyinin “Ordu” idman klubunda idman təlimçisi, 1998-ci ildən 2024-cü ilə qədər isə Bakı Baş Gömrük idarəsində böyük inspektor vəzifəsində çalışıb və hazırda təqaüddədir.
Zülfiyyə Hüseynova Azərbaycan idmanında təkcə medalları ilə deyil, həm də "mübariz qadın idmançı" obrazı ilə silinməz bir iz qoyub.
Boks
Atlantada Azərbaycan iki boksçu ilə təmsil olunurdu. Oyunlarda ölkəmizi təmsil edən İlham Kərimovun Atlanta Olimpiadasına gedən yolu 1996-cı ilin əvvəllərində Danimarkanın Vayle şəhərində keçirilən Avropa çempionatından keçdi. Bu mötəbər turnir həm qitənin ən güclü boksçularını müəyyən edərək, eyni zamanda Olimpiadaya vəsiqə qazanmaq üçün mühüm sınaq xarakteri daşıyırdı. O, qitə birinciliyini beşinci pillədə başa vurdu. 1996-cı ilin avqustunda Atlanta arenalarında rinqə çıxan İlham Kərimov Olimpiadada fərqlənə bilmədi. 81 kq cəki dərəcəsində yarışa qoşulan idmançımız 1/16 finalda İsveç təmsilçisi İsmael Koneyə məğlub olaraq Olimpiadanı 17ci pillədə başa vurub. İdman karyerasını başa vuran İlham Kərimov hazırda şəxsi bizneslə məşğuldur.
Atlanta-1996-da boks yarışlarına çıxan və boks dünyasında öz dəsti-xətti olanlardan biri də Ədalət Məmmədov idi. Onun rinqdəki əzmi və dünyanın ən nəhəng boksçuları ilə apardığı mübarizə Azərbaycanın ağır çəkili boks tarixində mühüm bir mərhələni təşkil edirdi. Ədalət Məmmədovun beynəlxalq arenadakı uğuru hələ 1993-cü ildə Finlandiyanın Tampere şəhərində keçirilən dünya çempionatı ilə başladı. O, turnirin 1/8 finalında ev sahibi olan Finlandiya boksçusu Miya Kihlstromu məğlub edərək dünya beşincisi oldu.
1996-cı il Olimpiya öncəsi Vayle şəhərində keçirilən qitə çempionatında beşinci yerə layiq görüldü. Ədalət Məmmədov (+91 kq) Atlanta-1996-da mübarizəyə 1/16 finaldan başladı. Əvvəlcə çexiyalı Petr Horaçehə, ardınca isə fransalı Coşue Blokusa vaxtından əvvəl qalib gəldi. Yarımfinala çıxmaq üçün Ədalət Nigeriya boksçusu Dunkan Dokuvari ilə qarşılaşdı. İlk dəqiqələrdən üstünlüyü ələ alan boksçumuz rəqibini iki dəfə noqdaun vəziyyətinə saldı. Adətən döyüşün ilk dəqiqələrini daha fəal keçirən boksçumuz görüşün taleyini tez həll etmək taktikasına üstünlük verdi. Nigeriyalı idmançı ilə döyüşdə isə o, buna nail ola bilmədi. Üstünlük Nigeriya boksçusunun əlinə keçdi və görüş onun qələbəsi ilə də nəticələndi. Beləliklə, Ədalət Məmmədov Atlanta Olimpiadasında 5-ci yerlə kifayətlənməli oldu.
Ədalət Məmmədovun idman karyerası nə qədər parlaq idisə, həyat yolu bir o qədər qısa və kədərli oldu. 2003-cü il martın 30-da, cəmi 28 yaşında ikən qəfil ürək çatışmaz lığından vəfat edən Ədalət Məmmədov Azərbaycan idman ictimaiyyətini dərindən sarsıtdı. O, müstəqil Azərbaycanın boks tarixində ağır çəkidə Olimpiya Oyunlarının 1/4 finalına qədər yüksələn və ardıcıl iki qələbəsini vaxtından əvvəl qazanan ilk boksçumuz kimi yaddaşlarda qaldı.
