XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Olimpiya zirvəsinə yüksələn ən gənc idmançılar
İdman 17:09 / 29.09.2022
İdman hər kəsin özünü təkmilləşdirməsi üçün mühüm bir vasitədir. Buna görə də, lap kiçik yaşlarında həyatlarını idmana həsr edən idmançılar müəyyən vaxta qədər başqa çıxış yolu olmadığına görə qələbə uğrunda hətta böyüklərlə də mübarizə aparıblar. Dünyanın ən böyük idman hadisəsi olan Olimpiya Oyunlarında da müxtəlif zamanlarda azyaşlı idmançılar iştirak ediblər. Əvvəllər yaş məhdudiyyəti olmadığından yeniyetmə idmançılar dördilliyin zirvə yarışında böyüklərlə bir yerdə iştirak ediblər. Lakin 2010-cu ildən buna son qoyulub və ilk dəfə olaraq yeniyetmələrin Olimpiya Oyunları təşkil olunub. Belə yarışın konsepsiyası isə hələ 1998-ci ildə təqdim olunmuşdu.
Budəfəki yazımızda Olimpiya Oyunları tarixinin ən gənc mükafatçılarını oxucularımıza təqdim edəcəyik.


Marsel Depaye
Olimpiya Oyunlarında debütü: 8-10 yaş
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: II Yay Olimpiya Oyunlarının qalib

1900-cü ildə Parisdə keçirilən yay Olimpiya Oyunlarında avarçəkmə üzrə Niderland yığması Fransa millisini qabaqlayaraq, qızıl medala layiq görüldü. Lakin əsas diqqət Oyunlardan çox Niderland komandasının iştirakçısına yönəldi. Belə ki, Marsel Depaye olimpiadada iştirak edən zaman 8 (bəzi mənbələrdə 10 yaş) yaşı var idi. Maraqlıdır ki, yeniyetmə oğlan Oyunlarda təsadüfən iştirak edib. Məsələ ondadır ki, fransızlar qayığın çəkisini azaltmaq üçün avarçəkənləri yerli oğlan uşaqları ilə əvəz etdilər. Niderlandlılar əvvəlcə bu fikirə etiraz etsələr də, daha sonra özləri də bu üsuldan istifadə etdilər. Beləliklə, final mərhələsində ağır çəkili niderlandlılar yerli idmançını Marsel Depaye ilə əvəz edərək, yarışın qalibi oldular. Lakin Olimpiya çempionu titulunu qazanan Marsel Depayenin adı qaliblər sırasında qeyd olunmadı.


Dimitrios Lundras
Olimpiya Oyunlarında debütü: 10 yaş 218 gün
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: I Yay Olimpiya Oyunlarının qalibi

Rəsmi olaraq ən gənc Olimpiya çempionu adı idman gimnastı Dimitrios Lundrasa məxsusdur. 10 yaşlı yunanıstanlı oğlan 1896-cı ildə Afinada keçirilən olimpiadada iştirak edərək, brus hərəkətlərində komanda hesabında bürünc medal qazandı. Lakin Dimitrios sonrakı həyatını idmanla deyil, dənizlə bağladı. O, Dənizçilik məktəbini bitirdikdən sonra hətta admiral rütbəsinə qədər yüksəldi.


Sessiliya Kollec
Olimpiya Oyunlarında debütü: 11 yaş 73 gün
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: IV Qış Olimpiya Oyunlarının gümüş medalçısı

1928-ci ildə Londonda keçirilən dünya çempionatı zamanı Sessiliya Kollecin fiqurlu konkisürmə idman növünə olan marağı xüsusilə artdı. Buna səbəb isə mükəmməl çıxışları ilə diqqət mərkəzində olan istedadlı Sonya Heni idi. Maraqlıdır ki, dörd il sonra o, heyrətlə izlədiyi kumirinin rəqibinə çevrildi. 1932-ci ildə Leyk-Plesiddə (ABŞ) təşkil olunan olimpiadada Sessiliya səkkizinci yerdə qərarlaşsa da, Sonya Henini qış Olimpiya Oyunlarının ən gənc idmançısı adından məhrum etdi. O, yeganə Olimpiya medalını 1936-cı ildə keçirilən Oyunlarda qazandı. 15 yaşlı idmançıya çempion adını qazanmaq üçün cəmi 6 xal çatmadı. Belə ki, daha təcrübəli Sonya Heni, rəqibindən güclü oldu. Lakin növbəti il idmançı dünya çempionatının qalibi olaraq, karyerasının ən yüksək zirvəsinə yüksəldi. Amma ikinci Dünya Müharibəsi onun Olimpiya çempionu olmaq arzusunu yarıda qoydu. Müharibə zamanı Sessiliya təcili tibbi yardım maşınını idarə edərək, yaralılara kömək edirdi. 1980-ci ildə onun adını şöhrət zalına daxil etdilər. Sessiliya Kollec fiqurlu konkisürmə idman növündə önəmli adlardan biridir. Belə ki, məhz o, qadınlar arasında ilk dəfə ikili tullanma və daha iki növdə təmrinləri yerinə yetirib.


