XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Qərbi Azərbaycan idmançıları Olimpiya Oyunlarında
İdman 14:48 / 14.04.2026
İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi ta qədimdən oğuz-türk yurdu olub. Bu torpaqlarda azərbaycanlılar min illərlə yaşayıblar. Ermənilər çar Rusiyası tərəfindən bu ərazilərə köçürüldükdən, xüsusilə Ermənistan adlı dövlət qondarıldıqdan sonra zaman-zaman soydaşlarımızın oradan qovulması hakimiyyət orqanlarının kütləvi qırğınlar törətməsi ilə xarakterizə olunan uzun və ağrılı bir proses olub. Ulu babalarımızın həmin ərazilərdə yaratdığı mədəni-mənəvi dəyərlər də vandalizmə məruz qalıb. Ermənilər bu ərazilərə gəldikdən sonra oradakı Azərbaycan izlərini yer üzündən silmək siyasəti yürüdüblər. Bunu necə danmaq, bu böyüklükdə irsin üzərindən necə sükutla keçmək olar? Deməli qərbimiz də, şərqimiz də yaxınlara qədər birlik və bərabərlik içində yaşamışdır. İndi ayrı düşsə də, qərbimizlə şərqimizin qovuşacağı gün uzaqda deyil. Bu gün biz Bala Göyçənin sahilindəyik, Göyçə gölünü binoklsuz görürük.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya hazırlanması barədə tapşırıq verib. Həmin ildən bəri bu tapşırığa əsasən müəyyən işlər görülüb. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qərbi Azərbaycan tarixi ilə bağlı ayrıca şöbə, bir sıra ali məktəblərdə isə mərkəzlər yaradılıb. "Qərbi Azərbaycanla bağlı guşənin yaradılmasından öncə buranın tarixi, mədəniyyəti, incəsənəti, bədən tərbiyəsi və idman barədə tədris kitabları proqramlara daxil olmalıdır. Çünki bu proses kompleks şəkildə təşkil edilməldir. Əvvəlcə kitablar vasitəsi ilə maarifləndirmə aparılmalı, Qərbi Azərbaycan tariximiz yenidən yazılıb, dərsliklərə əlavə olunmalıdır. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə dediyi kimi: "İnşallah! O gün gələcək. Necə ki 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi gün gəldi. O günün yaxınlaşması üçün hər birimiz Qərbi Azərbaycan İcmasına əlimizdən gələn köməyi əsirgəməməliyik”. Bu zərurətin mahiyyətini dərindən dərk edərək, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin üzvü, Azərbaycan Mərkəzi Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi kimi dövlət başçısının Qərbi Azərbaycana qayıdış çağırışını rəhbər turaraq ötən dövrdə müvafiq sənədlərə və mənbələrə istinad edərək "Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyanı hazırlayıb, çap etdirdim. Bildiyimiz kimi müstəmləkəçilik və totaltitar rejim xalqımızın yüz illər ərzində formalaşmış bədən tərbiyə və idmanın ənənələrinə ağır zərbə vurmuşdur. Ölkədə başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də milli ayrı-seçkilik siyasəti yeridilmiş, Qərbi Azərbaycanda bədən tərbiyəsi və idmanın dirçəlişinin qarşısını almaq üçün bədən tərbiyəsi və idmanın ənənənləri imperiyanın bədən tərbiyəsi və idmanın əlavəsinə çevrilmişdir. Mərkəzdə xüsusi niyyətlə hazırlanmış bədən tərbiyəsi və idmanın tarixinin əsasında duran beynəlmiləlçilik və xalqlar dostluğu prinsipləri bu işdə xüsusilə mənfi rol oynamışdır. Qərbi Azərbaycanda bədən tərbiyəsi və idmanın məzmununda milli xüsusiyyətlər kifayət qədər nəzərə alınmamış, bu işin elmi-pedaqoji strategiyası müasir səviyyədə işlənilməmişdir.
Bildiyimiz kimi Qərbi Azərbaycanın başqa sahələrdə olduğu kimi idman tarixində də silinməz izlər qoymuş insanların əfsanəyə bənzər fəaliyyətləri bu gün də xalqın hafizəsində yaşamaqdadır. İdmanımızın şanlı səhifələrini yaradanların xatirəsi daim əziz tutulur. Keçmiş irsə doğma münasibət, idmançılarımızı indi yetişməkdə olan nəslə tanıtmaq, yeni nəslin tərbiyəsində sələflərin həyat təcrübəsindən istifadə etmək, keçmişə hörmət və rəğbət hissinin aşılanması təqdirə layiqdir. Qərbi azərbaycanlıların idman şərəfini qoruyan idmançıların həyat fəaliyyətləri və idman nailiyyətləri gənclərimizə böyük örnəkdir. Bu gün uğurları ilə fəxr etdiyimiz Qərbi azərbaycanlıların idman həyatı neçə-neçə illər bundan əvvələ gedib çıxır. Uzun araşdırmalarımın nəticəsi olaraq ərsəyə gələn "Qərbi Azərbaycan idmançıları Olimpiya oyunlarında” adlı bu məqalə Qərbi Azərbaycan idmançılarının keçdiyi inkişaf yoluna işıq salır.

Lamiyə Rövşən qızı Vəliyeva (Atletika, 400m, 100m.)

Əslən Qərbi Azərbaycanın Barana rayonu Körpülü kəndindədir. 2002-ci il aprelin 5-də anadan olub. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olub. XVII Yay Paralimpiya Oyunlarındakı yüksək nailiyyətlərinə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Lamiyə Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Şahin Səlim oğlu İmranov (boks, 57 kq)

1980-ci il sentyabrın 23-də Sumqayıt şəhərində anadan olub. Əslən Göyçə mahalının Cil kəndindəndir. Afina-2024 Yay Olimpiya Oyunlarının iştirakçısı, Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib.