Atletika
Atlanta Olimpiadasının atletika yarışları iyulun 26-dan avqustun 2-dək davam etdi. Yarışlarda ölkəmizi 4 idmançı təmsil edirdi. İyulun 26-da 100 metr məsafəyə qaçış yarışında Arif Axundov və Elvira Cabbarova mübarizə apardı. Avropa Yeniyetmələrinin II Olimpiya Festivalının gümüş mükafatçısı Elvira Cabbarova təsnifat mərhələsində 11.96 saniyə nəticə göstərdi. O, yekunda 38 ölkəni təmsil edən 57 iştirakçı arasında 47-ci yeri tutdu. 75 ölkədən 107 idmançının mübarizə apardığı qaçış yarışlarında təmsilçimiz Arif Axundov isə təsnifat mərhələsinin G qrupunda mübarizə apardı və 11.11 saniyə göstə rici ilə yadda qaldı. Bu nəticələrə əsasən idmançımız qrupu yeddinci pillədə başa vurdu və Olimpiadada mübarizəsini dayandırdı. Arif Axundov Oyunları yekunda 97-ci pillədə yekunlaşdırdı.
Həmin gün həm də atletikanın üçtəkanla tullanma yarışında ölkəmiz təmsil edən iki idmançı - Vasif Əsədov və Aleksey Fatyanov Oyunlarda mübarizəyə başladı. 32 ölkədən 44 idmançının mübarizə apardığı yarışda atletimiz Vasif Əsədov 16,21 metr nəticə ilə təsnifat mərhələsini 21-ci sırada tamamladı. Digər atletimiz Aleksey Fatyanov isə 16,14 m nəticə ilə təsnifatda 31-ci yerlə kifayətləndi.
Su idman növləri
Atlanta-1996 nümayəndə heyətimizin su idmanı növləri üzrə təmsilçiliyi həm üzgüçülük, həm də suya tullanma növləri ilə yadda qaldı. 10 metrlik platformadan suyatullanma yarışlarında Emil Cəbrayılov, 50 m sərbəst üsulla üzmə yarışında isə Emil Quliyev öz bacarığını nümayiş etdirdi. İyulun 2026-da keçirilən üzgüçülük yarışlarında Emil Quliyev təsnifat mərhələsinin C qrupunda 25.23 saniyə nəticə göstərdi və qrupu 8 üzgüçü sırasında 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Emil Quliyev Atlanta-1996-nı 58 ölkədən 64 idmançı arasında 59-cu pillədə tamamladı. Emil Quliyev dörd il sonra Sidney2000-də iştirak etdi və 60-cı yerlə kifayətləndi.
İyulun 26-dan avqustun 2-dək keçi rilən suyatullanma yarışında isə Emil Cəbrayılov 27 ölkədən yarışa başlayan 37 idmançı arasında 27-ci oldu. O, təsnifat mərhələsində 294,93 xallıq nəticə ilə yadda qalmışdı. Sonrakı illərdə - 1999-cu ildə Dünya Kubokunda Yeni Zelandiyanın Vellinqton şəhərində keçirilən Dünya Kuboku turnirində 21-ci yeri tutan Emil Cəbrayılov Sidney2000 Yay Olimpiya Oyunlarında isə 26-cı oldu. O, əvvəlki Olimpiada ilə müqayisədə yalnız bir pillə irəliləməyi bacardı.
Emil Cəbrayılov hazırda Avstraliyanın Pert şəhərində yaşayır. Sonradan hakimlik dərəcəsi alan Emil bir müddət Qərbi Avstraliyada keçirilən yarışlarda hakim kimi fəaliyyət göstərdi. O, hazırda Avstraliyada filiz hasilatı ilə məşğul olan “Hancock Iron Ore” mədən şirkətində çalışır.
Atıcılıq
İyulun 20-dən 27-dək davam edən Atlanta Olimpiadasının atıcılıq yarışlarında ölkəmiz iki idmançı - İradə Aşumova və Valeri Timoxinlə təmsil olundu. Azərbaycan atıcılıq məktəbinin dünya miqyaslı siması, dörd fərqli onillikdə diqqət mərkəzində olmuş İradə Aşumovanın zəngin karyerası müstəqil Azərbaycanın Olimpiya salnaməsinin ən möhtəşəm səhifələrindən biridir. Onun həm Atlanta-1996 ərəfəsindəki fəaliyyəti, həm də sonrakı Olimpiya sınaqları idman tariximizdə özünəməxsus yer tutur.
