Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir. Yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib. Çempionata 1/8 finaldan qoşulan Eldəniz Əzizli (55 kq) yaponiyalı Tayqa Onişiyə 3:1 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Marlan Mukaşyov üzərində inamlı qələbə qazanıb - 6:0. Yarımfinalda ötən il Bakıda keçirilmiş Dünya Kubokunda məğlub etdiyi iranlı Puya Dad Marzla qarşılaşan millinin kapitanı rəqibini 3:2 hesabıyla üstələyərək 3-cü dəfə dünya çempionatının finalına yüksəlib. E.Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşacaq.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə
finlandiyalı Conni Sarkkinendən güclü olub - 5:1. Həmyerlimiz 1/16 finalda
amerikalı Kamal Beyə tam üstünlüklə (8:0) qalib gəlib. S.Süleymanov daha sonra
moldovalı Aleksandrin Qutuya gücünü göstərib - 3:1. Milli üzvü 1/4 finalda
qazaxıstanlı Demeu Jadrayevi yolundan kənarlaşdırıb - 5:1. Sənan yarımfinalda
ermənistanlı Malxas Amoyanla qarşılaşıb. Prinsipial görüşdə 5:0 hesablı inamlı
qələbə əldə edən güləşçimiz dünya çempionatının finalına yüksəlməklə yanaşı, 77
kq-da ölkəmizə olimpiya lisenziyası qazandırıb. S.Süleymanov finalda
Olimpiadanın gümüş medalçısı və son dünya çempionu Akjol Mahmudovla
(Qırğızıstan) güləşəcək.
Rafiq Hüseynov (82 kq) da mübarizəyə
1/8 finaldan start verib və macarıstanlı Erik Şilvassiyə minimal fərqlə (4:3)
qalib gəlib. Təcrübəli pəhləvanımız 1/4 finalda əsl xarakter nümayiş etdirib.
Rusiyalı Aues Qonibovla görüşdə 0:5 hesabıyla geridə olsa da, ikinci hissədə
inanılmaz geridönüş edən titullu güləşçimiz 10:5 hesablı qələbəyə sevinib.
Yarımfinalda türkiyəli dünya və Avropa çempionu Burhan Akbudakla görüş gərgin
mübarizə şəraitində keçib. Hüseynov fasiləyə 0:5 hesabıyla geridə yollanıb.
Ancaq növbəti dəfə əzmkar güləşçi olduğunu isbatlayıb. Hesabı bərabərləşdirən
(5:5) Rafiq sonuncu xal prinsipinə əsasən 3-cü dəfə dünya çempionatının
finalına adını yazdırıb. Güləşçimizin finaldakı rəqibi iranlı Əlirza
Mohmadipiani olacaq.
Beka Kandelaki (130 kq) təsnifat mərhələsində gürcüstanlı Yakobi Kajayaya
sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.
Bu çəkilərdə medal görüşləri sabah axşam seansında keçiriləcək.