Sonya Heni
Olimpiya Oyunlarında debütü: 11 yaş 295 gün
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: II, III və IV Qış Olimpiya Oyunlarının qalibi

1924-cü ildə Sankt-Morisdə keçirilən II Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə üzrə yarışlarına 11 yaşlı Norveç çempionu Sonya Heni də qatılmışdı. S.Heni Şamonidə keçirilən I Qış Olimpiya Oyunlarında səkkizinci yerdə qərarlaşsa da, o, daha sonra fərdi konkisürmə üzrə üç dəfə Olimpiya Oyunlarının qalibi adına, 10 dəfə isə ardıcıl olaraq dünya çempionatının qızıl medalına sahib oldu.

Sonya Heni digər fiqurlu konkisürənlərdən geyimi ilə də fərqlənirdi. Onun anası qızı üçün hazırda konkisürənlərin geyindiyi qısa ətəkləri hazırlayırdı. S.Heni fiqurlu konkisürən idmançı qadınların həm geyim tərzini dəyişdi, həm də ağ konkiləri dəbə gətirdi. Gənc idmançı hətta çıxışları zamanı rəqs elementlərindən də istifadə edərək, bu növə daha da maraq qatdı. Məhz bundan sonra fiqurlu konkisürməyə maraq bir qədər də artdı. Bir sözlə, Sonya Heni fiqurlu konkisürmədə əsl çevriliş etdi. 1936-cı ildə Qarmiş-Partenkirhen Olimpiya Oyunlarından sonra Sonya Heni Kaliforniyaya köçərək, özünü kino sahəsində də sınamaq qərarına gəldi.
Qeyd edək ki, istedadlı idmançı burada da, uğur qazandı. O, dünyaca məşhur "20-ci əsr" studiyasının lentə aldığı 12 filmdə baş rolda yer aldı.


İnqe Serensen
Olimpiya Oyunlarında debütü: 12 yaş
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: XI Yay Olimpiya Oyunlarının bürünc medalçısı

İnqe Serenseni üzgüçülük yarışlarında fərdi proqram üzrə Olimpiya Oyunlarının ən gənc mükafatçısıdır. 1936-cı ildə keçirilən olimpiadada bürünc medal qazanan zaman danimarkalı üzgüçünün cəmi 12 yaşı var idi. Maraqlıdır ki, 8 yaşından üzgüçülük ilə məşğul olan İnqe 4 il sonra Olimpiya çempionu adını qazandı. İdmançının hesabında Danimarka çempionluğu və 4 dünya rekordu olsa da, ona Olimpiya Oyunlarının qalibi adını yenidən qazanmaq qismət olmadı.


Alen Jiletti
Olimpiya Oyunlarında debütü: 12 yaş 161 gün
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: VII və VIII Yay Olimpiya Oyunlarında dördüncü yer

1952-ci ildə Osloda keçirilən Olimpiya Oyunları 12 yaşlı fransalı Alen Jilettiyə gözəl təəssüratlar bəxş etdi. Gənc idmançı böyük yaş qrupuna daxil olan konkisürənlərlə mübarizə aparmaqla yanaşı, Oyunların açılış mərasimində bayraqdar oldu. Alen Jiletti ilk Olimpiya Oyunlarında yeddinci yerdə qərarlaşdı. Növbəti iki olimpiadada isə fəxri kürsüdən bir pillə geridə qaldı. O, Olimpiya Oyunlarının medalını əldə edə bilməsə də, həmin yaş dövrünün ən güclü idmançılarından biri idi. Alen Jiletti 10 qat Fransa çempionu, Avropa birinciliyinin 9 qat qalibi və 1960-cı ildə hərbi məzuniyyət zamanı dünya çempionu adını qazandı.

Mardjori Qestrinq
Olimpiya Oyunlarında debütü: 13 yaş
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: XI Yay Olimpiya Oyunlarının qalibi

Madjori Qestrinqin 1936-cı ildə Berlində təşkil olunan XI Yay Olimpiya Oyunlarında qalib adını qazanan zaman cəmi 13 yaşı var idi. İlk olaraq, tramplindən suya tullanma mərhələsində gənc amerikalı idmançı gümüş medala yiyələndi. Daha sonra final mərhələsindəki mükəmməl çıxış Mardjoriyə Olimpiya çempionu adını qazandırdı. Yüksək idman nəticələrinə nail olan atlet dəfələrlə ABŞ çempionu olsa da, yenidən Olimpiya Oyunlarında iştirak edə bilmədi. Belə ki, 1940-cı ildə ikinci dünya müharibəsi səbəbi ilə olimpiada ləğv olundu, 1948-ci ildə isə M.Qestrinq Olimpiya Oyunlarının seçmə mərhələsini keçə bilmədi.