İradə Aşumovanın böyük idmandakı yolu hələ SSRİ dövründə - 1985-ci ildə Mexikodakı dünya çempionatında qazanılan gümüş medal və 1986-cı ildə Zul şəhərindəki Dünya Kubokunun bürünc və qızıl zəfəri ilə başlamışdı. Müstəqilliyimizin ilk illərində 1994-cü ildə Milanda və 1996-cı ildə Havanada keçirilən Dünya kuboklarında bürünc və həmin il Milanda keçirilən digər Dünya Kubokunda isə gümüş medallarla ölkəmizin bu idman növündə dünya elitasına aid olduğunu təkbaşına sübut edirdi.
Müstəqil Azərbaycanın debüt etdiyi Atlanta-1996 Yay Olimpiya Oyunlarında İradə Aşumova nümayəndə heyətimizin ən böyük ümidlərindən biri idi. İyulun 21-də İradə Aşumova 10 m məsafəyə kiçik çaplı tapança ilə atəşaçma yarışında mübarizə apardı. Təsnifatda birinci cəhdində 100 xaldan 95-ni toplayan İradə Aşumova növbəti cəhdində də 95 xal, üçüncü cəhdində 94 xal, dördüncü cəhdində isə 96 xal əldə etdi. Bununla da ümumi nəticədə atıcımız 400 xaldan 380-nini topladı və turniri 10-cu pillədə başa vurdu. Bu, həmin dövrün müstəqil Azərbaycanın atıcılıq idman növündə Olimpiya Oyunları kimi mötəbər yarışda 21 ölkənin 41 iştirakçısı arasında qazandığı yüksək nailiyyət hesab olunurdu. İradə Aşumovanın Atlantadakı növbəti cəhdi 25 m məsafəyə atəşaçma yarışında oldu. İyulun 26-da növbəti dəfə hədəfi dəqiq nişan almağa çalışan idmançımız birinci cəhdində 290 xalla kifayətləndi. O, növbəti cəhdində 286 xal topladı. Bununla da onun ümumi nəticəsi 576 xal oldu. İradə Aşumova Oyunları bu növdə 27 ölkənin 37 idmançısı arasında 15-ci pillədə yekunlaşdırdı. Bu nəticələr gələcək Olimpiya medalının təməli idi. Xanım atıcımızın Atlantadan sonrakı Olimpiya həyəcanı 2000-ci ildə təşkil olunan Sidney Olimpiadası oldu. Bu Olimpiada İradə Aşumovanın karyerasının ən dramatik və psixoloji cəhətdən ağır yarışı idi. O, üçüncü cəhdində texnoloji səbəbdən mübarizəni dördüncü cəhdi etmədən dayandırdı. 25 metrlik yarışda isə 570 xalla 31-ci oldu. 2002ci ildə Münhen Dünya Kubokunun bürünc və Lahti dünya çempionatının gümüş medalını qazanan İradə Aşumova həmin il Ümummilli lider Heydər Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olundu. Bu uğurlara baxmayaraq, onun bir əsas arzusu var idi - Olimpiya medalı. Məhz bu istək, arzu və ümid Sidneydəki uğursuz nəticəyə baxmayaraq onun möhkəm iradəsini qıra bilmədi. O, Afina-2004 Yay Olimpiya Oyunlarında tarixi bürünc medal qazanaraq xalqımızı sevindirdi. O, Afina-2004 Olimpiadasına dünyanın bir nömrəli favoritlərindən biri kimi yollanmışdı. 10 metr məsafəyə atəşaçmada 8-ci olan atıcımız 25 metr məsafəyə atəşaçmada bürünc medal qazandı. Bu tarixi nailiyyətə görə Prezident İlham Əliyevin Sərəncamı ilə o, ikinci dəfə "Tərəqqi" medalına layiq görüldü. Afinadan sonra uzun müddət beynəlxalq arenalarda böyük uğurlara imza ata bilməsə də, İradə Aşumova böyük idmana olan sevgisini itirmədi və 2012-ci ildə London Olimpiadasına lisenziya qazanmağı bacardı. Londonda 25 metr məsafəyə atəşaçmada 22-ci, 10 metr məsafədə isə 40-cı yeri tutaraq finaldan kənarda qaldı. Buna baxmayaraq, o, başqa bir tarixi rekorda imza atdı. İradə Aşumova 54 yaşında London Olimpiadasında yarışaraq Azərbaycanın Olimpiya Oyunları tarixinə çıxmış ən yaşlı idmançısı kimi adını tarixə əbədi həkk etdirdi. İradə Aşumovanın Atlanta-1996 ilə başlayan Olimpiya yolu sadəcə idman göstəriciləri ilə ölçülmür. Ömrünü Azərbaycan atıcılığının inkişafına həsr edən İradə Aşumova, ölkəmizdə bu idman növünün kütləviləşməsində və gənc nəslin yetişməsində əvəzsiz rol oynamış bir məktəbdir. Hazırda onun yolunu Azərbaycanın tanınmış atıcılarından biri olan oğlu Ruslan Lunyov uğurla davam etdirir. İradə Aşumova bu gün Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü və Azərbaycan Atıcılıq Federasiyasının güllə atıcılığı üzrə baş məşqçisidir.
