SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Kağız jurnaldan bulud texnologiyasına: AİA-da elektron jurnal reallığı

Kağız jurnaldan bulud texnologiyasına: AİA-da elektron jurnal reallığı 

İdman

Bugün, 13:01

Azərbaycan İdman Akademiyasında (AİA) təhsilin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin olunması və idarəetmə mexanizmlərinin müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müasir ali təhsil sisteminin əsas tələblərindən biri olan rəqəmsallaşma tədris prosesinin daha əlçatan, çevik və səmərəli təşkilinə geniş imkanlar yaradır.

Bolonya prosesinin prinsipləri və Avropa ali təhsil məkanına inteqrasiya hədəfləri təhsil müəssisələrinin fəaliyyətində müasir texnologiyaların tətbiqini, məlumatların operativ idarə olunmasını və tədris prosesində şəffaflığın gücləndirilməsini ön plana çəkir. Bu baxımdan elektron jurnalların tətbiqi Azərbaycan İdman Akademiyasında həyata keçirilən yeniləşmə prosesinin mühüm istiqamətlərindən biridir.

Akademiyanın maddi-texniki bazası, proqram təminatı və kadr potensialı elektron idarəetmə sistemlərinə keçid üçün zəruri imkanlar yaradır. İdman elmi və təhsilini müasir dövrün tələblərinə uyğunlaşdırmağa çalışan ali təhsil müəssisəsində elektron jurnal sisteminin tətbiqi təsadüfi deyil, qlobal təhsil çağırışlarına uyğun atılan məqsədyönlü addımdır.

Elektron jurnal: müasir təhsilin zəruri komponenti

Elektron jurnal ənənəvi kağız jurnalının rəqəmsal alternativi olmaqla, tədris prosesinə aid məlumatların vahid elektron platformada qeydiyyatını və idarə olunmasını təmin edir. Müəllimlər mühazirə və məşğələlərin keçirilməsini, tələbələrin davamiyyətini, cari və aralıq qiymətləndirmə nəticələrini sistemə daxil edir, tələbələr isə öz akademik göstəricilərini operativ şəkildə izləmək imkanı əldə edirlər.

Bu sistemə keçidin əsas məqsədi yalnız kağız sənədləşmənin azaldılması deyil. Elektron jurnal tədris prosesində vaxt itkisinin qarşısını almağa, məlumatların təhlükəsizliyini təmin etməyə, statistik hesabatların hazırlanmasını asanlaşdırmağa və idarəetmədə operativliyi artırmağa xidmət edir.

Yeni sistemin tətbiqinə hazırlıq müəyyən mərhələləri əhatə edir. Bu baxımdan elektron jurnala keçidi gecikmiş proses kimi deyil, tədris və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirmək daha doğru olar. Əsas məsələ sistemin düzgün qurulması, istifadəçilərin onun imkanlarına yiyələnməsi və gündəlik tədris fəaliyyətində səmərəli tətbiqidir.

Elektron jurnalın üstünlükləri

Elektron jurnalın tətbiqi müəllimlər və tələbələr üçün bir sıra üstünlüklər yaradır.

İlk növbədə, vaxta qənaət təmin olunur. Müəllimlər kağız jurnalların doldurulmasına və sənədlərin axtarılmasına sərf etdikləri vaxtı azaldaraq tədris fəaliyyətinə daha çox diqqət ayıra bilirlər. Məlumatların elektron qaydada daxil edilməsi hesabatların hazırlanmasını da asanlaşdırır.

Sistemin digər mühüm üstünlüyü məlumatların real vaxt rejimində izlənilməsidir. Tələbələr davamiyyət və qiymətləndirmə göstəriciləri ilə tanış olmaqla öz akademik fəaliyyətlərinə daha məsuliyyətlə yanaşırlar. Eyni zamanda, tədris hissəsi və dekanlıq tələbələrin dərsə davamiyyətini operativ şəkildə izləyə bilir.

Elektron mühitdə məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması kağız jurnalların itməsi, zədələnməsi və ya yararsız hala düşməsi riskini azaldır. Qiymətləndirmə və davamiyyət məlumatlarının sistemli şəkildə qeyd olunması isə tədris prosesində şəffaflığın və hesabatlılığın gücləndirilməsinə imkan verir.

