XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Pekin-2022-nin məşəli Çinə təhvil verilib
İdman 16:49 / 19.10.2021
Yunanıstan Olimpiya məşəlini 2022-ci il Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçılarına təhvil verib. Mərasim Afinada - 1896-cı ildə ilk müasir Olimpiya Oyunlarına ev sahibliyi edən "Panatinaikos” stadionunda Yunanıstan Prezidenti Katerina Sakellaropoulounun iştirakı ilə baş tutub. Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində mərasimə tamaşaçı buraxılmayıb. Təkcə Çin nümayəndə heyətinin üzvləri, rəsmilər və jurnalistlərin iştirakına icazə verilib.
Olimpiya məşəli ötən gün Olimpiya Oyunlarının keçirildiyi qədim Olimpiyada yandırılıb. Məşəl həmin gecə Afina Akropoluna, oradan isə səhər stadiona aparılıb.
Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos bu alovdan xüsusi lampanı yandıraraq Pekin Olimpiadasının təşkilat komitəsinin vitse-prezidenti Yu Zaqinə təhvil verib. Lampa Olimpiya alovunun Pekinə çarter reysi ilə çatdırılması üçün Afina beynəlxalq hava limanına aparılıb.
Xatırladaq ki, XXIV Qış Olimpiya Oyunları fevralın 4-20-də, Paralimpiya Oyunları isə martın 4-13-də Pekində keçiriləcək. Çinin paytaxtı Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün 2015-ci il iyulun 31-də Beynəlxalq Olimpiya Komitəsinin Kuala-Lumpurda keçirilən sessiyası çərçivəsində təşkil olunan səsvermədə qalib gəlib. Pekin həm Yaz, həm də Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək ilk şəhər olacaq. XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə bu şəhərdə keçirilib.


17374 oxunub

InvestAZ