Atlantada çıxış edən digər atıcımız Valeri Timoxin də Azərbaycan atıcılıq məktəbinin və bütövlükdə stend atıcılığının (skeet) görkəmli nümayəndələrindən biri olub. Həm SSRİ, həm Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Komandası, həm də müstəqil Azərbaycan bayrağı altında üç fərqli statusda Olimpiya Oyunlarında sınaqdan çıxan Valeri Timoxinin zəngin karyerası ölkəmizin atıcılıq tarixinin ən möhkəm təməllərindən biridir. Valeri Timoxinin idman salnaməsi sovet atıcılıq məktəbinin ən parlaq dövrünə təsadüf edir. Atlanta Olimpiadasına qədər o, SSRİ bayrağı altında 1984-cü ildə Saraqosada (İspaniya) və 1987-ci ildə Lahtidə (Finlandiya) keçirilən Avropa çempionatlarında stend atıcılığı üzrə fərdi yarışlarda bürünc medallara sahib olmuşdu. Komanda hesabında isə onun töhfələri daha böyük idi: 1986-cı ildə dünya çempionatının bürünc, 1989 və 1990-cı illərdə isə ardıcıl iki dəfə dünya çempionatının gümüş medallarını qazanaraq planetin ən güclü snayperləri sırasına daxil olmuşdu.
Seul-1988-də Valeri Timoxin SSRİ yığmasının heyətində Cənubi Koreyada keçirilən XXIV Yay Olimpiya Oyunlarında debüt etdi. 52 idmançının iştirak etdiyi olduqca gərgin yarışda 196 xal toplayaraq dünyanın 11-ci güclü atıcısı oldu. Barselona-1992-də isə SSRİ-nin dağılmasından sonra o, Olimpiya bayrağı altında yarışan Birləşmiş Komandanın heyətində İspaniyada mübarizə apardı. Bu turnirdə topladığı 145 xal ona 60 idmançı arasında 25-ci pilləni qazandırdı. Hələ müstəqilliyimizin astanasında - 31 yanvar 1991-ci ildə Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilməsi, Timoxinin respublika idmanındakı statusunun göstəricisi idi. SSRİ-nin süqutundan sonra bir çox təkliflərə baxmayaraq, beynəlxalq arenalarda doğma Azərbaycanı təmsil etməyi seçən Valeri Timoxin milli idman tariximizə qızıl hərflərlə yazılacaq bir uğura imza atdı. 1995-ci ildə Kiprdə keçirilən dünya çempionatında stend atıcılığı turnirində gümüş medal qazanaraq müstəqil Azərbaycanın atıcılıq idmanında ilk böyük uğurunu təmin etdi. Bu tarixi xidmətlərinə görə 1995-ci ilin martında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görüldü. Məhz Kiprdəki uğurdan sonra Valeri Timoxin ölkəmizi 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya Oyunlarında təmsil etmək hüququ qazandı. Üçüncü dəfə Olimpiada poliqonuna çıxan təcrübəli atıcımız üçün bu yarış karyerasının pik nöqtəsi olmalı idi. İyulun 26-da mübarizə aparan idmançımız gərgin psixoloji və iqlim şərtləri altında keçən stend atıcılığı yarışlarının təsnifat mərhələsində 116 xal toplaya bildi. O, təsnifat mərhələsinin nəticələrinə əsasən 34 ölkənin 54 iştirakçısı arasında 38-ci yerlə kifayətləndi. Atlanta Olimpiadasından dərhal sonra, elə 1996-cı ildə Valeri Timoxin böyük idmanla və peşəkar atıcılıq karyerası ilə birdəfəlik vidalaşdı. Lakin o, idmandan tamamilə uzaqlaşmadı. O, Seul, Barselona və Atlanta olimpiadalarında qazandığı zəngin Olimpiya təcrübəsini gənc nəslə ötürmək üçün məşqçi kimi fəaliyyətə başladı. Hazırda Avstraliyada yaşayan Valeri Timoxin öz təcrübəsini gənc idmançılarla bölüşür.