Davamiyyət və qiymətləndirmədə məsuliyyət

Elektron jurnalın səmərəli fəaliyyəti müəllimlərin sistemdən düzgün və vaxtında istifadə etməsindən birbaşa asılıdır. Dərs zamanı tələbələrin davamiyyəti elektron jurnalda qeyd edilməli, qayıblar vaxtında sistemə daxil olunmalıdır. Bu, tələbələrin dərsə davamiyyətinə nəzarətin gücləndirilməsi və müvafiq struktur bölmələrinin məlumatlandırılması baxımından əhəmiyyətlidir.

Eyni zamanda, cari qiymətlər, tapşırıqların nəticələri və digər akademik göstəricilər vaxtında sistemə daxil edilməlidir. Məlumatların gecikdirilməsi semestrin sonunda əlavə iş yükünün yaranmasına səbəb ola bilər. Buna görə elektron jurnalın gündəlik tədris fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməsi vacibdir.

Keçid dövrünün çətinlikləri və onların aradan qaldırılması

Hər bir yeni texnologiyanın tətbiqi müəyyən uyğunlaşma mərhələsi tələb edir. Elektron jurnal sisteminə keçid zamanı müəllimlərin qarşılaşdıqları çətinliklər də bu baxımdan təbii hesab edilməlidir. Xüsusilə kompüter bilikləri və rəqəmsal bacarıqları müxtəlif səviyyələrdə olan professor-müəllim heyəti üçün yeni sistemin mənimsənilməsi əlavə dəstək və praktiki məşğələlər tələb edir.

Bu baxımdan yalnız iki saatlıq nəzəri mühazirə formatında keçirilən təlimlər bütün müəllimlərin sistemdən sərbəst istifadə etməsi üçün kifayət etməyə bilər. Texnologiyanın tətbiqinə dair məlumatların şifahi izahı ilə yanaşı, əyani nümayiş və praktiki məşğələlərə də geniş yer verilməlidir.

Təlimlərin kompüter siniflərində təşkili, slaydlar, proyektorlar və interaktiv ekranlardan istifadə olunması, hər bir müəllimin sistem üzərində fərdi əməliyyatlar aparması öyrənmə prosesini daha səmərəli edə bilər. Bu zaman iştirakçılar elektron jurnalda davamiyyətin qeyd edilməsi, qiymətlərin daxil olunması və digər funksiyaların tətbiqini bilavasitə sınaqdan keçirə bilərlər.

Digər mühüm addım elektron jurnal ilə işləmək qaydalarını əhatə edən qısa yaddaş kitabçasının hazırlanmasıdır. “Elektron jurnal ilə işləməyin sadə qaydaları” adlı vəsaitin addım-addım izahlar və ekran görüntüləri ilə tərtib olunması müəllimlər üçün gündəlik istifadə zamanı faydalı mənbəyə çevrilə bilər. Belə bir bukletin çap və ya elektron formatda təqdim edilməsi sistemin mənimsənilməsini asanlaşdırar.

Bununla yanaşı, Akademiyada fəaliyyət göstərən texniki dəstək qrupunun imkanlarından səmərəli istifadə olunması vacibdir. Müəllimlərin qarşılaşdıqları texniki və praktiki çətinliklərə operativ cavab verilməsi, müraciət kanallarının əlçatan olması yeni sistemə uyğunlaşma prosesini sürətləndirə bilər.

Rəqəmsal təhsilə doğru

Azərbaycan İdman Akademiyasında elektron jurnal sisteminə keçid tədris prosesinin müasirləşdirilməsi və idarəetmənin səmərəliliyinin artırılması baxımından əhəmiyyətli yenilikdir. Bu prosesin uğuru yalnız texniki imkanlarla deyil, həm də professor-müəllim heyətinin sistemə uyğunlaşması, müvafiq təlimlərin təşkili və davamlı texniki dəstəyin göstərilməsi ilə müəyyən olunur.

Mövcud çətinliklərin praktiki yanaşma, əyani təlimlər və metodiki vəsaitlər vasitəsilə aradan qaldırılması elektron jurnalın gündəlik tədris fəaliyyətində daha geniş tətbiqinə şərait yaradacaq. Nəticədə rəqəmsal idarəetmə təhsil prosesinin şəffaflığına, operativliyinə və keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm vasitəyə çevriləcək.

Dilqəm Quliyev,

pedaqogika üzrə elmlər doktoru, professor

Dİgər xəbərlər