XƏBƏR LENTİ
06 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024



Kapralos: "Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki...“
Olimpiya oyunları 20:40 / 08.06.2023
Bunu Bakıda səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında deyib.
Funksioner bildirib ki, bu yarışın tarixi məhz Bakıda başlayıb:
"Məhz burada Avropa Oyunlarının atəşi alovlandı. Biz hər zaman azərbaycanlı qardaşlarımızın dəstəyini hiss edirik”.
EOC rəhbərinin sözlərinə görə, Azərbaycan gələcəkdə də bu yarışın təşkilinə namizədliyini verə bilər:
"Ölkədə bunun üçün çox güclü infrastruktur var. Bakıda keçirilən ilk Avropa Oyunlarını xatırlayıram, hər şey - arena, azarkeşlər əla idi. Azərbaycan dünya səviyyəli turnirlər təşkil etməklə hələ də ən yüksək zirvədədir. Ötən həftə burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ziyarət etdiyi taekvondo üzrə dünya çempionatı başa çatıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan istənilən yarışın öhdəsindən gələ bilər”.

O, IV Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin hələ müəyyənləşmədiyini söyləyib:
"Bu məsələ gündəmdə qalmaqda davam edir. Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki, sonrakı ev sahibləri ən azı Bakıdakı standartlara cavab verməyə çalışırlar".
Kapralos deyib ki, III Avropa Oyunlarının proqramında dəyişiklik edilsə də, strategiya dəyişməz olaraq qalır:
"3x3 basketbol və karatenin Bakının proqramına necə daxil edildiyini xatırlayıram. Hər iki növ sonradan Olimpiadanın bir hissəsi oldu. Buna görə də Avropa Oyunları bir çox növlərin özünü yeni səviyyədə ifadə etməsi üçün bir şansdır. Krakovda bir sıra idman növləri üzrə lisenziyalar, digərlərində reytinq xalları oynanılacaq ki, bu da Paris Olimpiadası ərəfəsində iştirakçılar üçün yaxşı köməkdir”.
Avropa Olimpiya Komitələrinin prezidenti Azərbaycanın III Avropa Oyunlarında güclü komanda ilə təmsil olunacağını vurğulayıb:
"Bilirəm ki, idmançılar yüksək yerlər uğrunda mübarizə aparacaqlar”.
Kapralos Azərbaycan Badminton Federasiyasının 2022-ci ildə "Ədalətli Oyun Ruhu” nominasiyasında qalib gəlməsindən də danışıb:
"Azərbaycan Badminton Federasiyasının Fair Play mükafatına layiq görülməsi böyük nailiyyətdir. Önəmli olan yalnız idman deyil. Həm də olimpiya dəyərləri və ideyalarını qoruyub saxlamaqdır. Azərbaycan Badminton Federasiyasını bu böyük uğur münasibətilə təbrik edirəm və ümid edirəm bu cür davam edəcəklər”.


37933 oxunub

InvestAZ