Ağırlıqqaldırma
XXVI Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışları iyulun 20-dən 30-dək davam etdi. Atıcılıq yarışlarında ölkəmiz 2 idmançı ilə - Asif Məlikov (59 kq) və Tofiq Heydərovla (83 kq) təmsil olundu. Atlantada ölkəmizi ağırlıqqaldırma növündə təmsil edən Asif Məlikov üçün müstəqil Azərbaycanın bayrağı altında çıxış etmək böyük qürur idi. Lakin onun ilk Olimpiya sınağı uğurlu olmadı. Oyunlarda 59 kq çəki dərəcəsində qüvvəsini sınayan Asif Məlikov birdənqaldırmada ilk cəhdində 125 kq çəkinin öhdəsindən gələ bilmədi. İdmançımız növbəti cəhdlərini də uğursuz başa vurdu. Atlantadakı uğursuz luqdan sonra Asif Məlikov 1997-ci ildə Tailandda keçirilən dünya çempionatında bürünc medala sahib oldu. Uğurlu çıxışlarını davam etdirən atlet, 2004-cü ilin aprelində Ukraynanın Kiyev şəhərində keçirilən Avropa çempionatında da yüksək ustalıq nümayiş etdirərək fəxri kürsünün üçüncü pilləsinə qalxdı. Avropa çempionatındakı bürünc medaldan sonra Asif Məlikov ikinci dəfə Olimpiya Oyunlarında - bu dəfə Yunanıstanın Afina şəhərində ölkəmizi təmsil etmək hüququ qazandı. O, Afina Olimpiadasını 16 güclü atlet arasında 12-ci pillədə başa vurdu.
Asif Məlikov idman karyerasını başa vurandan sonra Daxili İşlər Nazirliyində (DİN) fəaliyyətə başladı. Həmin vaxtdan etibarən polis orqanlarındakı xidmətini davam etdirir.
Azərbaycan ağırlıqqaldırma məktəbinin digər istedadlı idmançısı Tofiq Heydərov isə Atlanta Olimpiadasından əvvəl 1990-cı ildə yeniyetmələrdən ibarət SSRİ yığmasının heyətində Macarıstanın Sesard şəhərində keçirilən nüfuzlu "Dostluq Oyunları"nda üç qızıl medalın sahibi oldu. SSRİ-nin dağılmasından sonra O, 1992-ci ildə İranın Təbriz şəhərində keçirilən Asiya çempionatında ölkəmizi layiqincə təmsil etdi. 1996-cı ildə ABŞın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya Oyunları Tofiq Heydərov üçün böyük bir sınaq idi. Çəkisi 83 kq olan idmançılar arasında birdənqaldırmada birinci cəhdini 150 kq nəticə ilə tamamladı. Növbəti cəhdində 160 kq çəkini qaldırmağa çalışsa da, bu cəhdi uğursuz oldu. Sonuncu cəhdində isə Tofiq Heydərov 162,5 kiloqramlıq çəkini sifariş verdi. Lakin həmin cəhd də nəticə vermədi. Bununla da Tofiq Heydərov birdənqaldır mada 150 kq nəticə göstərdi. Təkanla qaldırmada isə birinci sifarişdə 180 kq çəkini ram edən Tofiq Heydərov növbəti cəhdində 190 kq çəki ilə bacarmadı. Sonuncu cəhdində də həmin çəkinin öhdəsindən gələ bilməyən Tofiq Heydərov təkanla qaldırmada 180 kq nəticə göstərdi. Bununla da Tofiq Heydərov ümumi nəticədə 330 kq nəticə göstərdi və Atlanta Olimpiadasını planetin 20 ən güclü idmançısı arasında 11-ci pillədə başa vurdu. Olimpiadadan sonra da öz idman formasını qoruyan Tofiq Heydərov daxili arenada rəqibsiz olduğunu dəfələrlə sübut etdi. O, gənc atletlərə nümunə olaraq dəfələrlə Azərbaycan çempionatının qalibi adını qazandı və milli titullarını qorudu. 2001-ci ildə idman karye rasını başa vuran Tofiq Heydərov hazırda ölkə xaricində yaşayır.