Kim Yun Mi
Olimpiya Oyunlarında debütü: 13 yaş 86 gün
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: XVII və XVIII Qış Olimpiya Oyunlarının qalibi

1994-cü ildə Kim Yun Mi adını əbədi olaraq Olimpiya şort-trek tarixinə yazdırdı. Cənubi Koreyadan olan gənc idmançı cəmi 13 yaşı olanda 3 min metr məsafə estafetində qızıl medal qazandı. Lakin Lillehammerdəki olimpiadadan sonra konkisürənlərin beynəlxalq birliyi yarışlarda yaşı 15-dən az olan idmançıların iştirakını qadağan etdi. Naqanoda keçirilən növbəti Olimpiya Oyunlarında Kim Yun Mi komanda estafetində yenidən qələbə sevincini qeyd etdi. Maraqlıdır ki, Kim finişdə Çin yığmasında olan rəqiblərini geridə qoyaraq, Olimpiya çempionu oldu. Lakin aldığı zədələrdən Kim Yun Mi 2002-ci ildə Solt-Leyk-Sitidə təşkil olunan olimpiadada iştirak edə bilmədi. O, təhsil aldıqdan sonra məşqçi kimi fəaliyyət göstərməyə başladı. Keçmiş idmançı milli səviyyədə uğur qazanan xeyli sayda idmançı yetişdirdi.


Donna Elizabet de Varona
Olimpiya Oyunlarında debütü: 13 yaş 108 gün
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: XVIII Yay Olimpiya Oyunlarının qalibi

1960-cı ildə Romada təşkil olunan olimpiada dünyaya 13 yaşlı amerikalı üzgüçü Donna Elizabet de Varonanı tanıtdı. İstedadlı idmançı 1964-cü ildə keçirilən olimpiadada iki qızıl medala sahib çıxdı. Olimpiya Oyunlarından əlavə Donnanın hesabında 18 dünya rekordu və 18 ABŞ çempionluğu var. Elizabet idman karyerasını bitirdikdən sonra belə həyatını idmanla bağladı. O, idman jurnalisti, aparıcı, ssenarist və idman verilişlərinin prodüseri kimi fəaliyyət göstərdi.




Skot Allen
Olimpiya Oyunlarında debütü: 14 yaş 355 gün
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: IX Qış Olimpiya Oyunlarının bürünc medalçısı

Skott Allenin konkilərə olan böyük sevgisi anasının sayəsində yaranıb. Belə ki, gənc idmançının anası Sonya Furman 1941-ci ildə fiqurlu konkisürmə üzrə İsveç çempionatının qalibi olmuşdu. Anasından ilhamlanan balaca oğlan isə artıq 9 yaşında Nyu-Cersinin daxili yarışlarında gücünü sınayırdı. 1961-ci ilin fevral ayında Allenin məşqçisi ona dünyanın ən yaxşı fiqurlu konkisürənlərini göstərmək üçün dünya çempionatına aparmağa qərar verdi. Lakin Nyu-Yorkdan Praqaya olacaq səfər son anda məşqçinin təxirəsalınmaz işləri səbəbi ilə ləğv olundu. Daha sonra məlum oldu ki, əslində bu, onun həyatını xilas etdi. Belə ki, təyyarə havaya qalxdıqdan sonra, Brüssel ərazisində qəzaya uğradı. Fiqurlu konkisürmə üzrə ABŞ millisinin üzvləri də daxil olmaqla, bütün sərnişinlər həlak oldu.
1964-cü ildə İnsbrukda təşkil olunan Olimpiya Oyunlarında Allen Skott həmyerlilərini layiqli şəkildə yad etdi. İdmançı fərdi konkisürmə yarışlarında bürünc medal əldə edərək, Qış Olimpiya Oyunlarının tarixində ən gənc mükafatçı adını qazandı. Lakin Allen idman karyerasını 19 yaşında bitirərək, Harvard Universitetinə qəbul oldu və sonra geyim istehsal edən şirkətin vitse-prezidenti vəzifəsində işləməyə başladı.

Toğrul Əsgərov
Olimpiya Oyunlarında debütü: 19 yaş, 10 ay, 24 gün
Olimpiya Oyunlarında ən yaxşı nəticəsi: XXX Yay Olimpiya Oyunlarının qalibi

Müasir Olimpiya Oyunları tarixinin ən gənc mükafatçıları arasında Azərbaycan təmsilçisinin də adı var. Belə ki, həmyerlimiz Toğrul Əsgərov 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə ən gənc Olimpiya çempionu adını qazandı. Qalib olan zaman idmançı 19 yaş 10 ay 24 günlük idi. Müqayisə üçün bildirək ki, sərbəst güləşçilərin orta yaş həddi 26 yaş 153 gündür.



Türkay Niftəliyeva

14877 oxunub

InvestAZ