Teymur Füzuli oğlu Məmmədov (boks, 91 kq)

1993-cü il yanvarın 11-də Rusiya Federasiyasında anadan olub Əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Balıqlı kəndindəndir. London 2012 Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı, 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən isə "Şöhrət" ordeni ilə təltif edilib.

Rafiq Radik oğlu Hüseynov

1988- il may ayının 16-la Özbəkistanın paytaxtı Daşkənd şəhərində anadan olub. Əslən İrəvan şəhərindəndir. Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürunc medala sahib olub. Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ramin İbrahim oğlu İbrahimov (akrobatika,sambo)

1978- ci il iyul ayının 2-də Tiflis şose yolunun üstündə Ağstafaçayı sahilində yerləşən Karvansaray şəhərində anadan olub. Pekin-2008 Yay Paralimpiya Oyunlarında cüdo üzrə yarışlarda bürünc, London-2012-də isə qızıl mükafata layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

Rövşən Məmmədəli oğlu Hüseynov (boks, 51 kq)

1975-ci il dekabrın 17-də Ermənistanın Çarentsavan şəhərində anadan olub. Rövşən Hüseynov Afina-2004 Yay Olimpiya Oyunlarında V yeri tutub. Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Cavid Namiq oğlu Çələbiyev (boks - 60 kq)

1992-ci il may ayının 17-də Qəbələ rayonunda anadan olub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Nəriman Sadıx oğlu Abdullayev (boks)

1958-ci il sentyabrın 23-də İrəvan şəhərində anadan olub. Boks üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi kimi müxtəlif illərdə Yay Olimpiya oyunlarında ölkəmizi təmsil edib.

Məmməd Fətəli oğlu Eyvazov (boks)

1951-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Gorus rayonun Şamsız kəndində anadan olub. 2020-ci il dekabrın 8-də vəfat edib. İdman sahəsində fəaliyyəti müddətində Azərbaycanın Əməkdar Məşqçisi, Azərbaycan Respublikasının Əməkdar İdman Xadimi, Prezident Təqaüdçüsü və "Tərəqqi" medalları ilə təltif olunub. Uzun illər (2001-2008-ci illər) Azərbaycanın Boks üzrə milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında yığmamız dünya və Avropa çempionatlarından Vətənə müxtəlif əyarlı medallarla qayıdıb. Məmməd Eyvazovun rəhbərliyi ilə komanda Afina-2004 Yay Olimpiya Oyunlarından vətənə 2 bürünc medal gətirib. Bir neçə il Türkiyədə çalışan məşqçinin tələbəsi Malik Bəyləroğlu Atlanta-1996 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasının heyətində gümüş medala yiyələnib.

İbrahim Eldar oğlu İbrahimov (Paralimpiya, cüdo).

1959-cü il mayın 5-də Qərbi Azərbaycan da Karvansaray da anadan olub. İbrahim İbrahimov iki dəfə Paralimpiya çempionu İlham Zəkiyevin uğurlarında öz təcrübəsini əsirgəməyib. London-2012 Yay Paralimpiya Oyunlarında baş məşqçilik edib. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə İbrahim İbrahimov "Şöhrət ordeni ilə təltif edilib, III dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Əsgər Fətəli oğlu Eyvazov (boks)

1961-ci il may ayının 1-də Zəngəzur mahalının Gorus rayonun Şamsız kəndində anadanolub. İki nəfər tələbəsi SSRİ çempionu olduqdan sonra yığma komandanın məşqçisi kimi fəaliyyət göstərib.
2001-2008-ci illərdə milli komandanın məşqçisi olan Əsgər Eyvazov Azərbaycan Boks Federasiyasının Məşqçilər komitəsinin sədr müavini, "Əməkdar məşqçi", "SSRİ idman ustası", Milli Olimpiya komandasının baş məşqçisi, Prezident mükafatçısıdır.
2004-cü ildə Əsgər Eyvazov Afina Olimpiya Oyunlarında məşqçi kimi fəaliyyət göstərib. 2019 -2022 - ci illərdə Gənclərdən ibarət Azərbaycan yığmasının başməşqçisi olub. O, Atlanta-1996 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Malik Ağayevin, 2004 -cü ildə Xorvatiyanın Pula şəhərində keçirilən Avropa çempionatının bürünc medalçısı Cavid Tağıyevin, 2005-ci ildə Çinin Minyanq şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanan Elçin Əlizadənin şəxsi məşqçisi olub. Əsgər Eyvazov hal-hazırda Azərbaycan Boks Federasiyasında baş mütəxəssis kimi çalışır.

Zakit Ömər oğlu Əliyev (Kikboksinq, Şotokan, Uşu-Sanda, Karate və Karate-əlbəyaxa döyüş)

1957-ci il avqust ayının 1-də Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub.
Tədqiqat nəticəsində professor Dilqəm Quliyevin "Qərbi Azərbaycanın idman tarixi” monoqrafiyasında (və ya "Qərbi Azərbaycan idmanı” kitabı) bu bölgədən çıxmış idmançılar və idman ənənələri araşdırılıb. Bu sahədəki araşdırmalar, tarixi reallıqları və bölgənin idman potensialını üzə çıxarmaq məqsədi daşıyır.

Dilqəm Quliyev,
Türk Ağsaqqalları Arasında Əlaqələrin 
İnkişafı İctimai Birliyinin,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"İdmançı” qəzetinin baş redaktoru,
Azərbaycan Olimpiya Akademiyasının
"Kütləvi İdman” bölməsinin sədri.


254 oxunub

InvestAZ