Qılıncoynatma
Atlanta-1996-nın qılıncoynatma yarışında ölkəmizi Elxan Məmmədov təmsil edirdi. Onun Atlanta-1996 Olimpiadasındakı çıxışı Azərbaycanın qılıncoynatma idman növündə atdığı ilk müstəqil addım idi. Qılıncoynatmanın sablya növü üzrə milli komandamızın aparıcı siması olan Elxan Məmmədov SSRİ dövründən qalan güclü ənənələri müstəqillik illərinə köçürən və bu növün ölkəmizdə unudulmasının qarşısını alan idmançılardan biri olmuşdur. O, 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya Oyunlarında sablya növündə yarışan idmançı mübarizəyə 1/32 finaldan başladı. İlk mərhələdə Ukrayna idmançısı Vladimir Kalyujni ilə üz-üzə gələn Elxan Məmmədov rəqibinə 5:15 hesabı ilə məğlub olaraq, Atlanta Olimpiadasını 40-cı pillədə yekunlaşdırdı.
Atlanta-1996-dan sonrakı Olimpiya zirvələri: bir nəsilin idman yaddaşı
Atlanta-1996 Yay Olimpiya Oyunları Azərbaycanın idman tarixində sadəcə ilk müstəqil iştirak deyil, bütöv bir nəslin gələcək uğurlarının başlanğıc nöqtəsi idi. Bu oyunlar həm keçmiş sovet idman məktəbinin son təcrübəsini, həm də yeni formalaşan milli idman strategiyasının ilk real nəticələrini özündə birləşdirirdi. Atlantaya yollanan 23 idmançı təkcə həmin dövrün seçilmiş atletləri deyildi - onlar müstəqil Azərbaycanın beynəlxalq idman arenasında yaşamaq və qalmaq iradəsinin canlı simvolları idi.
Əslində, Azərbaycanın Olimpiya yolu Atlantadan daha əvvəl başlamışdı. 1952-ci ildən etibarən SSRİ yığmasının tərkibində müxtəlif millətlərdən olan idmançılar kimi azərbaycanlı atletlər də Olimpiya Oyunlarında iştirak edirdilər. Həmin dövrdə güləşçilərimiz, ağırlıqqaldıranlarımız, atletlərimiz və digər idmançılar fərqli bayraq altında yarışsalar da, onların uğurlarının kökündə Azərbaycan idman məktəbi dayanırdı. Bu tarixi xəttin davamı kimi Atlanta-1996 Olimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində də elə idmançılar var idi ki, onlar artıq əvvəlki Olimpiya təcrübəsinə malik idilər. Belə idmançılardan üçü - Valeri Timoxin, Məhəmmədsalam Hacıyev və Nazim Hüseynov Atlantaya qədər artıq Olimpiya arenasında çıxış etmişdilər.
Valeri Timoxin Seul-1988 Olimpiya Oyunlarında SSRİ yığmasının tərkibində, daha sonra isə Barselona-1992 Olimpiadasında MDB-nin Birləşmiş Komandasının heyətində stend atıcılığı üzrə mübarizə apararaq üç fərqli siyasi-idman mərhələsinin canlı şahidinə çevrilmişdi.
Digər idmançımız Məhəmmədsalam Hacıyev sərbəst güləşdə Barselona-1992 Olimpiadasında MDB komandası tərkibində çıxış etmiş, Atlanta-1996-da isə ikinci dəfə Olimpiya sınağından keçərək beynəlxalq təcrübəsini daha da genişləndirmişdir. Atlanta Olimpiadasından əvvəl 1992-ci ildə Barselona Olimpiya Oyunlarında Nazim Hüseynovun qazandığı tarixi qızıl medal isə artıq Azərbaycanın müstəqil idman potensialının dünyaya ilk böyük mesajı idi. Lakin həmin dövrdə ölkəmiz hələ MDB-nin Birləşmiş Komandası tərkibində çıxış edirdi.
