"Qarşıda komandamızı çətin sınaqlar gözləyir. Həm Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında, həm də AVRO-2023-ün təsnifat mərhələsində iştirak edəcəyik. Çalışacağıq ki, bu oyunlarda gözəl nəticələr əldə edək”
Bu sözləri "Olimpiya dünyası” qəzetinə müsahibəsində voleybol üzrə qadınlardan
ibarət yığma komandamızın üzvü Yuliya Kərimova V İslam Həmrəyliyi Oyunlarına və
Avropa çempionatının seçmə mərhələsinə hazırlıqla bağlı danışarkən deyib.
34 yaşlı liberomuz oyunlara hazırlıq prosesinə may ayının 30-dan başladıqlarını
bildirib.
"Komandanın bütün oyunçuları hələ kihazırlığa qoşulmayıb. Amma tezliklə,
yığmamızın digər əsas voleybolçuları da bizimlə birgə məşq edəcəklər.
Ümumiyyətlə, komandada yüksək əhval ruhiyyə hökm sürür. Hazırlıq prosesində heç
bir çətinlik yoxdur. Təbii ki, oyun zamanı hər şey ola bilər. Hər şey hazırlıq
prosesimizdən asılıdır. Buna görə də, müsbət və mənfi cəhətlərimizi görmək,
ümumiyyətlə, səhvlərimizi dəqiq bilmək üçün yoldaşlıq oyunlarında iştirak etmək
vacibdir. Bundan sonra onların üzərində işləyib, yaxşı nəticə göstərməyə
çalışacağıq”, - deyə Yuliya Kərimova qeyd edib.
Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda
Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. Türkiyədə
keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik
məlum deyil.