Türk Dövlətləri Təşkilatın dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşəbbüsü ilə Türk Dövlətlərinin Xizək Kuboku keçirilib.
Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, Türkiyənin Uludağ Dağ Kuortunda keçirilən yarışda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan 100-ə yaxın idmançı iştirak edib.
Sayca 2-ci dəfə təşkil olunan kubokda əvvəlcədən qeydiyyatdan keçən 18-25, 26-45, 46+ yaş kategoriyasında kişi və qadın idmançılar xizək idmanının nəhəng slalom növündə birincilik uğrunda mübarizə aparıblar.
26-45 yaş kateqoriyasında qızlar arasında Nataliya Lapşina (Qazaxıstan) birinci, Elvira Zakarayeva (Azərbaycan) ikinci, Buse Terim (Türkiyə) üçüncü olub. Oğlanlar arasında isə Ceyhun Balametov (Azərbaycan) birinci, Metehan Taşdemir (Türkiyə) ikinci, Talip Gülle (Türkiyə) isə üçüncü yeri tutub.
Yarışın yekununda qaliblər kubok və medallarla təltif olunub, iştirakçılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
Türk Dövlətlərinin Xizək Kubokunun keçirilməsinin əsas məqsədi türk xalqları arasında qiş idman növləri sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirmək, birgə yarışların keçirilməsini təşviq etmək və xizək idman növünü təbliğ etməkdir.
Qeyd edək ki, növbəti Türk Dövlətlərinin Xizək Kubokunun keçirilməsinə Qazaxıstan və Türkiyə öz namizədliyini irəli sürüb.
222 oxunub