Atlanta Olimpiadasına yollanan nümayəndə heyətinin ən mühüm xüsusiyyətlərindən biri onun gələcək Olimpiya nəsillərinin formalaşmasına təkan verməsi idi. 23 idmançıdan 10-u sonrakı Olimpiya Oyunlarına qədər bu yolu davam etdirə bildi. Həmin idmançılardan 10-u Sidney-2000, Afina-2004, hətta London-2012-yə qədər uzanan Olimpiya ömrü yaşadı. Sidney-2000 Yay Olimpiya Oyunlarında Atlanta təcrübəsinə malik idmançılardan 9-u-sərbəst güləşçilər Namiq Abdullayev, Arif Abdullayev, Elşad Allahverdiyev, Davud Məhəmmədov, Məhəmməd İbrahimov, cüdoçu Zülfiyyə Hüseynova, üzgüçü Emil Quliyev, suyatullanan Emil Cəbrayılov və güllə atıcısı İradə Aşumova yenidən ölkəmizi təmsil etdilər. Dörd il sonra Afina-2004 Oyunlarında Atlanta Olimpiadasının 3 idmançısı - İradə Aşumova (güllə atıcılığı), Asif Məlikov (ağırlıqqal dırma) və Məhəmməd İbrahimov (güləş - artıq başqa milli komanda ilə) yenidən Olimpiya arenasına çıxdı. İradə Aşumova isə Atlanta ilə başlayan müstəqil Azərbaycan Olimpiya yolunu Afina və Londonadək daşıyaraq dörd fərqli Olimpiya mərhələsində ölkə idmanının simvollarından birinə çevrildi. Valeri Timoxin isə üç müxtəlif siyasi sistemdə - SSRİ, MDB və Azərbaycan bayraqları altında Olimpiya iştirakçısı olmaqla nadir idman tarixçəsinə sahib oldu.
Bu siyahı göstərir ki, 1996-cı il təkcə debüt deyil, həm də sabit Olimpiya komandasının formalaşmasının başlanğıcı idi. Xüsusilə güləş, cüdo, taekvondo, boks və atıcılıq növlərində bu davamlılıq daha güclü şəkildə özünü göstərdi.
Atlanta Olimpiadasındakı komandamız həm də Azərbaycan idmanında Olimpiya zirvələrinin fəth edilməsinin və idman məktəbinin formalaşmasının əsasını qoydu.
Oyunlarda iştirak edən bir çox idmançı sonradan məşqçi, federasiya rəhbəri və idman funksioneri kimi fəaliyyət göstərərək öz təcrübələrini yeni nəslə ötürdülər. Namiq Abdullayevin rəhbərliyi altında sərbəst güləş millimizin Avropa çempionu olması, Arif Abdullayevin gənclərlə işləməsi, Elşad Allahverdiyevin, İradə Aşumova və digər vete ran ların məşqçi kimi fəaliyyəti həm də onların Azərbaycan idman məktəbinin tanınmış simalarından olduqlarını göstərir.
Bu mənada Atlanta-1996 sadəcə nəticələr statistikası ilə ölçülə bilməz. Həmin oyunlar Azərbaycan Olimpiya tarixinin “keçid körpüsü” idi. Barselonada fərdi qəhrəmanlıq kimi görünən uğurlar Atlantada artıq milli komanda modelinə çevrildi. Sidneydə gələn ilk Olimpiya çempionluğu və sonrakı Olimpiya Oyunlarında qazanılan çoxsaylı medallar, sonrakı illərdə Azərbaycanın dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilməsi məhz Atlantada atılan təməllərin məntiqi davamı oldu.
Atlantaya yollanan 23 nəfər olimpiyaçımız bu gün Azərbaycan idman tarixində xüsusi ehtiramla xatırlanır. Onlar çətin iqtisadi və siyasi şəraitdə, böyük inam və milli qürur hissi ilə Olimpiya arenasına çıxdılar. Həmin idmançılar sübut etdilər ki, müstəqil Azərbaycan yalnız siyasi xəritədə deyil, dünya idman xəritəsində də öz layiqli yerini tutmağa qadirdir. Atlanta Yay Olimpiya Oyunlarının müstəqil Azərbaycan üçün ən böyük töhfələrindən biri ölkəmizin gələcək Olimpiya zəfərlərinin etibarlı təməlinin qoyulma sında idi. Ölkəmizdə idmanın və Olimpiya Hərəkatının bu etibarlı və uğurlu təməl üzərində inkişafı bu gün Azərbaycanı dünyanın aparıcı idman dövlətlərindən birinə çevirib.
Aslan Şirəliyev,
AMEA-nın A.A.Bakıxanov adına
Tarix və Etnologiya İnstitutunun
elmi işçisi